Məhkəmə qərarları › İş №e-2-1(114)-3250/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-3250/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-3250/2023 11.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bərdə regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında akt qeydinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bərdə regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında akt qeydinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onun doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə müraciətinə baxılmış və müraciəti ilə əlaqədar Tərtər rayon Səhləbad kənd İN-də tərtib edilmiş xx.xx.1959-cu il tarixli 100 nömrəli doğum akt qeydi nəzərdən keçirilərkən adının təqdim etdiyi sənədlərdə göstərildiyi kimi “Pakizə” deyil, “Səkinə”, ata adının “Yusif” deyil, “Usub”, doğum tarixinin “xx.xx.1960-cı il” deyil, “xx.xx.1959-cu il”, doğulduğu yerin “Bərdə rayonu Hacallı kəndi” deyil, “Tərtər rayonu Ələsgərli kəndi” kimi qeyd olunduğu aşkar edilmişdir. Bu səbəbdən təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır.

2. Bərdə regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, onun doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə müraciətinə baxılmış və onun şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində adı, soyadı və ata adı “Bəylərova (Şərəfxanova) Pakizə Yusif qızı” göstərildiyi halda, Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən sorğuya cavabda bildirilmişdir ki, Tərtər rayon Səhləbad kənd İN-də tərtib edilmiş xx.xx.1959-cu il tarixli 100 nömrəli doğum akt qeydində ad, soyad və ata adı “X5” kimi qeyd edilmişdir. Doğumu haqqında akt qeydində ziddiyyət olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

3. İddiaçı cavabdeh Bərdə regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Tərtər rayon VVAQ bürosu tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli 100 saylı doğum haqqında şəhadətnamə əsasında yeni doğum akt qeydinin verilməsi, yeni doğum akt qeydində ad, soyadının və ata adının olduğu kimi X2 göstərilməsi və doğum tarixinin xx.xx.1959-cu il göstərilərək yeni doğum haqqında qeydin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cü il tarixdə, Tərtər rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsi üzrə əsl ad və soyadı X5 olubdur. O, anadan olan zaman nənəsi Səkinənin adını ona qoymuşlar. Ata və anası heyvandarlıq təsərrüfatı ilə məşğul olduqları üçün uşaq vaxtından fermada yaşamış və təhsildən kənarda qalmışdır. Savadsızlığından adı nikah şəhadətnaməsinə yazılan zaman ikinci ad kimi ona deyilən Pakizə adı yazılmış, bundan sonra onun adı X3 qeyd olunmuşdur. Nikah şəhadətnaməsində doğum tarixi də yalnış yazılmış və 1960-cı il kimi qeyd olunmuşdur. Sonradan həyat yoldaşı X1 ona verilmiş və onun adı İddiaçı kimi yazılmışdır. Şəxsiyyət vəsiqəsi alınan zaman isə şəxsiyyət vəsiqəsində ata adı Yusif kimi qeyd olunmuşdur. Doğum vaxtı isə xx.xx.1960-cı il kimi yazılmışdır. Bu qeydiyyat səhvlərinə düzəliş edilməsi üçün ilk öncə o Tərtər rayon qeydiyyat şöbəsinə, daha sonra ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin hər iki qurum tərəfindən ona doğum haqqında şəhadətnaməsində olan soyad, ata adı və təvəllüdün dəyişikləri edilməklə ona yeni doğum aktında şəhadətnamənin verilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Buna görə də, o məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Hesab edir ki, onun tələbi haqlıdır, Bərdə regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin imtinası əsassız olmuşdur. Ona doğum qeydində olduğu kimi olan məlumatlar olmaqla yeni doğum haqqında şəhadətnamə verilməlidir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin mümkünlük iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

7. İddiaçı və iddiaçının vəkil olan nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

8. İddiaçı və iddiaçının vəkil olan nümayəndəsi məhkəmə iclasında iddia müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.

9. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

10. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

11. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

12. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının hazırki tələbi onun doğum haqqında akt qeydində düzəliş edilərək, yeni doğum haqqında qeydin verilməsindən ibarətdir.

13. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia tələbinə müvafiq olaraq İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.

14. Hazırkı işdə iddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və onun bu barədə müraciətinə baxılaraq, münasibət bildirilmişdir. İddiaçının doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciəti və cavabdehin müraciətdən imtinası isə iş materialları ilə müəyyən edilmir.

15. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

16. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Nəticəvi hissə:

17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar