Məhkəmə qərarları › İş №e-2-1(114)-2239/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2239/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2239/2023 14.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gədəbəy bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tələbin icra şöbəsinə yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli 07 nömrəli protokol-qərarına əsəsən Bakı şəhər sakini İddiaçı tərəfindən 1414 manat 30 qəpik torpaq və əmlak vergisi üzrə yaranmış borcu qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədiyi üçün tələbkar Gədəbəy rayonu Gədəbəy bələdiyyəsinin borcun ödənilməsi tələbi xx.xx.2023-cü il tarixdə Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə yönəldilmişdir.

2. Gədəbəy bələdiyyəsi tərəfindən vergi ödəyicisi İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli tədiyə bildirişində 2023-cü il üçün 8,8 manat əmlak vergisi, 203 manat torpaq vergisi hesablanmış, həmin məbləğin xx.xx.2023-cü il tarixinədək 105,9 manat, xx.xx.2023-cü il tarixinədək 105,9 manat ödənilməsi olması, əvvəlki dövrlər üzrə vergi borcunun 847,2 manat, faiz borcunun 355,30 manat, cəmi ödəniləcək məbləğin 1414,30 manat olması göstərilmişdir.

3. Gədəbəy bələdiyyəsi tərəfindən vergi ödəyicisi İddiaçı məktub ünvanlanaraq 1414,30 manat vergi məbləğinin müəyyən edilmiş müddətdə ödənilməsi tələb edilmiş, əks təqdirdə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0.1% məbləğində faiz tutulacağı və maliyyə sanksiyası tətbiq ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

4. Gədəbəy bələdiyyəsi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 87 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A, 65A 141 ünvanda yaşayan İddiaçı əmlak və torpaq vergisi ödəməkdən imtina edir. Həmin vətəndaşa dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq vergi borcunu ödəməmişdir. Odur ki, təqdim edilən sənədlər əsasında İddiaçı vergi borcunun ödənilməsində köməklik göstərilməsi xahiş edilmişdir.

5. Gədəbəy bələdiyyəsi tərəfindən vergi ödəyicisi İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli tədiyə bildirişində 1422,14 manat vergi məbləğinin müəyyən edilmiş müddətdə ödənilmədikdə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0.1% məbləğində faiz tutulacağı və maliyyə sanksiyası tətbiq ediləcəyi barədə xəbərdarlıq edilmişdir. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Gədəbəy bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gədəbəy rayon bələdiyyəsinin 26 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində Gədəbəy rayonunda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş daşınmaz əmlak vardır. Onun məlumatı olmadan Gədəbəy rayon Bələdiyyəsi 26 aprel 2022-ci il tarixli iclas keçirmiş və 26 aprel 2022-ci il tarixli 07 nömrəli protokolun qərarını vermişdir. Qərarın icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə yönləndirilmişdir. İcra məmuru onunla əlaqə saxladıqdan sonra məlum olmuşdur ki, Gədəbəy rayon Bələdiyyəsi Gədəbəy royonunda yerləşən torpaq və daşınmaz əmlakı birlikdə dəyərini ümumi 1414,30 manat hesablamış və bununla bağlı qərar çıxarmış, icra icraatına yönəltmişdir. Qərarın surətini xx.xx.2023-cü il tarixdə Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyardan almışdır. Hesab edir ki, qərar qanunsuzdur. 26 aprel 2022-ci il tarixli 07 nömrəli qərarda göstərilən 1414,30 manat vergi borcu qeyri-dürüstdür. Bu səbəbdən onun əlində olan qəbzlər əsasında vergi borcunun yenidən hesablanması zərurəti vardır. Gədəbəy rayon Bələdiyyəsindən dəfələrlə borcunun hansı yerə və ölçülərə görə əmələ gəldiyini bildirməsini xahiş etsə də, halhazırkı dövrədək ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, Gədəbəy rayon Bələdiyəsinin 26 aprel 2022-ci il tarixli qərarı əsassızdır, ləğv olunmalıdır. III.İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

10. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

11. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.

13. Məhkəmənin xx.xx.2023-cü tarixli iclasında cavabdeh orqanın nümayəndəsi sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Həmin qərar iddiaçının Gədəbəy rayonunda olan ünvanına göndərilmişdir. Çünki, o, Bakı şəhərində qeydiyyatda olsa da, Gədəbəy rayonunda sahibkarlıq obyektləri olduğu üçün Gədəbəy şəhərində yerləşən Yenikənd massivində yaşayır.

14. Məhkəmə mübahisələndirilən qərarın bələdiyyə tərəfindən iddiaçıya poçt rabitəsi vasitəsilə göndərilməməsini nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gədəbəy şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasın gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmuşdur.

21. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Gədəbəy şəhərində yerləşən 0,50 ha qeyri-yaşayış torpaq sahəsi, 0,05 ha və 0,05 ha həyətyanı torpaq sahəsi, 74.30 kv.m əmlak Gədəbəy bələdiyyəsi tərəfindən vergi ödəicisi kimi qeydiyyata alınmış və bələdiyyənin X1 daxil edilmişdir. İddiaçı vergiləri ödəməsi barədə tədiyə bildirişi və yazılı məktub verilmişdir. 15 may 2019-cu il tarixdə beynəlxalq bank vaitəsi ilə 300 manat torpaq vergisi bələdiyyənin hesablaşma hesabına ödəmişdir. Son illər dəfələrlə tədiyə bildirişi, yazılı məktub verilməsinə baxmayaraq, bələdiyyə büdcəsinə vəsait ödəmədiyindən 26 aprel 2022-ci il tarixdə bələdiyyə tərəfindən qərar qəbul edilmiş, İcra və probasiya şöbəsinə göndərilmişdir. Fiziki şəxslər mülkiyyət sənədlərini aldıqdan 1 ay müddətinə yerli bələdiyyədə qeydiyyatda durmalı, bələdiyyə tərəfindən əmlak torpaq vergisi hesablanmalıdır.

22. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında etirazda qeyd edilənlərə istinadla iddianın təmin edilməməsini xahiş etmişdir.

23. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının adına qeydə alınmış 0.50 ha qeyri-yaşayış sahəsi üzrə illik torpaq vergisi 200 manat, 0.05 ha və 0.05 ha yaşayış sahələri üzrə illik torpaq vergisi 1.5 manat və 1.5 manat, yaşayış sahəsi üzrə əmlak vergisi 8.86 manat təşkil etmiş və 2019-2022-ci illər üzrə həmin vergilər iddiaçı tərəfindən ödənilməmiş, həmin məbləğə faiz də hesablanmışdır. 2023-cü il üzrə iddiaçı tərəfindən 8,8 manat əmlak vergisi, 203 manat torpaq vergisi ödənilməmişdir. İddiaçının 1414,30 manat məbləğində borcunun 211,8 manatı 2023-cü il üzrə, 635,58 manatı 2019- 2022-ci illər üzrə yaranmış, yerdə qalan məbləğ isə həmin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faiz borcudur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gədəbəy bələdiyyəsinin Tələbin icra şöbəsinə yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli 07 nömrəli qərardan çıxarış; - xx.xx.2023-cü il tarixli 87 nömrəli məktubunun surəti; - xx.xx.2023-cü il tarixli tədiyə bildirişinin surəti; - 15.05.2019-cu il tarixli mədaxil qəbzinin surəti; - Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışların surətləri.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsalıdır və təmin edilməlidir.

26. Hazırkı mübahisənin predmeti iddiaçı tərəfindən yerli (bələdiyyə) büdcəyə 1414,30 manat məbləğində torpaq və əmlak vergisinin ödənilməsi barədə Gədəbəy bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərardır.

27. Məhkəmə araşdırmaları nəticəsində iş materialları və cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, Gədəbəy bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarında iddiaçıdan tutulması tələb olunan 1414,30 manat məbləğində vergi borcunun tərkibi aşağıdakı qaydadadır: - 0.50 ha (5000 kv.m) qeyri-yaşayış sahəsi üzrə torpaq sahəsinin 1 illik torpaq vergisi – 200 manat; - 0.05 ha (500 kv.m) və 0.05 ha (500 kv.m) yaşayış sahəsi üzrə torpaq sahələrinin 1 illik torpaq vergisi – 4,5 manat və 4,5 manat olmaqla cəmi 9 manat; - 0.05 ha torpaq sahəsində yerləşən ümumi 74.30 kv.m yaşayış sahəsinin əmlak vergisi 8,86 manat.

28. Həmin vergilərin 2019-2022-ci il 3 illik cəmi məbləğləri 635.58 manat (200 man+9 man+26.58 manx3il) təşkil edir.

29. 2023-cü il üzrə isə iddiaçıya məxsus əmlak və torpaq vergisi cəmi 211,8 manat təşkil edir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli tədiyə bildirişində həmin məbləğin xx.xx.2023-cü il tarixinədək 105,9 manat, xx.xx.2023-cü il tarixinədək 105,9 manat ödənilməsi olması, əvvəlki dövrlər üzrə vergi borcunun 847,2 manat, faiz borcunun 355,30 manat, cəmi ödəniləcək məbləğin 1414,30 manat olması göstərilmişdir.

30. Göründüyü kimi, Gədəbəy bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarında 1414,30 manat məbləğində vergi borcunun tərkibində onun 2023-cü il üzrə ödəməli olduğu əmlak və torpaq vergisi də ondan tələb olunmuşdur. Hansı ki, həmin qərarın qəbul edilməsindən təxminən 1 il sonra iddiaçıya göndərilən tədiyə bildirişində 2023-cü ilin əmlak və torpaq vergisi olan 211,8 manat borc da daxil olmaqla 1414,30 manat pulun ödənilməsi tələb edilmişdir.

31. Yəni, buradan görünür ki, hətta 2023-cü il üzrə ödəniləcək vergi 2 dəfəyə bölünərək 105,9 manatının xx.xx.2023-cü il tarixdə, 105,9 manatının xx.xx.2023-cü il tarixdə ödəniləcəyi bildirilsə də, bundan 1 əvvəl qəbul edilmiş bələdiyyə qərarında həmin vergilərin də iddiaçıdan tutulması qərara alınmışdır ki, bu da həmin qərarın aşkar şəkildə qanunsuzluğuna dəlalət edir.

32. Cavabdehin nümayəndəsi isə iclasda bu hala açıqlama verə bilməmişdir.

33. Digər tərəfdən, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanununa görə: Maddə 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Maddə 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir.

34. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyə görə: Bənd 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir... Bənd 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Bənd 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Bənd 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bənd 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Bənd 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Bənd 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Bənd 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Bənd 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Bənd 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

26. Normaların məzmunundan da aydın olur ki, yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir, həmin akt ödəyiciyə təqdim olunur, 30 gün müddətində həmin akta etiraz edilmədikdə 15 gün ərzində vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılır yaxud belə qərarın çıxarılmasından imtina edilir. Həmin qərarın və yaxud borcun ödənilməsi barədə tələbnamə ödəyiciyə təqdim olunur. Əgər borc könüllü şəkildə ödənilərsə, məhkəməyə müraciət edilməsi barədə qərar ləğv edilir. Əks halda bələdiyyə öz vergi xidməti orqanının təqdimatı əsasında borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün məhkəməyə müraciət edir.

27. Göründüyü kimi, bələdiyyələrə yerli (bələdiyyə) vergilər və ödənişlərin məcburi qaydada alınması və qərarın icraya yönəldilməsi barədə akt qəbul etmək səlahiyyəti verilməmişdir. Belə olan halda, Gədəbəy bələdiyyəsi İddiaçı tərəfindən yerli (bələdiyyə) büdcəyə 1414,30 manat məbləğində torpaq və əmlak vergisinin ödənilməsinin təmin edilməsi məqsədilə Tələbin icra şöbəsinə yönəldilməsi barədə qərar verməyə səlahiyyətli olmamışdır.

35. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, həmin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər.

37. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh bələdiyyə tərəfindən xx.xx.2022-ci il tarixli 07 nömrəli qərar qəbul edilərkən yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əməl edilmədiyindən, İddiaçı cavabdeh Gədəbəy bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməlidir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Gədəbəy bələdiyyəsinin Tələbin icra şöbəsinə yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli 07 nömrəli protokol-qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar