Məhkəmə qərarları › İş №e-2-1(114)-2030/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2030/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2030/2023 05.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğv edilməsi müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı fevral 2023-cü il tarixli qərarın ləğv edilməsi və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Tibb Universitetinin X3 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə təbii yuxu altında BERA testi aparılmış, 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 75dBnHL intensivlikdə V dalğa əldə edilmiş, sol qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edilmişdir. Nəticədə hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip təsbit edilmiş və eşitmənin protezləşdirilməsi tövsiyyə olunmuşdur.

2. Cavabdeh orqanın təqdim etdiyi icraat materialları ilə müəyyən edilir ki: - İddiaçı əlillik vəziyyətinə Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında əsasında baxılmış, Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar. Xəstəliklərin beynəlxalq təsnifatı: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H91 - Eşitmənin digər növlü itirilməsi => H91.8 - Eşitmənin digər dəqiqləşdirilmiş itirilmələri Diaqnozun mətni: İkitərəfli xroniki koxlear nevrit, ağır eşitmə İİİ dərəcə, nitq pozğunluğu ilə Meyar: 2. iki il müddətinə: => DİGƏR: 1.2 əlillik dərəcəsi təyin edilmişdir. - İddiaçı əlillik vəziyyətinə Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış, Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar. Xəstəliklərin beynəlxalq təsnifatı: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H91 - Eşitmənin digər növlü itirilməsi => H91.8 - Eşitmənin digər dəqiqləşdirilmiş itirilmələri Diaqnozun mətni: İkitərəfli xroniki koxlear nevrit, ağır eşitmə İİİ dərəcə. Nitq pozğunluğu ilə Meyar: 18 yaş tamam olana qədər: => DİGƏR: 1.2 əlillik dərəcəsi təyin edilmişdir. - İddiaçı əlillik vəziyyətinə Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış, Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar. Xəstəliklərin beynəlxalq təsnifatı: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.6 - İkitərəfli qarışıq konduktiv və ... Diaqnozun mətni İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, ANADANGƏLMƏ lll-İV DƏRƏCƏLİ NEYROSENSOR AĞİREŞİTMƏ .KOXLEAR NEVRİT.NİTQİN POZULMASİ. Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3- 4-cü dərəcə ağır eşitmə (H90-90.8) əlillik dərəcəsi müddətsiz təyin edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 04 fevral 2022-ci il tarixli PHŞ/1-2-2022-3196 nömrəli məktubun araşdırılması nəticəsində 50 nəfərin əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranması əsası ilə həmin şəxslər barəsində inzibati icraat başlanmış və sözügedən 50 nəfərə, o cümlədən iddiaçıya xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılmaları haqqında ünvanlarına məktub göndərilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən Tibbi-sosial ekspert komissiyalarının 42 nəfərə dair əlillik təyinatı barədə qərarların qüvvədə saxlanılması, 8 nəfərə dair qüvvədə olan əlillik təyinatı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. - Agentliyin Tibbi-sosial ekspert komissiyasının fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərar ləğv edilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Agentlik tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-4/2-Q-2727/2023 saylı bildiriş göndərilərək, xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunduğunu və əyani müayinədə iştirak etməyəcəyi halda, onun iştirakı olmadan barəsində inzibati aktın qəbul olunacağının bildirildiyini, qeyd edilənlərə əsasən ona xx.xx.2018-ci il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir.

3. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.20223-cü il tarixli 3-17-4/2-12417/2023 nömrəli və xx.xx.2023cü il tarixli 3-17-4/2-30445/2023 nömrəli cavab məktublarında bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Tovuz Rayon Mərkəzi Xəstəxanasının 0321003AAJUW nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində "eşitmə xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Vətəndaşın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün qeydiyyat ünvanına xx.xx.2022-ci il tarixli **********0 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2018-ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T479/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin tərtib etdiyi Forma 88 saylı göndərişdə qeyd edilmiş “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağıreşitmə, anadangəlmə İİİ- İV dərəcəli neyrosensor ağıreşitmə, koxlear nevrit, nitqin pozğunluğu” diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində öz təsdiqini tapmamışdır. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh təşkilat tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci ildə anadan olmuşdur. Anadan gəlmə onun eşitmə problemi vardır. 2009-cu ildə ildə o, müayinədən keçmiş və ona 3-cü qrup əllilik dərəcəsi verilmişdir. Həmn vaxtdan bu günə kimi o, aparatla yaşayır. xx.xx.2018-ci ildə ona müddətsiz 3-cü dərəcə əllilik tətin edilmişdir. Hazırda da o, eyni problemlə yaşayır. Lakin buna baxmayaraq cavabdeh təşkilat onun əllilik dərəcəsi ləğv etmişdir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında və 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növlərinə aiddir. Belə ki, iddiaçı iddiasında ona təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin ləğv edilməsinə dair qərarın ləğvini və ona müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsini tələb edir.

10. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərtlər də ödənilmişdir. Belə ki, hazırda mübahisələndirilən fevral 2023-cü il tarixli qərarın (qərarın qəbul edildiyi gün göstərilmədiyi üçün müəyyən deyil) surətinin iddiaçıya göndərilməsi müəyyən edilməsə də, Agentlik tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3- 17-4/2-Q-2727/2023 saylı bildiriş göndərilərək, ona xx.xx.2018-ci il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edildiyi bildirilmiş, iddiaçı isə hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu halda iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın mübahisələndirmə və məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. İddiaçının vəkil olan nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, fevral 2023-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsi və iddiaçıya üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında əsasında baxılmış, Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar. Xəstəliklərin beynəlxalq təsnifatı: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H91 - Eşitmənin digər növlü itirilməsi => H91.8 - Eşitmənin digər dəqiqləşdirilmiş itirilmələri Diaqnozun mətni: İkitərəfli xroniki koxlear nevrit, ağır eşitmə İİİ dərəcə, nitq pozğunluğu ilə Meyar: iki il müddətinə: => DİGƏR: 1.2 2 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış, Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar. Xəstəliklərin beynəlxalq təsnifatı: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H91 - Eşitmənin digər növlü itirilməsi => H91.8 - Eşitmənin digər dəqiqləşdirilmiş itirilmələri Diaqnozun mətni: İkitərəfli xroniki koxlear nevrit, ağır eşitmə İİİ dərəcə. Nitq pozğunluğu ilə Meyar: 18 yaş tamam olana qədər: => DİGƏR: 1.2 əlillik dərəcəsi təyin edilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış, Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar. Xəstəliklərin beynəlxalq təsnifatı: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90- H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.6 - İkitərəfli qarışıq konduktiv və ... Diaqnozun mətni İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, ANADANGƏLMƏ lll-İV DƏRƏCƏLİ NEYROSENSOR AĞİREŞİTMƏ .KOXLEAR NEVRİT.NİTQİN POZULMASİ. Meyar: Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) əlillik dərəcəsi müddətsiz təyin edilmişdir. İddiaçı barədə İnzibati İcraat haqqında qanuna əsasən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə daxil olan 01 fevral 2022-ci il tarixli PHŞ/1-2- 2022-3396 nömrəli məktubun araşdırılması nəticəsində 50 nəfərin (siyahı əlavə olunur) əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmış və həmin şəxslər barəsində inzibati icraat başlanmışdır. Sözügedən 50 nəfərə dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılmaları haqqında ünvanlarına sifarişlixəbərnaməli məktublar göndərilmişdir. Keçirilmiş əyani müayinənin nəticəsində “Əlillik” altsistemində Tibbi-sosial ekspert komissiyalarının 42 nəfərə dair əlillik təyinatı barədə qərarların qüvvədə saxlanılması, 8 nəfərə dair qüvvədə olan əlillik təyinatı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilmişdir (siyahı əlavə olunur). Aparılmış inzibati icraatın nəticələrini və əyani müayinənin həyata keçirilməsi haqqında Tibbi-Sosial Ekspert komissiyasının 08 fevral 2023-cü il tarixli 3-17-4/3-637/2023 nömrəli qərarını nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X2”nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndini rəhbər tutaraq X6 qərara almışdır ki, diaqnoz əlillik əlaməti təyin etmir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-Q-2727/2023 nömrəli bildirişinin surəti; - Azərbaycan Tibb Universitetinin X3 xx.xx.2022-ci il tarixli arayışı: - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.20223-cü il tarixli 3-17-4/2-12417/2023 nömrəli və xx.xx.2023cü il tarixli 3-17-4/2-30445/2023 nömrəli cavab məktubları; - Ekspert rəyi. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

22. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, anadangəlmə İİİ-İV dərəcəli neyrosensor ağıreşitmə, koxlear nevrit, nitqin pozulması” diaqnozu ilə (təsnifat: H90- Eşitmənin konduktiv və neyrosensor itirilməsi=>H90.6- İkitərəfli qarışıq konduktiv və ...) müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Cavabdeh Agentlik tərəfindən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən daxil olmuş 04 fevral 2022-ci il tarixli PHŞ/1-2-2022-3196 nömrəli məktubun araşdırılması nəticəsində 50 nəfərin əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranması əsası ilə həmin şəxslər barəsində inzibati icraat başlanmış və sözügedən 50 nəfərə, o cümlədən iddiaçıya xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılmaları haqqında ünvanlarına məktub göndərilmişdir. Həyata keçirilmiş əyani müayinə nəticəsində cavabdeh Agentlik tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən Tibbi-sosial ekspert komissiyalarının 42 nəfərə dair əlillik təyinatı barədə qərarların qüvvədə saxlanılması, 8 nəfərə dair qüvvədə olan əlillik təyinatı qərarlarının ləğv edilməsi barədə qərar, o cümlədən Agentliyin Tibbi-sosial ekspert komissiyasının fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərar ləğv edilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

23. Göründüyü kimi, cavabdeh orqan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən daxil olmuş 04 fevral 2022-ci il tarixli PHŞ/1-2-2022-3196 nömrəli məktubuna əsasən 50 nəfərin əlillik təyinatı barədə sənədlərin düzgünlüyünə şübhə yarandığı əsasını irəli sürərək, həmin şəsləri, o cümlədən iddiaçını əyani müayinəyə dəvət etmiş və həmin müayinənin nəticəsində İddiaçı xx.xx.2018-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsi və diaqnoz əlillik əlaməti təyin etməməsinə dair fevral 2023-cü il tarixli qərar qəbul etmişdir.

24. Məhkəmə əvvəla onu qeyd edir ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl edilməklə, iddiaçının barəsində əvvəl qəbul edilmiş müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərarın əsaslılığını inzibati icraat çərçivəsində iddiaçını əyani müayinəyə cəlb etməklə yoxlamış və həmin əlilliyin ləğvi və diaqnoz əlillik təyin etməməsi barədə fevral 2023-cü il tarixli qərar qəbul edilmişdir.

25. İnzibati icraat haqqında hüquq normalarının (prosessual normaların) düzgün tətbiqinə baxmayaraq, həmin qərar bununla yanaşı, maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz inzibati akt sayılır.

26. Belə ki, “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

28. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

29. Cavabdeh orqan 50 nəfərin, o cümlədən iddiaçının əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmasına əsas kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 04 fevral 2022-ci il tarixli PHŞ/1-2-2022-3196 nömrəli məktubunu göstərmişdir.

30. Məhkəmə hesab edir ki, prinsipcə həmin məktub “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin bu zaman həmin məktub məhz iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni həmin məktub iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada həmin məktuba istinad edə bilməz, həmin məktubda iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.

31. Bu əsasla məhkəmə tərəfindən cavabdeh orqana xx.xx.2023-cü il tarixdə sorğu göndərilərək, iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə dair cavabdeh orqanın qərarının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olması, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurətin haradan yaranması barədə məlumat və bu barədə bütün sənədlər, iddiaya yazılı etirazda adıçəkilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli PHŞ/1-2-2022-3396 saylı məktubu, iddiaya yazılı etirazda adıçəkilən Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-637/2023 nömrəli qərarı, iddiaçının əyani müayinəyə dəvət edilməsi barədə məktub və həmin məktubun iddiaçıya çatdırılmasına dair sənəd, iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğv edilməsi barədə qərar qəbul olunub-olunmaması, müsbət halda həmin qərarın surəti tələb edilmiş və məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-30445/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Tovuz Rayon Mərkəzi Xəstəxanasının 0321003AAJUW nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində "eşitmə xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Vətəndaşın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün qeydiyyat ünvanına xx.xx.2022-ci il tarixli **********0 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş, təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2018-ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

32. Həmin məktuba Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli PHŞ/1-2-2022-3396 saylı məktubu əlavə edilmişdir ki, həmin məktubda “daun sindromu” xəstəliyi olan şəxslərlə bağlı olan göndərişlərdən bəhs edilir və iddiaçıya qoyulmuş diaqnoz “eşitmə” xəstəliyi ilə bağlı olduğundan həmin məktubun iddiaçıya aidiyyati müəyyən edilmir.

33. Bundan başqa, iddiaçının barəsində qəbul edilmiş fevral 2023-cü il tarixli qərarın qanuniliyi və əsaslılığı yoxlanılan zaman müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2009cu il tarixdə 2 il müddətinə, xx.xx.2015-ci il tarixdə 18 yaş tamam olana qədər, xx.xx.2018ci il tarixdə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmış və bütün təyinatlar zamanı ona qoyulmuş diaqnoz “Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H91 - Eşitmənin digər növlü itirilməsi => H91.8 - Eşitmənin digər dəqiqləşdirilmiş itirilmələri Diaqnozun mətni: İkitərəfli xroniki koxlear nevrit, ağır eşitmə İİİ dərəcə, nitq pozğunluğu ilə” olmuşdur.

34. Hansı ki, həmin diaqnoz iddiaçının sonuncu dəfə qiymətləndirildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) 2.5.20-ci bəndinə əsasən müddətsiz üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

35. Belə ki, həmin Əsasnaməyə görə : Bənd 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur... Bənd 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8).

36. İddiaçının əlillik təyinatı barədə qərarının yoxlanılması zamanı aparılmış icraat çərçivəsində əyani müayinə cəlb olunaraq, qiymətləndirildiyi dövrdə isə (xx.xx.2023-cü il tarixdə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvədə olmuşdur.

37. Həmin Meyarlara görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

38. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). 9.1. Qulağın və məməyəbənzər H60çıxıntının xəstəlikləri H95 Qiymətləndirmə 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz

39. Göründüyü kimi, iddiaçının əyani müayinəyə cəlb edildiyi dövrdə də onda mövcud olan xəstəlik (hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip, nitq pozulması ilə) üzrə orqanizmin funksiyalarının pozulması faizi 50 faizdir ki, bu da əlilliyin üçüncü dərəcəsinə uyğun gəlir, orqanizmin funksiyalarının pozulması müddəti isə müddətsizdir.

40. Azərbaycan Tibb Universitetinin X3 xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə təbii yuxu altında aparılmış BERA testi zamanı sağ qulaqda 75dBnHL intensivlikdə V dalğa əldə edilmiş, sol qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edilmişdir. Nəticədə hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip təsbit edilmiş və eşitmənin protezləşdirilməsi tövsiyyə olunmuşdur. Cavabdeh orqan özünün fevral 2023-cü il tarixli qərarında həmin arayışla yanaşı, həmçinin Ak.M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli audioqramma və Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublikası Mərkəzinin xx.xx.2019-cu il tarixli 14041 nömrəli tibbi rəyinə də istinad edərək, həmin sənədlərdə də müvafiq olaraq iddiaçının diaqnozunun “Eşitmə hər iki ulaqda İV dərəcəli neyrosensor tip” və “İkitərəfli İİİ-İV dərəcəli neyrosensor ağıreşitmə, ikitərəfli koxlear nevrit. Anadangəlmə nitqin pozulması” kimi göstərilmişdir ki, bu da iddiaçının xəstəliyi üzrə diaqnozunun ixtisaslaşmış müəssisələr tərəfindən də eynilə müəyyən edildiyini göstərir.

41. Cavabdeh orqan isə xəstənin 5 metr məsafədən ünvanlanan nitqi eşitdiyini və anladığını, nitqi qüsurlu olsa da, qulağında cihaz olmadan da ünsiyyətə girdiyini əsas gətirərək “İddiaçı xx.xx.2018-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsi və diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etmişdir ki, məhkəmə həmin qərarı yuxarıda qeyd edilənlərə əsasən qanuni və əsaslı hesab etmir.

42. Belə ki, inzibati prosessual qanunvericilikdə mübahisələndirmə haqqında iddia növlərində sübutetmə yükü mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan üzərinə qoyulmuşdur. Cavabdeh orqan isə 08 fevral 2023-cü il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu və qərarında istinad etdiyi halları sübut edə bilməmişdir.

43. İnzibati Prosessual Məcəlləyə görə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

44. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

45. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

46. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin “İddiaçı xx.xx.2018-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə verilmiş qərarın ləğv edilməsi və diaqnoz əlillik əlaməti təyin etmir” barədə fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar