Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2362/2024 29.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli **********181882 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarından görünür ki, İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergiən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu – Keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin yekunu üzrə müəyyən edilmiş vergidən yayınma əməliyyatları; risk(lər)in təsviri – Operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq götürülmmüş mühasibat sənədlərinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində ƏDV ilə birlikdə gəlirlər 1511743,24 manat müəyyən edildiyi halda 2023-cü ilin müvafiq ayları üçün təqdim edilmiş əlavə dəyər vergisinin bəyannaməsinə əsasən, ƏDV ilə birlikdə gəlirlər 295093,22 manat göstərilmişdir ki, nəticədə ƏDV ilə birlikdə 1216650,02 manat gəlirlərin bəyannamələrdə bəyan edilməyi müəyyən edilmişdir.) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi i lə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir, yoxlama ilə əhatə olunan vergi dövrü Fevral 2021 – Yanvar 2024-cü il tarixləri əhatə edir. II. Məhkəmədə icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli **********181882 nömrəli “Səyyar (növbədənkənar) vergi yoxlamasının keçirilməsi haqqında” qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Şəmkir şəhərində “X2” adı altında uzun zamandır kifayət qədər tanınmış, peşəkar heyətə malik etibarlı klinika uzun illərdir fəaliyyət göstərir. Bu illər ərzində iddiaçının vergi orqanları ilə heç zaman anlaşılmazlıq olmamış, vergidən yayınma kimi bir niyyətləri və cəhdləri olmamışdır. 2024cü ilin əvvəlində müəssisədə operativ vergi nəzarəti keçirilmiş, vergidən yayınmaya səbəb olan heç bir sübut və dəlil tapılmamışdır. Yoxlamanı keçirən vergi əməkdaşı yalnız mənbəyi və müəssisə ilə əlaqəsi iddiaçıya da bəlli olmayan, heç bir sübuta və dəlilə, rəsmi sənədə söykənməyən əsassız şişirdilmiş “gəlir barədə rəqəm”, 1.511743,24 AZN təqdim edilmişdir. “Rəqəm” müəssisənin dövriyyəsinin “real əksidir”. İddiaçı qeyd edir ki, bu rəqəmin haradan götürülməsi barədə, bu rəqəmin hansı sənəddən alınması barədə heç bir sübut yoxdur. Bunun əsasında da, xx.xx.2024-cü il tarixli **********181882 nömrəli “Səyyar (növbədənkənar) vergi yoxlamasının keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Bunun əsasında da, xx.xx.2024-cü il tarixli “Vergi yoxlanılmasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə” (№**********181919) göndərilmişdir. Həmin qərarın 1-ci bəndində OVN tədbirlərinə istinad olunur. İddiaçı bildirir ki, qeyd edilən pozuntunu təsdiq edən heç bir sənəd, sübut əldə edilməsinə baxmayaraq müvafiq qərarın çıxarılmasını sırf idarə maraqlarından irəli gələn qərəz hesab edir və müvafiq qərarın qəbul edilməsi üçün heç bir hüquqi əsas görmür.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
5. İşin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir.
6. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdirlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
7. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaya qarşı yazılı etiraz məhkəməyə ünvanlanmışdır (etiraz məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur).
8. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən İddiaçı 11 fevral 2016-cı il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, 17 yanvar 2022ci il tarixdən əlavə deyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün "Səhiyyə sahəsində sair fəaliyyət"dən ibarət olduğu, Şəmkir şəhəri, Bakı-Qazax şosesinin sol kenarı ev.0, m.0 ünvanda yerləşən ümumi sahəsi 2447.4 kv.m. olan "Memorial" adlı təsərrüfat subyektinin (obyektinin) uçotda olduğu müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin "Xronometraj metodu ilə müşahidə aparılması haqqında" 01 yanvar 2024-cü il tarixli **********7242 nömrəli Qərarına əsasən İddiaçınə məxsus Şəmkir şəhəri, Bakı-Qazax şosesinin sol kənarında yerləşən "Memorial" klinikasında 09 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək Xronometraj metodu ilə müşahidə aparılmışdır. Keçirilmiş Xronometraj metodu ilə müşahidənin nəticəsi olaraq götürülmüş mühasibat sənədlərinə əsasən 01 yanvar 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixədək olan dövr ərzində ƏDV ilə birlikdə gəlirlər 1.511.743,24 manat müəyyən edildiyi halda 2023-cü ilin müvafiq ayları üçün təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinə əsasən ƏDV ilə birlikdə gəlirlər 295.093,22 manat göstərilmişdir ki, nəticədə ƏDV ilə birlikdə 1.216.650,02 manat gəlirlərin bəyannamələrdə bəyan edilmədiyi müəyyən edilmişdir. (MEDHİS (v 2.0 pro) vasitəsi ilə 01 yanvar 2023-cü il tarixdən 09 yanvar 2024-cü il tarixədək aparılmış əməliyatlara dair foto şəkil əlavə edilir) Vergi Məcəlləsinin 38.3.5. maddəsinə və Vergilər Nazirliyinin Kollegiyasının 07 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"nın 6.5-ci bəndinə uyğun olaraq vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən olunması ilə əlaqədar 14 saylı Ərazi Vergilər İdarəsinin 14 mart 2024cü il tarixli **********181882 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar"ı ilə İddiaçındə 01 fevral 2021-ci il tarixdən 01 fevral 2024-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və qərarda Vergi Məcəlləsinin 38.3.5. maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi ilə bağlı vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması riskinin məzmunu və təsviri öz əksini tapmışdır. İddiaçı rəhbəri X3 keçirilmiş Xronometraj metodu ilə müşahidə zamanı təqdim etdiyi izahatında, 2023-cü ilin yanvar ayının 1-dən dekabr ayının 31-dək dövriyyəsinin 1.511.773,24 manat təşkil etdiyini bildirmişdir.
9. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
10. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
11. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
12. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində 14 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********181882 nömrəli qərarının ləğvini edilməsini xahiş etmişdir.
13. Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də mübahisələndirilən və ya etibarsızlığının tanınması tələb edilən aktın inzibati akt kimi qiymətləndirilməsidir.
14. İPM-ə görə : Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) ; 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt.
16. İnzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı).
17. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. Maddə 24.0. Vergi orqanları: 24.0.5-1. vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə; 24.0.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir.
18. Vergi qanunvericiliyinin sadalanan normalarından göründüyü kimi, keçirilməsi vergi orqanlarının hüquqlarına, eyni zamanda vəzifələrinə aid edilmiş operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.
19. Lakin həmin qərar inzibati akt deyil, ona görə ki, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmır və inzibati orqan tərəfindən vergi ödəyicilərinin vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin yoxlanması üzrə nəzarətin həyata keçirilməsi ilə bağlı qəbul olunur.
20. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar özü- özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinə uyğun olaraq nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir.
21. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur.
22. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur ki, iddiaçı həmin qərarla razılaşmayacağı halda müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər.
23. Beləliklə, hazırda mübahisə predmeti olan qərar və akt yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından, inzibati akt hesab edilmədiyindən iddia mümkün hesab edilə bilməz.
24. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 71.3. Yalnız səlahiyyətlə bağlı, etirazla bağlı, icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı və qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana şikayət verilə bilər.
25. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
26. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva