Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-183/2023 26.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdehnə qarşı yeni mənzilin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq hazırlıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olmuş və sökülmüş Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 256 saylı evin 3 saylı mənzilinin əvəzinə eyni dərəcədə yeni mənzilin və ya vurulmuş zərərin əvəzi olaraq 35000 manat pulun alınaraq İddiaçı BOKT ASC-ə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədov Mustafa Məcid oğlu ilə "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2010-cu il tarixli, 182/10 saylı, və xx.xx.2010-cu il tarixli, 183/10 PK saylı kredit müqavilələri bağlanmış və həmin kredit müqavilələrinin təminatı olaraq Məmmədov Mustafa Məcid oğlu özünə məxsus olan Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 256 saylı evin 3 saylı mənzilini öhdəliklərin təmini kimi bank qarışısında ipoteka ilə yüklü etmişdir. Həmin kredit müqavilələrinə uyğun olaraq Məmmədov Mustafa Məcid oğlunun BOKT qarşısında borc öhdəliyi anmışdır. Məmmədov Mustafa Məcid oğlu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tərəflərindən Şəmkir rayon məhkəməsinə müraciət edilmişdir. Şəmkir rayon Məhkəməsi iddia tələblərini təmin etmişdir. Məhkəmənin 2(076)-244/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən borcun tutulması və tələbin girov əmlaka, Məmmədov Mustafa Məcid oğlunun mülkiyyətində olan Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 256 saylı evin 3 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası məqsədi ilə əmlak İcra və Probasiya şöbəsi tərəfindən hərraca çıxarılmış və "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli, Y-1069 saylı Hərracın Yekunlarına dair Protokolu ilə əmlak "xxxx" ASC tərəfindən alınmışdır. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə müraciət edilərək mülkiyyət sənədinin verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin RX Seriyalı, ******* saylı, **********38-05101-093002 Reyestr nömrəli, (5093175 Qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışına əsasən Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 256 saylı evin 3 saylı mənzili "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Göstəriən ünvanda yerləşən bina sonradan Cavabdeh tərəfindən sökülərək yerində yeni bina inşa edilmişdir. Lakin həmin binada mülkiyyətlərində olan mənzil onlara təhvil verilməmişdir. Binanın və dolayısı ilə ASC-də ipoteka ilə yüklü edilmiş mənzilin sökülməsindən xəbərləri olmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir. Cavabdeh mülkiyyətlərində olan əmlakı sökməklə BOKT-a zərər vurmuşdur. Vurulan zərərin qarşılanması üçün isə heç bir tədbir görmək istəmir. Dəfələrlə müraciətlər etmələrinə baxmayaraq vurulmuş zərərin ödənilməsi təmin edilmir. İddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin mülkiyyətində olmuş və sökülmüş Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 256 saylı evin 3 saylı mənzilinin əvəzinə eyni dəyərdə yeni mənzilin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Məmmədov Mustafa Məcid oğlu üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, üçüncü şəxs gəlməmiş, Cavabdeh isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxs və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Şəmkir şəhərində qəzalı vəziyyətdə olan evlərin sökülərək yenilərinin inşa edilməsi zamanı sökülmüş mülkiyyətində olan Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 256 saylı evin 3 saylı mənzilin dəyərinin verilməsi və ya naturada ödənilməsini tələb etmiş, iddiaçının deməsinə görə həmin mənzilin dəyəri ödənilməmiş, nəticədə hazırki mübahisə yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli,185 nömrəli sərəncamın şərh hissəsindən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 avqust 2017-ci il tarixli, 3183 nömrəli sərəncamı ilə Şəmkir şəhərinin mərkəzində yerləşən ötən əsrdə inşa edilmiş və qəzalı vəziyyətdə olan ikimərtəbəli 5 yaşayış binasının sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cavabdehnə 3.0 (üç) milyon manat ayrılmışdır. Həmin sərəncama müvafiq olaraq Cavabdeh başçısının 24 oktyabr 2017-ci il tarixli, 176 saylı sərəncamı ilə bina tikintisi üçün Şəmkir şəhəri N.Nərimanov küçəsinin sol tərəfində keçmiş konserv zavodunun alt hissəsində yerləşən, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş, mövcud 36 mənzilli yaşayış binasının qərb hissəsindəki dövlət mülkiyyətinə aid olan istifadəsiz ərazidən torpaq sahəsi ayrılmış və binanın tikintisi tam başa çatdırılmışdır. Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının 12 yanvar 2019-cu il tarixli, 12 saylı Sərəncamı ilə sakinlər həmin binada yerləşən mənzillərə köçürülmüşdür. Cavabdeh başçısının 17 fevral 2020-c il tarixli 48 nömrəli Sərəncamı ilə sakinlərlə müqavilə bağlanılması qərara alınmış və Sərəncama əlavə olunmuş siyahıda müqavilə bağlanacaq şəxslərin soyad, ad, mənzilin nömrəsi, sahəsi, yerləşdiyi mərtəbə və otaqların sayı qeyd olunmuşdur. "xxxx" ASC-nin varisi İddiaçı BOKT ASC Cavabdehnə müraciət edərək Şəmkir şəhəri S.Vurğun küçəsi 256 nömərli sökülmüş binada yerləşən 3 nömrəli mənzilin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən **********38-05101-093002 reyestr nömrəli çıxarışa əsasən onların mülkiyyətində olduğu üçün hazırda N.Nərimanov küçəsində yerləşən yeni çoxmənzilli binada müvafiq mənzilin İddiaçı BOKT ASC-nin adına sənədləşməsinə köməklik göstərilməsini xahiş edir. Bundan əlavə sözügedən sərəncamın sərəncam hissəsinin ikinci bəndində isə Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 48 nömrəli sərəncamına əlavə olunmuş siyahının 37-ci sırasında qeyd olunan “Məmmədov Mustafa” sözləri “Para BOKT ASC” sözləri ilə əvəz olunmasının qərar alınması qeyd olunmuşdur. Qeyd olunan sərəncamdan da görünür ki, cavabdeh orqan tərəfindən iddiaçının mülkiyyət hüququ, o cümlədən hər-hansı bir hüququ pozulmamışdır. İddiaçı mülkiyyətində olan sökülmüş mənzilin əvəzinə yeni mənzil ilə təmin edilmiş, lakin iddiaçı həmin mənzildə hazırda mülki mübahisə bağlı olan borclunun yaşamasını əsas gətirərək mənzilin inzibati orqan tərəfindən boşaldılaraq ona təhvil verilməsini xahiş edir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının inzibati orqan tərəfindən sökülmüş mənzilin əvəzinə yeni mənzil ilə təmin edilməsi tələbi məhkəməyə qədər təmin edilmiş, iddiaçının mənzilin boşaldılmasına dair tələbi isə İcra Hakinmiyyətinin səlahiyyətlərinə aid deyil. Məhkəmə özünə borc bilir ki, iddiaçı tərəfə, özünün mülkiyyətində olan mənzilin boşaldılması barədə müvafiq məhkəmədə iddia qaldira bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdehnə qarşı yeni mənzilin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-183/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-183/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver