Məhkəmə qərarları › İş №e-2-1(114)-3038/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-3038/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-3038/2025 18.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması və bu barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və xx.xx.2024-cü il tarixli icarə müqaviləsi əsasında İddiaçı MMC-nin istifadəsində olan əmlak kompleksi kimi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması və bu barədə vergi ödəyicisinə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı inzibati iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Hazırkı iş üzrə cavabdeh orqan Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 15 ünvanında yerləşir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.5-ci maddəsinə görə, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinə əsasən, inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə- Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarının 15.1-ci bəndində görə, Bakı şəhəri, Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia - öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2ci maddəsinin tələbinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilən müddəalarla müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hesab edir ki, hazırkı işin ərazi aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin tələbinə əsasən, inzibati orqanın yerləşdiyi yerə görə müəyyən edilməlidir. Belə ki, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi Bakı şəhərində yerləşir və həmin inzibati orqan müəyyən inzibati ərazilərdə vergi nəzarətini həyata keçirir. Başqa sözlə qeyd olunan İdarə səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan deyil. Bakı şəhəri isə Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan inzibati ərazi vahididir. Odur ki, hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması və bu barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aiddiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 8.1.2, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması və bu barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar