Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-206/2023 26.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göygöl rayon Hacıməlik Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayon Hacıməlik qəsəbəsində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayon Hacıməlik Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 02 saylı qərаrı ilə Göygöl rayon Hacıməlik qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 16 nəfər qəsəbə sakininə 1.14 ha torpaq torpaq sahəsi ayrılaraq satılmışdır. Qeyd olunan siyahı üzrə ona da 0.03 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi 12 ildir onların sahibliyində olmaqla fasiləsiz istifadələrindədir. Вələdiууənin qərаrı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. İddiaçı çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-206/2023 saylı qərardadı ilə iş üzrə Göygöl rayon Hacıməlik Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, araşdırılma zamanı Göygöl bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 02 saylı qərar və xx.xx.2010-cu il tarixli “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı 0.03 ha torpaq sahəsinin satılmışdır. Lakin, torpaq sahəsinin əldə edilməsinə dair notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və torpaq sahəsinin sənəd üzrə yerini və ölçülərini göstərən texniki sənəd ərizənizə əlavə edilməmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Hacıməlik bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 02 saylı qərarından görünür ki, Göygöl rayonu Hacıməlik bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən 1.14 ha ayrılıb 16 nəfər vətəndaşa 10 nəfərə 0.08 ha, 2 nəfərə 0.06 ha, 2 nəfərə 0.03 ha, 1 nəfərə 0.12 ha, 1 nəfərə isə 0.04 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi alqı-satqı yolu ilə satılması qərara alınmışdır. - işə əlavə edilmiş xx.xx.2010-cu il tarixli aktan görünür ki, Göygöl rayonu Hacıməlik bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən 1.14 ha ayrılıb 16 nəfər vətəndaşa 10 nəfərə 0.08 ha, 2 nəfərə 0.06 ha, 2 nəfərə 0.03 ha, 1 nəfərə 0.12 ha, 1 nəfərə isə 0.04 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi alqısatqı yolu ilə satılması məqsədəmüvafiq hesab edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göygöl rayon şöbəsinin rəyindən görünür ki, 16 nəfər vətəndaşa satılması nəzərdə tutulan 1.14 ha torpaq sahəsi Göygöl rayon Hacıməlik Bələdiyyəsinin mülkiyyətinə aiddir, satılması nəzərdə tutulan torpaq sahəsi kənd daxili olmaqla və həmin məqsədilə satılması qanunamüvafiqdir. -surəti işə əlavə edilmiş yerquruluşu planından çıxarışda İddiaçı satılmış 0.03 ha torpaq sahəsinin yerləşmə mövqeyi göstərilmişdir. -işə əlavə edilmiş xx.xx.2010-cu tarixli «torpaqların alqı-satqısına dair» aktın təsdiq edilmiş surətindən görünür ki, Hacıməlik bələdiyyəsi ərazisində olan 0.03 ha torpaq sahəsinin satılmasına görə iddiaçı Xudiyeva (Bağırova) Nuranə Fizuli qızı tərəfindən 190.50 manat pul ödənilmişdir. -cavabdehin xx.xx.2022-ci il tarixli, **********65 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi naturada təqdim edilmiş daş hasarla hasarlanmış 0.17 ha (17.0 sot) torpaq sahəsinin daxilində yerləşməklə bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Torpaq sahəsi, faktiki olaraq daş hasarla hasarlanaraq həyətyanı məqsədlər üçün istifadə olunur. Lakin, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarında, 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 307.0 kv.m hissəsi həyətyanı, 93.0 kv.m hissəsi infrastruktur (yol) sahə olaraq göstərilmişdir. Mübahisələndirilən 0.04 ha sahəsi üzərində, elektron baza materiallarına istinadən, һər hansı bir şəxsin adına qeydə alınmış hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Göygöl rayon Hacıməlik bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 02 nömrəli qərarı ilə bələdiyyə ərazisindən İddiaçı 0.03 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq İddiaçı tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair təsdiq olunmuş yerquruluşu planı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bələdiyyə ilə torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş akt və torpaq sahəsinin plan və ölçü sənədi təqdim edilmədiyindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq iclasının qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya satılmışdır. Cavabdehin imtinasının əsası kimi bələdiyyə ilə torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş akt və torpaq sahəsinin plan və ölçü sənədi təqdim edilməməsi qeyd olunmuşdur. İşə əlavə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, iddiaçıya sözügedən qərarla satılmış 0.03 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla hər hansı subyektin mülkiyyətində olan sahə ilə üst-üstə düşmür. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş akt və torpaq sahəsinin plan və ölçü sənədi olmadan) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Göygöl rayonu Hacıməlik Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 02 saylı ilə İddiaçı satılması qərar alınmış torpaq sahəsində 0.03 һа torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-206/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-206/2023
26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver