Məhkəmə qərarları › İş №e-2-1(114)-2519/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2519/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2519/2025 19.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X4 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «keçən dövr üzrə pensiya fərqinin ödənilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «keçən dövr üzrə pensiya fərqinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənilməsindən imtinanın əsassız hesab edilməsi və həmin müddət üçün alınmamış əmək pensiyasının məbləğinin əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 avqust 1974-cü il tarixdən 05 may 1986-cı ilk tarixə qədər Naftalan şəhər XDS İcraiyyə Komitəsinin sədr müavini, plan iqtisadiyyat şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Onun tutduğu vəzifə dövlət qulluğu olsa da, aldığı təqaüd vəzifəsinə uyğun hesablanmamışdır. Belə ki, müraciəti əsasında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən əmək pensiyası yenidən hesablanmış və 2019-cu ilin noyabr ayından başlayaraq artırılmış pensiya almağa başlamışdır. Lakin qeyd olunan vaxta kimi Naftalan şəhər Sosial Müdafiə Fondu tərəfindən onun əmək pensiyası doğru hesablanmamış və həmin illər üçün almadığı pensiyanın alınması zərurəti yaranmışdır. Bununla əlaqədar tərəfindən Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 24 fevral 2020-ci il tarixli ərizə ilə müraciət olunaraq həmin vaxta kimi düzgün hesablanmamış əmək pensiyasının qalan hissəsinin ona ödənilməsi xahiş edilmişdir. Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 30 aprel 2020-ci il tarixli **********1 nömrəli cavab məktubunda bildirilmişdir ki, əmək pensiyanız üzrə keçmiş müddət üzrə hesablanmış 5671,96 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari ilin may ayından etibarən hissə-hissə pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürüləcəkdir. Qeyd etmək zəruridir ki, Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 30 aprel 2020-ci il tarixli **********1 nömrəli cavab məktubunda göstərilən məbləğ ilə əvvəlki illər ərzində iddiaçıya ödənilməli olunan məbləğə münasibətdə az olması səbəbindən həmin cavab məktubu ilə razılaşmamamış və yenidən 04 avqust 2021-ci il tarixli ərizə ilə müraciət edərək əmək pensiyası üzrə yalnız son 03 il deyil, keçmiş bütün müddət üzrə hesablanmış fərq məbləğinin ona ödənilməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 19 avqust 2021-ci il tarixli **********9 nömrəli cavab məktubunda bildirilmişdir ki, Fondun Naftalan şəhər şöbəsi tərəfindən sizə 05 oktyabr 2006-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir, müraciətinizə əsasən əmək pensiyanız xx.xx.2017- xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmış və keçmiş dövr üzrə sizə ödənilməli olan ümumilikdə 5671,96 manat fərq məbləği müəyyən edilmişdir. Daha sonra həmin imtina məktubu ilə razılaşmayaraq yenidən 06 oktyabr 2022-ci il tarixində ərizə ilə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək keçmiş bütün dövr üçün hesablanmış fərq məbləğinin ona ödənilməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 21 oktyabr 2022-ci il tarixli **********9 saylı cavab məktubu ilə bildirilmişdir ki, Fondun Naftalan şəhər şöbəsi tərəfindən sizə 05 oktyabr 2006-cı il tarixindən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilib. Müraciətinizə əsasən əmək pensiyanız xx.xx.2017 – xx.xx.2020-ci il tarixləri arasındakı dövr üçün yenidən hesablanıb və keçmiş dövr üzrə sizə ödənilməli olan ümumilikdə 5671,96 manat fərq məbləği müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən deyil, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 5671,96 manat fərq məbləği həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 2020-ci ilin may ayından etibarən hissə-hissə pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçrülür. Həmin imtina məktubu ilə razılaşmayaraq yenidən 24 noyabr 2023-cü il tarixində ərizə ilə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin müraciət məktubuna cavab olaraq bildirilmişdir ki, pensiya işinə aid sənədlərdə ona Naftalan şəhər şöbəsi tərəfindən 05 oktyabr 2006-cı il tarixindən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. İddiaçı müraciətinə əsasən əmək pensiyası xx.xx.2017-xx.xx.2020-ci il tärixləri arasındakı dövr üzrə yenidən hesablanıb və keçmiş dövr üzrə ona ödənilməli olan ümumilikdə 5671,96 manat fərq məbləği müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulub. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5671,96 manat fərq məbləği xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində onun müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildiririk ki, əmək pensiyasının hesablanması və keçmiş dövr üzrə ödənilməli olan fərq məbləği haqqında İddiaçı 30 aprel 2020-ci il tarixli **********1 nömrəli, 19 avqust 2021-ci il tarixli **********9 nömrəli və 21 oktyabr 2022-ci il tarixli **********9 nömrəli məktublarla məlumat verilib. Məlumat üçün bildiririk ki, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən hesablanmaqla İddiaçı əmək pensiyası 1074,05 manat məbləğində müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür. İmtinanı əsassız hesab etdiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçıya Fondun Naftalan şəhər şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixində İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xx.xx.2013-cü il tarixdən etibarən iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 720,00 manata artırılması ilə əlaqədar vəzifə maaşının 20 faizi miqdarında əlavə 144,00 manat olmaqla onun orta aylıq əmək haqqısı 864,00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 13 il 3 ay 19 gün dövlət qulluğu stajına görə orta aylıq əmək haqqının (864.00 manat) 70 faizi - 604,80 manat müəyyən edilmişdir. Lakin xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay İddiaçı 420.00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 2217,60 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Qanunun 26.3-cü maddəsinə əsasən xx.xx.2017-ci ilədək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği xx.xx.2017ci il tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq ədilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən İddiaçı əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ vərən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına gorə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin xx.xx.2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 13 il 3 ay iş stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 44,17 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xx.xx.2018-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 790.00 manata artırılması ilə əlaqədar qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə-158,00 manat olmaqla orta aylıq əmək haqqı 948,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2018-ci il tarixinədək olan sonuncu vəzifə üzrə orta aylıq əmək haqqı (948,00 manat) ilə xx.xx.2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqının (864.00 manat) arasındakı fərq məbləğinin (84,00 manat) 44,17 faizi 37.10 manat xx.xx.20186-ci il tarixədək olan iddiaçının pensiyasının (604,80 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 641,90 manat təşkil edir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay İddiaçı 450,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 3454,20 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xx.xx.2019-cu İl tarixdən İddiaçı qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1185,00 manata artırılması ilə əlaqədar qulluq stajına görə vəzifə maaşına 20 faizi miqdarında əlavə - 237,00 manat olmaqla orta aylıq əmək haqqı 1422.00 manat təşkil etmişdir. Yuxarıda qeyd olunan xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanın tələblərinə uyğun qaydada xx.xx.2019-cu il tarxinədək olan qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1422.00 manat) ilə xx.xx.2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqının (948,00 manat) arasındakı fərq məbləğinin (474,00 manat) 44.17 faizi - 209,37 manat xx.xx.2019-cu İl tarixədək olan pensiyasının (641,90 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 851,27 manat təşkil edir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 851,25 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 0,16 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Qeyd olunur ki, Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixden əvvəlki ən çoxu üç İl üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunverici keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənilməsi şərtlərini və müddətini imperativ norma ilə müəyyən etmiş, keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənilməsini Qanunun qüvvəyə mindiyi gündən tez olmamaq şərtilə müraciət edilməzdən əvvəlki üç il ilə mahdudlaşdırmışdır. Hazırki iş üzrə də iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə - xx.xx.2017-xx.xx.2020-ci il tarixləri üzrə yaranan 5671,96 manat fərq məbləğinin ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan məbləğ isə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasında iddiaçının kart hesabına ödənilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin dəlillərini qəbul etmədi və izahatında etiraz ərizəsinin dəlillərini müdafiə edərək iddianın rədd olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus olan əmək kitabçasının surəti, cavabdeh inzibati orqanın verdiyi xx.xx.2023-cü il tarixli imtina məktubu və cavabdeh orqan tərəfindən aparılmış inzibati icraata materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Hazırkı iddia İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Naftalan şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdəki sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Onun müraciəti əsasında müraciət tarixindən əvvəlki üç il üzrə - xx.xx.2017-xx.xx.2020-ci il tarixləri üzrə yaranan 5671,96 manat fərq məbləği iddiaçıya xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasında kart hesabına ödənilmişdir. Hazırda isə iddiaçı fərq məbləğinin pensiya hüququ yarandığı gündən hesablanıb ödənilməsinə nail olmağa çalışır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. M a d d ə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı: «Yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyri-mütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir. Keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.» Məhkəmə hazırki mübahisə üzrə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı hüquqları pozulmamışdır. Belə ki, onun tərəfindən edilmiş müraciət əsasında müraciət tarixindən əvvəlki üç il üzrə - xx.xx.2017-xx.xx.2020-ci il tarixləri üzrə yaranan 5671,96 manat fərq məbləği onun kart hesabına xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasında ödənilmişdir. Hansı ki, cavabdeh inzibati orqanın gəldiyi bu nəticə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 37.7 və 32.1-1-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Pensiya hüququ yaranan vaxtdan fərqin ödənilməsinin tələb edilməsi qanunla yolverilməzdir. Qeyd olunur ki, Konvensiya üzrə razılığa gələn dövlətlər əmək pensiyası təminat sistemini məqsədəuyğun hesab etdikləri qaydada, o cümlədən bu sahədə mövcud qanunvericiliyə dəyişikliklər etmək və qüvvədə olan qanunvericilikdən irəli gələn əmək pensiyası hüququnu yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüquqları var (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, §§ 74-75; Arras və digərləri İtaliyaya qarşı işi üzrə qərar, § 42). Dövlət büdcəsinin sabitliyinin və uzunmüddətli dayanıqlığının təmin edilməsi, o cümlədən dövlət xərclərinin optimalaşdırılması ictimai maraq tələbinə xidmət edən hesab olunur (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, § 76). Qanunun retrospektiv tətbiqi (geriyə qüvvəsi) və əmək pensiyası hüququnun yaranma əsaslarının və şərtlərinin düzəlişi və ya yenidən tənzimlənməsi nəticəsində yeni əmək pensiyası qanunvericiliyinin aidiyyəti şəxslərə mənfi təsir göstərməsi Konvensiya müddəalarının pozuntusunun aşkar edilməsi üçün özüözlüyündə kifayət deyil. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «keçən dövr üzrə pensiya fərqinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar