Məhkəmə qərarları › İş №e-2-1(114)-2634/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2634/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2634/2024 05.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh orqanının xx.xx.2024cü il tarixli imtinasının ləğv edilərək, iddiaçıya İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı orqanizminin funksiyalarının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 35-60% pozulması səbəbindən onun xx.xx.2024-cü il tarixindən etibarən 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2634/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə kəllə-beyin travması almış, aldığı travmalardan sonra stasionar müalicə almış və ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozu qoyulmuşdur. Aldığı xəsarətlərin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının tərəfindən təsdiq edilmişdir. Həmin vaxtdan da səhhəti pisləşmiş və daim müxtəlif müalicələr almışdır. O, yan fəsadlar olaraq hazırda “vərəm” xəstəliyindən və “astma” xəstəliyindən də əziyyət çəkir. Bu səbəbdən o, 2-ci dərəcəli əlilliyin təyin edilməsi üçün sənədlərini toplayıb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə təqdim etmiş, lakin xəstəliklərinin açıq-aşar göz qabağında olmasına baxmayaraq ona diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə 02 mart 2024-cü il tarixli imtina edilmişdir. O, bu imtina haqqında 18 aprel 2024-cü il tarixində məlumatlı olmuşdur. O, hesab edir ki, cavabdehin 02 mart 2024-cü il tarixli imtinası tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin imtinanın ləğv edilərək ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 05 sentyabr 2024-cü il tarixinə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasına gəlmiş, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.2023-cü il tarixli, 116349 nömrəli « Müharibə veteranı » vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır və hazırda o Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. -iş materiallarına əlavə edilmiş « Respublika Psixiatriya Xəstəxanası » X4 xx.xx.2023-cü il tarixli 1762 nömrəli Həkim Psixiatr Komissiyası rəyinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Novruzov X3 tərəfindən müayinə olunmuş və ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri ilə (F 62.0)” diaqnozu qoyulmuşdur. -iş materiallarına əlavə edilmiş iddiaçı barəsində TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş, “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozu qoyulmuşdur. -iş materiallarına əlavə edilmiş 11734356 nömrəli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müayinə edilmiş, nəticədə ona əsas xəstəlik kimi “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (XBT kodu – F62.0)” diaqnozu, yanaşı xəstəliklər kimi isə “Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod (F33.3)” diaqnozu qoyulmuşdur. -iş materiallarına əlavə edilmiş xəstəlik tarixi sənədlərindən görünür ki, İddiaçı xx.xx.2023-xx.xx.2023 və xx.xx.2023-xx.xx.2023-cü illərdə “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (XBT kodu – F62.0) klinik diaqnozu ilə X2 müalicədə olmuşdur. xx.xx.2024-cü il tarixli müayinə nəticəsindən görünür ki, bələdliyi saxlanılıb. Sanışıq əlaqəsinə qoşulur. Verilən suallara fasilələrlə, düşünərək cavab verir. Ünsiyyət zamanı gərginləşir, söhbətin tez bitməsini istəyir. Siqqəti dağınıqdır, fikirlərini çətinliklə cəmləşdirir. Emosional dayanıqsızdır. Konfliktlərə meyl edir. Münaqişə yaradır. Əsəbidir. Yaşamaq istəmədiyini deyir. Tez qızıqlanır. Yaddaşı zəifdir. Yuxusu dərmanlarladır. -iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli TSEK arayışından görünür ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri ilə” diaqnozu təyin edilmiş, diaqnozun öz təsdiqini tapmaması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı İİ Qarabağ müharibəsinin iştirakçısı olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə kəllə beyin travması almış, nəticədə ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri ilə (XBT kodu – F62.0)” diaqnozu təyin edilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2024-cü il tarixdə keçirilən müayinə nəticəsində ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri ilə (XBT kodu – F62.0)” diaqnozu təyin edilsə də, cavabdeh orqan tərəfindən diaqnozun öz təsdiqini tapmaması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı barəsində aparılmış bütün yoxlanışların nəticəsindən görünür ki, hazırda iddiaçıda “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri ilə (XBT kodu – F62.0)” diaqnozu mövcuddur. Həmçinin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, qeyd edilən diaqnoz söz ifadəsi olaraq eyni ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərar təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eynilik təşkil edir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq əlillik dərəcəsi təyin edilməli idi. Hazırki iş üzrə mübahisənin predmetini iddiaçıya cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, iddiaçının orqanizminin funksiyalarının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 35-60% pozulması səbəbindən ona xx.xx.2024-cü il tarixindən etibarən 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi təşkil edir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilsə də, əlilliyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən şəhadətnaməsinin mövcud olması və həmin sənəd əsasında əlilliyin təyin olunması ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.5-ci bəndinə görə "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: -2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; -2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinin a) yarmbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının hazırki tələbindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilməli, iddiaçının orqanizminin funksiyalarının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 35-60% pozulması səbəbindən ona xx.xx.2024-cü il tarixindən etibarən 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilsin, İddiaçı orqanizminin funksiyalarının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 35-60% pozulması səbəbindən ona xx.xx.2024-cü il tarixindən etibarən 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar