Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-239/2023 25.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Göygöl rayon Zurnabad bələdiyyəsi) torpaq sahəsi və üzərindəki yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 48 kv.m olan yaşayış evinə mərhum atası X3 mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayon Tülallar kəndində mərhum atası Əhmədov (İmanov) Saleh Əlirza oğlunun adına yaşayış evi və həmin evin yerləşdiyi 0.15 ha torpaq sahəsi var. Qeyd olunan evi və torpaq sahəsini atası Salehlə anası X5 birgə nikah dövründə əldə etmişlər. Qeyd olunan yaşayış evini atası Saleh 1958-ci il tarixdə tikdirmişdir. Həmin evdə o, bacı və qardaşları doğularaq orada böyümüşdür. Atası Saleh və anası Samaya ölən günə kimi həmin evdə yaşamışlar. X14 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, o vəfat edəndən sonra ondan miras qalmış yaşayış evini və torpaq sahəsini birinci növbə vərəsə kimi faktiki olaraq qəbul etmiş və hazırda da miras əmlak onun sahibliyində və istifadəsindədir. O, hazırda qeyd olunan mirası birinci növbə vərəsə kimi öz adına sənədləşdirmək üçün mərhum atasının adına çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Göygöl rayon Zurnabad bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Göygöl rayonu, Tülallar kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair müayinə baxışı keçirilmişdir. Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,15 ha torpaq sahəsi Ərazi İdarəsinin elektron baza məlumatlarına (DWJ-elektron xəritə) əsasən, dövlət mülkiyyətində olan meşə fondu torpaqlarına aid olduğu müəyyən edilmişdir. Odur ki, ərizənin icrasından imtina edilmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Göygöl rayon Notariat ofisinin 402 və 411 nömrəli məktublarından görünür ki, iddiaçı X7 və X2 vərəsəsidir. -surəti işə əlavə edilmiş Göygöl rayon Dövlət arxivinin xx.xx.2017-ci il tarixli, 113 nömrəli arxiv arayışından görünür ki, Xanlar rayon Tülallar kənd X8 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid 1 nömrəli təsərrüfatbaşına kitabının 61 nömrəli şəxsi hesab vərəqəsində mərhum X3 adına 1958-ci ildə tikilmiş, yaşayış sahəsi 48 kv.m olan evi və 0.15 ha torpaq sahəsi qeydə alınmışdır. -surəti işə əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyəti başçısının Tülallar kənd İƏD üzrə nümayəndəliyinin 41 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçının adına Göygöl Rayon İcra Hakimiyyəti başçısının Tülallar kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 01 saylı təsərrüfatbaşına kitabın 37 nömrəli şəxsi hesabında adına 1958-ci ildə tikilmiş, ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi və 0.15 ha həyətyanı torpaq sahəsi vardır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7015/2023 nömrəli məktubundan görünür ki, elektron baza məlumatlarına istinadən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********18 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,08 ha torpaq sahəsinin qonşuluğunda İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi müəyyən edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********27 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Tülallar kəndində aparılmış torpaq islahatı əsasında, tərtib olunmuş kompleks yerquruluşu layihəsinə istinadən, 0.15 ha torpaq sahəsinin 0.13 ha hissəsi bələdiyyə mülkiyyətində, 0.02 ha hissəsi isə (fərdi yaşayış evinin altındakı sahə ilə birlikdə dövlət mülkiyyətində olan sahədə yerləşir. Ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, yuxarıda qeyd olunan torpaq sahəsinin 0.13 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid çoxillik əkmələrin (meyvə bağı) yerləşdiyi sahədə, 0.02 ha hissəsi isə meşə fondu torpaqları kateqoriyasına aid, meşə təsərrüfatı sahəsində yerləşir. Sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. İddiaçının naturada təqdim etdiyi torpaq sahəsi üzərində dövlət reyestri tərəfindən hüquqları qeydə alınmış hüquq müəyyənedici sənəd (Çıxarış) aşkarlanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iddiaçı Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 48 kv.m olan yaşayış evinə mərhum atası X3 mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə torpaq sahəsinin dövlət mülkiyyətində olan meşə fondu torpaq sahəsi olması təşkil etmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinin 0.15 ha torpaq sahəsinin 0.13 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid çoxillik əkmələrin (meyvə bağı) yerləşdiyi bələdiyyə mülkiyyətində, 0.02 ha hissəsi isə meşə fondu torpaqları kateqoriyasına aid (fərdi yaşayış evinin altındakı sahə ilə birlikdə) dövlət mülkiyyətində olan sahədə yerləşir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 31.1-ci maddəsinə əsasən meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. 31.6-cı maddəsinə əsasən meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. 46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46.2-ci maddəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. -47.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır 47.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. İstinad olunan qanunvericilik normalarından görünür ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, eyni zamanda qanunvericiliklə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mərhum atasına məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin bir hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi, bir hissəsi isə dövlət mülkiyyətində olan meşə fondu torpaq sahəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qeydə alınması tələb olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və dövlət mülkiyyətində olan torpaq olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Bundan əlavə məhkəmə tələbin digər hissəsi, yəni torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qeyd edir ki, bir halda ki, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması qanunvericiliyin tələblərinə uyğun deyil, beləliklə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində də mülkiyyət hüququnu qeydə almamaqda cavabdeh inzibati orqan haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Göygöl rayon Zurnabad bələdiyyəsi) torpaq sahəsi və üzərindəki yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №e-2-1(114)-239/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-239/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver