Məhkəmə qərarları › İş №e-2-1(114)-177/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-177/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-177/2023 08.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X2 başçılığı ilə X4 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X2 başçılığı ilə X4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Şəmkir rayon Yeni Göyçə bələdiyyəsi) torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 başçılığı ilə X7 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X2 başçılığı ilə X5 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1996-cı il tarixli sərəncamı ilə Çaykənd sovxozunun ərazisindən 35 hektar torpaq sahəsi İcra Hakimiyyətinin balansına götürülmüşdür. Həmin sərəncama əsasən AR Torpaq Məcəlləsinin 60-cı maddəsinin və "X7" haqqında AR Qanununun tələblərinə əsasən "Çaykənd" sovxozunun ərazisində X2 başçılığı ilə X7 yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Sözügedən Sərəncamın digər bəndinə əsasən Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən 35 ha (otuz beş) torpaq sahəsinin X2 başçılığı ilə yaradılmış X5 ayrılması qərara alınmışdır. Belə ki, X5 ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarınızın təsdiq edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə müraciət edilmişdir. Lakin müraciətin qəbul edilməsindən 7 ayın ötməsinə baxmayaraq bugünədək ərizəyə hər hansı münasibət bildirilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəmkir rayon Yeni Göyçə bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin iddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X2 başçılığı ilə X5 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinə dair istifadə hüquqlarının dövlət reyestrindən qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçının vəkili Nümayəndə məhkəmə iclaslarında iddianı müdafiə etmişdir. İddiaçının nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 1996-1998-ci illərdə həmin sahədən o istifadə etmişdir, sonradan sahənin hamısı islahat zamanı vətəndaşlara paylanılmışdır. Ona görə də həmin sahədən 1998-ci ildən istifadə edə bilmir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********39 nömrəli etirazda qeyd edilmişdir ki, X1 Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli Sərəncamına əsasən onun istifadəsinə verilmiş Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 35.0 ha torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı 02 fevral 2022-ci il tarixli ərizə ilə 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma aparılarkən onun iddiasında olduğu Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli, 44 nömrəli qərarı ilə 40 nəfər Şəmkir rayon Yuxarı Çaykənd kənd sakinlərinin adlarına "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ları tərtib edilmişdir. Bu səbəbdən də onun ərizəsinin icrasından imtina edilmişdir Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamından görünür ki, Çaykənd sovxozunun ərazisindən 35 hektar torpaq sahəsi İcra Hakimiyyətinin balansına götürülmüş, AR Torpaq Məcəlləsinin 60-cı maddəsinin və "X7" haqqında AR Qanununun tələblərinə əsasən "Çaykənd" sovxozunun ərazisində X2 başçılığı ilə X7 yaradılmış və Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən 35 ha (otuz beş) torpaq sahəsinin X2 başçılığı ilə yaradılmış X5 ayrılması qərara alınmışdır. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-40/2-1476/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu ,Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən X2 başçılığı ilə X5 verilmiş və faktiki istifadəsi kimi təqdim etdiyi (iddia etdiyi) 35.47 ha torpaq sahəsi ilə JN-90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və 99 saylı torpağa dair mülkiyyət hüququna dair Dövlət Aktları ilə müəyyən edilmiş torpaq sahələri üst-üstə düşmür, Şəmkir Rayon İcra Hakimiyyəti üzrə 102 №-li, 23 iyun 1996-cı il tarixli sərəncamla Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan 166 ha ərazinin hüdudları daxilində yerləşən X2 başçılığı ilə X4 istifadəsi kimi iddia edilən və göstərilən 35.47 ha torpaq sahəsi boşdur, həmin torpaq sahələri bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş və müəyyən hissəsi bələdiyyənin adına reyestrdən çıxarışla rəsmiləşdirilmiş BEF torpaq sahəsidir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-40/2-2195/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-ci il tarixli, 3-21-3-40/2-1476/2023 nömrəli mütəxəssis rəyində qeyd edilmiş 35.47 ha torpaq sahəsinin 4.93 ha hissəsinə bələdiyyə mülkiyyətinə aid xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarış verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə qismən əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən 35 ha (otuz beş) torpaq sahəsi X2 başçılığı ilə yaradılmış X5 ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin icrası ilə bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Məhkəmənin müvafiq sərəncamından sonra məhkəməyə göndərilmiş etiraz ərizəsinin məzmunu ilə müəyyən olunur ki, cavabdehin imtinasının əsasını iddia olunan torpaq sahəsinin yerləşdiyi "Orlonun yeri" adlanan ərazidə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli, 44 nömrəli qərarı ilə 40 nəfər Şəmkir rayon Yuxarı Çaykənd kənd sakinlərinin adlarına "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”larının tərtib edilməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. -5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. -46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46.2-ci maddəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. İstinad olunan qanunvericilik normalarından görünür ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, eyni zamanda qanunvericiliklə dövlət mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. Təqdim edilmiş sübutlarla, eləcə də əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, X2 başçılığı ilə X5 verilmiş 35.47 ha torpaq sahəsi ilə JN-90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və 99 saylı torpağa dair mülkiyyət hüququna dair Dövlət Aktları ilə müəyyən edilmiş torpaq sahələri üst-üstə düşmür. Beləliklə müəyyən olunur ki, cavabdehin istinad etdiyi arqument (yəni, iddia olunan torpaq sahəsinə dair vətəndaşların adına Dövlət aktlarının tərtib edilməsi) əsassızdır. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. İşin faktiki hallarından da görünür ki, iddiaçının müraciətinin təmin edilməsində cavabdehin hərəkətsizlik göstərməsi qanunsuz olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, iddia olunan torpaq sahəsinin bir hissəsinə, yəni 4.93 ha hissəsinə bələdiyyə mülkiyyətinə aid xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarış verilmişdir. Göründüyü kimi qeyd olunan həcmdə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Odur ki, tələb həmin hissədə təmin edilə bilməz. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qismən əsassız olmuşdur. Odur ki, müvafiq sərəncamla Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X2 başçılığı ilə X5 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində X2 başçılığı ilə X4 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X2 başçılığı ilə X5 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində X2 başçılığı ilə X4 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar