Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2773/2025 22.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi və müddətsiz əlillik dərəcəsənin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi və müddətsiz əlillik dərəcəsənin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq hazırlıq icraatı üzrə məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli xxxxxxx0009 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən orqanizm funksiyalarının 50- 70% pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarı qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı diaqnozu əlillik səviyyəsində olduğu halda əlillik dərəcəsini ala bilmir. O qeyd edir ki, özünü uşaq yaşlarından xəstə hesab edir və uşaq vaxtından dəfələrlə stasionar və ambulator müalicələr almış, lakin hələ də sağala bilməmişdir. İddiaçı hal-hazırdada müalicələr alır, hərbi xidmətə getməmiş və yararsız hesab edilmişdir. İddiaçının əlində çoxlu sayda tibbi rəylər vardır. Belə ki, ixtisaslamış tibb müəssələrinin rəylərində qeyd edilmiş (XBT kodları M40 M41,Q67.7 Q76.3,Q76.4 R52.2 və İ34.8) kodlar meyyarın 13.5.1 bəndində olduğu halda, ona əsassız şəkildə imtina verilmiş və bir vətəndaş olaraq hüquqları pozulmuşdur. O, dövlət və özəl xəstəxanalarda dəfələrlə müayinələrdən keçmiş, hal-hazırda müalicələri davam edir. İddiaçı qeyd edir ki, çəkisi 42-43 kq arasında heç zaman artmayıb, özü tələbədir və heç bir yerdə işləmir. xx.xx.2022-xx.xx.2023-cü illər ərzində dövlət tibb müəssisəsi tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspert komissiyasına 4 göndəriş (Forma-088) daxil olmuş və bütün hallarda diaqnostik müayinə nəticələrinin dəqiqləşdirilməsinə və ətraflı qeyd olunmasına zərurət olduqlarını bildirib, natamam doldurulması səbəbindən göndərişlər tibb müəssisəsinə geri qaytarılmışdırlar. İddiaçı bildirir ki, sənədlərin natamam doldurulması kimi hallar onun təqsiri ilə bağlı hal deyil, hər səfərində tibb müəssəsi tərəfindən natamamlıqlar aradan qaldırılmış təkrar forma 88 rəsmiləşdirilmiş, lakin yenə də imtina verilmişdir. İddiaçı qeyd edir ki, müxtəlif vaxtlarda verilmiş forma 88 imtina səbəbləri bir-birinə ziddir, belə ki, 2-ci imtinada rentgen, 3-cü imtinada isə spriometriya müaynəsinin natamam olduğunu bildirmişdir. 3-cü dəfə imtina verildikdən sonra, o, onlayn növbə götürərək agenlikdə xx.xx.2022-ci ildə əyani müayində olmuş və bildirmişlər ki, “diaqnozunuz əlillik meyyarlarına uyğundur, lakin sənədləriniz və müayinələriniz azdır”. İddiaçı agentliyin göndərişi əsasında Respublika Endokrinoloji Mərkəzə və X10 X1 müayinələrdən keçib, tibbi rəylər alıb təkrar agentliyə təqdim etmişdir. İddiaçı 2022-ci ilin dekabrında rəsmi müraciət ünvanlayıraq, onun əyani müayinəsinin nəticəsini bildirilməsini istəmiş, onlar isə iddiaçıya rəsmi cavab göndərmişlər ki, “əyani müayinə üçün ərazi üzrə 17 Saylı TSEK-ə müraiət edin”. İddiaçı isə tələb edərək bildirmişdir ki, o, agentliyin özündə müayinədə olmuş, onun rəsmi cavabını göndərmələrini istəmişdir. Daha sonra agentlik iddiaçının xx.xx.2022-ci ildə agentlikdə olduğunu qeyd etmiş və yenidən forma 88 rəsmiləşdirilməsini bildirmişdir. İddiaçının əlillik vəziyyəti G00093578NHS saylı göndərişə əsasən, xx.xx.2023-cü il tarixdə “Skolioz, onurğanın anadangəlmə aşağı döş, yuxarı bel tipli (Bucaq dərəcəsi döşdə 310 , beldə 450 ) İİİ dərəcəli kifoskaliozu kifoz 610 . Onurğa cisminin patoloji rotasiyası, qabırğa qövsünün deformasiyası ilə” diaqnozu əsasında qiymətləndirilmiş və imtina edilmişdir. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Onurğa sütunu hərəkətliyinin məhdudluğu və statodinamik funksiyanın pozulması dəqiqləşdirilsin. Reabilitasiya tədbirlərini davam etdirmək məsləhət görülür. xx.xx.2023-cü il tarixdə G00093578NHS saylı Formanın qiymətləndirmə nəticəsi etibarsız hesab edilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Bundan sonra cavabdeh orqan iddiaçıya rəsmi olaraq xx.xx.2023-cü il tarixli, 3-17-4\2-C10016\2023 saylı cavab məktubu yollamış və qeyd etmişlər ki, o, xx.xx.2023-cü ildə agentikdə qəbulda olaraq əyani müayinədən keçmiş, buna görə də imtina cavabı verilmişdir. İddiaçı qeyd edir ki, bu belə deyildir. O, hal-hazırda tələbədir və xx.xx.2023-cü il tarixdə BDU-nun Qazax filialında 08:30-dan 13:35 kimi dərsdə iştirak etmiş, bununla bağlı universitetin xx.xx.2023-cü il tarixli, 1313 saylı arayışı da mövcuddur. Bundan sonra o, pozulmuş hüquqlarının bərpası və əlilliyin təyin edilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan öncəki inzibati məhkəmə icraatında cavabdeh orqanın məhkəməyə təqdim etdiyi etiraza və ona göndərilən cavab məktublarına əsasən, xx.xx.2023-cü il tarixdə 6 ay sonra adına əyani müayinə aktı tərtib edilmişdir. İddiaçı qeyd edir ki, bu əlilliyin qiymətləndirilməsi müddəti baxımdan yol verilməzdir və qanunvericilikdə vətəndaşın əlillik vəziyyətinin 6 aya qiymətləndirilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, T573/2023 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmçinin ekspertiza zamanı cavabdeh orqanın nümayəndəsi iştirak etmiş, iddiaçının digər forma 88-də olmayan yanaşı xəstəlikləri ilə bağlı sənədləri qəbul etməmiş, onu tam və hərtərəfli müayinədən keçirərək rəy vermişlər. İddiaçı bildirir ki, ekspertizada cavabdeh orqanın həkimi terapevt olduğu halda, ekspertiza zamanı kardioloqluq etmiş, ona şifahi formada diaqnozlar qoymuş, radioloqluq edərək gözü ilə skaliozun cobb bucağını müəyyən etmişdir. Həmçinin ekspert rəyi ilə onun diaqnozunun öz təsdiqini tapdığı qeyd edilmişdir. Məhkəmə prosesi gedə-gedə iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixində dövlət tibb müəssisəsinin A00140796DQU nömrəli göndərişi əsasında elektron qiymətləndirilmiş və əlillik vəziyyətininin dəqiqləşdirilməsi üçün ərazi üzrə xidmət göstərən tibbi-sosial ekspert komissiyasına müraciət etmək tövsiyə olunmuşdur. Bundan sonra iddiaçının sənədləri götürülmüş, akt tərtib edilərək Mərkəzi TSEK-ə göndərilmiş, lakin “diaqnoz əlillik əlaməti təyin etmir” varədə qərarı verilmişdir. İddiaçının müraciəti əsasında o, xx.xx.2023-cü il tarixində Qazax rayonunda Nazirliyin rəhbər şəxsinin qəbulunda iştirak etmiş, daha sonra xx.xx.2023-cü il tarixində təkrar agentikdə əyani müayinədə iştirak etmişdir. İddiaçı orada bir sıra müayənlərdən keçmiş, həmin müayinələrlə bir daha onun diaqnozları öz təsdiqini tapmışdır. Daha sonra iddiaçının ailə vəziyyəti, səhhəti və tələbə olduğuna görə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məhkəmə işə xitam vermişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 3955/2025 nörməli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktuba əsasən, Qazax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli “FORMA 88” tibbi göndərişinə əsasən İddiaçı barəsində əsas diaqnoz Q76.3 “Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, İİİ dərəcəli torakal kifoz, döş tipli İ dərəcəli skolioz Pectus carinatun-döş qəfəsinin kil vari deformasiyası Daimi agı sindromu ilə (08.09.23 tarixli №**********/7435/2023 saylı AEETOİ-dən verilmiş tibbi rəyə əsasən), ağırlaşma R06.0 “Təngnəfəslik (töyşümə), TƏNGNƏFƏSLİK(töyşümə)”, ağırlaşma Q67.7 “Qayığabənzər döş qəfəsi, Döş qəfəsinin, qabırğa qövsünün deformasiyası”, ağırlaşma R26 “Hərəkətin və yerişin pozulmaları, Onurğanın dayaq hərəkət funksiyasının pozulması”, yanaşı xəstəliklər E44.0 “Orta dərəcəli zülal-enerji çatmamazlığı, Qeyri kafi fiziki inkişafdan qalma. (Boyu-1,62sm, Çəki-42kq, BÇƏ-16)”, yanaşı xəstəliklər R63.0 (Anoreksiya, Qeyri kafi fiziki inkişafdan qalma. (Boyu-1.62sm, Çəki-42kq, BÇƏ-16)”, yanaşı xəstəliklər İ34.8 “Mitral qapağın digər qeyri-revmatik zədələnmələri, Mitral qapaq üzərində 15x10 mm ölçüdə düyün (papilyar fibroelastoma)” qəbul edilmişdir.
4. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023cü il tarixli qərarına əsasən, İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.
5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-197/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, inzibati iş üzrə icraata xitam verilmişdir. (hakim Gülşən Əliyeva)
6. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı qeyd etmişdir ki, iddia ərizəsinin uyğun izahat verərək iddiasının təmin edilməsi məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, atası vəfat etdiyindən, himayəsində yaşlı anası olduğundan və sonuncunun səhhətində olan problemləri səbəbindən o, 2024-cü ilin yanvar ayında iddianı geri götürmək məcburiyyətində qalmışdır.
8. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmsil etdiyi inzibati orqan tərəfindən qəbul edilmiş qərarın qanuni cəhətdən hüquqi əsaslarla qəbul edildiyini və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə icraatı iddiaçının hazırlıq icraatı üzrə məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır.
11. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. İşin müəyyən edilmiş hallarına görə, X3 əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə A00140796DQU nömrəli göndəriş əsasında “Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, İİİ dərəcəli torakal kifoz ,döş tipli İ dərəcəli skolioz .Pectus carinatun -döş qəfəsinin kil vari deformasiyası .Daimi agrı sindromu ilə (08.09.23 tarixli №**********/7435/2023 saylı AEETOİ-dən verilmiş tibbi rəyə əsasən ); Təngnəfəslik (töyşümə), TƏNGNƏFƏSLİK(töyşümə); Qayığabənzər döş qəfəsi, Döş qəfəsinin, qabırğa qövsünün deformasiyası; Hərəkətin və yerişin pozulmaları, Onurğanın dayaq hərəkət funksiyasının pozulması; Orta dərəcəli zülal-enerji çatmamazlığı, Qeyri kafi fiziki inkişafdan qalma. (Boyu-1,62sm, Çəki-42kq, BÇƏ-16); Anoreksiya, Qeyri kafi fiziki inkişafdan qalma. (Boyu-1,62sm, Çəki-42kq, BÇƏ-16); Mitral qapağın digər qeyrirevmatik zədələnmələri, Mitral qapaq üzərində 15x10 mm ölçüdə düyün (papilyar fibroelastoma) diaqnozları üzrə qiymətləndirilmiş və diaqnuz əlillik əlamətinin təyin edilməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçının əlilliyin təyin edilməsi barədə ərizəsi xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuş, lakin daha sonra iddiaçı tərəfindən verilən ərizəyə əsasən Gəncə İnzibati Məhkəməsin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla inzibati iş üzrə icraata xitam verilmişdir.
13. İddiaçının hazırkı tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli xxxxxxx0009 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən orqanizm funksiyalarının 50- 70% pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir və həmin tələb İPM-in 2.2.2-ci maddəsində təsbit olunmuş məcburetmə haqqında iddia növünə aiddir.
14. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
16. Sadalanan normalardan göründüyü kimi, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3) iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4) iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri).
17. İstənilən növ iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə isə iddiaçının ona əlillik dərəcəsinin təyin edilməsi barədə əlverişli inzibati aktın qəbul edilməsi barədə iddiası məcburetmə haqqında iddia növünə aid olmaqla, bu iddianın mümkün sayılması üçün müddətə dair xüsusi mümkünlük şərti ödənilmir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maaddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
19. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatəti məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2773/2025 nömrəli qərardadı ilə təmin edilməmişdir. Belə olan halda iddianının mümkünlük şərtlərindən olan müddət bərpa edilmədiyindən iddia mümkün sayılmamalıdır.
20. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.
22. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli xxxxxxx0009 nömrəli qərarın ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən orqanizm funksiyalarının 50- 70% pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov