Məhkəmə qərarları › İş №e-2-1(114)-2797/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-2797/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2797/2022 15.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sənəd üzrə ölçüsünün dəyişdirilməsi və yeni çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətdə olan torpaq sahəsinin sənəd üzrə olan hissəsinin dəyişdirilərək 0.25 ha göstərilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 20 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən, ümumi sahəsi 266,8 kvm olan fərdi yaşayış evi vərəsəlik şəhadətnaməsi və bağışlama müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Çıxarışda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü xüsusi, torpaq sahəsi üzərində hüququn növü mülkiyyət, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsinin torpaqları kimi göstərilməklə torpaq sahəsinin ölçüsü səhvən 0,1828 ha göstərilmişdir. Belə ki, Qazax rayon dövlət arxivinin verdiyi 23 iyun 2021-ci il tarixli 181 nömrəli arayışa əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısının İkinci Şıxlı kənd icra nümayəndəliyi üzrə 1996-2000-ci illərə aid 08 saylı təsərrüfatbaşına kitabın 100-cü səhifəsində İddiaçı mərhum anası X1 təsərrüfatında 0,25 ha torpaq sahəsi, ümumi sahəsi 138 kvm, o cümlədən yaşayış sahəsi 96 kvm olan ev mövcud olmuşdur. Lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi tərəfindən 10 mart 2006-cı il tarixdə tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 565F nömrəli şəhadətnamədə torpaq sahəsinin ölçüsü texniki səhv olaraq 0,1828 ha göstərilmişdir. Halbuki, 50 ildən artıqdır ki, iddiaçının validyenləri və onların ailə üzvləri, o cümlədən iddiaçının özü qeyd olunan 0,25 ha torpaq sahəsinə faktiki mülkiyyətçi hüququ ilə fasiləsiz, etirazsız və vicdanla sahiblik edir. 01 iyul 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət olunaraq dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvi aradan qaldıraraq, 20 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında iddiaçının mülkiyyətində olan, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə olan hissəsinin dəyişdirilərək 0.25 ha göstərilməsi xahiş olunsa da, cavabdeh bundan imtina etmişdir. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, Qazax Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mərhum X1 və ailə üzvlərinin mülkiyyətinə 0.1828 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin qərara əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aidiyyəti qurumları tərəfindən xx.xx.2006-cı il tarixdə “torpağın mülkiyyətə verilməsinə dair” JN-565F nömrəli şəhadətnamə tərtib edilmişdir. Torpaq islahatını X6 Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, surəti işə əlavə edilmiş:- -Qazax rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 181 nömrəli arxiv arayışından görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının İkinci Şıxlı kənd icra nümayəndəliyi üzrə 1996-2000-ci illərə aid 08 saylı təsərrüfatbaşına kitabın 100-cü səhifəsində X1 təsərrüfatında 0,25 ha torpaq sahəsi və ümumi sahəsi 138 kv.m, o cümlədən yaşayış sahəsi 96 kv.m olan ev mövcud olmuşdur. -********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində 0.1828 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Qazax rayonu, İkinci Şıxlı kəndi üzrə torpaq payı alacaq subyektlərin adlı siyahısından görünür ki, X1 və qeyrilərinin qanuni istifadəsində 0,25 ha həyətyanı torpaq sahəsi göstərilsə də onlara 0,1828 ha torpaq payı verilmişdir. İş üzrə müəyyən edilmiş hallardan və tədqiq edilmiş sənədlərdən görünür ki, islahat zamanı vətəndaşlara torpaq sahəsi paylanarkən iddiaçının mərhum valideyni X2 və ailə üzvlərinə müvafiq komissiya tərəfindən torpaq sahəsi əskik verilmiş və həmin sahə sonuncular tərəfindən iddiaçıya bağışlanmışdır. Göründüyü kimi islahatın torpaq payı alacaq subyekti kimi M.Əhmədova və qeyriləri olmuşlar, onlar isə bu məsələni mübahisələndirməmişlər. Odur ki, iddiaçının AİK-nın torpaq payının həcmi ilə bağlı qərarını və hərəkətlərini mübahisələndirmək hüququ istisna olunur. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Həmin Məcəllənin 1154-cü maddəsinə əsasən miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Odur ki, işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sənəd üzrə ölçüsünün dəyişdirilməsi və yeni çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar