Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1711/2023 14.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə1, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4, üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 8.500 manat məbləğində borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – mətndə iddiaçı və ya Cəmiyyət) xx.xx.1998-ci il tarixdə açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formada qeydiyyata alınmış hüquqi şəxsdir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2019-cu il yazılış tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 8.500 manat məbləğində borcu vardır. xx.xx.2019-cu il tarixli, **********4 nömrəli bildirişlə həmin borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Bildiriş iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə, saat 10:49:40-da oxunmuşdur. İddiaçı həmin borcun açıqlama gətirilməsi ilə bağlı 2021-ci ildə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********15500 nömrəli məktubunda baza məlumatlarının yetərli olmaması ilə əlaqədar açıqlamanın verilməsinin mümkünsüzlüyünü bildirmişdir. İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 8.500 manat məbləğində borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə elektron qaydada məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kommersiya hüquqi şəxsi olaraq Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən 1998-ci ildə yaradılmış və özünün Nizamnaməsinə və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun fəaliyyət göstərir. Cəmiyyət dövlət müəssisəsi olan Bərdə 4 saylı Mexanikləşdirilmiş Dəstəsinin çevrilməsi nəticəsində yaradılmaqla onun hüquqi varisidir. Cəmiyyətin Nizamnaməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə D- 2753 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyat almmışdır. Cəmiyyətin Nizamnaməsi 2-ci redaksiyasında cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə yenidən dövlət qeydiyyatına alınmaqla həmin Nizamnamə əsasında fəaliyyətini həyata keçirir. 2021-ci ildən başlayaraq Cəmiyyətin ünvanına cavabdeh tərəfindən dəfələrlə xəbərdarlıq bildirişləri göndərilməklə tələb edilmişdir ki, Cəmiyyət dövlət büdcəsinə vergilər üzrə 328 manat əsas, 240,75 manat faiz borcu və məcburi dövlət sosial sığorta haqları üzrə 8500 manat borc ödəməlidir. Həmin xəbərdarlıq bildirişlərində 8500 manat sığorta borcunun xx.xx.2018-ci il tarixə olan vəziyyətə yarandığı göstərilmişdir. Cəmiyyət tərəfindən həmin tələblər əsassız hesab edildiyi üçün cavabdehə və onun yuxarı orqanı olan Dövlət Vergi Xidmətinə müraciətlər göndərilərək tələbin əsassız olduğu bildirilmiş, həmçinin xahiş edilmişdir ki, həmin borcların hansı tarixlərdən yaranması və yaranma mənbəyi barəsində baza məlumatlarını cəmiyyətə təqdim etsin. Müraciətlərə sonuncu dəfə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin rəisi Məhəmməd Yunusovun imzası ilə verilmiş cavabla bildirilmişdir ki, "Cəmiyyətin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə Vergilər üzrə 328 manat əsas, 240,75 manat faiz borcu olmuşdur və həmin borc Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə 328 manat əsas, 177,76 manat faiz borcu olmaqla silinmişdir. Cəmiyyətin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna 8500 manat əsas borcu vardır və həmin borcun dərhal ödənilməsi tələb olunur." Bundan başqa xx.xx.2022-ci il tarxidə **********485000 nömrəli məktub ilə yenidən (AVİS Qeydiyyatı) Dövlət Vergi Xidmətinə müraciət edilmiş, lakin alınmış xx.xx.2023-cü il tarixli **********020300 saylı cavab məktubundan görünür ki, müraciətlə əlaqədar araşdırma aparılması zərurəti yarandığı üçün araşdırma müddəti uzadılır. Ancaq bu araşdırmanın və yaranmış borcun iddiaçının hesabının bağlanmasına gətirib-çıxarmışdır. Beləliklə də, cavabdeh və onun Baş İdarəsi tərəfindən Cəmiyyətin haqlı tələbi qismən təmin edilərək Vergilər üzrə borc silinsə də, Cəmiyyətə məcburi dövlət sosial sığorta haqları üzrə əsassız hesablanmış 8500 manat borc silinməmiş və həmin borcun hansı tarixdən yaranması və yaranmasının mənbəyi barədə məlumatlar Cəmiyyətə təqdim edilməmişdir. Cəmiyyətin xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiəsi Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə 8500 manat əsas borcun olması və həmin borcun dərhal ödənilməli olması barədə cavabdehin tələbini iddiaçı qanunsuz hesab edir. Cəmiyyət tərəfindən çoxsaylı müraciətlərə baxmayaraq cavabdeh və onun Baş İdarəsi həmin borcun hansı tarixdən yaranması və yaranmasının mənbəyi (əsasları) barədə baza məlumatlarını Cəmiyyətə təqdim etməkdən yayınır, onu qəsdən təqdim etmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafisi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin Bərdə regional ərazi şöbəsi tərəfindən Cəmiyyətin vəkil vasitəsi ilə edilmiş sorğusuna cavab olaraq verilmiş 31 may 2021-ci il tarixli, **********4 nömrəli Arayışda göstərilir ki, iddiaçıda bu günə qədər olan əmək müqaviləsi əsasında işləyən əməkdaşlar barədə məlumatın olub-olmaması barədə məlumat verilməsi haqda istəyinizlə əlaqədar olaraq tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələrinin elektron informasiya sisteminə baxış zamanı aidiyyatı müəssisə üzrə heç bir nəticə aşkarlanmamışdır". Belə olan halda, yəni ən azından xx.xx.2021-ci il tarixə olan vəziyyətə əmək müqaviləsi ilə işləyən işçiləri olmadığı halda cavabdehin Cəmiyyətdən məcburi dövlət sosial sığorta haqları üzrə 8500 manat borcun olmasının və həmin borcun ödənilməsinin cavabdeh tərəfindən tələb edilməsi qanunsuzluqdur. Qanunvericiliyin tələbinə əsasən məcburi dövlət sosial sığorta haqqı ödənişi mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar tərəfindən yalnız qanuni əmək müqaviləsi üzrə işləyən işçilərə görə dövlət sosial müdafiə fonduna ödənilməli olan məcburi ödənişlər. Cəmiyyətin vəkil vasitəsi ilə verdiyi soğruya cavab olaraq cavabdehin özü tərəfindən təqdim edilmiş cədvəl şəklində olan xx.xx.2021-ci il tarixli, **********173400 nömrəli Arayışla da müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdən etibarən Cəmiyyətin fəaliyyəti olmamışdır və Cəmiyyət fəaliyyətini dayandırması barədə qanunla müəyyən edilmiş qaydada yazılı formada vergi orqanına xəbərdarlıq ərizələri təqdim etmişdir. 8500 manat məbləğində məcburi sığorta ödənişi borcunun hansı meyarlarla və neçə işçiyə görə hesablanması barədə də cavabdeh tərəfindən Cəmiyyətə hər hansı bir əsaslandırıcı təqdim edilmir. Şərh edilən səbəblərdən Cəmiyyət tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsaslı olmaqdan başqa, həm də Azərbaycan Respublikasının qanunvericilik aktları baxımından qanunidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, **********474100 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırkı: Azərbaycan Respublikası lqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir. Mübahisələndirilən borc məbləği xx.xx.2019-cu il tarixdən əvvəlki dövrü əhatə, etdiyindən borc məbləğinin hansı dövrdə və hansı əsaslarla yaranmasını, borcun tərkibini müəyyən etmək mümkün olmadığından halhazırda Azərbaycan Respublikası lqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin icratında olan xx.xx.2022-ci il tarixli iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, **********954900 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmaqla eyni vaxtda Dövlət Vergi Xidmətinə də müraciət etmiş və müraciətinə baxılmışdır. Cəmiyyətin müraciətinin icrası ilə bağlı "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən sosial sığorta haqları üzrə silinməli olan borc məbləği (o cümlədən, silinmiş məbləği) barədə məlumatların təqdim edilməsi haqqında Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2022-ci il tarixli **********171900 nörməli məktubla müraciət olunmuşdur. Fonddan daxil olan xx.xx.2023-cü tarixli **********5 nömrəli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********013700 nömrəli) cavab məktubunda sığortaedənin məcburi dövlət sosial sığorta haqları üzrə borclarında olan uyğunsuzluqlar səbəbindən "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun tələblərinə uyğun olaraq silinməli borclarının müəyyənləşdirilməsi mümkün olmadığı və Cəmiyyətin 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinə kimi olan borcları və ödənişləri barədə məlumatın vergi orqanına təqdim edildiyi bildirilmişdir. Təqdim edilən borclar və ödənişlər barədə məlumatda ASC-nin xx.xx.2006-cı il tarixə MDSSH üzrə 4 000,0 manat və maliyyə sanksiyası (o cümlədən penya) üzrə 4 000,0 manat olmaqla cəmi 8 000,0 manat borcu olduğu göstərilmişdir. Həmin məlumatda ASC-nin maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcları azalaraq 2009-cu ilin 1 yanvar tarixinə 2 500,0 manat, həmin ilin 2-ci rübünün əvvəlinə isə 0,0 manat təşkil etdiyi qeyd olunmuşdur. Eyni zamanda, sonrakı dövrlərdə maliyyə sanksiyası (o cümlədən penya) üzrə borclarin azalmasına baxmayaraq, təqdim edilmiş cədvəl məlumatlarında həmin dövrlər ərzində silinmiş və ödənilmiş sütunlarda hər hansı məbləğ göstərilmir. Eyni zamanda 2009-cu ilin 1 yanvar tarixinə və həmin ilin 2-ci rübünün əvvəlinə MDSSH üzrə borcların artdığı müşahidə olunur. Həmçinin, DSMF tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, ASCnin 2015-ci ilin 1 yanvar tarixinə maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcu mövcud deyildir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmçinin, Qanunun 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Borcun tərkibinə dair təqdim edilmiş məlumatlarda xx.xx.2006-cı il tarixə ASC-nin maliyyə sanksiyası (o cümlədən penya) üzrə 4000,0 manat borcunun olmasını, 2009-cu ilin 1 yanvar tarixinə və həmin ilin 2-ci rübünün əvvəlinə həmin borclarının azalmasına baxmayaraq o dövr ərzində "dövr ərzində ödənilb" və "dövr ərzində silinib" sütunlarında hər hansı məbləğin göstərilmədiyini və digər uyğunsuzluqların mövcud olmasını əsas götürməklə 2015-ci ilin 1 yanvar tarixinə silinməli olan maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcun müəyyən edilməsi mümkün olmaması səbəbindən vergi orqanı tərəfindən düzgün olmayan məlumatlar əsasında hər hansı silinmənin aparılması həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi iştirakı adi olan üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Üçüncü şəxs məhkəməyə təqdim etidiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-36727/2023 nömrəli məktubunda bildirmişdir ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı il 1 yanvar tarixdən etibarən başlanılmışdır. Müraciətlə bağlı Nazirliyin elektron proqram təminatlarına əsasən sığortaedənin 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövrlər ürzə məcburi dövlət sosial sığorta haqları üzrə borc məlumatlarını qoşmadakı cədvəldə təqdim edilir. Əlavə olaraq qeyd edilir ki, aparılan araşdırma zamanı "xxxx" ASC-yə aid iş qovluğu aşkar edilmədiyindən müraciətdə qeyd edilən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, borc məbləği 2008-ci ildə məcburi dövlət sosial sığorta haqqına görə yaranmışdır. Əgər o vaxtkı elektron sistemdə borc barədə məlumat qeyd olunubsa, deməli borc mövcud olmuşdur. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilənədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış, hesablanmış borcun tərkibi barədə məlumat vergi orqanına ötürülmüşdür. İşin müəyyən olunan hallarından göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin səbəbləri – iddiaçı barəsində 01 yanvar 2019-cu il tarixədək məcburi sosial sığorta haqqları üzrə borcun mövcud olub-olmaması ilə bağlıdır. “Sosial sığorta haqqında” Qanunun: 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, sığorta haqqı dedikdə risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği nəzərdə tutulur. Sığorta ilə bağlı münasibətlər, o cümlədən sığorta haqqlarının ödənilməsi qaydası və məbləği mülki qanunvericilik aktları ilə və sığortaçı ilə sığortalı arasında bağlanmış müqavilə ilə tənzimlənir. Hazırda silinməsi tələb olunan 8.500 manat məbləğində borcla bağlı nəzərə alınmalıdır ki, cavabdehin iddia etdiyinə görə həmin borc məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmışdır. Lakin xx.xx.2019-cu il tarixədək bu növ hesablamaların aparılması Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətində olmuşdur. Məhkəmə hesablanmış 8.500 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcun hesablanmasına əsas olmuş sənədlərin, qərarın, ən əsası isə həmin borcun hesablama qaydasında dair məlumatın təqdim edilməsi məqsədi ilə müvafiq olaraq aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna sorğu vermişdir. Sorğuya cavab məktubuna əsasən iddiaçıya dair iş qovluğu aşkar edilməmişdir. Digər tərəfdən təqdim edilmiş cədvəldə isə iddiaçının 2006-2008-ci illərin illik hesabatı MDSSH qrafası üzrə 4.000 manat, maliyyə sanksiyası (o cümlədən penya) qrafasında 4.000 manat, cəmi 8.000 manat borcu olması qeyd olunmuşdur. 2009-cu ilin İ rübündə MDSSH qrafası üzrə 6.000 manat, maliyyə sanksiyası (o cümlədən penya) qrafasında 2.500 manat, cəmi 8.500 manat borcunun, 2009-cu ilin İİ rübündən etibarən isə MDSSH qrafası üzrə 8.500 manat borcu olması göstərilsə də, “Dövr ərzində ödənilib” və “Dövr ərzində silinib” qrafalarında həmin dövr üzrə heç bir qeyd aparılmamışdır. Məhkəmə bildirir ki, hər nə qədər də cavabdeh iddiaçıdan 8500 manat məbləğində borcun ödənilməsini tələb etsə də, o, həmin borc məbləğinin xx.xx.2019-cu il tarixdən əvvəl yarandığını qəbul edərək (sorğuya cavab məktubunda qeyd etmişdir), borc məbləğinin yaranmasını təsdiq edən tutarlı və ən əsası mötəbər sübut təqdim edə bilməmişdir. Hətta, həmin dövrdə bu hesablamaları aparan Dövlət Sosial Müdafiə Fondu belə, “X1 Sistemi”nin altsistemindən əldə etmiş olduğu məlumat əsasında sığortaedənin borcunun olduğunu göstərmiş, lakin iş qovluğu olmadığından, həmin hissədə araşdırmanın aparılmasını mümkün hesab etməmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı borc ilə bağlı araşdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan “X1 Sistemi”ndə göstərilmiş məlumatı mötəbər sübut kimi qəbul etməklə borcu əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Məhkəmə, onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı vəziyyətdə inzibati prosessual qanunvericiliyin tələbləri əsasında 8.500 manat borcun yaranması ilə bağlı halları sübut etmək vəzifəsi iddiaçının yox, cavabdehin öhdəliyindədir. Cavabdeh isə həmin borcun yaranma əsaslarını sübut edə bilməmişdir. Məhkəmənin araşdırması zamanı da, istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, borcun yaranma əsasları, hesablanma qaydasının təqdim edilməsi xahiş edilmiş, lakin hər iki orqanın borcla bağlı yeganə istinadı borcun mövcudluğu ilə bağlı olmuşdur. Bununla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı vəziyyətdə hər hansı məlumatın əsası olmadan mövcudluğu vəziyyəti iddiaçının ziyanına dəyişmir. Borcun mövcudluğu barədə məlumat, həmin borcun yaranması, hesablanması ilə bağlı hallar müəyyən edilmədən, heç bir hüquqi əsası olmayan məlumatlardır. Hər nə qədər həmin borcun yaranma əsasları və s inzibati icraat üzrə araşdırma zamanı aparılmalı olsa da, məhkəmə özü də xidməti araşdırmasını həyata keçirmiş və elektron informasiya sistemində olan məlumatın mənbəyini müəyyən edə bilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsi ilə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, borcun əsasında dayanan hal müəyyən edilə bilmirsə, deməli borcun mövcudluğundan söhbət gedə bilməz. Hazırkı vəziyyətdə mövcudluğu sübut edilməyən borc, iddia tələbinin təmini əsası qismində çıxış etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: Məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 8.500 manat məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №e-2-1(114)-1711/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1711/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver