Məhkəmə qərarları › İş №e-2-1(114)-2590/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2590/2022

10.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2590/2022 10.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********160571 nömrəli “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq buğda istehsalı bütün vergilərdən azad olmaqla yanaşı xüsusi diqqət və qayğı göstərilən sahədir. Təəssüflər olsun ki, bu gün Dövlət Vergi Xidməti orqanı və ələxüsus xidmətin 14 saylı Ərazi Vergilər idarəsi ölkədə sabotaj yaratmaq niyyəti daşıyırlar. Belə ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2021-ci il mart ayının 16-da 2017-2020-ci illər dövrünü əhatə edən aparılmış vergi yoxlamalarının nəticələrinə dair məsuliyyətə cəlb etmə haqqında qəbul edilmiş qərar məhkəmə qaydasında ləğv edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında yekun qərar çıxarılmışdır. Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi məhkəmə qərarını icra edərək, 06 iyun 2022-ci il tarixdə müəssisəyə qarşı məsuliyyətə cəlb etmə haqqında qərarı ləğv edərək, müəssisənin hesablarına qoyulmuş sərəncamları geri çəkmiş və müəssisə öz normal iş rejiminə qayıtmışdır. Ali Məhkəmənin yekun qəranına əsasən Vergi xidməti orqanının digər idarələri nəinki qərarı bütövlükdə icra etmək, əksinə olaraq 2022-ci ilin yanvar ayında Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri əsas tutaraq (38.3.6-cı maddəsi) müəssisənin 2015-ci ildən 2022-ci ilə qədər növbədənkənar səyyar vergi yoxlamasının apanılması üçün qərar qəbul edilməsini təmin etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və apanlması qaydası haqqında Əsasnamə”-sinin müvafiq müddəaları da kobud şəkildə pozulmaqla vergi yoxlamasının başlanması haqqında vahid reyestr bazasına hər hansı bir məlumat daxil edilməmiş, bununla da başlanmış yoxlamanın əsassız və qanunsuz olması açıq-aşkar görünür. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən hesablanmış borc məbləği silinmişdir. Buna baxmayaraq və məhkəmənin hüquqi mövqeyi ortada olduğu halda cavabdehin yoxlanılmış və nəticələri ləğv edilmiş dövrün və əlavə 2 il üzrə yoxlama aparılması qanunsuzdur. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, qeyd olunan yoxlama istintaq orqanının qərarı əsasında başlanılmışdır. Ona görə də mübahisələndirilən qərar əsaslı və qanunidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 544/2022 nömrəli qərarının surətindən görünür ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********145444 nömrəli “vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və xx.xx.2021-ci il tarixli **********521700 nömrəli “pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” qərarların ləğv edilməsi” tələbinə dair iddia Gəncə İnzibati Məhkəməsinin 05 may 2020-ci il tarixli, e-2-1(114)-985/2021 nömrəli qərarı ilə qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145444 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2- 1(104)-582/2021 nömrəli qərarı ilə təmin edilməmiş, eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin sözügedən qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. -surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının Qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” xx.xx.2022-ci il tarixli, **********159599 nömrəli qərarından görünür ki, İddiaçı MMC barəsində keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” çıxarılmış xx.xx.2021-ci il tarixli **********145444 nömrəli qərar ləğv edilmişdir. -Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********160571 nömrəli qərarından görünür ki, Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə İddiaçı MMC-də iyul 2015 - iyun 2022 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən 14 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2022-ci il tarixli, **********160571 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə İddiaçı MMC-də iyul 2015 - iyun 2022 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin etmişdir. İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********160571 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllənin:- -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Məhkəmə səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Mövcud məhkəmə təcrübəsinə görə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarının olmasıdır. (Vergi Məcəlləsinin 38.3.6cı maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Xüsusilə də yoxlanılmış və yoxlamanın nəticələrinə məhkəmə tərəfindən qiymət verilmiş dövrü təkrarən yoxlamağa nəinki borclu deyil, əksinə hüquqlu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən məhz bu qaydada istifadə etməsini əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. İddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinə səbəb Vergi Məcəlləsinin 38.3.6-cı maddəsini əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı olmuş olsa belə, cavabdeh xx.xx.2020-ci il tarixli, **********200001 nömrəli qərarı ilə "X7 Kompleksi" MMC-də 01 aprel 2017-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək olan vergi dövrü üzrə təyin edilmiş növbədənkənar səyyar vergi yoxlamasına dair qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********145444 nömrəli qərarın Gəncə İnzibati Məhkəməsinin 05 may 2020-ci il tarixli, e-2-1(114)-985/2021 nömrəli qərarına əsasən ləğv edilməsini nəzərə almamışdır. Sözügedən məhkəmə qərarında iddianın təmini əsası kimi iddiaçının qanunvericiliyə əsasən müvafiq vergilərdən azad olması göstərilmişdir. Göründüyü kimi vergi ödəyicisinin vergi öhdəliyinin əsasları ilə bağlı məhkəmələrin hüquqi mövqeyi ortada olmasına, iddiaçının bütün növ kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, istehsalı, idxalı, ixracı, emalı və satışı ilə bağlı olan bütün növ aqroservis xidmətlər göstərməsi ilə əlaqədar vergi ödəməkdən azad olmasına, müvafiq qurum tərəfindən verilmiş “İnvestisiya təşviqi sənədi”nə malik olmasına, bütün bunlara rəğmən keçiriləcək yoxlama nəticəsində vergi öhdəliyinin yaranması və hər-hansı vergi məsuliyyətinə məruz qalma ehtimalının da olmamasına baxmayaraq, cavabdeh orqanın iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul etməsi ilə əlaqədar hərəkəti “İnzibati icraat haqqında” Qanunun 28-ci və 61-ci maddəsinə, ümumilikdə inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarına, prinsiplərinə və prosedur qaydalarına zidd olmuşdur. Beləliklə, hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı yuxarı məhkəmələrin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etməsi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslı olması, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********160571 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 64-cü maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 14 saylı Ərazi Vergilər İdarəsinin “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********160571 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar