Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2032/2024 09.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun 18 mart 2021-ci il tarixdən ikinci qrup əlilliyinin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, anadan travma ilə doğulmuşdur. Onun uşaqlıqdan psixi vəziyyətində pozuntuları var. Daimi baş ağrıları, halsızlıq, gərginlik, əsəbilik, özünəqapanma və qabarıq yaddaş zəifliyi var. İddiaçı deyilənləri anlamır, maraqları məhduddur, təkliyə meyillidir. Yuxu və iştəhası dərmanladır. Daim qulluğa və müalicəyə ehtiyacı var. O, müxtəlif vaxtlarda Bakı şəhəri X2, 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında, X1 stasionar müalicə olunmuşdur. İddiaçıya "Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə (İQ34)" diaqnozu təyin olunub. 2016-cı ildə TSEK ona "Qulluq və davranış tələb edən ciddi davranış pozuntusu, debillik dərəcəsində ağıl zəifliyi, psixopatiyabanzər davranış" diaqnozu qoyulub və ikinci dərəcəli əlillik təyin olunub. Növbəti müayinə tarixi 18 mart 2021-ci il müəyyən olunub. Növbəti müayinədən sonra isə 04 iyul 2023-cü il tarixdə cavabdeh iddiaçını müayinə etmədən, sənədlər əsasında əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edib. Həmin qərar ona verilməyib, müraciət etdikdən sonra 2023-cü il dekabrda iddiaçıya 18 sentyabr 2023cü il tarixli məktub verilib. Həmin məktubda göstərilib ki, guya iddiaçı 01 avqust 2023-cü il tarixdə 20 saylı TSEK-in qəbulunda olmuş və 04 iyul 2023-cü il tarixdən isə qərar qəbul edilib.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.
5. Tərəflərə məhkəmə iclası barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.
6. Məhkəmə aidiyyatla bağlı məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir.
8. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan hazırkı mübahisəyə İPM-in 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
10. Göründüyü kimi, məcburetmə haqqında iddialara, cavabdehin yerləşdiyi ərazi birdən çox məhkəmənin yurisdiksiyasına aid olduqda iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılır.
11. İddiaçının şəxsiyyət vəsiqəsi və izahatı ilə müəyyən edilir ki, onun qeydiyyatda olduğu yaşayış yeri Yevlax şəhəridir.
12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
13. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
14. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə- Hüquq Şurası tərəfindən müəyyən olunur.
15. İddiaçının yaşayış yeri olan Yevlax şəhəri Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
16. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair işə Şəki İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aiddiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.
17. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik təyin edilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva