Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2898/2024 27.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı cavabdehin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 778,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1200 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh xx.xx.2018-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır.
2. Vergi ödəyicisi olan cavabdeh müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024-cü il tarixə ümumilikdə 997,96 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 317,50 manat, faizlər üzrə 680,46 manat məbləğində borcu yaranmış və həmin borcun 5 gün müddətində ödənilməsi tələbi ilə cavabdehə bildiriş göndərilmişdir.
3. Yaranmış borcun tam şəkildə və vaxtında ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən öhdəliklərin təmini üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli ********** nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında xx.xx.2024-cü il tarixli ********** nömrəli protokolla ünvan 1 ünvanında yerləşən Həzi kişi geyimləri mağazasında cavabdehə məxsus – qiyməti 1200 manat olan 1 ədəd Türkiyə istehsalı “Vestel” markalı kondisioner siyahıya alınmışdır.
4. Əmlakların siyahıya alınması həyata keçirilən zaman cavabdeh yazılı izahat verərək, siyahıya alınmış əmlakların həqiqətən ona məxsus olduğunu bildirmişdir.
5. Siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehə təhvil verilmiş və o, protokolu, müvafiq aktı imzalamışdır.
6. Cavabdehin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcundan xx.xx.2024cü il tarixə ödənilməmiş 778,96 manat məbləğində borcu qalmışdır. II. Məhkəmədə icraat
7. İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 778,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1200 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi sığorta öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin Dövlət Sosial Müdafiə Fonduna yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III.İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
11. Belə ki, Vergi Məcəlləsinə müddəalarına müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının vəzifələrinə aid edildiyindən və cavabdeh vergi ödəyicisi kimi iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olduğundan iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
12. İddia düzgün cavabdehə verilmiş, iddianın ərazi və məhkəmə aidiyyatı düzgün müəyyən edilmişdir. Cavabdeh rəsmi qeydiyyat ünvanının olduğu Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
15. Elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdehə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.
16. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişlər və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
17. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş; - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli ********** nömrəli qərarı; - Əmlakın siyahıya alınması haqqında xx.xx.2024-ci il tarixli ********** nömrəli protokol; - Siyahıya alınmış daşınar əmlakların məxsusluğu barədə cavabdehin izahatı; - Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt; - Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq məktubu; - Cavabdehin şəxsi hesab vərəqəsi; - Vergi ödəyicisi haqqında elektron məlumat.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
21. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9- 1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
22. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər.
23. İş materiallarından müəyyən edildiyi kimi, cavabdehin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcundan ödənilməmiş 778,96 manat borcu qalmış və görülmüş tədbirlərə baxmayaraq həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, sığorta haqlarının ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan 778,96 manat məbləğində borcun ödənilməsi məqsədilə iddia tələbi təmin edilməli və cavabdehə məxsus qiyməti 1200 manat olan 1 ədəd Türkiyə istehsalı “Vestel” markalı kondisioner ticarət şəbəkələrində satılmalıdır.
24. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 778,96 (yeddi yüz yetmiş səkkiz manat doxsan altı qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus 1200 ( bir min iki yüz) manat olan 1 ədəd Türkiyə istehsalı “Vestel” markalı kondisioner ticarət şəbəkələrində satılsın. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva