Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2032/2022 20.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (Göygöl Rayon İcra Hakimiyyəti) qarşı Göygöl rayonu, Füzuli qəsəbəsində yerləşən 4 saylı binanın 8-ci mənzilinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Radioverlişləri Mərkəzinin Həmkarlar Təşkilatının razılığı ilə 3 nömrəli Radiostansiyası rəhbərinin xx.xx.1978-ci il tarixli, 24 nömrəli əmri ilə müəssisənin balansında olan (indiki Füzuli qəsəbəsinin) ərazisindəki 4 saylı binanın 8-ci mənzili ona verilmişdir. Hal-hazıra kimi ailə üzvləri ilə həmin mənzildə yaşayır. Mənzilin ümumi sahəsi 77 kv.m, yaşayış sahəsi 63.3 kv.m olmaqla 3 otaqdan ibarətdir və artıq 44 ildir ki, qanuni sahibliyində və istifadəsindədir. 1993-cü ildə Radiostansiyanın balansında olan yaşayış binaları Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhəri üzrə Nümayəndəliyinin balansına keçirilmişdir. Hazırda həmin binalar Göygöl rayon Mənzil Kommunal Təsərrüfat İslehsalat Birliyinin balansındadır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2007-ci il tarixli, 03 nömrəli sərəncamına əsasən evə dair ona 09 mart 2010-cu il tarixli, 04 nömrəli order də verilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq hüququndan istifadə edərək həmin Qanunla müəyyən edilmiş şərtlər və qaydalara əməl etməklə mənzilin özəlləşdirilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Ancaq cavabdeh orqan mənzili özəlləşdirməkdən imtina etmişdir. İmtinanı əsaslandırarkən cavabdeh orqan ümumi olaraq göstərmişdir ki, guya tələb olunan sənədlərin hamısı toplanaraq cavabdeh orqana verilməmişdir. Halbuki, mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin hamısı aidiyyəti orqanlardan alınaraq cavabdeh orqana verilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 20 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlərin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Belə ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Göygöl rayonu, Füzuli qəsəbəsində otaqların sayı 3 (üç) yaşayış sahəsi 63.3 kv.m olan bina 04/08 nömrəli mənzildə yerləşməsi ilə bağlı İddiaçı xx.xx.2010cu il tarixli, 04 nömrəli order verilmişdir. Sözügedən mənzil ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən xx.xx.2021-ci il tarixli, 4199 nömrəli arayış tərtib olunmuşdur. Həmçinin, X5 tərəfindən mənzil ilə bağlı notarial razılıq ərizəsi təqdim olunmuşdur. Qeyd olunan sənədlər mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Bu səbəbdən müraciətin icrası mümkün olmamış və vətəndaşa xx.xx.2022-ci il tarixli, **********40 nömrəli cavab məktubu ünvanlanmışdır. Üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul edərək, mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiyini qeyd edib qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: -Xanlar rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyininxx.xx.2007-ci il tarixli, 03 nömrəli iclas protokolunun təsdiqlənmiş surətindən görünür ki, Göygöl rayonu, Füzuli qəsəbəsində yerləşən 4 saylı binanın 8 nömrəli mənzilə dair İddiaçı order verilməsi qərara alınmışdır. -Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2010-cu il tarixli, 04 nömrəli orderinin təsdiqlənmiş surətindən görünür ki, Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 03 nömrəli protokoluna əsasən Göygöl rayonu, Füzuli qəsəbəsində yerləşən 4 saylı binanın 8 nömrəli mənzili İddiaçı verilmişdir. -xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı ailə üzvləri Göygöl rayonu, Füzuli qəsəbəsində yerləşən 4 saylı binanın 8 nömrəli mənzilinin onun adına özəlləşdirilməsinə razılıq vermişlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********18 nömrəli imtina məktubunun surətindən görünür ki, əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmədiyi əsas gətirilərək, müraciətdən imtina edilmişdir. -Göygöl Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, 158 nömrəli məktubundan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Göygöl rayonu, Füzuli qəsəbəsində yerləşən 4 saylı binanın 8 nömrəli mənzilində yaşayır, həmin mənzil İddiaçı adınadır və dövlət mənzilidir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2010-cu il tarixli, 04 nömrəli orderi ilə, Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 03 nömrəli protokoluna əsasən Göygöl rayonu, Füzuli qəsəbəsində yerləşən 4 saylı binanın 8 nömrəli mənzili İddiaçı verilmişdir. Sonuncunun ailə üzvləri həmin mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər və bu barədə notarial qaydada təsdiqlənmiş ərizələrini təqdim etmişlər. İddiaçı qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə müraciətə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmədiyini əsas gətirərək, hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilən qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, inzibati orqanın imtinası qanuni olmamışdır. Belə ki, 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28. maddəsinin tələblərinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bu Məcəllədə və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət və ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (qanunvericiliklə başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 48. maddəsinin tələblərinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Qeyd olunan Məcəllənin 51. maddəsinin tələblərinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir.Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:
1. maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
5. maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
8. maddəsinin tələblərinə əsasən yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı on gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (Forma-2) verməlidir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
9. maddəsinin birinci hissəsinin tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.
12. maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçiril-məsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Beləliklə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında dövlət tərəfindən vətəndaşa əvəzsiz olaraq verilən mənzilin məhz mənzil kirayə müqaviləsində adı qeyd edilməklə faktiki olaraq həmin mənzildə yaşayan ailə üzvlərinin razılığı ilə onlardan birinin, bir neçəsinin və ya hamısının (paylı) mülkiyyəti kimi özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” 30 oktyabr 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Buna müvafiq olaraq qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi – yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. Qanunun yuxarıda qeyd olunan ikinci prinsipdən irəli gələn digər mühüm məqsədi isə özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinə yönəlmişdir. Məhz bu iki məqsədin qarşılıqlı təminatı baxımından qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş qaydanı müəyyən etmişdir. Həmin maddənin birinci hissəsinin birinci cümləsinin məzmununa görə özəlləşdirilmiş mənzilin mülkiyyətçisi yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzilə öz mülahizəsinə görə sahiblik edir, istifadə edir və onun barəsində sərəncam verir: onu vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onun barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilər. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasına əsas, müraciətə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilməməsidir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2010-cu il tarixli, 04 nömrəli orderi ilə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 03 nömrəli protokoluna əsasən Göygöl rayonu, Füzuli qəsəbəsində yerləşən 4 saylı binanın 8 nömrəli mənzili İddiaçı verilmişdir. Sonuncunun ailə üzvləri həmin mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər və bu barədə notarial qaydada təsdiqlənmiş ərizələrini təqdim etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın qarşılıqlı əlaqədə olan 13, 15, 29 və 59-cu maddələrində təsbit edilmiş xüsusi mülkiyyət hüququ, azad sahibkarlıq hüququ, müqavilə azadlığı, habelə iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilməməsi prinsipləri bazar iqtisadiyyatının konstitusiya əsaslarını təşkil edir. Bazar iqtisadiyyatının şərtlərindən biri olan çoxformalı mülkiyyətə keçid zamanı özəlləşdirmə institutu bazar münasibətlərinin yaranması və inkişafına xidmət edən ən mühüm vasitələrdən biridir. Bu konstitusion məqsədlərə nail olmaq üçün qanunverici mülkiyyət münasibətlərinin transformasiyasının hüquqi əsaslarını müəyyən etmişdir. Mənzil münasibətləri sahəsində belə hüquqi əsaslar “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göründüyü kimi Plenum qərarında qeyd edilən hüquqi mövqeyə əsasən həmin evdə yaşamaq huququ olan şəxslərin mənzilə dair hüquqları müdafiə olunmaqla mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmaması şərtilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı və onun 3 nəfərdən ibarət ailə üzvlərinin adları birbaşa 09 mart 2010-cu il tarixli orderdə qeyd edilmiş və mənzil iddiaçıya verilmişdir. Artıq dövlət tərəfindən əvvəzsiz olaraq verilən və qanunvericiliklə mülkiyyət hüquqlarının tanınması birbaşa təsbit edilən şəxslərin hüquqlarına, mənzildə qeydiyyata alınan şəxslərin imtinası əsasında müdaxilə edilməsi qanunamüvafiq deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 8.0.11. maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulan əsaslardır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin Göygöl rayonu, Füzuli qəsəbəsində yerləşən 4 saylı binanın 8 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsindən imtina edilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göygöl rayonu, Füzuli qəsəbəsində yerləşən 04 saylı binanın 08 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov