Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-1928/2022 20.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrlərin ləğvi və işə bərpa tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələr Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli, 5 saylı əmrinin və bu əmrlə bağlı Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin əmrinin ləğv edilməsi və N nömrəli hərbi hissənin 2-ci taborunun, 8-ci bölüyünün, 3-cü tağımının, 3-cü manqasının komandiri vəzifəsinə bərpa olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdən N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət qulluqçusu kimə xidmətə başlamışdır. Hərbi xidmətdə olduğu müddətdə xidməti nizamnaməyə uyğun hərbi qulluqçu kimi davranmış və heç bir intizam qaydasını pozmadan xidmət etmişdir. X1 İ Qarabağ döyüşlərində şəhid olmuş, digər qardaşı isə Orduda xidmətini davam etdirməkdədir. Əsassız olaraq “Döyüş növbətçiliyinin təşkili və aparılması barədə” təlimatın və Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli, 23 nömrəli qərarı ilə təsdiq edilmiş “AR Silahlı Qüvvələrində atıcı silahların uçotu, saxlanması və verilməsinin təşkili üzrə” təlimatın tələblərini pozduğuna görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələr Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli, 5 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. O həmin əmri yazılı olaraq əldə etməmişdir. Qeyd olunanlara əsasən həmin əmr ləğv edilməli və o xidmətə bərpa edilməlidir. İddiaçı ərizə təqdim edərək hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, mövcud pandemiya və İİ Qarabağ müharibəsi səbəbindən prosessual müddəti ötürmüşdür. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1532/2019 nömrəli qərardadından görünür ki, hazırki iddiaçının AR Müdafiə Nazirliyi N saylı hərbi hissəsinə qarşı əmrin ləğv olunması və xidmətə bərpa edilməsi tələbinə dair işə baxılarkən iddiaçı artıq hazırda mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələr Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli, 5 saylı əmri barədə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində bərpa olunmasına cəhd etməmiş və məhkəməyə müraciət etməmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırda mübahisələndirilən əmr xx.xx.2019-cu il tarixli olmasına baxmayaraq iddiaçı prosessual müddətin ötürülmə səbəbi kimi ölkə ərazisində yayılmış müvafiq pandemiyanı və İİ Qarabağ müharibəsinin baş verməsini qeyd etmişdir. Məhkəmə iddiaçının qeyd olunan arqumentlərini əsaslı hesab etmir, çünki qeyd olunan pandemiya ilə bağlı müvafiq qabaqlayıcı tədbir kimi ölkə ərazisində tətbiq edilmiş məhdudiyyətlər cari ilin mart ayının sonlarından etibarən həyata keçirilməyə başlanılmışdır. Bundan əlavə İİ Qarabağ müharibəsi isə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərini əhatə edir. Odur ki, iddiaçının qeyd etdiyi səbəblərlə bağlı müddəti ötürməsi üzürlü sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrlərin ləğvi və işə bərpa tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-1928/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-1928/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver