Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-3005/2024 02.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vərəsəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə mərhum həyat yoldaşı X1 fərdi yaşayış evinin tikintisi üçün verilmiş hazırkı ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-3005/2024 nörməli qərardadı ilə iddia tələbi “Göygöl şəhəri, Vidadi küçəsi, 75 üvnanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüququn mərhum həyat yoldaşı X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə bildirişinə əsasən, həmin bildiriş İddiaçı və onun nümayəndəsi-vəkil Nümayəndə ünvanlanaraq işin hazırlıq icraatı üzrə məhkəmə iclasının 19 iyul 2024-cü il tarixə, saat 11:30-a təyin edildiyi qeyd edilmişdir. İddiaçının nümayəndəsi-vəkil Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilmiş, hazırlıq iclasının iddiaçının və onun iştirakı olmadan keçirilməsi, bu mümkün olmadıqda isə təxirə salınması xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə bildirişinə əsasən, işin hazırlıq icraatı üzrə məhkəmə iclasının 26 avqust 2024-cü il tarixə, saat 14:10-a təyin edildiyi qeyd edilmiş, göstərilən tarixdə məhkəmə iclasında mütləq iştirak etmələri, tələblərini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmələri tələb olunmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə bildirişinə əsasən, işin hazırlıq icraatı üzrə məhkəmə iclasının 13 sentyabr 2024-cü il tarixə, saat 15:30-a təyin edildiyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə bildirişinə əsasən, həmin bildiriş İddiaçı və onun nümayəndəsi-vəkil Nümayəndə ünvanlanaraq işin hazırlıq icraatı üzrə məhkəmə iclasının 02 oktyabr 2024-cü il tarixə, saat 17:00-a təyin edildiyi qeyd edilmiş, göstərilən tarixdə məhkəmə iclasında iştirak etmələri tələb olunmuş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin tələbləri izah edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 55. İddiadan imtina edilməsi 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı İPM-in 55.5-ci maddəsinin müddəalarına görə, məhkəmə icraata xitam verilməsi haqqında qərardadın qəbul edilməsindən öncə iddianın geri götürülmüş sayılması barədə qənaətə gəlməlidir. Bu İPM-in 55.3-cü maddəsinin məzmununa görə qərardadla rəsmiləşdirilməlidir. İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə icraat materiallarını nəzərdən keçirib hesab edir ki, iddia geri götürülmüş sayılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, inzibati prosesual qanunvericiliyə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Bu zaman məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Digər tərəfdən belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Belə ki, məhkəmə iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməli, tələbin məhz məhkəmə tərəfindən irəli sürüldüyü aşkar bilinməli, tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalı, tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş iddiaya əsasən işin hazırlıq icraatı üzrə məhkəmə iclası 19 iyul 2024-cü il tarixə təyin edilmiş, iddiaçı və nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi-vəkil Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq hazırlıq iclasının iddiaçının və onun iştirakı olmadan keçirilməsini, bu mümkün olmadıqda isə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin hazırlıq icraatı üzrə məhkəmə iclası 26 avqust 2024-cü il tarixə təxirə salınmış, məhkəmə bildirişi göndərilərək, iddiaçı və ya nümayəndəsinin məhkəmə iclasında mütləq iştirak etmələri, tələblərini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmələri tələb olunmuşdur. Lakin qeyd olunan məhkəmə iclasında da nə iddiaçı, nə də nümayəndəsi iştirak etməmişdir. Daha sonra işin hazırlıq icraatı üzrə məhkəmə iclası yenidən 13 sentyabr 2024-cü il tarixə təxirə salınmış, lakin iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə tərəfindən işin hazırlıq icraatı üzrə məhkəmə iclası 02 oktyabr 2024-cü il tarixə təxirə salınmış, məhkəmə bildirişi göndərilməklə, iddiaçı və nümayəndəsindən məhkəmə iclasında iştirak etmələri tələb olunmuş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin tələbləri izah edilmişdir. Lakin yenə də iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Qeyd olunan məhkəmə iclasları ilə bağlı müvafiq olaraq məhkəmə bildirişləri iddiaçıya poçt vasitəsilə göndərilmiş, iddiaçının nümayəndəsinin isə “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmiş, həmin məhkəmə bildirişlərinin iddiaçıya və onun nümayəndəsinə çatmasını təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, iddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. İddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi deməkdir. İş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçı və ya onun nümayəndəsinin məhkəmə iclasında iştirak etmələri, tələblərini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmələri tələb edilməsinə, eyni zamanda məhkəmənin tələbinin yerinə yetirilməməsinin hüquqi nəticələrinin izah edilməsinə baxmayaq iddiaçı və onun nümayəndəsi tərəfindən məhkəmənin tələbi yerinə yetirilməmişdir. İddiaçı və onun nümayəndəsinin icraatdan yayınmasında ifadə olunan bu davranışına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı iş üzrə icraatın davam etdirilməsinə marağı itmişdir. Ona görə də iddia geri götürülmüş sayılmalıdır. Belə olduqda, iddianın geri götürülmüş sayılması İPM-in 55.3-cü və 55.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi ilə nəticələnməlidir. İPM-in 55.4-cü maddəsində iddiadan imtina edilməsinin hüquqi nəticələri (iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir) göstərilsə də, iddianın geri götürülmüş sayılmasının hüquqi nəticələri göstərilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia geri götürülmüş sayılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, inzibati iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçıya izah edilir ki, iddianın geri götürülüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 81.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia geri götürülmüş sayılsın. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vərəsəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №e-2-1(114)-3005/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-3005/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver