Məhkəmə qərarları › İş №e-2-1(114)-2624/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-2624/2025

04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2624/2025 04.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-52977/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Resalon TN MMC vergi orqanının xx.xx.2024-cü il tarixli, **********372900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Qeyd olunan səbəbdən xx.xx.2024-cü ildə vergi orqanı tərəfindən 2024-cü ilin mart ayı üçün kameral formada ədv bəyannaməsi təqdim edilmişdir və Resalon TN MMCdən alınmış 59 020.10 manat (ədv-siz) dəyərində malın ədv məbləği ( 10 623.62 manat) bəyannamənin 324-cü sətrinə yazılaraq əlavə hesablanmışdır. İddiaçı tərəfindən 10 623.62 manat ədv məbləğinin sadəcə 5 650.06 manatlıq hissəsi ödənilmişdir və əvəzləşdirilmişdir, 4 973.56 manatlıq hissəsi isə ödənilməmişdir, çünki alınan malların 27 630.90 manatlıq hissəsi geri qaytarılmışdır və qeyd olunan məbləğ ilə həmin məbləğin ədv-si də ( 4 973.56 manat) ödənilməmişdir. Qeyd olunan səbəbdən həmin məbləğ əvəzləşdirilməmişdir. Resalon TN MMC-dən xx.xx.2023-cü il tarixində 48 754.20 manat (ədv -siz) dəyərində, xx.xx.2023-cü il tarixində 10 265.90 manat (ədv-siz) dəyərində mallar alınmışdır. Alınmış malların dəyəri ümumilikdə 59 020.10 manat (ədv-siz) təşkil etmişdir. Həmin malların 8 325.90 (ədv[1]siz) manatlıq hissəsi X1 İdarəsinə, 23 063.30 (ədv-siz) manatlıq hissəsi X3 MMC-ə təqdim edilmiş, yerdə qalan 27 630.90 (ədv-siz) manatlıq hissəsi isə geri qaytarılmışdır. Geri qaytarılmasının səbəbi həmin boruların X1 İdarəsinin tələb etdiyi standartda olmamasıdır. Yuxarıda qeyd olunan əməliyyatlarda heç bir risk meyarı olmadığı üçün 10 623.62 manat kameral hesablanmış məbləğin heç bir iqtisadi əsası yoxdur. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş və xidmətləri şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Halbuki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, sifarişçi tərəfindən podratçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. Cavabdehin etirazı Cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2023-cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı müəyyən olunmuşdur. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2023-cü ilin avqust ayının ƏDV bəyannaməsində əvəzləşdirilmiş xx.xx.2023-cü il tarixli EBDK seriyalı 545882 nömrəli (21 110,0 manat əsas məbləğ, 3 799,8 manat ƏDV ) və 2023-cü ilin oktyabr ayının ƏDV bəyannaməsində əvəzləşməyə salınmış xx.xx.2023-cü il tarixli EBDR seriyalı 162231 nömrəli (10265,9 manat əsas məbləğ, 1847,86 ƏDV) e-qaimə fakturalar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyini nəzərə alaraq 2024-cü ilin Mart ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat məktubu və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin Mart ayı üçün 5647.67 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2- 52977/2024 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalarda əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmiş, qeyd edilən hal nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024-cü il tarixli **********372900 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC-də xx.xx.2023-cü il tarixində vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi nəzarəti tədbiri zamanı "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən obyektdə müşahidə aparılmışdır. Vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, icarədar "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlanılmış və məlum olmuşdur ki, tərəflər arasındakı icarə müqaviləsinə xitam verilmişdir. Həmçinin obyekt bağlı olduğundan baxış keçirmək mümkün olmamışdır. "xxxx" MMC ilə "xxxx" ASC arasında 17№-li icarə müqaviləsi xx.xx.2023-cü il tarixində imzalanmışdır. Müqaviləyə əsasən "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən 4669.4 kv.m əmlak kompleksində 30 kv m sahəni "xxxx" MMC-yə icarəyə vermişdir. İcarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Nəzərə alınsa ki, xx.xx.2023-cü il tarixində EBDK seriyalı, 545882 nömrəli e-qaimə faktura əsasında "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumilikdə 211 metr uzunluğunda 720*8 mm, 630*8 mm, 530*8 mm, 426*8 mm ölçülərindəki polad borular təqdim edilmişdir. xx.xx.2023-cü il tarixində EBDR seriyalı 162231 nömrəli elektron qaiməfaktura əsasında "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təxmini 10 ton çəkidə şveller, metal çubuğu, armatur, qaynaq çubuğu və s digər mallar təqdim edilmişdir və həmin vaxtı icarə müqaviləsi artıq qüvvədən düşmüşdür, hətta müqavilə qüvvədən düşməmiş olsa belə 30 kv metr sahəyə 10 ton məhsulun və 211 metr uzunluğunda polad boruların yerləşdirilməsi qeyri-mümkün olduğundan həmin əməliyyatın əmtəəsiz əməliyyat olduğu aydın olur. Analoji işlə bağlı Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli e2-1(112)-6142/2024 nömrəli qərarında qeyd edilmişdir ki, cavabdeh tərəfindən məhkəməyə elektron daşıyıcıda təqdim edilmiş 2023-cü ilin aprel-sentyabr ayları üzrə iddiaçı tərəfindən aparılmış əməliyyatlarla bağlı “malların (işlərin)” təqdim edilməsi haqqında cədvəldən görünür ki, iddiaçı tərəfindən müxtəlif şirkətlərdən qaimələr əsasında mallar alınmışdır. Bunlardan bir qismi tikinti materialı və bununla bağlı mallar olmuşdur ki, həmin malların böyük sahə tutması səbəbindən saxlanmaları üçün geniş sahəsi olan anbara ehtiyac vardır. Eyni zamanda iddiaçıya məxsus olan yeganə anbar ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir ki, həmin qeyri-yaşayış sahəsinin məhkəməyə təqdim edilmiş fotoşəkillərindən qeyri-yaşayış sahəsinin çox kiçik sahəni əhatə etdiyi və iddiaçının apardığı əməliyyatlar əsasında alışında müəyyən olunan malların orada saxlanması mümkün deyildir. Bundan əlavə "xxxx" MMC xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. E-qaimə faktura məlumatlarından aydın olur ki, onun alışında İddiaçı MMC-yə satdığı adda və həcmdə polad borular olmamış, ümumiyyətlə 2023-cü ilin avqust ayına qədər hər hansı alışı olmamışdır. "xxxx" MMC-nin ygb məlumatlarına əsasən 2023-cü il ərzində hər hansı idxalı olmamışdır. Bu isə EBDK seriyalı, 545882 nömrəli e-qaimə faktura əsasında rəsmiləşdirilən əməliyyatın əmtəəsiz olduğunu sübut edir. "xxxx" MMC xx.xx.2023-cü il tarixində EBDR seriyalı 162231 nömrəli elektron qaiməfaktura əsasında İddiaçı MMC-yə armatur, şveller, metal çubuq, və s kimi mallar təqdim etmişdir. "xxxx" MMC-nin ygb məlumatlarından belə malları əldə etmədiyi məlum olsa da, e-qaimə məlumatlarından aydın olur ki, xx.xx.2024-cü il tarixli EBDR seriyalı 151907 nömrəli eqaimə əsasında eyni adlı, eyni çəkili, hətta eyni qiymətli malları "xxxx" MMC "xxxx" MMC (VÖEN **********) əldə etmişdir. "xxxx" MMC xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin ygb-si olmamış, alışında isə armatur, şveller, metal çubuq, qaymaq çubuğu, bucaqlıq (40*40*3), bucaqlıq (63*63*5) olmamışdır. Qeyd olunanlardan aydın olur ki, "xxxx" MMC-nin alışında həmin mallar olmamasına baxmayaraq xx.xx.2023cü il tarixində EBDR seriyalı 151907 nömrəli e-qaimə tərtib edilmiş, "xxxx" MMC isə əmtəəsiz əməliyyat çərçivəsində “əldə etdiyi” malları xx.xx.2023-cü il EBDR seriyalı 162231 nömrəli elektron qaimə-faktura əsasında İddiaçı MMC-yə “satmışdır”. Odur ki, bu əməliyyatın da əmtəəsiz olduğu sübut olunur. "xxxx" MMC tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********372900 nömrəli qərar mübahisələndirilməmişdir. Odur ki, həmin qərar hazırda qüvvədədir. B Araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vergi ödəyicisinə malların təqdim edilməsi ilə bağlı əsas məbləği ƏDV-siz 10265,9 manat, ƏDV məbləği 1847,86 manat olan xx.xx.2023-cü il tarixli EBDR seriyalı 162231 nömrəli elektron qaimə fakturanın və xx.xx.2023-cü il tarixli EBDK seriyalı 545882 nömrəli ƏDV-siz 48754,2 manat, ƏDV məbləği 8775,75 manat dəyərdən ƏDV- siz 21110,0 manat, ƏDV məbləği isə 3799,8 manat olan (2023-cü ilin avqust ayı ƏDV) elektron qaimə fakturanın təqdim edildiyi, Cəmiyyət tərəfindən 2023-cü ilin oktyabr və avqust ayları üçün təqdim edilmiş ƏDV bəyannaməsində qeyd olunan elektron qaimə fakturalar üzrə müvafiq olaraq 1847,86 manat və 3799,8 manat ƏDV məbləğinin əvəzləşdirildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Qeyd olunan maddənin tələbləri nəzərə alınmaqla, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli EBDR seriyalı 162231 nömrəli elektron qaimə faktura əsasında əvəzləşdirilən 1847,86 manat və xx.xx.2023-cü il tarixli EBDK seriyalı 545882 nömrəli elektron qaimə faktura əsasında əvəzləşdirilən 3799,8 manat 2024-cü ilin mart ayı üzrə bərpa edilmişdir. Göründüyü kimi vergi orqanı riskli vergi ödəyicisi tərəfindən təqdim edilmiş EBDR seriyalı 162231 nömrəli və EBDK seriyalı 545882 nömrəli elektron qaimə-fakturanı haqlı olaraq əvəzləşmədən çıxararaq, həmin məbləği 2024-cü ilin mart ayına bərpa etmişdir. Həmçinin, iddiaçı Dövlət Vergi Xidmətinə inzibati qaydada şikayət edərək, 2024-cü ilin mart ayı üzrə hesablanmış ƏDV məbləğinin ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********614100 nömrəli qərarına əsasən İddiaçı MMC-nin inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin 12 Saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********105600 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaya qarşı məhkəməyə daxil olmuş vəsatətdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli 3- 21-2-18/2-52977/2024 saylı qərarın ləğv edilməsi tələbinə dair İddiaçı MMC-nin iddiası mümkün hesab edilməməlidir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Hazırki iş üzrə iddiaçı tərəfindən düzgün iddia tələbi qaldırılmamışdır. Belə ki, iddiaçının iddia tələbi cavabdeh Lokal Gəlirlər Baş İdarəsinə qarşı qaldırılmışdır. Lakin hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-52977/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Belə olan halda da hazırkı vəziyyətdə həmin tələb üzrə yekun xarakterli qərar qəbul edilə bilinmədiyi üçün iddiaçının iddiası mümkün sayılmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianın mümkün sayılmamasını xahiş etdi. İşin halları Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-2-18/2-52977/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə İddiaçı MMC-yə 2024-ci ilin mart ayı üzrə 5.647,67 manat əlavə dəyər vergisi hesablanmışdır. Gəncə İnzibati Məhkəməsinin İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, iddia ərizəsi ilə bağlı xətanın aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, iddia ərizəsi ilə bağlı xətanın aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarından görünür ki, Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2024-cü ilin mart ayına görə əlavə dəyər vergisi üzrə əlavə verginin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 dekabr 2024-cü il tarixli, 3-21-2-18/2-52977/2024 nömrəli qərar qəbul edilmişdir. Lakin iddia ərizəsinin tələb hissəsində, yəni “xahiş edirəm” hissəsində həmin qərar Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı kimi qeyd edilmişdir. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti olmuşdur. Bunanla bağlı olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə sərəncamlar göndərilmiş, nöqsanların aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar vaxt verilmiş, lakin İddiaçı MMC tərəfindən sərəncamlara əməl edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar