Məhkəmə qərarları › İş №e-2-1(114)-1900/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-1900/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-1900/2023 21.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1 və “R oğlu X1” MMC) qeydin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Ceyrançöl massivi, 36, 37 saylı qış otlaq sahəsində 382 ha torpaq sahəsi üzərində Maraqlı şəxs1 icarə hüququ ilə bağlı aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və həmin qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, “öhdəliyin icrası haqqında” iddianın xüsusi mümkünlük şərtlərinə əməl edilmədiyinə görə iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36-cı maddəsində inzibati aktların etibarsız sayılmasının inzibati məhkəmə icraatı qaydasında mümkünlüyü, eyni zamanda “İnzibati icraat haqqında” Qanununda inzibati aktların səciyyəvi xüsussiyyətləri, etibarsız sayılması və ləğv edilməsi əsasları nəzərdə tutulmuşdur. Qeyd olunan normalarda daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarış inzibati akt kimi nəzərdə tutulmamış, həmçinin qeydin və çıxarışın “müəyyən etmə və tanınma”, habelə “mübahisələndirmə” iddia növləri üzrə məhkəmədə mübahisələndirilməsi nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Qeyd olunan dəyişikliyə əsasən qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: -“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərdən bu nəticəyə gəlinir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat “öhdəliyin icrası haqqında” iddia növü üzrə mübahisələndirilə bilər və bu iddia növünün xüsusi mümkünlük şərtlərindən biri iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsidir. Qeyd olunanlara əsasən iddiaçılara izah olunur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət edə bilərlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qeydin etibarsız sayılması və çıxarışın ləğv edilməsi barədə iddia mümkün sayılmasın. İddiaçılara izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar