Məhkəmə qərarları › İş №e-2-1(114)-318/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-318/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-318/2023 03.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 201 saylı X6 23 avqust 2022-ci il tarixli 0135əç nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdən N saylı hərbi hissədə xidmət etmişdir. Vətən Müharibəsi günlərində xidmət etdiyi N saylı hərbi hissənin tərkibində 2-ci dağatıcı taborda döyüşlərdə iştirak etməklə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyinə görə hərbi hissə komandanlığı tərəfindən 2 ədəd fəxri fərmanla təltif edilmiş, eləcə də Vətən Müharibəsi iştirakçısı kimi "Kəlbəcərin azad olunmasına görə" medalla təltif edilmişdir. Xidmət müddətində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli təyinat vərəqəsi ilə ona SHXÇ üzrə DX-nin Kəpəz rayon şöbə rəisinin sərəncamına qeydiyyata durmaq üçün getməyi əmr edilmişdir. Ona rəsmi əmr verilməsə də, şifahi olaraq məlum olmuşdur ki, onun ehtiyata buraxılmağına "Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X4 qarşı qanunsuz hərəkət etməyi" səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP-7/28-615/237 saylı məktubundan da göründüyü kimi "…xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1. və 40.3-cü maddələrinə əsasən haqqında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir". Nə qədər ki, onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir, onun bu əsasla ehtiyata buraxılmağımın hüquqi əsası yoxdur, əmr ləğv edilməli, öz əvvəlki işinə xidmətə bərpa edilməlidir. Bütün hallarda "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsində göstərilir ki, "Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər". Onun haqqımda qərar çıxarılmış və heç bir təqsiri olmadığı üçün haqqında cinayət işi başlanması rədd edilmişdir. İddiaçı hesab edir ki, məhkəmə qaydası ilə barəsində çıxarılmış əmr etibarsız hesab edilməli və onun işə bərpa edilməyinə və məcburi işburaxma günləri ilə bağlı əmək haqqımın ödənilməsinə dair qətnamə qəbul edilməlidir. İddiaçı əvvəlki işinə bərpa edilmək və əmək fəaliyyətini şərəflə davam etdirmək arzusundadır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hərbçi yoldaşı X2 övladının müalicəsi üçün borc aldığına görə ondan şikayət etmişdir, buna görə də ehtiyata buraxılmışdır. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin tankodrom rəisi-avtodrom rəisi vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən 2022-ci ilin iyun ayında N nömrəli hərbi hissədə xidmət edən gizir X3 xidməti yerinin digər hərbi hissəyə dəyişdirilməsi məqsədilə sonuncudan 3000 manat məbləğində pul almış, lakin verdiyi vədi yerinə yetirməyərək gizir M.X.İmanova qarşı dələduzluq etmiş, sonuncu gizir İddiaçı ona qarşı dələduzluq etdiyini üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğuna bu fakt barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılarkən gizir İddiaçı xidmət yerinin digər hərbi hissəyə dəyişdirilməsi məqsədilə gizir M.İmanovdan 3000 manat məbləğində pul alması öz təsdiqini tapmış, dəymiş ziyanı ödədiyi üçün gizir İddiaçı barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci və 40.3-cü maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Gizir İddiaçı qeyd olunan davranışı nəzərə alınaraq tədbir görülməsi üçün N nömrəli hərbi hissənin artilleriya poliqonunun direktrisiya rəisi- poliqon rəisi gizir Orxan Hüseynov tərəfindən 15 iyul 2022-ci il tarixdə raportla vəsatət qaldırılmış, 19 iyul 2022-ci il tarixdə isə gizir İddiaçı xidmət yerinin digər hərbi hissəyə dəyişdirilməsi məqsədilə gizir M.İmanovdan pul alması və ona qarşı dələduzluq etməsi barədə hərbi hissədə komissiya tərəfindən akt tərtib edilmişdir. 20 iyul 2022-ci il tarixdə N nömrəli hərbi hissə komandiri həmin vəsatəti təmin edərək iddiaçını "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e" əsasən ehtiyata buraxılması barədə təqdimat vermiş, həmin təqdimat əsasında gizir İddiaçı Müdafiə nazirinin müavini - X5 xx.xx.2022-ci il tarixli 0135gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e" bəndinə əsasən ehtiyata buraxılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022ci tarixli HP-7/28-615/232 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir X4 qarşı qanunsuz hərəkət etməyi barədə müraciəti üzrə Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsində araşdırma aparılmış və material üzrə barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. -surəti işə əlavə edilmiş Müdafiə Nazirinin müavini-X6 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələb üzrə iddia ərizəsini xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, Müdafiə Nazirinin müavini- X6 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmrinə əsasən iddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, qeyd olunan əmr qanunsuz olduğundan ləğv edilməlidir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Müdafiə Nazirinin müavini-X6 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, “2022-ci ilin yanvar ayının əvvəllərində N nömrəli hərbi hissənin baş giziri Müsahib İmanovla söhbət edərkən sonuncuya N nömrəli hərbi hissəyə təyin edilməsi üçün tanış bir şəxsin olmasını və həmin şəxslə danışıb dəqiqləşdirərək ona məlumat verəcəyini demişdir. Təxminən 2 gün sonra istifadəsində olan mobil telefondan M.İmanova zəng vuraraq N nömrəli hərbi hissəyə təyin olunması üçün həmin vəzifəli şəxslə danışdığını və 2700 manat pul müqabilində başqa hərbi hissəyə təyin oluna biləcəyini bildirmişdir. Bir neçə gün sonra M.lmanovun 2700 manat pulunu Göygöl rayonunun Qızılca qəsəbəsində yerləşən Cəlal marketdən götürmüş, lakin fevral ayının sonunda Müsahib zəng edərək zabit hazırlıq kursuna sənəd verdiyini bildirərək pulunu geri tələb etmişdir. O da Müsahibin 2700 manat pulunu 2022-ci ilin mart ayında qaytarmışdır”. Eyni zamanda, həmin qərarın məzmunu ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək M.İmanova qarşı dələduzluq edərək N nömrəli hərbi hissəyə təyin etdirəcəyinə vəd verərək aldığı 3500 manat pulu sonuncuya geri qaytardığını, bununla da əməlindən peşman olduğunu və bəraətverici əsaslar olmadan barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı X3 etibarından sui-istifadə edərək yüksək vəzifədə xidmət edən şəxsin vasitəsilə onu N nömrəli hərbi hissəyə təyin etdirəcəyinə dair yalan vəd verərək həmin vəzifəli şəxsə özünün vasitəsilə rüşvət verməyə təhrik etməsi, onun pulunu ələ keçirərək vədi üzrə heç bir hərəkət etməyərək dələduzluq əməlinə yol verməsini etiraf etmişdir. Beləliklə, İddiaçı baş gizir Müsahib İmanovun dələduzluq yolu ilə ələ keçirdiyi 3500 manat pulunu geri qaytararaq dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışaraq əməlindən peşman olmasını, bəraətverici əsaslar olmadan barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etməsinə görə onun barəsində CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması həmin məcəllənin 73-1.1 və CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilmiş olsa da, qərarın məzmunundan görünür ki, iddiaçının yuxarıda qeyd olunan müvafiq əməlləri tam sübuta yetirilmiş, ziyanı ödəməsi əsası ilə icraata xitam verilmişdir. Lakin bu hal iddiaçının müvafiq Nizamnamənin tələbərini pozmadığına dəlalət etmir, əksinə mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1:- -1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. -2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. -3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinəmətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. İstinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Mübahisələndirilən əmrin məzmunu ilə müəyyən olunur ki, iddiaçı Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata ehtiyata buraxılmışdır. İşin halları ilə də təsdiq olunur ki, həqiqətən iddiaçının törətdiyi əməllər onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkətlərdir və bu səbəbdən də o, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 1 Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-X6 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmiş, əmr qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar