Məhkəmə qərarları › İş №e-2-1(114)-3009/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-3009/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-3009/2023 24.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Maraqlı şəxs) çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. X1 xx.xx.2020-ci il tarixli 15 saylı razılıq qərarı və Şəmkir rayon Kooperativ Cəmiyyəti İttifaqı İdarə Heyətinin xx.xx.2020-ci il tarixli 04 nömrəli iclas protokolu əsasında ünvan 1 ünvanında yerləşən 163.7 kv.m mağaza binasının payçı Maraqlı şəxs satılması qərara alınmışdır.

2. Daha sonra Şəmkir rayon Kooperativ Cəmiyyətləri İttifaqı sözügedən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldıraraq xx.xx.2021-ci il tarixli **********46-06301 reyestr nömrəli çıxarış almış və payçı Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixli 4Ə-1677 reyestr nömrəli alğı-satqı müqaviləsi bağlayaraq, sözügedən mağaza binasını 1000 manata sonuncuya satmışdır.

3. Bundan sonra ünvan 1 ünvanında 0.0176 ha dövlət mülkiyyətində yerləşən 163.7 kv.m sahədən ibarət mağaza binası üzərində Maraqlı şəxs mülkiyyət hüququ qeydə alınmaqla, ona bu barədə xx.xx.2021-ci il tarixli **********46-06301-nömrəli çıxarış verilmişdir.

4. "xxxx" QSC-nin İnfrastruktur Departamenti Yol Xidmətinin 7 nömrəli Ağstafa yol sahəsinin rəis müavini Q.Cəfərov, SƏTƏM üzrə mütəxəsisis A.Cəfərov, 9 nömrəli Zəyəm məntəqəsinin yol ustası əvəzi V.Quliyev tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, yol sahəsinin xidməti ərazisi olan Zəyəm stansiyası 409 km PK3-də İV yan yolun kənarında tikilən, uzunluğu 15.8 m, eni 11.2 m ola qeyri-qanuni tikili dəmir yolunun sağ tərəfində yerləşir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 137 nömrəli sərəncamı əsasında həmin tarixdə Xidmət ilə Maraqlı şəxs arasında hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 781 nömrəli icarə müqaviləsi bağlanmış və Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 176 kv.m torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. II. Məhkəmədə icraat

6. İddiaçı "xxxx" QSC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163.70 kv.m olan qeyriyaşayış binasının Maraqlı şəxs mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) tərəfindən dəmir yollarının mühafizə zonasında qanunsuz tikintinin qarşısının alınması məqsədi ilə keçirilən tədbirlər çərçivəsində Şəmkir rayonu ərazisində ADY-nin Zəyəm stansiyasının ərazisində 3-cü km PK3-də (keçmiş 136-cı km PK4) 4-cü yan yolun kənarında dəmir yolunun təhkim zolağından 20 metr məsafədə qanunsuz tikintinin aparıldığı müəyyən edilmişdir (həmin ərazidə dəmir yolunun mühafizə zolağı 51,2 metr təşkil edir). Araşdırma zamanı həmin qeyri-yaşayış binasına dair Maraqlı şəxs verilmiş mülkiyyət hüququnu təsdiq xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli (**********46-06301 reyestr nömrəli) çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.70 kv.m olan qeyri-yaşayış binası Maraqlı şəxs xüsusi mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazi dəmir yolunun mühafizə zolağıdır və həmin ərazinin xüsusi mülkiyyətə verilməsi qanunsuzdur. Bu səbəbdən həmin dövlət reyestrindən çıxarış ləğv olunmalıdır. Qanunvericilikdə nəqliyyat təyinatlı torpaqların xüsusi mülkiyyətə keçməsinə icazə verilməmiş, həmin torpaqlarla bağlı yalnız məhdud qaydada icarə münasibətlərinə hüquqlar verilmişdir. Mübahisəli qeyri-yaşayış binası ADY tərəfindən Maraqlı şəxs istifadə və ya icarəsinə verilməmişdir. Belə olan halda Zəyəm stansiyasının ərazisində 409-cu km PK3-də (keçmiş 136-cı km PK4) 4-cü yan yolun kənarında dəmir olunun təhkim zolağından 20 metr məsafədə yerləşən qeyri-yaşayış binasının xüsusi mülkiyyətə verilməsi qanunsuzdur və həmin qanunsuz verilmiş dövlət reyestrindən çıxarış ləğv olunmalıdır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində kinzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir.

11. İddiaçının nümayəndəsi Emin Mursaqulov məhkəməyə ərizə ünvanlayaraq, Bakı şəhərində olacaq çoxsaylı məhkəmə iclasları ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bidirərərək, iclasın təxirə salınmasını xahiş etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, habelə üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

12. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Kooperativ Cəmiyyəti İttifaqı İdarə Heyətinin xx.xx.2020-ci il tarixli 04 nömrəli protokolu əsasında ünvan 1 ünvanında yerləşən 163.7 kv.m mağaza binasının payçı Maraqlı şəxs satılması qərara alınmışdır. Bunu əsas tutaraq Şəmkir rayon Kooperativ Cəmiyyətləri İttifaqı sözügedən əmlak üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldıraraq xx.xx.2021-ci il tarixli **********46-06301 reyestr nömrəli çıxarış almışdır. Şəmkir rayon Kooperativ Cəmiyyəti İttifaqı ilə payçı Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixli 4Ə-1677 reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanmış və burun əsasında Maraqlı şəxs adına xx.xx.2021-ci il tarixli **********46-06301nömrəli çıxarış verilmişdir. Maraqlı şəxs verilmiş çıxarış qanunvericiliyin tələblərinə uyğun verilmişdir.

13. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı və ya mülahizəsi məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:

14. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

16. İddia ərizəsindən məlum olur ki, iddiaçı tələbində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163.70 kv.m olan qeyri-yaşayış binasının Maraqlı şəxs mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etmişdir.

17. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

19. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır.

20. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir.

21. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

22. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı).

23. Alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair çıxarışın ləğvi ilə bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Həmin qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı müqaviləsi) əsasında aparıldığı üçün bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

26. Göründüyü kimi, reyestrdə aparılmış qeydin mübahisələndirilməsi o zaman inzibati məhkəmədə mümkündür ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparılmış və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etmiş olsun, və yaxud reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparıldığ zaman, yəni inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olmuş olsun.

27. Beləliklə, hazırkı işdə isə iddiaçının ləğv edilməsini xahiş etdiyi çıxarış mülkihüquqi əqd olan alğı-satqı müqaviləsi əsasında verildiyindən, həm alqı-satqı müqaviləsinin və həm də müqavilə əsasında verilmiş çıxarışın (reyestrdə aparılmış qeydiyyatın) ləğvi tələbinə dair işin məhkəmə aidiyyatı mülki məhkəmə icraatı qaydasında baxan rayon (şəhər) məhkəməsinə aiddir.

28. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.

29. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.

30. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Maraqlı şəxs) qarşı çıxarışın ləğv edilməsi barədə iddia tələbi mümkün sayılmamalıdır. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar