Məhkəmə qərarları › İş №e-2-1(114)-2584/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2584/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2584/2023 25.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********516900 nömrəli qərarının ləğv edilərək, cəmiyyətin sadələşdirilmiş vergi ödəyicisi hesab edilməklə, 2020-ci il üzrə hesablanmış 222208,47 manat məbləğində mənfəət vergisinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkilinin “xx.xx.2023-cü il tarixli **********516900 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair dəqiqləşdirilmiş iddiası icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Real Transport" MMC-yə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********516900 nömrəli qərarı ilə 2020-ci il üzrə 222208,47 manat məbləğində mənfəət vergisi hesablanmışdır. "xxxx" MMC əsas fəaliyyəti "Yük avtomobil nəqliyyatlarının fəaliyyəti" (fəaliyyət kodu - 49411) olmaqla, vergi ödəyicisi kimi 2019-cu ildə dövlət qeydiyyatına alınmış və iyun ayından fəaliyyətə başlamışdır. "xxxx" MMC sadələşdirilmiş vergi ödəyicisidir. Cəmiyyətin balansında 2 ədəd özüboşaldan yük nəqliyyat vasitəsi və 1 ədəd yükləyici ekskavatoru olmuşdur. "xxxx" MMC 2019-2021-ci illər ərzində qeyd olunan nəqliyyat vasitələri ilə fərqlənmə nişanı əldə etməklə, həmçinin "Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında" müqavilələr əsasında digər şəxslərin xidmətindən istifadə etməklə Sifarişçi ilə bağlanmış xidmət müqavilələrinə əsasən ölkədaxili yükdaşıma xidmətləri göstərmişdir. "xxxx" MMC-nin həmin fəaliyyətlə məşğul olmasının sübutu, xidmət göstərdiyi və ya xidmətindən istifadə etdiyi şəxslərdən aldığı və ya təqdim etdiyi elektron qaimə fakturalardır. Göründüyü kimi iddiaçı qanunla sadələşdirilmiş vergi ödəyici olmalı olduğu halda,vergi orqanı tərəfindən qanunla qorunan hüquqları pozularaq, cəmiyyət mənfəət vergisinin ödəyicisi hesab edilmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, rəhbərlik etdiyi Cəmiyyət "xxxx" MMC ilə daşıma müqaviləsi bağlamış və daşıma xidmətləri göstərmişdir. "xxxx" MMC-nin adı 2022-ci ilin yanvar ayınadək bu cür olmuş, həmin tarixdən sonra adını dəyişərək "xxxx" MMC adlandırılmışdır. Heç vaxt mal satışı ilə məşğul olmamış, yalnız daşıma xidməti göstərmişdir. Həmçinin daşımaya öz təşəbbüsü ilə başqa fiziki şəxsləri də cəlb etmişdir, lakin onların bank hesabları olmadığından ödənişləri onların tanışlarının bank hesablarına keçirmişdir. İddiaçının vəkili X6 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-ə təqdim edilmiş ümumi dəyəri 1410251,47 manat məbləğində 124 ədəd qaimənin tərkibinə nəzər saldıqda müəyyən edilir ki, həmin qaimələr təqdim edilmiş mal, görülmüş iş və xidmətlərin tərkibi baxımından 2 qrupa bölünür. Birincisi əhəng daşı tullantısı, ikincisi əhəng daşı tullantısının daşınması. Göründüyü kimi, "xxxx" MMC əhəng daşı tullantısının satışını həyata keçirmiş və bu zaman əhəng daşının alıcıya çatdırılmasını da öz üzərinə götürərək icra etmişdir. Yəni iddiaçının fəaliyyəti yalnız yükdaşıma deyil, malların təqdim edilməsi olmuş, sadəcə təqdim edilmiş malın alıcılara çatdırılması da "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz dəlillərində qeyd edilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə elektron qaimə-faktura əsasında 1410251,47 manat məbləğində mallar təqdim edilməsinə və elektron qaimə-faktura əldə etməklə xərclərin 272042,64 manat, əmək haqqı üzrə xərclərin 22532,18 manat, sosial sığorta və işsizlikdən sığorta üzrə xərclərinin 1631,06 manat olduğuna və balansında nəqliyyat vasitələrinin olmadığına baxmayaraq, 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********839800 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üzrə 222208,47 manat mənfəət vergisi hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023cü il tarixli **********516900 nömrəli qərar qəbul olunmuşdur. llk növbədə qeyd olunur ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nə təqdim edilmiş ümumi dəyəri 1410251,47 manat məbləğində 124 ədəd qaimənin tərkibinə nəzər saldıqda müəyyən edilir ki, həmin qaimələr təqdim edilmiş mal, görülmüş iş və xidmətlərin tərkibi baxımından 2 qrupa bölünür: 1)Əhəng daşı tullantısı, 2)Əhəng daşı tullantısı daşınması. Göründüyü kimi, "xxxx" MMC əhəg daşı tullantısının satışını (təqdim edilməsini) həyata keçirmiş və bu zaman əhəng daşının alıcıya çatdırılmasını da öz üzərinə götürərək icra etmişdir. Yəni iddiaçının fəaliyyəti yalnız yükdaşıma deyil, malların təqdim edilməsi olmuş, sadəcə olaraq təqdim edilmiş mallın (əhəng daşı tullantısı) alıcılara çatdırılması da "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Buna əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri olmadan bir şəxsə məxsus yük və sərnişinlərin daşınması üçün digər şəxslərlə müqavilə bağlayaraq vasitəçilik xidməti göstərən şəxslər Vergi Məcəlləsinin 218.4.1-ci maddəsi ilə əhatə olunmur. Belə ki, daşıma xidmətləri ikinci tərəf tərəfindən deyil, üçüncü tərəfə (daşıyıcılara) ötürülməklə həyata keçirildiyindən bu fəaliyyət ekspeditor fəaliyyəti hesab olunur. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir. Lakin, "xxxx" MMC tərəfindən təqdim edilmiş qaimələrdən də göründüyü kimi "xxxx" MMC-nə təkcə 1410251,47 manat məbləğində yükdaşıma xidmətləri deyil, malların satışı və yükdaşıma xidmətləri göstərilmişdir. Lakin, "xxxx" MMC tərəfindən əldə edilmiş qaimələrin tərkibinin təhlili onu göstərir ki, "xxxx" MMC istisna olmaqla "xxxx" MMC heç bir vergi ödəyicisindən əhəng daşı tullantısı almamışdır. Bundan başqa aparılmış araşdırma çərçivəsində iddiaçının bank hesablarının araşdırılması zamanı yükdaşıma xidməti adı ilə bir sıra vergi ödəyicilərinə 1172103,00 manat məbləğində vəsait köçürüldüyü, bu ödəyicilərdən "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyət növünün "İxtisaslaşdırılmamış topdansatış" olduğu, daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, X1 (VÖEN: **********) 2020 və 2021-ci illərdə yükdaşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı" olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Ləğv prosesindədir) (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "EV TƏSƏRRÜFATLARİ TƏRƏFİNDƏN ŞƏXSİ İSTEHLAK ÜÇÜN MÜXTƏLİF XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ" olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "İxtisaslaşdırılmamış topdansatış" olduğu, X2 (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi" olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "İxtisaslaşdırılmamış topdansatış" olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növlərinin "xxxx" və "TƏCRÜBƏ-TİKİNTİ İŞLƏRİ" olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "xxxx" olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün TƏCRÜBƏ-TİKİNTİ İŞLƏRİ" olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "İXTİSASLAŞDİRİLMAMİŞ MAĞAZALARDA SAİR MƏHSULLARİN PƏRAKƏNDƏ SATİŞİ" olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "DİGƏR QRUPLARA DAXİL EDİLMƏYƏN İXTİSASLAŞDİRİLMİŞ TİKİNTİ İŞLƏRİ" olduğu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "xxxx" olduğu, sonuncu hər 3 MMC-nin xx.xx.2020-ci il tarixdə X11 tərəfindən təsis edildiyi, vergi borclarının olduğu və heç bir ödəniş aparılmadığı, X3 (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "YÜK AVTOMOBİLLƏRİNİN İCARƏSi VƏ LİZİNQİ" olduğu, X4 (VÖEN: **********) daşıma fəaliyyəti ilə əlaqədar fərqlənmə nişanı almadığı, fəaliyyət növünün "DİGƏR QRUPLARA DAXİL EDİLMƏYƏN İXTİSASLAŞDİRİLMAMİŞ TOPDANSATİŞ" olduğu müəyyən edilmişdir. Göstərilən fərdi sahibkarlardan X2 və X4 mülkiyyətində və etibarnamə əsasında istifadəsində "xxxx" MMC tərəfindən əldə edilmiş qaimələrdə göstərilən yükdaşıma xidmətlərinin göstərilməsi üçün yük daşıyan avtonəqliyyat vasitəsi mövcud olmamışdır. Eyni zamanda uçot-baza məlumatlarına və vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən Cəmiyyətin balansında 1 ədəd SHACMAN markalı yük avtomobili və 1 ədəd CASE markalı ekskavatorunun olduğu, SHACMAN markalı **-JV-*** nömrəli yük avtomobili ilə bağlı Cəmiyyət tərəfindən fərqlənmə nişanı alındığı müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən Cəmiyyətə məxsus yük avtomobili ilə və müqavilə əsasında digər şəxslərə məxsus yük avtomobilləri ilə yüklərin daşınması ilə bağlı əmtəə-nəqliyyat qaimələri, sürücülərlə imzalanmış təhvil-təslim aktları kameral vergi yoxlaması ilə əlaqədar araşdırmaya təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 11 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********516900 nömrəli qərarından görünür ki, İddiaçı MMC-ə 222208,47 manat məbləğində mənfəət vergisi hesablanmışdır. -cavabdeh tərəfindən surəti təqdim edilmiş « Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat »dan görünür ki, həmin sənəddə 124 ədəd elektron qaimə-faktura əsasında İddiaçı MMC tərəfindən "xxxx" MMC-ə əhəng daşı tullantısı və s malların daşınması xidmətləri göstərilmişdir. 124 ədəd elektron qaiməfakturanın 113 ədədində malların « daşınması » ifadəsi öz əksini tapmış, 11 ədəd qaiməfakturada isə daşınan malların adı digər fakturalarla eyni olsa da « daşınma » ifadəsi yazılmamışdır. -İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 05.PG- 19.073 nömrəli Subpodarat müqaviləsindən, həmin müqaviləyə əlavələrdən və aktlardan görünür ki, tərəflər sifarşçi tərəfindən sifariş olunan mədən qazma və xammalın daşınması xidmətlərinin göstərilməsi ilə bağlı razılığa gəlmişlər və həmin müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı MMC müxtəlif vaxtlarda mallar daşıyaraq sifarişçiyə təhvil vermişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. -221.4.4-cü maddəsinə əsasən hüquqi şəxsin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları hüquqi şəxsin özü tərəfindən həyata keçirildikdə sadələşdirilmiş vergini həmin hüquqi şəxs ödəyir. İlkin olaraq iddiaçının yükdaşıma xidməti adı ilə müvafiq fərqlənmə nişanı olmayan bir sıra vergi ödəyicilərinə 1.172.103,00 manat məbləğində vəsait köçürməsi ilə bağlı cavabdehin arqumentləri ilə bağlı qeyd olunur ki, hər-hansı vergi ödəyicisinin müvafiq fərqlənmə nişanı almadan yükdaşıma xidməti ilə məşğul olması həmin ödəyicilərin hüquq və öhdəlikləri ilə əhatə olunur və bu hal iddiaçının vergi öhdəliyindən yayınması anlamına gəlməməlidir. Digər tərəfdən cavabdehin 124 ədəd elektron qaimə-fakturanın 113 ədədində malların “daşınması” ifadəsinin öz əksini tapması, 11 ədəd qaimə-fakturada isə məhz “daşınma” ifadəsinin yazılmamasını, həmçinin "xxxx" MMC-nin heç bir vergi ödəyicisindən əhəng daşı tullantısı almamasını əsas götürərək iddiaçının mal təqdim etməsi (satması) qənaətinə gəlməsi yalnız ehtimallara söykənildiyini deməyə əsas verir. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 05.PG-19.073 nömrəli Subpodarat müqaviləsindən, həmin müqaviləyə əlavələrdən və aktlardan da görünür ki, tərəflər sifarşçi tərəfindən sifariş olunan mədən qazma və xammalın daşınması xidmətlərinin göstərilməsi ilə bağlı razılığa gəlmişlər və həmin müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı MMC müxtəlif vaxtlarda mallar daşıyaraq sifarişçiyə təhvil vermişdir. Cavabdeh orqan yalnız 11 ədəd qaimə-fakturada olan ifadə tərzinin kifayət qədər mötəbər olmamasını nəzərə almamış, "xxxx" MMC-nin iddiaçıdan mal almasını sübut etmək üçün ən azından həmin təsərrüfat subyektinin vergi və mühasibatlıq sənədlərini qarşılıqlı araşdıraraq düzgün və əsaslı nəticəyə gəlmək hüququndan yararlanmamışdır. Bununla da mötəbər və kifayət qədər tutarlı olmayan dəlillərə əsaslanaraq iddiaçının vergidən yayınması qənaətinə gəlmişdir ki, bu hal mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2023-cü il tarixli **********516900 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2023-cü il tarixli **********516900 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar