Məhkəmə qərarları › İş №e-2-1(114)-193/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-193/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-193/2021 10.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qanunsuz hesablanmış verginin şəxsi hesab vərəqəsindən silinməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı qanunsuz hesablanmış 2225273.21 (iki milyon iki yüz iyirmi beş min iki yüz yetmiş üç manat 21 qəpik) manat vergi borcunun şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC sahibkarlıq fəaliyyətini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə həyata keçirən bir müəssisədir. Qanunla müəyyən olunmuş qaydada vergi və digər icbari ödənişləri vaxtlı-vaxtında ödəyir. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi müəssisəyə qanunsuz vergi hesablamış və müəssisənin şəxsi hesab vərəqəsində hazırda 2225273.21 (iki milyon iki yüz iyirmi beş min iki yüz yetmiş üç manat 21 qəpik) manat vergi borcu var. Həmin qanunsuz borc məbləğinin silinməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə **********514400 nömrəli məktubla cavabdehə elektron müraciət etmiş, lakin cavabdeh həmin müraciətə xx.xx.2020-ci il tarixli **********834400 nömrəli məktubla rədd cavabı vermişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz verərək bildirmişdir ki, iddiaçının cavabdehə qarşı olan borc məbləğinin silinməsi ilə bağlı iddia tələbi iddianın xüsusi mümkünlük şərtlərinə cavab vermir. İddiaçıya hesablanmış borc məbləği cavabdehin inzibati aktları ilə formalaşmış vergi öhdəliyini təşkil edir. Həmin iddia isə mübahisələndirmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqana qarşı olan iddia tələbində cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın bütün rekvizitləri göstərilməklə cavabdeh orqanın inzibati aktını mübahisələndirə bilər. İddiaçı iddia tələbində qeyri müəyyənlik yaratmış və mövcud inzibati prosessual qanunvericiliyin iddianın mümkünlük şərtləri ilə bağlı xüsusi tənzimləmə vasitələrinə əməl etməmişdir. Mübahisələndirmə növündə iddiaların tərtibi zamanı bu cür zəruri məzmun şərtləri mübahisələndirilən inzibati qərarın adı və fərləndirici rekvizitləridir (tarixi, nömrəsi və s.). İddiaçı tərəfindən bu şərtlərə əməl edilməmiş, cavabdeh inzibati orqanın hansı qərarının ləğvi, qərarların fərqləndirici rekvizitləri (qəbul edilmə tarixi, qeydiyyat nömrəsi, məzmunu və s.) qeyd edilməmiş, eyni zamanda ləğvi tələb edilən qərarın surəti iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinin nə məzmununda, nə də «xahiş etdim» hissəsində hansı inzibati aktın mübahisələndirildiyi göstərilmədiyindən iddia tələbi qeyri-müəyyəndir və iddianın mümkünlük şərtləri ilə mütənasiblik təşkil etmir. Ona görədə İddiaçı MMC-nin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2225273.21 manat vergi borcunun silinməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilərək iddiaçıya növbəti hazırlıq icraatı iclasınadək iddia ərizəsini dəqiqləşdirərək, borcun hesablanmasına səbəb olmuş inzibati aktı mübahisələndirməsi təklif olunaraq, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayıla biləcəyi barədə məlumat verilmiş, lakin iddiaçı tərəfindən dəqiqləşmə verilmədiyindən məhkəmə iclası təkrar olaraq xx.xx.2021-ci il tarixə təyin edilərək iddiaçıya və onun nümayəndəsinə növbəti hazırlıq icraatı iclasınadək iddia ərizəsini dəqiqləşdirməsi təklif olunaraq, əks təqdirdə iddianın mümkün sayılmaması və ya geri götürülmüş sayıla biləcəyi barədə təkrar məlumat verilmişdir. Lakin iddiaçı və onun nümayəndəsi tərəfindən dəqiqləşmə verilmədiyindən məhkəmə iclası təkrar olaraq xx.xx.2021-ci il tarixlərə təyin edilmiş, bu barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş onlara məhkəmə iclasında iştiraklarının, həmçinin gəlmədikləri təqdirdə iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı və onun nümayəndəsi məhkəmə icraatından yayındığına görə iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin cavabdeh 12 saylı Vergilər Baş İdarəsinə qarşı qanunsuz hesablanmış 2225273.21 (iki milyon iki yüz iyirmi beş min iki yüz yetmiş üç manat 21 qəpik) manat vergi borcunun şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası geri götürülümş hesab edilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar