Məhkəmə qərarları › İş №e-2-1(114)-2058/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2058/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2058/2021 07.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə qarşı N.07.2019-cu il tarixdə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş X1 şəhid statusu verilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N.07.2019-cu il tarixdə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş X1 şəhid statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 07.12.2021-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə dəqiqləşmə barədə ərizə verərək, N.07.2019-cu il tarixdə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş X4 şəhid statusu verilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 07.12.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, oğlu X6 müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş və N iyul 2019-cu il tarixində hərbi hissə komandirinin əmrinə müvafiq olaraq yaradılmış təmir qrupunun tərkibində xidmətdə olan zaman T-72 markalı tankda baş vermiş yanğınla müşayiət olunan partlayış nəticəsində həlak olmuşdur. Həmin vaxt sözügedən təmir qrupu hərbi hissədə olan hərbi texnikanın, o cümlədən tankların döyüş vəziyyətinin yoxlanılması və təmiri məqsədilə yaradılmış və gələcəkdə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Mərhum oğlu X3 xidmət etdiyi sözügedən hərbi hissədə xidmətdə olan hər kəs əmək haqqından başqa, döyüş xidməti keçdiyinə görə də əlavə əmək haqqı almışdır. Hadisə olan vaxt oğlu döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirən zaman həlak olduğu üçün ona şəhid statusu verilməlidir. X1 şəhid statusunun verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Ona görə də cavabdehin imtinasını əsassız hesab edərək, xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş X1 şəhid ailəsi statusunu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, N nömrəli hərbi hissənin N nömrəli bildirişinə əsasən mərhum X3 N.07.2019-cu il tarixdə saat 08:30 radələrində xidməti vəzifəsini icra edərkən tankda baş verən partlayış nəticəsində həlak olması göstərilmişdir. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini 04.02.1988-ci il tarixli XİН-ЖГ 258318 nömrəli doğum haqqında şəhadətnamə, 09.07.2019-cu il tarixli AZ-İİ 020497 nömrəli ölüm haqqında şəhadətnamə, N nömrəli hərbi hissə komandirinin 08.07.2019-cu il tarixli N nömrəli bildirişi, 0500 **********019 nömrəli ölüm haqqında akt qeydinin surəti, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27.05.2021-ci il tarixli 1-1(104)-42/2021 nömrəli qərarı və cavabdehin 24.08.2021-ci il tarixli 105N nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarına əlavə olunmuş N saylı hərbi hissə komandirinin SHXÇDX-nin Ağstafa rayon Şöbəsinin rəisinə göndərdiyi 08.07.2019-cu il tarixli N nömrəli bildirişində göstərilmişdir ki, başmexanik-sürücü, kiçik çavuş X6 (1988-ci il) N.07.2019-cu il tarixdə saat 08:30 radələrində xidməti vəzifəsini icra edərkən tankda baş verən partlayış nəticəsində həlak olmuşdur. İş materiallarında olan 09.07.2019-cu il tarixli AZ-İİ 020497 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 N.07.2019-cu il tarixdə bütün bədən səthini əhatə edən termiki yanıq, tüstü və digər qazlı zəhərlənmədən öldüyü qeyd olunmuşdur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları» (bundan sonra mətində «Qaydalar»):- Bənd 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bənd 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: Bənd 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; Bənd 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; Bənd 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; Bənd 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; Bənd 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; Bənd 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; Bənd 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçuları şəhid hesab edilirlər. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi»nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir (Qaydaların – 4.1-ci bəndi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair» 30.12.2008-ci il tarixli qərarına görə, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Hazırkı işdə yuxarıda şərh olunan maddi hüquq normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən iddiaçının mərhum X1 «Şəhid» statusu verilməsi üçün sonuncunun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması faktının Qaydaların 1.2-ci bəndində sadalanan hər hansı bir halla əlaqəli olması müəyyən olunmamışdır. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27.05.2021-ci il tarixli 1-1(104)-42/2021 nömrəli qərarı ilə müəyyən olunmuşdur ki, N iyul 2019-cu il tarixdə saat 08:35-də N nömrəli hərbi hissədə 3-cü taborun balansında olan tankların yoxlanılmasına başlanarkən naməlum şəraitdə qəbul etdikləri spirtli içki nəticəsində «yüngül dərəcəli» sərxoş vəziyyətdə işə buraxılmış Amiddin Ağalarov tankın tuşlayıcı, Samir Salahov isə tank komandiri bölmələrində oturaraq qüllə nömrəsi 570 olan T-72 markalı tankın içərisində müvafiq yoxlama işləri apararkən, hər hansı zərurət olmadan fırlanan transportyoru da yoxlamaq qərarına gəlmiş, içərisində mərmilər əlan tankın fırlanan transportyorunun iş rejimini mexaniki üsulla, yəni çeviricini əllə hərəkətə gətirib yoxlamaq əvəzinə, yaranmış nəzarətsizlikdən istifadə edərək, işlərinin tez, əziyyətsiz və rahat olması üçün yuxarıda sadalanan T-72 markalı tankın istismarı qaydalarını kobud surətdə pozaraq konveyeri (transportyor) hər ikisi birlikdə avtomatik rejimdə işə salmış, fırlanma gücünün təsiri altında naməlum şəraitdə konveyerə düşmüş kənar cismin uduğunun mərmi atımının alışdırıcı kapsulunun mərkəzinə çırpılması nəticəsində barıt atımının alışması, yanğının qısa müddətdə başqa atımlara keçməsilə yanğınla müşayiət olunan partlayış baş vermişdir. X5 və Samir Salahov ümumi bədən səthinin 100%-ni əhatə edən termiki yanıq xəsarəti alaraq hadisə yerində həlak olmuşlar. İşin məhkəmə tərəfindən araşdırılan hallarından göründüyü kimi iddiaçının oğlu X6 atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zaman yox, müəyyən olunmuş təhlükəsizlik qaydalarının pozması ilə tankın yanması nəticəsində həlak olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının tələbinə əsasən X1 şəhid, ailəsinə şəhid ailəsi statusu və bu statusu təsdiq edən müvafiq arayışın verilməsindən imtinası əsaslı olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə qarşı N.07.2019-cu il tarixdə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş X4 şəhid statusu verilməsi üçün müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar