Məhkəmə qərarları › İş №e-2-1(114)-2240/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-2240/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2240/2023 19.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdehin nümayəndəsi X11, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayonu Kəpəz bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli 17 saylı iclas protokol-qərarın ləğv olunması”na dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayonu Kəpəz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin X1 haqda xx.xx.2019-cu il tarixli 17 saylı iclas protokol-qərarın ləğv olunması”nı xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 600.0 kv.m torpaq sahəsi Sovet vaxtlarında Metallurq bağçılıq ərazisinə aid olub və o ərazidə olan torpaqlar 1988-1998-ci illərdə Gəncə X5 və onun yardımçı qurumlarının işçilərinə verilmişdir. İddiaçının mərhum həyat yoldaşı Alüminium zavodunda işlədiyi üçün ona da torpaq sahəsi verilmişdir və o hələ 90-cı illərin əvvəllərində bu sahəni iddiaçıya göstərmişdir. Bu bağçılıq ərazisinə daxil olan torpaq sahələri haqda hüquqi baxımdan sənədləşmənin aparılması axıra çatdırılmaması səbəbdən bu sahələr hakimiyyət orqanları və bələdiyyə tərəfindən faktiki istifadədə olan torpaqlar kimi qəbul olunmuşlar. Ərazi küçələrə bölünmüşdür, sakinlər və ev tikməyən torpaq sahibləri vergi ödəyiciləri kimi qeydiyyata alınmışlar. Bir çoxları orada evlər tikmişlər və qanunvericilik imkan verdiyi vaxtdan bələdiyyə orqanları tərəfindən vətəndaşların ərizələri əsasında onların faktiki istifadələrində olan torpaq sahələri onlara satılmağa başlanılmışdır. Əsas şərt də bundan ibarət olmuşdur ki, torpaq sahələri hərracdan kənar qaydada yalnız Gəncə şəhəri Kəpəz rayon bələdiyyəsinin ərazisində 5 ildən artıq yaşayış yeri üzrə qeydiyyatda olanlara və torpaq sahələrinin faktiki istifadəçilərinin özlərinin mülkiyyətinə verilə bilər. İddiaçı ailəsi birlikdə istifadəsində olan torpaq sahəsində uzun illərdir ki, əkinlə məşğul olur və qonşu sahələrin sahibləri bu torpağın istifadəçiləri kimi yalnız iddiaçını tanıyırlar. Bunun təsdiqi kimi iddiaçı Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022 -ci il tarixli 2(043)- 897/2022 nömrəli qətnaməsinə istinad edir. Belə ki, tamamilə başqa bir şəxs də bu torpağa görə iddiaçını məhkəməyə vermişdir. Həmin qətnamədən görünür ki, bu torpaq sahəsi həmişə iddiaçının ailəsinin istifadəsində olub və bu fakt qonşu torpaqların mülkiyyətçiləri və istifadəçiləri tərəfindən təsdiq edilmişdir. Məhkəmə qərarı qanuni qüvvədədir və hətta, həmin məhkəmədə Gəncə şəhər Kəpəz Bələdiyyəsinin özü də vəkil sorğusuna rəsmi cavabla bildirmişdir ki, İddiaçı həmin torpaq sahəsinə görə "…2017-ci il dən vergi ödəyir, 2019-cu ildə uzun müddət istifadəsində olan həmin torpaq sahəsinin alqısatqı qaydasında mülkiyyətinə verilməsi barədə Kəpəz bələdiyyəsinə ərizə ilə müraciət etmişdir". Gəncə şəhər Kəpəz Bələdiyyəsi həmin məhkəmədə deməmişdir ki, iddiaçıya qanunla satılmalı olan torpaq sahəsi hazırkı iş üzrə 3-cü şəxs olan Allahverdiyevə satılmışdır. Ona görə ki, özləri də bilmirdilər ki, Allahverdiyevə səhvən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsini ölçüb satıblar. Məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2016-cı il tarixli ərizənin sürətindən məlum olur ki, iddiaçı Kəpəz Rayon Bələdiyyəsindən xahiş etmişdir ki, yaşayış səraitini və ailə vəziyyətini nəzərə alaraq iddiaçıya ev tikmək üçün torpaq sahəsi versinlər. Kəpəz Bələdiyyəsinin 1-110 saylı, 17 iyun 2016-cı il tarixli cavabından isə məlum olur ki, ərizəni qəbul ediblər və adını siyahıya salıblar. Hətta, "…həmin torpaq sahəsi üzrə sərəncam hüququ yarandıqdan sonra…" ərizəyə baxılacağına söz verilmişdir. Torpağın iddiaçıya satılacağına söz verildiyi üçün, iddiaçı borc-xərc edib yarımçıq bir yer tikmiş və atası da elə orada yaşayır. Arxayın olmuşdur ki, o da qanunun şərtlərinə cavab verir deyə torpağı ala biləcək. Sonra isə, əvvəllər tanışlığı olmayan X6 iddiaçının ailəsinin və iddiaçının 1992-ci ildən faktiki istifadəsində olan Natəvan qəsəbəsində yerləşən 600.0 kv.m ölçüsü otan torpaq sahəsinə gələrək bildirmişdir ki, bu sahəni ona Kəpəz bələdiyyəsi satıb və mülkiyyət hüququ haqda sənədləri də vardır. Allahverdiyev torpaqla bağlı iddiaçıya qarşı iddia ərizəsi vermişdir və ərizəsindən də bəlli olur ki, mübahisəli torpaq sahəsi heç vaxt onun istifadəsində olmayıb. Torpaq sahəsi ona yalnız l-ci qrup əlil olduğu üçün verilib və bu torpaq sahəsinə görə bələdiyyə ilə alqı-satqı müqaviləsi 19 fevral 2020-ci il tarixli 4Ə-237 nömrə ilə Gəncə şəhəri 5 saylı notariat kontorunda bağlanıb. Reyestr xidmətindən isə ona xx.xx.2020-ci il tarixli, ********** saylı mülkiyyət hüququ haqda çıxarış verilib. X3 iddia tələbləri Gəncə şəhər məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmişdir, lakin iddiaçının ona qarşı torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqda qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İzah olunmuşdur ki, torpaq sahəsi Kəpəz Bələdiyyəsinin inzibati akt hesab edilən qərarı əsasında satılıb. Qərar isə qüvvədədir. Qeyd edir ki, eyni torpaq sahəsi üstə mübahisə olduğu iddiaçı və Allahverdiyev tərəfindən təsdiq edilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsi X2 üçün və bu haqda bələdiyyənin qərarının maraqlı şəxs kimi iddiaçıya təqdim edilməsi haqda ərizəyə cavab olaraq, Kəpəz Bələdiyyəsi xx.xx.2023-cü il tarixli 1-143 saylı cavablandıran X4 Natəvan qəsəbəsi 39A ünvanında fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsi barədə 21 dekabr 2019-cu il tarixli 17 saylı iclas protokolunun 631 saylı qərarının sürətini təqdim etmişdir. Əlavə olaraq bildirilmişdir ki, bələdiyyə tərəfindən bu qərarın ləğvi mümkün deyil. İddiaçı hesab edir ki, onun neçə illərdir faktiki istifadəsində olan torpaq sahəsini Gəncə şəhəri Kəpəz bələdiyyəsinin Allahverdiyevə satması qanunsuzdur və ona görə də, bu müqavilə ləğv edilməlidir. Torpaqla bağlı X3 Kəpəz bələdiyyəsinə ərizəsindən məlum olur ki, onun ərizəsi Kəpəz bələdiyyəsinə xx.xx.2019-cu il tarixdə təqdim edilib və mətnindən də aydın olur ki, guya onun yaşadığı və istifadəsində olan torpaq sahəsinin ona satılmasını xahiş edib. Halbuki, o yerindən asılı olmayaraq hər hansı bir torpaq sahəsinin ona verilməsi haqda müraciət etmişdir və köməklik məqsədi ilə ona torpaq verilmişdir. İstifadəsində isə heç bir torpaq olmamışdır. Ərizədə də yalnız 0,02 ha torpaq haqda xahiş edib, mülkiyyətinə isə 0.04 ha torpaq verilib. Bələdiyyə işçiləri isə, iddiaçı hesab edir ki, səhvən iddiaçıya veriləsi torpağı ölçüb ona veriblər. Allahverdiyev isə, vəziyyətdən istifadə edərək, onun adına qeyd olunan torpaq sahəsinə görə iddiaçıdan 10000 manat pul istəyib. Yəni, mübahisəli torpaq sahəsi ilə onun heç bir bağlılığı yoxdur, satmağa da hazırdır. Bələdiyyə orqanı ona başqa münasib torpaq sahəsinin də verilməsini təklif edir, lakin Allahverdiyev razılaşmır. Yəni, torpaq sahəsinin X4 və ya iddiaçıya satılmalı olmasını müəyyən etmək üçün iki hüquqi əsas vardır və bunların heç biri X3 xeyrinə deyil. Belə ki, torpaq sahəsi həmişə iddiaçının istifadəsində olub, vergiləri iddiaçı ödəmiş və torpağın satılması haqda ərizəni də ilk növbədə iddiaçı vermişdir. X4 isə torpaq sahəsi qanuna əsasən yalnız hərracla satıla bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin iddiaçının həyat yoldaşına verilməsi ilə bağlı sənəd yoxdur, ancaq 2013-cü ildən torpaq sahəsi iddiaçının istifadəsindədir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi böyük sahə olmaqla, 2019-cu ildə, xəritə təsdiqləndikdən sonra bələdiyyəyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iş materiallarına iddiaçıya və həyat yoldaşına torpaq sahəsinin ayrılması, verilməsi ilə bağlı heç bir sənəd əlavə edilməmişdir, halbuki iddiaçı Gəncə X7 tərəfindən torpaq sahəsinin verildiyini və 1990-cı illərdən faktik istifadəçisi olduğunu bildirmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. İddiaçı ərizəsində Gəncə X7 tərəfindən torpaq sahəsinin mərhum həyat yoldaşına verildiyini bildirsə də, bununla bağlı heç bir sənəd təqdim olunmamışdır. Başqa sözlə, 600 kv.m ölçüdə torpaq sahəsinin iddiaçıya verilməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayonu Kəpəz bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli 17 saylı iclas protokol-qərarın ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar