Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3074/2023 14.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ödənilməyən pensiya məbləğinin ödənilməsi və artıq tutulmuş pul məbləğinin geri qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ödənilməyən pensiya məbləğinin ödənilməsi və artıq tutulmuş pul məbləğinin geri qaytarılması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-7766/2023 nömrəli qərara əsasən İddiaçı pensiyası yenidən hesablanmış və xx.xx.2023-cü il tarixdən 2504,85 manat məbləğində müəyyən edilmişdir.
3. X5 Sistemindən çıxarış edilmiş ödəniş tarixçəsi və iddiaçının bank hesabından çıxarışdan görünür ki, İddiaçı 2022-ci ilin noyabr və dekabr ayları üzrə 2367,47 manat məbləğində, 2023-cü ilin yanvar ayında 2384,13 manat məbləğində, 2023-cü ilin fevral ayında 3085,07 manat (2734,6 manat + keçmiş dövr üçün ödənilən 350,47 manat) məbləğində, 2023-cü ilin mart və aprel aylarında 2254,36 manat məbləğində pensiya ödənilmiş, habelə 2023-cü ilin mart və aprel aylarında hər ay 250,49 manat məbləğində (cəmi 511,98 manat) tutma aparılmışdır.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 15(114)-93/2023 nömrəli qərardadı ilə ərizəçi İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və digər iddia tələblərinə dair 2-1(114)- 3074/2023 nömrəli inzibati mübahisə üzrə yekun qərar qəbul edilənədək İddiaçı əmək pensiyasından aylıq olaraq tutulmaların aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilməsi qərara alınmışdır.
5. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-119211/2023 nömrəli məktubda bildirilmişdir ki, ona xx.xx.2006-cı il tarixindən Fondun Gəncə şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, aparılmış araşdırma zamanı xx.xx.2013-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığın 18297,36 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 18297,36 manat sığorta kapitalı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (18297,36:72 ay (144 ay - 72 ay)=254,30 manat) əmək pensiyasının (762,42 manat) üzərinə əlavə edilərək 1016,72 manat (762,42+254,30) (xx.xx.2019-cu il tarixinədək indeksləşdirilməklə 1350,75 manat) ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 27301,68 manat sığorta kapitalı 72 aya bölünərək (27301,68/72=379,19 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə ona 1141,61 manat (762,42+379,19) (xx.xx.2019-cu il tarixinədək indeksləşdirilməklə 1505,12 manat) artıq əmək pensiyası ödənilmişdir. Bundan başqa, araşdırma zamanı xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 18923,04 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 18923,04 manat sığorta kapitalı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə (18923,04/72=262,82 manat) əmək pensiyası (1350,75 manat) üzərinə əlavə edilərək 1613,57 manat (262,82+1350,75) ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 18546,48 manat sığorta kapitalı 72 aya bölünərək (18546,48/72=257,59 manat) düzgün olmayan əmək pensiyasının (1505,12 manat) üzərinə əlavə edilməklə 1762,71 manat (1505,12+257,59) ona artıq əmək pensiyası ödənilmişdir. Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, yuxarıda göstərilən maddənin də tələbləri nəzərə alınaraq, ona 6011,52 manat məbləğində artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 6011,52 manat pul vəsaiti cari ilin mart ayından etibarən hər ay hissə-hissə (250,49 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilir ki, "Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 2183,83 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 2504,85 manat təşkil edir.
6. X5 Sistemindən xx.xx.2023-cü il tarixə çıxarış edilmiş ödəniş tarixçəsindən görünür ki, 2023-cü ilin mart-iyun ayları üzrə iddiaçıya 2254,36 manat məbləğində pensiya ödənilmiş və həmin müddət üçün hər ay 250,49 manat məbləğində (cəmi 1012,95 manat) tutma aparılmışdır. 2023-cü ilin iyul-oktyabr ayları üzrə isə iddiaçıya 2504,85 manat məbləğində pensiya ödənilmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şətlərlə Təyinat üzrə Mərkəzi Filialının ona təyin edilmiş pensiya məbləğinin azaldılması və pensiya məbləğindən tutulmalar edilməsinə dair qərarının ləğv edilməsi, ona hesablanmış təqaüdün əvvəlki məbləğdə ödənilməsi, habelə buna müvafiq ödənilməyən pensiya məbləğinin əlavə olaraq verilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 2023-cü ilin mart ayından ona məxsus pensiya məbləğindən “artıq ödəmə” kimi tutduğu vəsaitin (aylıq 250,60 manat) həmin qurumdan alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə aviasiya sahəsində başlamış, müxtəlif vəzifələrdə çalışmış və hazırda da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Keyfiyyətə nəzarət üzrə mühəndis (planer və mühərriklər) vəzifəsində əmək fəaliyyətini davam etdirir. Qeyd etmək istəyir ki, aviasiya sahəsində iş fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq xx.xx.2006-ci il tarixdən DSMF-nin Gəncə Kəpəz şöbəsi tərəfindən ona güzəştli şərtlərlə ilk pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq 2020ci ildən bəri hər il təyin edilən pensiyanın indeksasiyası aparılmış və müvafiq olaraq ona 2020-ci il üzrə 1881,42 manat, 2021-ci il üzrə 2095,91 manat, 2022-ci il üzrə 2167,17 manat və nəhayət 2023-cü ildə 2504,85 manat pensiya təyin edilmişdir. Cari ilin mart ayından başlayaraq ona hələ də məlum olmayan səbəblərdən təyin edilən pensiyanın məbləği azaldılmış, habelə “artıq ödəmə” kimi pensiyasından hər ay 250,49 manat tutulma aparılmağa başlanılmışdır. Bu qanunsuz tutulma halları ilə bağlı o, xx.xx.2023-cü il tarixdə 2 saylı DOST Mərkəzinə müraciət etsə də, hələ də bu günə qədər ona bunun səbəbləri barədə rəsmi məlumat verilməmişdir. Şifahi olaraq qəbulda olan zaman pensiya hesablanmasının səhv aparıldığı və bu səbəbdən təqaüd məbləğinin yenidən hesablanması (azaldıldılması) ilə bağlı müvafiq qərar qəbul edildiyi və “səhv hesablama ilə bağlı artıq ödənilmiş vəsaitin” aylıq olaraq tutulacağı bildirilmişdir. Həmin qərarı tələb etsə də, müraciətinə baxılacağı və bundan sonra ünvanına göndəriləcəyi bildirilmişdir. Lakin bu günə qədər qərarın surəti ona rəsmi qaydada göndərilməmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində yenidən məsələ ilə bağlı müraciəti zamanı, qəbulda ona elektron sistemdən çıxarış (cədvəl) təqdim edilmişdir. Həmin çıxarışda (cədvəldə) tutulmanın səbəb və əsasları barədə heç bir məlumat göstərilməsə də, ona təyin edilən pensiya, pensiyanın azalması və tutulmaları görmək mümkündür. Belə ki, ötən ilin dekabr ayına qədər aldığı pensiya məbləği 2367,47 manat olmuş, cari ildən yenidən pensiya hesablanması nəticəsində pensiya məbləği 2734,60 manat olaraq müəyyən edilmişdir. Buna müvafiq olaraq xx.xx.2023-cü il tarixdə ona ödəniş edilmiş, əlavə olaraq həmin tarixdə cari ilin yanvar ayından qalan və artım olaraq hesablanan qalan hissə - 350,47 manat da ödənilmişdir. Göründüyü kimi cari ilin yanvar ayından ona təyin edilən pensiya məbləği 2734,60 manat təşkil etmişdir. Daha sonra ona məlum olmayan səbəbdən, qanunsuz olaraq pensiya məbləği azaldılmış və hazırda olduğu kimi 2504,85 manat təyin edilmişdir. Eyni zamanda mart ayından başlayaraq "artıq ödənilmiş məbləğ" adı altında hər ay pensiyasından 250,60 manat tutulmağa başlanmışdır. Artıq 3 aydır ki, ümumilikdə 751,08 manat pul vəsaiti onun pensiya hesabından qeyri-qanuni olaraq tutulmuşdur. Eyni zamanda qeyd etmək istəyir ki, qəbulda olan zaman ona elektron formada tarixi və nömrəsi göstərilməyən bir "qərar” da təqdim edilmiş, həmin "qərarda" ona pensiyanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təyin edildiyi, məbləğinin 2504,85 manat olduğu göstərilmiş, eyni zamanda azalmanın və “artıq ödəmə'' üzrə tutulmaların "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinə uyğun olaraq 3-17-1/3-3-2279/2023 nömrəli sərəncamın etibarsız hesab edilməsi ilə aparıldığı göstərilmişdir. Lakin, heç bir əsaslandırma və hansı səbəblə azaldılmanın, habelə tutulmanın aparılması barədə hər hansı məlumat əks olunmamışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən əmək pensiyasının yenidən hesablanması haqqında qərarı əldə etməyə çalışsa da bu günə qədər həmin qərar hələ də ona rəsmi qaydada təqdim edilməmişdir. Bu səbəbdən də pensiya məbləğinin azaldılmasının əsasları ona bu gün də məlum deyildir. Hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiya məbləğinin azaldılması, yəni pensiyasının 2734,60 manatdan 2507,85 manat endirilməsi, habelə pensiya məbləğindən tutulmalar edilməsi barədə qərarı qanunsuzdur və əsassızdır. Məhkəmə tərəfindən həmin qərar ləğv edilməli və onun əvvəlki məbləğdə pensiya almaq hüququ təmin olunması (3-17-1/3-3-2279/2023 nömrəli sərəncam üzrə), pensiyanın ödənilməyən hissəsinin ödənilməsi, habelə son aylar (cari ilin mart ayından başlayaraq) ondan qanunsuz olaraq tutulmuş pensiya məbləğinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından alınaraq ona qaytarılması barədə qərar qəbul edilməlidir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
10. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş pensiya məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7766/2023 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, cavabdeh orqanın İddiaçı təyin edilmiş pensiya məbləğindən tutulmalar edilməsi ilə bağlı faktiki hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı hesablanmış təqaüdün (pensiyanın) xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7766/2023 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərardan əvvəl müəyyən edilmiş 2734,60 manat məbləğində pensiyanın xx.xx.2023-cü il tarixdən hesablanaraq iddiaçıya ödənilməsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona məxsus pensiya hesabından 2023-cü ilin mart ayından başlayaraq “artıq ödəmə” kimi tutduğu 1012,95 manat vəsaitin həmin qurumdan alınaraq iddiaçıya qaytarılması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. İddiaçının yaşayış yeri olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.
18. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-119211/2023 nömrəli məktubda göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).
20. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə1 cavabdeh orqanın yazılı etirazına münasibəti məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən təyin edilən pensiyadan sonra 2 yerdə işləməyə davam etmiş və bununla bağlı sosial ödənişləri də köçürmüşdür. Belə ki, iddiaçıya məxsus elektron sistemdən çıxarışdan görünür ki, o, 2006-cı ildən 2009-cu ilədək həm “AZAL” Milli Aviasiya şirkətində, həm də "xxxx" MMC-də, 2013-cü ildən isə həm "xxxx" MMC-də, həm də "xxxx" MMC-də çalışmışdır. O hal da nəzərə alınmalıdır ki, iddiaçı həmin qurumlarda uçuş heyətində çalışmış və uçuş saatlarına uyğun olaraq maaşa əlavələr də hesablanmış və buna müvafiq olaraq sosial ödənişlər də daha artıq olmuşdur. Elektron kabinetdən əldə edilmiş sosial arayışdan da görünür ki, iddiaçının 2006-2013-cü illər ərzində sosial ödənişləri elə cavabdehin səhvən hesablanmış kimi qeyd etdiyi (27301,68 manat) məbləğə uyğun gəlir. Ümumiyyətlə, cavabdehin etirazında qeyd etdiyi və real pensiya kapitalı kimi göstərdiyi 18297,36 manat məbləğində vəsaiti haradan götürməsi məlum deyildir. Belə ki, qoşmada təqdim olunan sosial arayışa əsasən: Ödəniş İşlədiyi qurum Ödənilmiş vəsait ili (AZN) 2006 “Milli Aviasiya şirkəti” 645,48 2006 "xxxx" MMC 380,13 2007 “Milli Aviasiya şirkəti” 621,35 2007 "xxxx" MMC 3560,77 2008 “Milli Aviasiya şirkəti” 663 2008 "xxxx" MMC 4769,30 2009 "xxxx" MMC 6033,96 2010 "xxxx" MMC 4474,74 2011 "xxxx" MMC 3254,46 2012 "xxxx" MMC 3141,04 2013 "xxxx" MMC 443,47 2013 "xxxx" MMC 1329,89 Cəmi: 29317,13 Qeyd: 2013-cü il üzrə pensiya kapitalının xx.xx.2013-cü il tarixinədək hesablanması nəzərə alınmalıdır. Bu halda qeyd edilən cəmi məbləğin cavabdehin qeyd etdiyi 27301,68 manata uyğun gəlməsi ehtimalı böyükdür. Yuxarıda göstərilənlər bir daha sübut edir ki, cavabdehin xx.xx.2013-cü il tarixinədək iddiaçının yığdığı pensiya kapitalının 18297,36 manat olaraq göstərməsi tamamilə əsassız və bununla iddiaçıya artıq pensiya ödənilməsini əsas gətirməsi isə qanunsuzdur.
21. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə1 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
23. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının pensiya kapitalının 18297,36 manat olmasına dair sübut təqdim edə bilmir. Onlar həmin halın araşdırılması məqsədilə xidməti məktubla Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialına müraciət etsələr də, iclas tarixinədək onların məktublarına cavab verilməmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Sosial arayış; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7766/2023 nömrəli qərarı və xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-119211/2023 nömrəli məktubu; - Hesabdan çıxarış; - İddiaçının pensiya işi üzrə icraat materialları; - Sığortaolunan haqqında məlumat; - X5 sistemindən çıxarışlar; - Sığortaolunanın hesabından çıxarış.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə proses iştirakçılarılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonuncu dəfə cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7766/2023 nömrəli qərarına əsasən İddiaçı pensiyası yenidən hesablanmış və xx.xx.2023-cü il tarixdən 2504,85 manat məbləğində müəyyən edilmişdir. Bunun nəticəsində iddiaçıya 6011,52 manat artıq pul vəsaiti ödənildiyini müəyyən edilmiş, həmin məbləğ cavabdeh orqan tərəfindən 2023-cü ilin mart ayından etibarən hissə-hissə (250,49 manat) iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməyə başlanılmışdır. Yenidən hesablama qərarı ilə müəyyən edilmiş 2504,85 manatdan 2023-cü ilin mart-iyun ayları üzrə hər ay 250,49 manat tutulma aparılmaqla, iddiaçıya 2254,36 manat məbləğində pensiya ödənilmişdir.
27. Daha sonra iddiaçının ərizəçi İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 15(114)-93/2023 nömrəli qərardadı ilə təmin edildikdən sonra, hazırkı inzibati mübahisə üzrə yekun qərar qəbul edilənədək İddiaçı əmək pensiyasından aylıq olaraq tutulmaların aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edildiyi üçün 2023-cü ilin iyul-oktyabr ayları üzrə iddiaçıya 2504,85 manat məbləğində pensiya ödənilmişdir.
28. Hazırda iddiaçının tələbi 4 hissədən ibarətdir: 1) xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7766/2023 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi; 2) İddiaçı hesablanmış təqaüdün (pensiyanın) xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 7766/2023 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərardan əvvəl müəyyən edilmiş 2734,60 manat məbləğində xx.xx.2023-cü il tarixdən hesablanaraq iddiaçıya ödənilməsinin cavabdehə həvalə olunması; 3) cavabdeh orqanın İddiaçı təyin edilmiş pensiya məbləğindən tutulmalar edilməsi ilə bağlı faktiki hərəkətlərinin qanunsuz hesab edilməsi; 4) cavabdeh orqanın ona məxsus pensiya hesabından 2023-cü ilin mart ayından başlayaraq “artıq ödəmə” kimi tutduğu 1012,95 manat vəsaitin həmin qurumdan alınaraq ona qaytarılması.
29. Məhkəmə iddiaçının tələbini əsaslı sayır və aşağıdakıları qeyd edir.
30. X5 Sistemindən çıxarış edilmiş ödəniş tarixçəsi və iddiaçının bank hesabından çıxarışla müəyyən edilir ki, İddiaçı 2023-cü ilin yanvar ayında 2384,13 manat məbləğində, 2023-cü ilin fevral ayında 3085,07 manat (2734,6 manat + keçmiş dövr üçün ödənilən 350,47 manat) məbləğində pensiya ödənilmişdir.
31. Bu isə onu deməyə əsas verir ki, 2023-cü ilin yanvar ayından etibarən iddiaçıya 2734,6 manat məbləğində pensiya təyin edilmişdir (yanvar ayı üzrə əskik ödənilən 350,47 manat fevral ayında ona ödənilmişdir).
32. Yenidən hesablama barədə qərarın xx.xx.2023-cü ildə qəbul edilməsinə baxmayaraq, artıq 2023-cü ilin mart ayından başlayaraq iddiaçıya 2254,36 manat məbləğində pensiya ödənilməsinə və 250,49 manat məbləğində tutma aparılmasına başlanılmışdır ki, bu da 2023-cü ilin mart ayında iddiaçıya ödəniləcək pensiya məbləğinin 2504,85 manat məbləğində olduğunu göstərir.
33. Yəni, iddiaçının pensiyası əvvəlcə (2023-cü ilin mart ayında) 2504,85 manat məbləğində müəyyən edilməklə, 2254,36 manat məbləğində pensiya ödənişi və 250,49 manat məbləğində tutma həyata keçirilmiş, daha sonra isə vəziyyət 2023-cü ilin aprel ayında yenidən hesablama barədə qərar qəbul edilməklə rəsmiləşdirilmişdir ki, cavabdeh orqanın bu hərəkəti qanunauyğun olmamışdır.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
35. Məhkəmə qeyd edir ki, əvvəla, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, cavabdeh inzibati orqan olaraq yenidən hesablama apararkən inzibati icraat başlamalı və həmin icraatın yekun nəticəsi olaraq qərar qəbul etməli idi. Habelə, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
36. Yəni inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
37. Lakin hazırkı işdə inzibati orqan iddiaçının əmək pensiyasının yenidən hesablanması və ondan tutulmalar apardığı zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.
38. Cavabdeh orqan yenidən hesablama barədə qərar qəbul etməsinə əsas kimi isə iddiaçının pensiya kapitalının səhv müəyyən edilməsini göstərmişdir. Belə ki, həm iddiaçıya ünvanlanmış məktubda, həm iddiaya etirazda göstərilir ki, iddiaçının xx.xx.2013cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 18297,36 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 18297,36 manat sığorta kapitalı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (18297,36:72 ay (144 ay - 72 ay)=254,30 manat) əmək pensiyasının (762,42 manat) üzərinə əlavə edilərək 1016,72 manat (762,42+254,30) (xx.xx.2019-cu il tarixinədək indeksləşdirilməklə 1350,75 manat) ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 27301,68 manat sığorta kapitalı 72 aya bölünərək (27301,68/72=379,19 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə ona 1141,61 manat (762,42+379,19) (xx.xx.2019-cu il tarixinədək indeksləşdirilməklə 1505,12 manat) artıq əmək pensiyası ödənilmişdir. Bundan başqa, araşdırma zamanı xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 18923,04 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 18923,04 manat sığorta kapitalı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə (18923,04/72=262,82 manat) əmək pensiyası (1350,75 manat) üzərinə əlavə edilərək 1613,57 manat (262,82+1350,75) ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 18546,48 manat sığorta kapitalı 72 aya bölünərək (18546,48/72=257,59 manat) düzgün olmayan əmək pensiyasının (1505,12 manat) üzərinə əlavə edilməklə 1762,71 manat (1505,12+257,59) ona artıq əmək pensiyası ödənilmişdir. Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, yuxarıda göstərilən maddənin də tələbləri nəzərə alınaraq, ona 6011,52 manat məbləğində artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 6011,52 manat pul vəsaiti cari ilin mart ayından etibarən hər ay hissə-hissə (250,49 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilir ki, "Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 2183,83 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 2504,85 manat təşkil edir.
39. Lakin məhkəmə tərəfindən cavabdeh orqanın nümayəndəsinə iddiaçının pensiya kapitalının 2013-cü il tarixə 27301,68 manat deyil, 18297,36 manat olmasına dair sübut təqdim etməsi təklif edilərək, bu məqsədlə iclaslar təxirə salınsa da, bu barədə sübut təqdim edilməmişdir.
40. Yəni, cavabdeh olan inzibati orqan yenidən hesablama barədə (iddiaçını əlverişsiz vəziyyətə salan) qərarın qəbulunu şərtləndirən halları sübuta yetirə bilməmişdir.
41. Bunun əksinə olaraq isə iddiaçının vəkil olan nümayəndəsi e-sosial.az saytından çıxarış edilmiş sosial arayış və sığortaolunanın hesabından çıxarış təqdim edərək, iddiaçının 2006-2012-ci illərdə işlədiyi “Milli Aviasiya şirkəti” və "xxxx" MMC-də, 2013-cü ildə işlədiyi "xxxx" MMC və "xxxx" MMC-də (bax qərarın 20-ci bəndi) ödədiyi sığorta haqlarının cəmi 29317,13 manat təşkil etdiyini sübuta yetirmişdir ki, 2013-cü il üzrə pensiya kapitalının xx.xx.2013-cü il tarixinədək hesablanması nəzərə alınan zaman qeyd edilən cəmi məbləğin cavabdehin “səhvən müəyyən edilmiş” kimi qeyd etdiyi 27301,68 manata uyğun gəlməsi ağlabatandır.
42. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Maddə 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
43. Sadalanan normalar müəyyən edir ki, işləyən əmək pensiyaçılarının əmək pensiyası 2 halda yenidən hesablana bilər: 1) Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə; 2) Əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə.
44. Hazırkı iş üzrə isə həmin halların heç bir baş verməmişdir. Cavabdeh orqan iddiaçının pensiya kapitalının səhv müəyyən edilməsini əsas gətirməklə, iddiaçının pensiyasını yenidən hesablamış və pensiyasının azaldılmasına dair əlverişsiz qanunsuz akt qəbul etmişdir.
45. İkinci tərəfdən, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.
46. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.
47. Hazırkı iş üzrə isə cavabdeh orqan iddiaçının pensiyasından 2023-cü ilin martiyun ayları üzrə hər ay 250,49 manat məbləğində olmaqla, cəmi 1012,95 manat tutma aparmışdır ki, bununla bağlı iddiaçının yazılı razılığının və ya məhkəmə qərarının mövcudluğu müəyyən edilmir.
48. Göründüyü kimi, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, cavabdeh orqan qəbul etdiyi yenidən hesablama barədə qərarın qəbulunu, habelə iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
49. İnzibati Prosessual Məcəlləyə görə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
50. Məhkəmə qeyd edir ki, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan yenidən hesablama nəticəsində iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, onun əmək pensiyasından tutmağa başlamışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.
51. Eyni zamanda, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi və əmək pensiyasının yenidən hesablandığı vaxtdan 6 il keçmədiyi halda, xüsusilə pensiya kapitalının əslində 18297,36 manat olmasına dair sübut olmadığı halda onun əmək pensiyasının yenidən hesablanması qanunauyğun olmamış və bu barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7766/2023 nömrəli qərar qanunsuz olmuşdur.
52. Həmin qərar qəbul edilməyəcəyi halda, iddiaçıya pensiya ödənişi 2734,60 manat məbləğində (2023-cü ilin yanvar ayından müəyyən edilmiş) olmaqla ödənilməsi davam etdiriləcəyindən, iddiaçıya mart ayından 2254,36 manat məbləğində pensiya ödənilməsi ilə yaranmış fərq məbləği, eyni zamanda qanunsuz olaraq pensiyasından tutulmuş 1012,95 manat vəsait iddiaçıya ödənilməlidir.
53. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
54. İnzibati Prosessual Məcəlləyə görə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7766/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində iddiaçıya artıq ödənilmiş məbləğ kimi 1012,95 manat məbləğin ona təyin edilmiş əmək pensiyasından tutulması barədə cavabdeh orqanın hərəkətləri qanunsuz sayılsın və tutulmuş həmin məbləğin iddiaçıya geri ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı hesablanmış pensiyanın xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7766/2023 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərardan əvvəl müəyyən edilmiş 2734,60 manat məbləğində olaraq xx.xx.2023-cü il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva