Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2772/2024 26.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Şəmkir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 3 nömrəli qərarı ilə Bakı-Qazax magistral yolunun kəsişdiyi ərazidən 16300 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə 2.014 manata X1.
2. Həmin torpaq sahəsinə dair 03 may 2006-cı il tarixdə X2 adına Torpağa mülkiyyət hüququna dair JN-2835 Kod 50401004 nömrəli Dövlət Aktı işlənilmişdir.
3. X5 qeyd olunan 1.60 ha torpaq sahəsini xx.xx.2006-cı il tarixdə Şəmkir rayonunda yerləşən 1 nömrəli dövlət notariat kontorunda 4Ə-665 reyestr nömrəsi ilə təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında İddiaçı1, İddiaçı3 və İddiaçı2 satmış, sonuncuların torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2006-cı il tarixdə qeydə alınaraq, onlara bu barədə **********16 reyestr nömrəli ********* qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış verilmişdir.
4. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iddiaçılara ünvanladığı xx.xx.2018-ci il tarixli 3/16-2384 nömrəli məktubunda Şəmkir şəhəri, H.Əliyev prospekti ilə Bakı-Qazax magistral yolunun kəsişdiyi nöqtənin sağ tərəfindəki ərazidə Agentlik tərəfindən heç bir söküntü və tikinti işlərinin aparılmadığı bildirilmişdir.
5. Cavabdeh başçısının iddiaçıların vəkil olan nümayəndəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli 9-27/314 nömrəli cavab məktubunda bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir rayon ərazi idarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş, MH-0000300 seriyalı, **********16 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətində olan 1.6 ha torpaq sahəsində hər hansı bir tikilinin yerləşmə sxemləri və cizgiləri barədə və həmin torpaq sahəsində hər hansı bir tikilinin aparılması üçün icazələrin verilməsi ilə bağlı Cavabdeh arxivində heç bir məlumat yoxdur.
6. İddiaçıların vəkil olan nümayəndəsi Vəkil iddiaçılara kompensasiya ödənilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 5-76/2-A-33- 130/2024 nömrəli imtina məktubunda Şəmkir şəhərində “Bayraq Meydanı”nın inşasının Cavabdeh tərəfindən həyata keçirilmədiyi bildirilmişdir. Odur ki, qeyd olunan mülki məsələ ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur.
7. Məhkəmənin sorğusuna Şəmkir bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 7/20 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Şəmkir bələdiyyəsi tərəfindən hər hansı məqsədlə torpaq sahəsi satılmamışdır. H.Əliyev prospekti ilə Bakı-Qazax magistral yolunun kəsişdiyi ərazidən Şəmkir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 3 saylı qərarı ilə Şəmkir şəhər sakini X4 16300 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə 2014,00 manata satılmışdır. Torpaq sahəsinə dair əlavə məlumatlar Şəmkir bələdiyyəsində qeydə alınmamışdır.
8. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli **********16 reyestr nömrəli çıxarışla İddiaçı2, İddiaçı3 və İddiaçı1 mülkiyyəti kimi qeyd edilmiş 1.6 ha torpaq sahəsinin 2006-cı il üzrə və hazırkı vəziyyətinə dair təqdim etdiyi ortofoto görüntüləri ilə “Bayraq Meydanı” parkının daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli **********16 reyestr nömrəli çıxarışla İddiaçı2, İddiaçı3 və İddiaçı1 mülkiyyəti kimi qeyd edilmiş 1.6 ha torpaq sahəsində yerləşməsi müəyyən edilir.
9. Məhkəmə qərardadı ilə əldə edilmiş “X3” MMC-nin mütəxəssis rəyində göstərilmişdir ki: 1) Rəyin tədqiqat hissəsində göstərilənləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.60 ha torpaq sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatları müəyyən edildi. Həmin koordinatlar yuxarıda göstərilmişdir. 2) İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.60 ha torpaq sahəsinin bütövlükdə Şəmkir şəhərində yerləşən “Bayraq meydanı” parkının tikintisinin altına düşdüyü müəyyən edilir. 3) İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.60 ha (160 sot) torpaq sahəsinin orta bazar qiymətləri ilə təqribi dəyəri 1.920.000,00 (bir milyon doqquz yüz iyirmi min) manat məbləğində müəyyən edilir. II. Məhkəmədə icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində **********16 reyestr nömrə ilə qeydə alınmış, Seriya MH 00000300 nömrəli xx.xx.2006-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəmkir şəhəri, H.Əliyev prospekti ilə Bakı-Qazax magistral yolunun kəsişdiyi nöqtənin sağ tərəfində yerləşən 1.6 ha (160 sot) torpaq sahəsində “Bayraq Meydanı” parkı inşa edildiyinə görə hər bir mülkiyyətçi üçün 1.600.000 manat, ümumilikdə 4.800.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına Cavabdehndən tutulması və iddiaçılara ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində **********16 reyestr nömrə ilə qeydə alınmış, Seriya MH, ******* nömrəli, xx.xx.2006-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Səmkir şəhəri, H.Əliyev prospekti ilə Bakı-Qazax magistral yolunun kəsişdiyi nöqtənin H.Əliyev sağ tərəfində yerləşən 1.6 ha (160 sot) torpaq səhəsinin mülkiyyəçiləri İddiaçı2, İddiaçı3 ve İddiaçı1dur. Deməli, yuxarıda göstərilən 160 sot torpaq sahəsi üzərində mülkiyyətçilərin birgə mülkiyyət hüququ toxunulmaz olmaqla yanaşı onların bu hüququ dövlət tərəfindən müdafiə olunur, eləcə də qanunla qorunur və mülkiyyətçilər, yəni iddiaçılar subyekt olaraq birgə mülkiyyətlərində olan torpaq sahəsindən öz istəklərinə uyğun sahib olmaq, istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqa malikdirlər. Cavabdeh tərəfindən 2012-ci ilin əvvəllərində, təxminən 4 ha (400 sot) torpaq sahəsi ərazisində, o cümlədən yuxarıda qeyd olunan torpaq sahəsi də daxil olmaqla Şəmkir şəhərində "Bayraq meydanı"nın inşa olunmasına başlanılmış və mülkiyyətçilərə xəbərdarlıq edilmədən, eyni zamanda hər hansı bir kompensasiya ödənilmədən həmin 160 sot torpaq sahəsi dövlət ehtiyacları adı altında əsassız olaraq alınmışdır. Əlbəttə ki, "Bayraq Meydanı"nın inşa edilməsi qürurla qarşılansa da, həmin 160 sot torpaq sahəsi üçün mülkiyyətçilərə hal-hazıradək kompensasiya ödənilməməsi hərəkətləri həm daxili qanunvericiliklə, həm də beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş tələblərə görə əsassız və qanunsuz hesab edilir. Eyni zamanda, İcra Hakimiyyətinin bu cür mövqeyi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra Qərarlarında artıq formalaşmış hüquqi mövqeyə görə qəbul edilən deyil. Xüsusi mülkiyyətdə olan 160 sot torpaq sahəsinin özgəninkiləşdirilməsinə görə, İcra Hakimiyyəti tərəfindən öncədən onun dəyərinin (eləcə də hal-hazıradək) ödənilməməsi hərəkətləri qanunsuz, eləcə də qərəzli olmuş və kompensasiya ödəmədən özgəsinə məxsus, yəni özgəsinin mülkiyyətində olan torpaq sahəsində inşa işlərinin aparılması ilə, maddi hüququn imperativ normasının tələblərinin bilə-bilə və kobud surətdə pozulmasına yol verilmişdir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş kompensasiya haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. Kompensasiya haqqında iddialar üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.
16. Hazırkı işdə kompensasiya haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə iddiaçıların vəsatətləri təmin edilməmişdir.
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçıların vəkil olan nümayəndəsi Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini müdafiə edirlər. EMİS vasitəsilə məhkəmə iş materiallarına təqdim olunmuş ekspert rəyi ilə də, eyni zamanda daşınmaz əmlakın dövlət reyestr idarəsinin sənədləri ilə də açıq-aşkar sübut olunur ki, iddiaçıların mülkiyyətində olan 160 sot torpaq sahəsi Bayraq meydanının ərazisinə düşür. Odur ki, ekspert rəyi ilə qismən razılaşaraq və lüzumsuz vaxt itkisinə yol verməmək baxımından, şifahi məhkəmə baxışı iclasını iddiaçıların, onların nümayəndəsinin və vəkilinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam olaraq təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
23. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Şəmkir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 3 nömrəli qərarı; - Torpağa mülkiyyət hüququna dair JN-2835 Kod 50401004 nömrəli Dövlət Aktı; - xx.xx.2006-cı il tarixli 4Ə-665 reyestr nömrəli alğı-satqı müqaviləsi; - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iddiaçılara ünvanladığı xx.xx.2018-ci il tarixli 3/16-2384 nömrəli məktub; - Cavabdeh başçısının iddiaçıların vəkil olan nümayəndəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli 9-27/314 nömrəli cavab məktubu; - Cavabdeh xx.xx.2024-cü il tarixli 5-76/2-A-33-130/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Şəmkir bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 7/20 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin təqdim etdiyi ortofoto görüntüləri; - Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır, ona görə də qismən təmin edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəmkir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 3 nömrəli qərarı ilə Bakı-Qazax magistral yolunun kəsişdiyi ərazidən 16300 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə 2.014 manata X1. Həmin torpaq sahəsinə dair 03 may 2006-cı il tarixdə X2 adına Torpağa mülkiyyət hüququna dair JN-2835 Kod 50401004 nömrəli Dövlət Aktı işlənilmişdir. X5 qeyd olunan 1.60 ha torpaq sahəsini xx.xx.2006-cı il tarixdə Şəmkir rayonunda yerləşən 1 nömrəli dövlət notariat kontorunda 4Ə-665 reyestr nömrəsi ilə təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında İddiaçı1, İddiaçı3 və İddiaçı2 satmış və sonuncuların torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2006-cı il tarixdə qeydə alınaraq, onlara bu barədə **********16 reyestr nömrəli ********* qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarış verilmişdir.
28. İddiaçılar hazırkı tələblərində Cavabdeh tərəfindən 2012-ci ilin əvvəllərində ona məxsus 160 sot torpaq sahəsi də daxil olmaqla, təxminən 4 hektar torpaq sahəsində “Bayraq Meydanı”nın inşa olunmasına başlanıldığını və mülkiyyətçilərə xəbərdarlıq edilmədən, eyni zamanda hər hansı bir kompensasiya ödənilmədən həmin 160 sot torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığını qeyd etmişlər.
29. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-76/2-A-33- 130/2024 nömrəli məktubda isə Şəmkir şəhərində “Bayraq Meydanı”nın inşasının Cavabdeh tərəfindən həyata keçirilmədiyi bildirilmişdir.
30. Məhkəmə əvvəla, Şəmkir şəhəri ərazisində aparılan abadlaşdırma işlərinin, o cümlədən “Bayraq meydanı” parkının salınmasının Cavabdehndən qeyri subyekt tərəfindən həyata keçirilməsini ağlabatan və inandırıcı hesab etmir.
31. İkinci tərəfdən isə, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xəbər portalından çıxarışlardan görünür ki, Cavabdeh başçısının müavini Faxrəddin Vəliyev verdiyi müsahibəsində qeyd etmişdir ki, Şəmkir şəhərində 4 hektar sahəni əhatə edən yeni Bayraq meydanı inşa edilir. Bayraq dirəyinin hündürlüyü 98 metr nəzərdə tutulmuşdur. Meydanda dalğalanacaq bayrağın eni 20 metr, uzunluğu isə 40 metr olacaqdır. Hazırda meydanda abadlıq və yaşıllaşdırma işləri aparılır. Burada sakinlərin dincəlmələri üçün geniş bir ərazidə istirahət parkı salınır. Ümumilikdə Bayraq meydanının gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
32. Buna görə də, məhkəmə Şəmkir şəhərində salınmış “Bayraq meydanı” parkının tikintisinin altına düşən iddiaçılara məxsus torpaq sahəsinə görə iddiaçıara heç bir kompensasiya məbləğinin ödənilməməsini cavabdeh orqanın qanunsuz hərəkətləri kimi nəzərdən keçirirək, qeyd edir ki, bu hərəkətlər nəticəsində iddiaçıların konstitusion hüquq olan və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarına qəsd edilmişdir.
33. Yəni, iddiaçılar “Bayraq Meydanı” adlı parkın tikintisi altına alınan və məhrum olduqları torpaq sahəsinə görə kompensasiya ödənilməsini tələb etməkdə haqlıdırlar və Şəmkir şəhəri ərazisində parkın salınmasının, abadlaşdırma və yenidənqurma işlərinin rayon icra hakimiyyəti başçılarının göstərişi (sərəncamı) ilə, hazırkı işdə də məhz cavabdeh orqan tərəfindən həyata keçirilməsi mübahisəsiz hamıya aşkar olan haldır.
34. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş, yerli icra hakimiyyəti başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır.
35. Həmin müddəaların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyəti başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.
36. Məhkəmə onu da qeyd edir ki, iddiaçılara məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması halı hazırkı işdə müəyyən edilməmişdir.
37. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinə göə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
39. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması); 3) təqsir (qəsd və ya ehtiyatsızlıq).
40. Hazırkı iddia tələbi də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan məhkəmə tələbin əsaslılığını qeyd edilən dispozisiya şərtləri baxımından yoxlayaraq, qeyd edir ki, iddiaçılara məxsus 1.6 ha torpaq sahəsinin üzərində “Bayraq meydanı” adlı parkın inşa edilməsi ilə onların öz mülkiyyətlərindən məhrum edilməsinə yönəlmiş əməl (hərəkət) mövcuddur, həmin torpaq sahəsinə görə iddiaçılara hər hansı kompensasiya məbləği ödənilmədiyinə görə cavabdehin bu barədə əməli (hərəkəti) hüquqazidd davranış olmuşdur və əməldə cavabdeh orqanın təqsiri aşkar və birmənalıdır.
41. Məhkəmə onu da qeyd edir ki, subyektin əmələ görə məsuliyyət daşıması üçün zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır.
42. Hazırkı işdə də iddiaçıların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən zərərlə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.
43. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
44. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
45. Qeyd edilməlidir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
46. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: - inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); - həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; - inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.
47. Hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan şərtlərin mövcudluğu, yəni iddiaçılara mülkiyyət hüququ üzrə məxsus 1.6 ha torpaq sahəsindən (mülkiyyətlərindən) məhrum edilmələri ilə bağlı cavabdehin qanunsuz hərəkəti və bu hərəkət nəticəsində iddiaçılara maddi ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunur.
48. Yəni, yekunda məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçılar öz mülkiyyətlərindən məhrum edilmişlər və bunun nətiəsində onlara maddi ziyan dəymişdir.
49. İddiaçılar maddi zərərə görə hər iddiaçıya 1.600.000 manat olmaqla, ümumilikdə 4.800.000 manat məbləğin kompensasiya şəklində cavabdehdən alınaraq onlara ödənilməsini tələb edirlər.
50. Məhkəmə iddiaçıların məhrum olduqları 1.6 ha torpaq sahəsinə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və “X3” MMCnin mütəxəssis rəyi ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 1.60 ha (160 sot) torpaq sahəsinin orta bazar qiymətləri ilə təqribi dəyəri 1.920.000,00 (bir milyon doqquz yüz iyirmi min) manat məbləğində müəyyən edilmişdir.
51. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin ictimai maraqlar və ictimai rifah naminə, o cümlədən şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məhrum edilmələrini belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz.
52. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxslərin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onların malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçıların məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
53. Məhkəmə də iddiaçıların torpaq sahəsindən uzun müddət məhrum olmalarını (2012-ci ildən) və torpaq sahəsinin yerləşmə yerini (şəhərin mərkəzi prospekti ilə magistral yolun kəsişməsində yerləşməsini) nəzərə alaraq, həmin məbləği, bazar qiymətinə uyğun və ədalətli hesab edir.
54. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə əsasən, əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir.
55. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia qismən, yəni 1.920.000,00 (bir milyon doqquz yüz iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində təmin edilməlidir.
56. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
57. Beləliklə, iddia qismən əsaslı və qanuni olduğundan qismən təmin edilməlidir.
Nəticəvi hissə:
58. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. Cavabdehndən 1.920.000,00 (bir milyon doqquz yüz iyirmi min) manat məbləğində kompensasiya tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva