Məhkəmə qərarları › İş №e-2-1(114)-2850/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-2850/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-2850/2024 16.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Əliyeva Leyla Kamil qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Tovuz rayonu, Azaflı kəndində yerləşən onun atası X2 0,80 ha zəbt kimi qeyd edildiyi, 1981-ci ildə tikilmiş fərdi yaşayış evinin təsdiqlənmiş surətini əlavə etdiyi 340 qeydiyyat 503-2/4 inventar nömrəli texniki pasportda və arxiv arayışlarında qeyd olunan 0,3598 ha tərtib edilmə əsası texniki pasport olmaqla vahid konturda həmin ərazidə oğlu X1 adına ayrıca təsərrüfata ayrılmış və sonuncu istifadəçi kimi daimi onun atasının və ailə üzvlərinin istifadəsində olmuş ümumilikdə 0,67 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyət kimi atası X2 adına, digər zəbt torpaqlarının 1982-ci ildən bu tərəfə onun atasının və torpaq islahatı zamanı pay torpağı almaq hüququ olmuş ailə üzvü olan anasının X3 hüquqlarının qeydiyyata alınması, sovxoz kolxozların əmlakından çıxılmış eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə uyğun onun atasının və ailə üzvünün uzun müddət istifadəsində olmuş torpaq sahəsinin Daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə iddiaçıya xx.xx.2024-cü il tarixli sərəncam göndərilərək, iddia tələbinin aydın olmadığı və iş materiallarına əlavə edilmiş JN-231, KOD 50302018 nömrəli Dövlət Aktında torpaq sahələri onunla yanaşı ailə üzvləri X2, X3, X4, X5. X6 mülkiyyətinə verildiyindən hazırkı iddianı təkbaşına deyil, digər mülkiyyətçilərlə (ölmüş mülkiyyətçilərin qanuni vərəsələri) ilə birgə qaldırmalı olduğu bildirilərək, buna görə də iddianı birgə qaldırmaqla, birgə iddiaçılar kimi çıxış etdikləri dəqiqləşdirilmiş iddia ərizəsinin və birgə cavabdeh orqana (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə ) müraciət edərək aldığı imtina məktubunu 10 iyun 2024-cü il tarixədək məhkəməyə təqdim edilməsi təklif edilərək yuxarıda qeyd edilən hal ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçının nümayəndəsi tərəfindən sərəncama əməl edilməmiş, xətalar və çatışmazlıqlar aradan qaldırmamışdır. İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Göründüyü kimi, iddiaçının ərizəsi İPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Məhkəmə tərəfindən ona edilən yardıma baxmayaraq iddiaçı tərəfindən məhkəmənin göstərişləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “Tovuz rayonu, Azaflı kəndində yerləşən onun atası X2 0,80 ha zəbt kimi qeyd edildiyi, 1981-ci ildə tikilmiş fərdi yaşayış evinin təsdiqlənmiş surətini əlavə etdiyi 340 qeydiyyat 503-2/4 inventar nömrəli texniki pasportda və arxiv arayışlarında qeyd olunan 0,3598 ha tərtib edilmə əsası texniki pasport olmaqla vahid konturda həmin ərazidə oğlu X1 adına ayrıca təsərrüfata ayrılmış və sonuncu istifadəçi kimi daimi onun atasının və ailə üzvlərinin istifadəsində olmuş ümumilikdə 0,67 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyət kimi atası X2 adına, digər zəbt torpaqlarının 1982-ci ildən bu tərəfə onun atasının və torpaq islahatı zamanı pay torpağı almaq hüququ olmuş ailə üzvü olan anasının X3 hüquqlarının qeydiyyata alınması, sovxoz kolxozların əmlakından çıxılmış eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə uyğun onun atasının və ailə üzvünün uzun müddət istifadəsində olmuş torpaq sahəsinin Daşınmaz Əmlakın Reyestr Xidmətində qeydiyyata alınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar