Məhkəmə qərarları › İş №e-2-1(114)-2264/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2264/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2264/2023 21.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********3090 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-6763/2023 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı **********2 saylı şəhadətnamə ilə xx.xx.2017-ci il tarixdə fərdi sahibkar kimi vergi orqanında uçota, xx.xx.2022-ci il tarixdi ərizəyə əsasən ƏDV qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixində sahibkarlıq fəaliyyəti göstəridiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-nə gedən yolun şimal qərbi ünvanda yerləşən mağaza **********-11001 saylı kodla vergi orqanında uçota alınıb, həmin təsərrüfat subyektində xx.xx.2022-ci il tarixində pərakəndə satışın həyata keçirilməsi məqsədi ilə "Datapay Kassa" markalı, 000024P**********0011263 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatı nəzarət kassa aparatı quraşdırılaraq vergi orqanında qeydiyyatdan keçirilmişdir. Obyektin əsas təsnifatticarət, aralıq təsnifatı- pərakəndə ticarət, alt təsnifati- kişi və uşaq geyimlərinin satışı olmuşdur. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş idarə) "Operativ vergi nəzarətinin keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********2211 nömrəli qərarı əsasında sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-nə gedən yolun şimal qərbi ünvanda yerləşən mağazada xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı mal qalığının olmadığı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 008228 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" akt tərtib edilmişdir. İlk öncə bildirilir ki, operativ vergi nəzarətinin keçirilməsi barədə qərar, Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, operativ vergi nəzarəti aktı, yoxlama vaxtı tərtib olunmuş protokol və nümayəndənin yazıdığı izahat onlara təqdim olunmamışdır. Yalnız xx.xx.2022-ci il tarixli məktubla həmin sənədlərin surətlərini tələb etdikdən sonra xx.xx.2022-ci il tarixdi 008234 saylı OVN aktının surəti onlara təqdim olunmuş, digər sənədlər təqdim olunmamışdır. Bu da onu deməyə əsas verir ki, yoxdamanı həyata keçirən qurum formal rəsmiləşdirmə əməliyyatlarını belə düzgün aparmadığından sənədləri bizə təqdim etmir. Bununla vergi orqanı prosesual hüquq normalarının pozuntusuna yol vermişdir. Vergi yoxlamaları ilə operativ vergi nəzarətinin dövr baxımından fərqliliyini bir daha təsdiq etmək üçün iş materiallarına təkrar əlavə olunan səyyar vergi yoxlamasının keçirilməsi barədə reyestrdən çıxarış nümunəsində "Yoxlanılan dövr" xanasında konkret təqvim günləri ilə müddətin göstərilməsinə nəzər yetirmək də kifayətdir. Göründüyü kimi, operativ nəzarət tədbiri üzrə Vahid reyestrdən çıxarışlarda qeydə alınan dövrün cari fəaliyyət əks olunmasına baxmayaraq, həmin tələbə riayət olunmamış və və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 5.2-ci bəndinin tələbi (yoxlamanın çıxarışda göstərilən məlumatlara uyğun aparılması) pozulmuşdur. Göründüyü kimi, qanunverici vergi nəzarətinin əvvəlki dövrə şamil edilməsini yalnız səyyar və kameral vergi yoxlamalarında müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Qeyd olunanlarla yanaşı, Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin Vahid məlumat reyestrindən çıxarışlarda isə tədbirin keçirilməsi üçün əsas Məcəllənin 50.2.2-ci maddəsi, yəni "vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar" göstərilir. Halbuki, iş materialında operativ vergi nəzarət tədbirindən əvvəl vergi orqanlarının hansı mənbəyi bəlli məlumat əsasında belə tədbirinin keçirilməsinin müəyyən olunmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsi baxımından həyata keçirilən operativ nəzarət tədbiri vergi ödəməkdən yayınmanı aşkara çıxarmır ki, baza məlumatları ilə müqayisə aparılsın. Bu tədbirin mahiyyəti digər vergi ödəyicisinə eqaiməsiz satış faktını müəyyən etməklə həmin şəxsin qeyri-rəsmi mal alışını müəyyən etmək imkanıdır. Belə faktların baş verməsinə dair mənbəyi bəlli məlumatlar baza məlumatları və ya bəyannamələr deyil, məsələn, alıcı şəxsin e-qaimə verilməməsinə dair şikayəti, satıcının ümumiyyətlə nəzarət-kassa aparatı quraşdırmaması və s. ola bilər. Onu da qeyd edək ki, vergi orqanı qeyd etdiyi məlumatları və bəyannamələri operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra sistemdən əldə edir. Qərardan əvvəl belə araşdırma aparılmışdırsa həmin tarixi əks etdirən təsdiqedici sənəd məhkəməyə təqdim edilməlidir. Hesab edirik ki, sadalanan əhəmiyyətli pozuntular operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda vergi orqanıin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün hər hansı mənbəyi bəlli məlumatın mövcud olmaması mübahisənin mahiyyəti araşdırılmadan inzibati aktın ləğvi üçün əsasdır. Qeyd olunmalıdır ki, sadə riyazi hesablamaları natamam şəkildə aparılmışdır. Halbuki riyazi hesablamanın sonu iddiaçının kassa ilə satış etdiyi 739241,0 manat məbləği qeyd etməklə tamamlanır, maliyyə sanksiyasının tətbiq edildiyi 707627,3 manat məbləğinin necə formalaşdığına heç bir münasibət bildirmir. İstənilən halda vergi orqanı tərəfindən uzun müddətlik bir dövr üzrə satış əməliyyatlarının vahid faiz dərəcəsi (5 faiz) ticarət əlavəsi ilə götürülməsi absdurddur. Belə biznes fəaliyyəti mümkün deyildir. İddiaçının nümayəndəsinin təqdim etdiyi izahata nəzər yetirdikdə oradakı nyazi göstəricilərin vergi orqanı tərəfindən diktə olunaraq yazdırıldığı tam aydın sezilir. Digər tərəfdən, vergi orqanı 707627,3 manat məbləğində malların nəzarət kassa aparatı (NKA) vasitəsilə pərakəndə qaydada satilmasını təkzib edən heç bir sübut və elektron qaimə faktura verilməməsi barədə heç bir şikayət mövcud olmadığı halda, alınan bütün malların topdansatış qaydasında satıldığı ehtimalı ilə məsələyə münasibət bildirmişdir. Yoxlayıcılarunutmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsi hər kəsin azad sahibkarlıqla məşğul olmasına təminat verir. Kommersiya qurumlarının nizamnaməsində qanunla qadağan olunmayan istənilən fəaliyyətlə məşğul olmaq əks olunmuşdur. Lakin vergi orqanının öz proqram təminatında göstərilmiş fəaliyyət kodunu nəzərə almadan öz mülahizələri əsasında məsələyə "hüquqi" qiymət verməsi tamamilə asassızdir. Əgər proqram təminatında şəxsin fəaliyyət kodu pəraəndə ticarətdirsə malların təqdim edilməsinin qaimə əsasında həyata keçirilməsi zərurəti hardan əmələ gəlməsi məlum deyil. Halbuki şəxsə bu hüququ Konstitusiya və qanunlar verir. Çünki bunun heç bir iqtisadi mahiyyəti, əsaslandırması yoxdur. Bundan başqa, iddiaçının pərakəndə qaydada fəaliyyətinə hüquq verən nəzarət-kassa aparatlarının quraşdırılması vergi orqanı tərəfindən təsdiqlənir. Başqa sözlə desək, pərakəndə qaydada satışın rəsmiləşdirilməsini qeydə alan vergi orqanının sonradan həmin satış əməliyyatlarını qəbul etməməsi anlaşılan deyil. Vergi ödəyicisinin fəaliyyət kodu pərakəndə ticarət olduğu halda və pərakəndə satış obyekti uçotu varsa, demək NKA vasitəsilə rəsmiləşdinilən əməliyyatların qanuniliyi şübhə doğurmamalıdır. Çünki nə vergi qanunvericiliyində, nə də ona uyğun olaraq qəbul olunan qaydalar, təlimatlar və s. normativlərdə satış məbləğinin hansı həddinin pərakəndə və ya topdansatış olması qanunvericilikdə müəyyən edilməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixədək nəzarətkassa aparatı vasitəsilə rəsmiləşdirilən əməliyyatın yalan əqd olmasını sübut etmək üçün vergi orqanı yerində həmin əməliyyatı aşkar edərək alıcının şəxsiyyətini müəyyənləşdirməli və alıcının vergi ödəyicisi (və ya fakdiki sahibkarlıq fəaliyyəti) olduğunu sübut etməlidir. Yalnız xx.xx.2022-ci il tarixdən "Nağdsız hesablaşmalar haqqında" Qanuna əlavə edilən 3.4.11-ci maddə ilə pərakəndə satış qaydasında təqdim edilən mallara (avtomobillər istisna olmaqla) bir əməliyyat çərçivəsində 4000,0 manat nağd ödəmə həddi müəyyən edilmişdir. Göründüyü kimi, mübahisənin mahiyyəti də operativ vergi nəzarətinin yalnız tədbir zamanı aşkar olunan pozuntunu rəsmiləşdirmək imkanını əks etdirir. Həmçinin nəzərinizə çatdırıram ki, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi 2021-ci ilin oktyabr ayında Vergi Məcəlləsində (58.13-cü maddə) məsuliyyət yaratmırdı. Man isə məhz anbarımdan idxal etdiyim faktura üzrə real dəyəri 571127.77 manat, malları 739241.0 manata (ƏDV daxil) pərakəndə qaydada NKA cakilə satmmam. Lakin vergi orqanı NKA çeki vasitəsilə satdığım malları nəzərə almayaraq mənə bu mallara görə də maliyyə sanksiyası tətbiq etmişdir. Bu səbəbdən də NKA çeki vasitəsilə satılmış mallara görə maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz və əsassızdir. Bundan əlavə, vergi orqanı apardığı hesablamada güya iddiaçının təqdim etdiyi izahata əsaslanmışdır. Bildirilir ki, vergi ödəyicisi tərəfindən heç bir izahat yazılmamışdır. Təqdim olunmuş sənədlərdə etibarnamə üzrə nümayəndənin etibarnaməsi və şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmuşdur ki, onun tərəfindən də nə izahat yazılması iddiaçıya bəlli deyildir. İstənilən halda izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, məcburi yazdırılmış və heç bir sübutla təsdiqini tapmayan ifadə maliyyə sanksiyasının tətbiqinə əsas ola bilməz. Mübahisənin mahiyyəti ilə bağlı digər bir əhəmiyyətli hal ondan ibarətdir ki, vergi orqanı malların vergi ödəyicilərinə satıldığını ehtimal etsə də, operativ vergi nəzarəti tədbirini pozuntu baş verdiyi anda həyata keçirmədiyi üçün malların kimə, hansı həcmdə və hansı qiymətə satıldığını sübut edə bilmir. Məhz bu amil də operativ vergi nəzarəti ilə pozuntu vaxtı müəyyən olunan halların rəsmiləşdirilməli olduğunu təsdiq edir. Bundan başqa, qanunvericilikdə satıcı vergi ödəyicisinin alıcıdan aldığı malı hansı təyinatla istifadə etməsini müəyyən etməsi ilə bağlı hər hansı tələb yoxdur. Əksinə, Vergi Məcəlləsinin 13.2.62-cü maddəsinin xx.xx.2022-ci ilədək qüvvvədə olan redaksiyasına görə, yalnız sahibkarlıq fəaliyyətini həyata keçirən alıcı hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə fakturanı təqdim etmək satıcı vergi ödəyicisinin vəzifəsi idi. Mövcud mübahisələrin heç birində qeyd olunan normaya uyğun olaraq hər hansı alıcı vergi ödəyicisinin vergi orqanlarına müraciəti, şikayəti müəyyən olunmur. Yuxarıda qeyd olunanları ümumiləşdirərək, aşağıdakıları bildirilir. 1. İddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunan hər hansı mənbəyi bəlli məlumat mövcud deyil. 2. Qanunverici operativ vergi nəzarəti tədbiri ilə vergi ödəyicisinin yalnız cari (faktiki) fəaliyyətinə nəzarət etmək səlahiyyətini müəyyən etdiyi halda, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün əməliyyatlarına müdaxilə olunmuşdur. 3. Vergi ödəyicisindən izahat məcburi şəkildə alınmışdır və digər əlaqəli sübutlarla təsdiq olunmadığı üçün ayrılıqda əhəmiyyətsizdir. 4. AR Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 4.2-ci bəndi ilə pərakəndə və topdansatış ticarət fəaliyyətinin ayrı-ayrılıqda uçot aparılmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. 5. Qanunverici satıcı vergi ödəyicisinə alıcıdan malı hansı təyinatla istifadə edəcəyini müəyyən etmək səlahiyyəti verməyib. Əksinə, alıcı xx.xx.2022-ci ilə qədər satıcıdan e-qaimə verilməsini tələb edə bilərdi. 6. Malların alıcısının şəxsiyyəti (vergi ödəyicisi olması), aldığı malların həcmi və dəyəri müəyyən olunmadığı üçün ehtimal əsasında şəxsin təqsirli bilinməsi yolverilməzdir (Vergi Məcəlləsinin 53.3-cü maddəsi). Qeyd olunanlarla bağlı olaraq Dövlət Vergi Xidmətinə ilkin olaraq inzibati şikayət edilmişdir. Lakin vergi orqanının 12 yanvar 2023-cü il taridi **********611600 nömrəli qərarına əsasən inzibati şikayət təmin edilməmişdir. buna görə də məhkəməyə müraciət üçün nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbində yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2022-ci il tarixdə saat 16:30-da Baş İdarə tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbində yerləşən obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura verilmədən 707627,30 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2022-ci il tarixli 008234 nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli 008234 nömrəli akt İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 təqdim edilsə də, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Nəticədə lqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli 008234 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı barəsində 70762,73 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda qeyd etmişdir ki, "fiziki şəxs İddiaçı fəaliyyətindən tam məlumatlıyam. Fiziki şəxsə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanında yerləşən anbarda xx.xx.2022-ci il tarixə İddiaçı məxsus heç bir mal qalığı yoxdur. Digər ünvanda təsərrüfat obyekti və saxlanc yeri yoxdur. Mallar müxtəlif vergi ödəyicilərinə satılmış, nəzarət kassa aparatı ilə rəsmiləşdirilmişdir. Satılan malların üzərinə ortalama 5% ticarət əlavəsi tətbiq edilir. İş vaxtı həftənin 5 günü saat 09:00-dan 18:00-a, şənbə günləri isə 10:00-dan 14:00-dəkdir. İzahatı heç bir təsir olmadan öz sözlərimlə yazdım, doğruluğunu imzamla təsdiq edirəm." Göründüyü kimi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 da fiziki şəxsə məxsus təsərrüfat obyektinin anbar olmasını və malların müxtəlif vergi ödəyicilərinə satılması faktını etiraf etmişdir. Yuxarıda qeyd edilmiş məbləğin necə formalaşması İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 008234 nömrəli aktda da aşağıdakı qaydada göstərilmişdir: gömrük bəyannaməsi əsasında invoys dəyəri ilə idxal olunmuş 571127,77 manat dəyərində olan mala 5% ticarət əlavəsi və 18% ƏDV tətbiq olunmaqla 707627,30 manat əldə edilmişdir (hesablanma qaydası: 571127,77 + 571127,77 * 5% =599684,16; 599684,16 + 599684,16 * 18% = 707627,30). İddiaçı tərəf qeyd etmişdir ki, "vergi orqanı tərəfindən uzun müddətli bir dövr üzrə satış əməliyyatlarının vahid faiz dərəcəsi (5%) ticarət əlavəsi ilə götürülməsi absurddur. Belə biznes fəaliyyəti mümkün deyildir. İddiaçının nümayəndəsinin təqdim etdiyi izahata nəzər yetirdikdə oradakı riyazi göstəricilərin vergi orqanı tərəfindən diktə olunaraq yazdırıldığı tam aydın sezilir". Bildiririk ki, ticarət əlavəsinin 5% olması İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 tərəfindən Baş İdarəyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə-faktura təqdim edilmədən 707627,30 manat məbləğində mal topdan şəkildə satılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materialların əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********2211 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanında yerləşən İddiaçı məxsus mağazada xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -iş materialların əlavə edilmiş xx.xx.2022-ci il tarixli DVX 008234 seriyalı aktdan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********2211 nömrəli qərarına əsasən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanında yerləşən mağazada keçirilmiş operativ vergi nəzarəti zamanı gömrük bəyannaməsi əsasında invoys dəyəri ilə idxal olunmuş 571127,77 manat dəyərində olan mala 5% ticarət əlavəsi və 18% ƏDV tətbiq olunmaqla 707627,30 manata digər vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq satılması faktı aşkar edildiyi qeyd olunmuşdur. -iş materialların əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********3090 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 70762.73 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********611600 nömrəli qərardan görünür ki, fərdi sahibkar İddiaçı operativ vergi nəzarətinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********3090 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, İdxal-İxac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2211 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə İddiaçı fəaliyyəti barədə operativ vergi nəzarəti təyin edilmiş və aparılmış nəzarət tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixli DVX 008234 seriyalı akt tərtib edilmiş, həmin akt əsasında xx.xx.2022-ci il tarixli **********3090 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı hazırki tələblə qeyd olunan qərarı mübahisələndirmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********3090 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: -50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə görə operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə görə operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın:- -1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. -1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. -4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. -4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. -4.3-cü bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərini və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Hazırkı iş üzrə vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2211 nömrəli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2211 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POSterminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesabfakturası təqdim edirlər. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının gömrük bəyannaməsi əsasında invoys dəyəri ilə idxal olunmuş 571127,77 manat dəyərində olan malı 707627,30 manata müvafiq şəkildə satması, eləcə də mal qalığının olmaması heç də onun topdansatış fəaliyyəti ilə məşğul olduğunu deməyə əsas vermir. Həmçinin vergi orqanı mübahisələndirilən qərarı qəbul edərkən yalnız iddiaçının nümayəndəsinin izahatına istinad etmiş, qeyd olunan izahatı başqa obyektiv sübutlarla təsdiq etməmişdir. Bundan başqa, cavabdeh qeyd olunan dəyərdə malların vergi ödəyicisinə satıldığını iddia etsə də, malların alıcısının şəxsiyyəti (vergi ödəyicisi olması), aldığı malların həcmi, dəyəri barədə hər hansı sübutu məhkəmə təqdim etməmişdir. Bu baxımdanda məhkəmə hesab edir ki, heç bir sübutla təsdiqini tapmayan izahat, eləcə də cavabdehin ehtimallara əsaslanan arqumentləri iddiaçıya maliyyə sanksiyasının tətbiqinə əsas ola bilməz. Beləliklə məhkəmə hesab edir ki, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********3090 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Dövlət Vergi Xidmətinin İdxal-İxac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3090 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar