Məhkəmə qərarları › İş №e-2-1(114)-3212/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3212/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3212/2024 03.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı Qax rayonu, Tasmalı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 34 saylı doğum akt qeydində düzəliş edilərək “Söhbət” adının “Söhrab” kimi, “Rasulov” soyadının “Rəsulov” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nikahın bağlanması haqqında İİİ-JQ№396295 nömrəli şəhadətnamədən və xx.xx.1985-ci il tarixli 11 nömrəli akt qeydindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X10 ilə xx.xx.1967-ci il təvəllüdlü X7 xx.xx.1985-ci il tarixdə rəsmi nikah bağlamışlar və nikahdan sonra arvada Rəsulova soyadı verilmişdir.

2. xx.xx.1980-ci il tarixli NZ№4238832 nömrəli hərbi biletdə xx.xx.1961-ci il təvəllüdlü X4 hərbi xidmət keçməsi barədə qeydlər edilmişdir.

3. İT№0963807 nömrəli əmək kitabçasında xx.xx.1961-ci il təvəllüdlü X4 iş fəaliyyəti barədə qeydlər edilmişdir.

4. №616331 nömrəli diplomda X4 xx.xx.1983-cü il tarixdə texniki peşə fəaliyyəti üzrə ümumi orta təhsil alması barədə qeydlər edilmişdir.

5. Ölüm haqqında xx.xx.2024-cü il tarixli AZ-İİ№387904 nömrəli şəhadətnamədən və xx.xx.2024-cü il tarixli ölüm haqqında akt qeydindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Qax rayonunda vəfat etmişdir.

6. Bərdə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1961-ci il tarixdə Qax rayonu, Tasmalı kəndində anadan olmuş və xx.xx.2024-cü il tarixdə Qax rayonunda vəfat etmiş (Qax rayon qeydiyyat şöbəsi tərəfindən 36 saylı xx.xx.2024-cü il tarixdə ölüm akt qeydi qeydə alınmışdır) X4 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə adair xx.xx.2024-cü il tarixdə yoxlama aprılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1) Arvadı: İddiaçız (xx.xx.1967-ci il); 2) Qızı: X3 (xx.xx.1985-ci il); 3) Qızı: X5 (xx.xx.1986-cı il); 4) Oğlu: X8 (xx.xx.1989-cu il).

7. Doğum haqqında Xİ-JQ№464688 nömrəli və X-JQ№438987 nömrəli şəhadətnamələrdən, habelə doğum haqqında xx.xx.1985-ci il tarixli, xx.xx.1986-cı il tarixli, xx.xx.1989-cu il tarixli akt qeydlərindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X3, xx.xx.1986-cı il təvəllüdlü X5 və xx.xx.1989-cu il təvəllüdlü X2 atası qrafalarında X13 qeyd edilmişdir.

8. Torpağın mülkiyyətə verilməsinə dair JN-064A Kod 61009038 nömrəli şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 11 saylı qərarı ilə X9 Bərdə rayonu Lək kəndində yerləşən 0.06 ha torpaq sahəsi ayrılmışdır.

9. İddiaçı mərhum əri X4 doğum akt qeydinə düzəliş edilməsi barədə Bərdə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-5xx/xx-2024 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, mərhum X4 doğum akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından düzəliş edilməsi mümkün olmamışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5-4-13-9409/2024 nömrəli cavab məktubuna əlavə edilmiş Qax rayonu, Tasmalı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 34 saylı doğum akt qeydindən görünür ki, həmin qeyd xx.xx.1961-ci il təvəllüdlü X6 doğumunun qeydə alınması ilə bağlı tərtib edilmişdir. II. Məhkəmədə icraat

11. İddiaçı xx.xx.2024-cü il tarixdə Bərdə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydində “Söhbət” adının “Söhrab” adı ilə, Rasulov soyadının “Rəsulov” adı olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X10 ilə 1985-ci il 27 avqustda nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 3 övladları – xx.xx.1985-ci il təvəllüdlü X3, xx.xx.1986-cı il təvəllüdlü X8 və xx.xx.1986-cı il təvəllüdlü X5 dünyaaya gəlmişdir. Mərhum həyat yoldaşı xx.xx.2024-cü il tarixdə Bərdə rayonunda vəfat etmişdir. xx.xx.1961-ci il tarixli doğum akt qeydində mərhum həyat yoldaşının adı X10 əvəzinə X1 qeydiyyat aparılmışdır. Baxmayaraq ki, mərhum həyat yoldaşına məxsus ******* nömrəli xx.xx.1983-cü il tarixli diplomda da, birgə nikahlarına dair xx.xx.1985-ci il tarixli nikah haqqında şəhadətnamədə də, xx.xx.1980-ci il tarixli hərbi biletində də, xx.xx.1983-cü il tarixli əmək kitabçasında da onun X10 olması öz təsdiqini tapır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

14. Məhkəmənin hüquqi yardımından sonra iddiaçının vəkil olan nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Qax rayonu, Tasmalı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 34 saylı doğum akt qeydində düzəliş edilərək “Söhbət” adının “Söhrab” kimi, “Rasulov” soyadının “Rəsulov” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdehin yerləşdiyi yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

23. Cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmiş, iddiaçı iclasda vəkil olan nümayəndəsi Nümayəndə ilə təmsil edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

25. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikahın bağlanması haqqında İİİ-JQ№396295 nömrəli şəhadətnamə və xx.xx.1985-ci il tarixli 11 nömrəli akt qeydi; - xx.xx.1980-ci il tarixli NZ№4238832 nömrəli hərbi bilet; - İT№0963807 nömrəli əmək kitabçası; - №616331 nömrəli diplom; - Ölüm haqqında xx.xx.2024-cü il tarixli AZ-İİ№387904 nömrəli şəhadətnamə və xx.xx.2024-cü il tarixli ölüm haqqında akt qeydi; - Bərdə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışı; - Doğum haqqında Xİ-JQ№464688 nömrəli və X-JQ№438987 nömrəli şəhadətnamələr; - Doğum haqqında xx.xx.1985-ci il tarixli, xx.xx.1986-cı il tarixli, xx.xx.1989-cu il tarixli akt qeydləri; - Torpağın mülkiyyətə verilməsinə dair JN-064A Kod 61009038 nömrəli şəhadətnamə; - Bərdə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-5xx/xx-2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5-4-13-9409/2024 nömrəli cavab məktubuna əlavə edilmiş Qax rayonu, Tasmalı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 34 saylı doğum akt qeydi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı mərhum əri X9 məxsus xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 34 saylı doğum akt qeydində adının “Söhrab” əvəzinə “Söhbət” kimi, “Rəsulov” soyadının “Rasulov” kimi qeyd olunduğunu əsas gətirməklə, həmin akt qeydinə düzəliş edilməsi ilə bağlı Bərdə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, cavabdeh orqan tərəfindən isə xx.xx.2024-cü il tarixli 3-16-5/8-5xx/xx-2024 nömrəli cavab məktubu ilə buna kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olması bildirilmişdir.

29. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

30. Belə ki, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5-4-13- 9409/2024 nömrəli cavab məktubuna əlavə edilmiş Qax rayonu, Tasmalı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 34 saylı doğum akt qeydi ilə xx.xx.1961-ci il təvəllüdlü X6 doğumu qeydə alınmışdır.

31. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə, yəni, iddiaçı ilə mərhumun nikah haqqında akt qeydində, birgə nikahlarından doğulmuş 3 övladının doğum akt qeydlərində, mərhumun ölüm akt qeydində, o cümlədən təhsil, hərbi xidmət və iş fəaliyyətinə dair bütün sənədlərində və mülkiyyət sənədində həmin şəxsin ad və soyadı Rəsulov Söhrab kimi qeyd edilmişdir.

32. Bu isə o deməkdir ki, həqiqətən də X4 doğum akt qeydində səhvə yol verilmiş və qeydin tərtibi zamanı iddiaçının mərhum ərinin ad və soyadı barəsində məlumat düzgün qeyd edilməmişdir.

33. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

35. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Qax rayonu, Tasmalı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 34 saylı doğum akt qeydində düzəliş edilərək “Söhbət” adının “Söhrab” kimi, “Rasulov” soyadının “Rəsulov” kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Qax rayonu, Tasmalı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 34 saylı doğum akt qeydində düzəliş edilərək “Söhbət” adının “Söhrab” kimi, “Rasulov” soyadının “Rəsulov” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Bərdə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar