Məhkəmə qərarları › İş №e-2-1(114)-2803/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-2803/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2803/2023 11.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı müvafiq rəyin verilməsi ilə bağlı müraciətə cavab verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin hüdudlarında hündürlüyü 2.20 metr olacaq daş hasarın tikintisi üçün müvafiq rəyin verilməsi ilə bağlı etdiyi müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. “Hüquqların dövlət qeydiyyatı haqqında” xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə A№ 39412 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

2. X4 xx.xx.2023-cü il tarixdə AR-İİ№ 919258 saylı etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq əmlakı ilə əlaqədar bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, notariat ofislərində, ƏMDK-si yanında DƏDRX-nin ərazi idarələrində, icra orqanlarında, arxiv idarələrində, “Asan xidmət” mərkəzlərində, Ədliyyə Nazirliyi və digər nazirliklərdə, İcra və Probasiya şöbəsində, İcra Hakimiyyətində onu təmsil etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, zəruri sənədləri imza etməyi, bütün əsaslar üzrə ona çatası əmlakı, eləcə də sənədləri almağı, zəruri arayış və sənədləri toplamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan ona çatası sənədləri, arayışları, istənilən sənədin dublikatını almağı, adından istənilən ərizə, ləğv ərizəsi verməyi, lazımi sənədləri imzalamağı, dövlət rüsumlarını ödəməyi, sənədləri təqdim etməyi, vəkillə adından müqavilə bağlamağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, hüquq-mühafizə, prokurorluq orqanlarında, polis idarələrində onun adından ərizə verməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi 1 il müddətinə İddiaçı etibar etmişdir.

3. İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixdə müraciət edərək, etibarnamə ilə üzərində sərəncam vermək hüququ ona məxsus olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin hüdudlarında hündürlüyü 2.20 metr olacaq daş hasarın tikintisini planlaşdırdığını bildirməklə, aparacağı tikinti ilə bağlı rəsmi rəy verilməsini xahiş etmiş, Gəncə ŞİH xx.xx.2023-cü il tarixli cavab məktubunda Memarlıq və tikinti şöbəsinin əməkdaşlarının sözügedən ünvanda olduğu, qeyd olunan torpaq sahəsinin M.A.Abbaszadə küçəsində yerləşən “Alban kilsəsi”nin (hazırda X3 kamera zalı kimi istifadə olunur) mühafizə zolağında yerləşdiyinin məlum olduğu, buna görə də ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsinə hasar çəkilməsinə icazə verilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müvafiq rəyini Memarlıq və tikinti şöbəsinə təqdim etdikdən sonra müraciətinə baxıla biləcəyi bildirilmişdir.

4. İddiaçı ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin hüdudlarında hündürlüyü 2.20 metr olacaq daş hasarın tikintisi üçün müvafiq rəyin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə email vasitəsilə məktub ünvanlayaraq müraciət etmiş, lakin müraciətə cavab verilməsi müəyyən edilmir.

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin hüdudlarında hündürlüyü 2.20 metr olacaq daş hasarın tikintisi üçün müvafiq rəyin verilməsi ilə bağlı etdiyi müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, etibarnamə ilə üzərində sərəncam vermək hüququ ona məxsus olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin hüdudlarında hündürlüyü 2.20 metr olacaq daş hasarın tikintisi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətinə cavab olaraq torpağın “Alban Kilsəsi” tarixi abidəsinin mühafizə zolağına düşməsi ilə əlaqədar olaraq Azərbaycan Respulikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müvafiq rəyini Memarlıq və Tikinti şöbəsinə təqdim etdikdən sonra müraciətinə yenidən baxılacağı ilə bağlı cavab almışdır. Həmin cavaba istinad edərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X7, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yazaraq həmin ərazidə olan xüsusi torpağın hüdudlarında daş hasarın tikintisi üçün rəyi ona təqdim etməyini xahiş etsə də, bu günə qədər onun müraciətinə mahiyyəti üzrə cavab verilməmiş, müvafiq rəy ona təqdim edilməmişdir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

9. Belə ki, iş materiallarından görünür ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə A№ 39412 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X4 xx.xx.2023-cü il tarixdə AR-İİ№ 919258 saylı etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq əmlakı ilə əlaqədar bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda,... onu təmsil etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, zəruri sənədləri imza etməyi,..., bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi 1 il müddətinə İddiaçı etibar etmişdir.

10. İddiaçı iddia tələbində ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində etibarnamə ilə sərəncam vermək hüququnun ona məxsus olduğunu əsas gətirməklə, həmin torpağın hüdudlarında hündürlüyü 2.20 metr olacaq daş hasarın tikintisi üçün müvafiq rəyin verilməsini cavabdeh orqandan xahiş edir.

11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

12. Bu baxımdan iddianın məhkəmə təərfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən irəli gəlməsi, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.

13. Bundan əlavə, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

14. Hazırkı iş materiallarından göründüyü kimi, İddiaçı mübahisə pedmeti olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil və sözügedən torpaq sahəsi hazırda X1 xüsusi mülkiyyətindədir. İddiaçı iddia tələbində X1 ona verdiyi etibarnaməyə istinadla sonuncunun mülkiyyətində olan sözügedən torpaq sahəsinin ona aid olmasını əsas gətirməklə, həmin torpaq sahəsinin hüdudlarında hündürlüyü 2.20 metr olacaq daş hasarın tikintisi üçün müvafiq rəyin verilməsi ilə bağlı etdiyi müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

15. Hansı ki, prosessual qanunvericilik şəxsin etibarnamə əsasında etibar edənin adından iddia qaldırmağı, məhkəməyə müraciət etməsini istisna etmir, İPM-in 31-ci və MPM-in 74-cü maddələrində nəzərdə tutulmuş hallarda və qaydada buna icazə verir, lakin bu zaman tələb hüququ etibar edənə məxsus olduğu üçün tələb də onunla bağlı olmalıdır.

16. Hazırkı işdə isə iddia ərizəsində sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ X2 məxsus olsa da, İddiaçı iddianı öz adından qaldırmış və torpağın etibarnaməyə əsasən ona aid olduğunu bildirməklə, həmin torpaq sahəsinin hüdudlarında hündürlüyü 2.20 metr olacaq daş hasarın tikintisi üçün müvafiq rəyin verilməsi ilə bağlı etdiyi müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir ki, bu halda onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

17. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal eilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

18. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur.

19. Belə ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

20. Yəni, hazırkı işdə iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın ona dair müvafiq rəyin verilməməsi nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

21. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

22. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

23. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsinə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən və ona yalnız daşınmaz əmlakla bağlı müəyyən səlahiyyətlər mülkiyyətçi tərəfindən etibar edildiyindən o, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar