Məhkəmə qərarları › İş №e-2-1(114)-3124/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3124/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3124/2023 16.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********161900 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 7030.92 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022ci il tarixli **********154095 nömrəli qərarına əsasən İddiaçı MMC-də avqust 2019 - dekabr 2021 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə bitmiş, nəticəsi isə xx.xx.2023-cü il tarixli **********163065 nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsində xx.xx.2023-ci il tarixli **********171702 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmiş və həmin qərara əsasən: Mənfəət vergisi ilə bağlı 2019-cu il üzrə 5 206.10 manat, 2020-ci il üzrə 44 861.0 manat, 2021-ci il üzrə 94 373.86 manat, ümumilikdə 144 440.96 manat əlavə vergi məbləği hesablanmış və 72 220.48 manat maliyyə sanksiyası tətbiq edilmiş; ƏDV ilə bağlı 2020-ci il üzrə 0 manat, 2021-ci il üzrə 12 961.19 manat əlavə vergi məbləği hesablanmış və 8 280.60 manat maliyyə sanksiyası tətbiq edilmiş; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2021-ci il üzrə 4 823.11 manat əlavə vergi məbləği hesablanmış və 2 411.56 manat maliyyə sanksiyası tətbiq edilmiş; Ödəmə mənbəyində tutulan vergi ilə bağlı 2020-ci il üzrə 3 054.30 manat vergi məbləğinin artıq, 2021-ci il üzrə isə 58 324.74 manat vergi məbləğinin az hesablandığı müəyyən edilmiş və 29 350.57 manat maliyyə sanksiyası tətbiq edilmiş; ƏDV məbləğinin gec ödənilməsinə və ya ödənilməməsinə görə 2019-cu il üzrə 925.01 manat, 2020-ci il üzrə 3 152.36 manat maliyyə sanksiyası tətbiq edilmiş; Vergi hesabatanın vaxtında təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2023-ci il tarixli **********171702 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında" Qərara əsasən iddiaçıya 220 550.0 manat əlavə vergi məbləği hesablanmış, 116 420.58 manat maliyyə sanksiyası tətbiq edilmiş və 7030.92 manat vergilərin artıq hesablandığı müəyyən edilmişdir. İddiaçı aşağıda qeyd olunanlara əsasən xx.xx.2023-ci il tarixli **********171702 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı, 7030.92 manat vergisinin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə qanunsuz hesab edir: 1. İlk öncə 2019-2021-ci illər üzrə hesablanmış mənfəət vergisinə münasibətdə qeyd edilir ki, cavabdeh vergi orqanı yoxlama zamanı 2019-2021-ci illər üzrə iddiaçının xərclərini müəyyən edə bilmədiyini bildirərək, həmin illər üzrə ödənilməli mənfəət vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik norması əsasında hesablamışdır. Bununla bağlı qeyd edilməlidir ki, vergi orqanının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarını tətbiq etmək hüququ mövcud olmamışdır. Belə ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə və ya vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlar əsasında, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydaları əsasında hesablayır. Vergi Məcəlləsinə xx.xx.2021-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 67.17-ci maddədə Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr ilə bağlı hər hansı ardıcıllığın gözlənilməməsi imkanı nəzərdə tutulsa da, qeyd etmək lazımdır ki, həmin norma xx.xx.2022-ci il tarixdən əvvəlki münasibətlərə, o cümlədən hazırkı mübahisənin predmeti olan 2019-2021-ci illəri əhatə etmiş səyyar vergi yoxlamasına münasibətdə tətbiq edilə bilməz. Başqa sözlə desək, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməli idi. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının gəlir və xərclərini müəyyən etmək məqsədilə əlaqəli məlumatların və analoji vergi ödəyicisinin müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmadan birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydalarını tətbiq etmişdir ki, bu da qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir. 2. Həmçinin növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, yoxlamanın təyin edilməsi haqqında qərarda həmin mənbəyi bəlli məlumatın nə olduğu əsaslandırılmamışdır. 3. Səyyar vergi yoxlaması aktında qeyd edilir ki, xx.xx.2022-ci il tarixli qərarlara əsasən yoxlamaya ekspert və mütəxəssis dəvət edilmiş, lakin "xxxx" MMC 1 il 1 ay sonra ekspert və mütəxəssis rəyinin verilməsindən imtina etmişdir. Qeyd edilir ki, səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ekspert və mütəxəssis dəvət edilməsi əsası ilə 6 halda dayandırılmış, 2 halda isə müddəti uzadılmışdır. Göründüyü kimi, cavabdeh vergi orqanı hər hansı əsas olmadan yoxlamanı süni şəkildə uzatmış və sonda şərti rentabellik nəticəsində iddiaçıya əlavə vergi məbləği hesablamışdır ki, bunun üçün 1 ildən artıq müddətə yoxlama aparmağa heç bir zərurət yox idi. Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən, 2021-ci ilin oktyabr-dekabr aylarında alış aktları əsasında alınmış 3010429.50 manat məbləğində əlvan metal tullantılarına görə 60208.59 manat ÖMV az hesablanmışdır. Qeyd edilməlidir ki, səyyar vergi yoxlaması aktının 10-13-cü səhifələrində qeyd edilənlərə əsasən vergi orqanı barələrində alış aktları tərtib edilmiş şəxslərdən alınmış izahat nəticəsində həmin şəxslərin satılmış metal tullantılarından xəbərdar olmadığını müəyyən etmiş və bu əsasla mənfəət vergisi bəyannaməsində göstərilən xərcləri qəbul etməmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı mənfəət vergisinə münasibətdə alış aktlarının mötəbərliyini qəbul etmədiyi halda, daha sonra həmin alış aktları əsasında iddiaçıya 60208.59 manat ÖMV hesablamışdır ki, bu da aparılmış hesablamanın qanunsuz olduğunu açıq-aşkar göstərir. İddiaçının vəkilinin ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli, **********171702 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 7030.92 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, növbəti səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin müvafiq sənədləri təqdim etmək üçün 15 gün vaxtı olur, növbədənkənar vergi yoxlaması barədə qərar qəbul olunduqda isə sistem dərhal bloklanır, hər-hansı hərəkət etmək olmur. Ona görə də yoxlamanın növbədənkənar aparılması cəmiyyətin hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********154095 saylı Qərarına əsasən "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətində avqust 2019 və dekabr 2021-ci illəri əhatə edən dövr üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi yoxlaması iddiaçı cəmiyyətin rəhbəri X2 və mühasibi X3 birbaşa iştirakı ilə aparılmışdır. Yoxlama ilə cəmiyyətdə "İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun apanlması Qaydası"nın tələblərinə uyğun uçotunun aparılmadığı aşkar edilmişdir. Belə ki, yoxlanılan dövrdə cəmiyyət istehsal fəaliyyətini həyata keçirmək üçün xammalı əsasən alış aktları (sonrakı illərdə isə elktron alış aktlan) tərtib etməklə müxtəlif fiziki şəxslərdən əldə etmişdir. Qeyd olunan alış aktları üzrə şübhə yarandığı üçün (alış aktlarında eyni şəxslərin təkrarlanması, əldə edilmiş tullantıların həcmi və.s) nəzarət qaydasında həmin şəxslərin bir neçəsi 12 saylı ƏVBİ-nə dəvət olunmuş və alış aktlarında qeyd olunan məlumatlann doğru olub-olmaması barədə müvafiq izahatlar alınmışdır. Həmin şəxslər alış aktında göstərilən əməliyyatların həqiqətə uyğun olmadığını bildirərək "xxxx" MMC adlı müəssisəni tanımadıqlarını və hətta həmin müəssisənin harada yerləşdiyini bilmədikləri barədə izahatlar vermişlər. Qeyd olunanlar əsasında səyyar vergi yoxlaması ilə cəmiyyətin 2019-2021-ci il illər üçün mənfəət vergisi üzrə ümumi gəlirlərinin əldə olunması ilə bağlı xərclərini müəyyən etmək mümkün olmamışdır. Yuxanda qeyd olunan səbəblərdən cəmiyyətin 2019-2021-ci illər üzrə mənfəəti Vergi Məcəlləsinin 67.1 və 83.9 maddəsinin müddəalarına müvafiq olaraq "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalaranın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərannın 6.1.3-cü maddəsinə əsasən şərti rentabellik norması 20 % səviyyəsində götürülərək müəyyən edilmişdir. Həmçinin idarə tərəfindən VM-nin 38.3.5-ci maddəsinin dispozisiya şərtlərinə əməl edilmişdir. Belə ki, səyyar vergi yoxlaması aktının 4-cü səhifəsində cəmiyyətin sahibkarlıq fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması lazımı qaydada əsaslandırılmışdır. Uçot baza məlumatları tərəfimizdən araşdırılarkən vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin yoxlanılan dövr ərzində dövlət büdcəsinə ödənişin ümumi dövriyyədə xüsusi çəkisi analoji vergi ödəyiciləri ilə müqayisədə az olduğu müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC-nin ümumi dövriyyədə büdcəyə ödənişin xüsusi çəkisi 4,15 % olduğu halda vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin ümumi dövriyyədə büdcəyə ödəniş 13,94% təşkil edir. Bundan başqa vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsi araşdırılmışdır. Bundan əlavə, növbəti və növbədənkənar yoxlamanın fərqi yoxdur, ona görə də yoxlamanın növbədənkənar qaydada aparılması qanunsuz deyildir. İddiaçı metal alışı və emalı ilə məşğul olur, analoji vergi ödəyicisi müəyyən edilməmişdir. Həmçinin, sözügedən müəssisədə əvvəllər yoxlama aparılmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********154095 saylı qərarından görünür ki, "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətində avqust 2019 və dekabr 2021-ci illəri əhatə edən dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********171702 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, İddiaçı MMC azaldılmış vergilər üzrə 224526,39 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 116420,58 manat və Vergi Məcəlləsinin 16.2-ci maddəsinə əsasən müvafiq arayış təqdim etmədiyinə görə 80.0 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən İddiaçı MMC-nin fəaliyyətində avqust 2019 və dekabr 2021-ci illəri əhatə edən dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, vergi orqanının xx.xx.2023-cü il tarixli, **********171702 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən gəlirlərinin azaldılması nəticəsində iddiaçı azaldılmış vergilər üzrə 224526,39 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 116420,58 manat və Vergi Məcəlləsinin 16.2-ci maddəsinə əsasən müvafiq arayış təqdim etmədiyinə görə 80.0 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********171702 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. -38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. -38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir -38.7-ci maddəsinə əsasən Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): Maddə 38.7.1. Vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; Maddə 38.7.2. Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; Maddə 38.7.3. Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Maddə 38.7.4. Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda xarici ölkədən cavab alınanadək; Maddə 38.7.5. Bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 49.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. Maddə 57.1-ci maddəsinə əsasən Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.1-ci maddəsinə əsasən Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir Maddə 67.14-cü maddəsinə əsasən Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, VMnin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hazırkı mübahisəyə münasibətdə cavabdeh orqan növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edərkən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən əldə etdiyi mənbəyi bəlli olan məlumatların nələrdən ibarət olduğunu dəqiq göstərməmiş, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmamışdır. Cavabdehin nümayəndəsinin qeyd etdiyi kimi vergi yoxlamasının nəticələrinə dair aktda yoxlamanın həmin qaydada keçirilməsinin əsaslandırılması mübahisələndirilən qərarın qanuniliyini ehtiva etmir. Çünki akt həmin qərar əsasında aparılmış hərəkətlərin nəticəsidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun:- -3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. -3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd edilməlidir ki, iddiaçıya münasibətdə vergi yoxlaması xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixdə yekunlaşmışdır. Bu dövr ərzində yoxlama 12 dəfə dayandırılmış, 2 dəfə yoxlamanın müddətinin uzadılması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışdan görünür ki, yoxlama müddətinin uzadılması barədə xx.xx.2022-ci il tarixli qərar xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixli qərar isə xx.xx.2023-cü il tarixdə reyestrə işlənmişdir. Deməli vergi orqanı vahid məlumat reyestrində yoxlama ilə bağlı məlumatları vaxtında yerləşdirməmişdir. Vergi orqanının yoxlama müddətinin uzadılması barədə qərarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınması ilə bağlı məhkəmələrin formalaşmış hüquqi mövqeyinə görə, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrdə vaxtında qeydiyyata alınması da həmin məqsədlərə xidmət edir və inzibati orqanlar tərəfindən sahibkarlarıq fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət üsullarından biri kimi qiymətləndirilməlidir. Yoxlama müddətinin uzadılması barədə qərarların reyestrdə qeydiyyatdan keçirilməsi ilə bağlı məsələnin həllinə də vergi qanunvericiliyinin yuxarıda qeyd olunan ümumi məqsədləri və inzibati orqanların müdaxilə xarakterli fəaliyyətinə nəzarət imkanları baxımından yanaşmaq lazımdır. Bundan başqa, iş üzrə materiallara görə, iddiaçı MMC-də aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə (12 dəfə) dayandırılmış və uzadılmış (2 dəfə), lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın həmin hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 11-ci və 24-cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan hal öz-özlüyündə yoxlamanın qanunsuz aparıldığını və hüquqi nəticəsinin olmadığını deməyə əsas verir. Bundan əlavə, məhkəmə alış aktlarının mötəbər hesab edilməməsi və nəticə etibarı ilə vergi ödəyicisinin gəlir və xərclərinin müəyyən edilə bilinməməsi barədə cavabdehin arqumentləri ilə bağlı qeyd edir edir ki, məhkəmə təcrübəsində metal toplanışı və satışı ilə məşğul olan fiziki şəxslərin vergi məsuliyyətinə cəlb edilmələri barədə faktlar olduğundan bir neçə fiziki şəxsin iddiaçı MMC-yə metal satmamaları barədə izahatlarını da şübhə altına almağa və mötəbər saymamağa əsas verir. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı məhkəmələrin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi ödəyicisi tərəfindən büdcəyə çatacaq verginin azaldılması və ya gizlədilməsi halları yalnız yuxarıda istinad olunan normalara və tələblərə uyğun aparılmış inzibati icraat nəticəsində müəyyən edilə və qiymətləndirilə bilər. Beləliklə, müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar qismən (7030.92 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla) əsassız olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanının “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********171702 nömrəli qərarı qismən, yəni 7030.92 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********171702 nömrəli qərarı qismən, yəni 7030.92 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar