Məhkəmə qərarları › İş №e-2-1(114)-2531/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-2531/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2531/2025 21.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X5) qarşı “27 fevral 2023-cü il tarixli, 42 nömrəli sərəncamının ləğv edilməsi”nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi qərar əssında vətəndaş X5 ilə bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində 40.0 kv. torpaq sahəsi sərəncam əsasında İddiaçı məxsusdur.Bundan başqa Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində qeyri-yaşayış obyektinin eskiz-layihəsi Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsi ilə razılaşdırılmışdır.Həmçinin İddiaçı Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində yerləşən qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Tikintidə X1 Agentliyinin layihəyə uyğunluğu barədə texniki rəyidə almışdır. Həmçinin Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində tikinti işləri aparlmış və həmin yerdə qeyriyaşayış obyekti inşa edilmişdir.Lakin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti İddiaçı məxsus Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan Bağı” ərazisinin şimal hissəsində yerləşən qeyriyaşayış obyektinə dair vətəndaş X5 ilə 27 fevral 2023-cü il tarixli, 4626 nömrəli icra müqaviləsi bağlamışdır və İddiaçı sərəncam əsasında məxsus torpaq sahəsini başqasının istifadəsinə icarəyə vermişdir. Daha sonra X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində 28 aprel 2023-cü il tarixli, **********09 reyestr nömrəli hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Beləliklə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vətəndaş X3 icarəyə verilmiş torpaq sahəsinə dair qərar və icarə müqaviləsi etibarsız hesab edilməlidir. 23 noyabr 2024-cü il tarixli, 22/2024 nömrəli vəkil soruğusu ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. Lakin hal-hazıra qədər cavadeh tərəf vəkil sorğusuna cavab verməmişdir. Həmçinin vətəndaş İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidmətini vətəndaş İddiaçı ünvanlanmış 28 dekabr 2024-cü il tarixli, 3-21-3/2-M- 3020-8/2024 nömrəli məktubunda qeyd olunubdur ki, müraciətinizdə göstərilən mübahisəli torpaq sahəsi məhkəmə baxışı predmeti olduğu üçün məhkəmənin yekun qərarı qüvvəyə mindikdən sonra qaldırdığımız məsələyə həmin qərar uyğun olaraq baxılacağı bildirilmişdir. İddiaçının vəkili Nümayəndə iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 fevral 2023-cü il tarixli, 42 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatın qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. İddiaçının istinad etdiyi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-cü il tarixli, 122 nömrəli sərəncam mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Belə ki, bu sənəd nə həmin torpağın icarəyə, nə istifadəyə verilməsi ilə bağlı olmamışdır. Bundan başqa, həmin sərəncama torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını əks etdirən hər hansı bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Başqa sözlə, 40.0 kv.m ölçüdə torpaq sahəsinin iddiaçıya verilməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur. İddiaçının vəkili məhkəmə iclasında qeyri-yaşayış binasının fotoşəkillərini təqdim edərək orada iddiaçı tərəfindən qeyri-yaşayış binasının inşa olunduğunu bildirsədə fotoşəkillərə məhkəmə tərəfindən baxış zamanı məlum olmuşdur ki, həmin qeyri-yaşayış binası yüngül konstruksiya ilə qeyd edilən torpaq sahəsində quraşdırılıb. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 fevral 2023-cü il tarixli, 42 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar