Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3252/2025 11.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi (vəkili) Vəkil və cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbini dəqiqləşdirərək, J№ 0849, KOD 50900001 nömrəli “torpaqların daimi istifadə hüququna dair” dövlət aktında əks olunan torpaq sahəsindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilən Qaraçay çayının mühafizə zonasını əhatə edən 1 ha, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli planda əks olunan tikililərin yerləşdiyi torpaq sahəsi istisna olmunmaqla, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində yerləşən 79,88 ha torpaq sahəsi üzərində cəmiyyətin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cəmiyyət Azərbaycan Respublikasının keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 257 nömrəli əmri ilə “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq yaradılmışdır, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən cəmiyyətə dağmədən işləri, dağ və buruq qazmaları aparılmasına dair İN/L-209/2018 qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli lisenziya verilmişdir. Keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 399 saylı, xx.xx.1984-cü il tarixli “Torpaqdan daimi istifadə hüququnq dair” Dövlət Aktına əsasən, 98 ha torpaq sahəsi gips istehsal etmək məqsədilə yalnız indiki ASC-yə ayrılmışdır. İddia tələbi onunla bağlıdır ki, torpaq sahəsinə olan hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi üçün cəmiyyət cavabdeh orqana müraciət etmiş, lakin buna imtina cavabı verilmişdir. JN-0849 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktına əsasən, 98 ha torpaq sahəsi gips istehsal etmək üçün cəmiyyətin istifadəsinə verilmişdir. İddiaçı tərəf qeyd edir ki, imtina ərizəsində təqdim edilən qanuni əsaslar mübahisəlidir və hüquqi baxımdan qeyri-dəqiqdir.
3. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə məhkəməyə etiraz daxil olmuş və etirazda bildirilmişdir ki, JN-849 saylı torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən, ayrılmış 98.0 ha torpaq sahəsinin istifadə müddəti bitmişdir. Belə ki, qüvvədən düşmüş 254-Xİİ nömrəli, xx.xx.1991-ci il traixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 15-ci maddəsinə əsasən torpaqdan müvəqqəti istifadə qısa müddətli - 3 ilədək və uzun müddətli - 10 ilədək ola bilər. Köçəri qoyunçuluq üçün kolxozların, sovxozların, kəndli təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsinə qış və yay otlaq sahələri 15 ilədək müddətə verilə bilər. İstehsalat zərurəti olduqda, bu müddətlər müvafiq surətdə ilkin istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Həmin maddəyə əsasən, müvəqqəti istifadə üçün torpaq sahələri vətəndaşlara, kolxozlara, sovxozlara, kooperativlərə, kəndli (fermer) təsərrüfatlarına, müəssisələrə, idarələrə və təşkilatlara kənd təsərrüfatı ilə məşğul olmaq üçün, layihə, axtarış və müvəqqəti tikinti işlərinin aparılması, icarə, bostançılıq, ot çalını, mal-qara otarılması üçün və xidməti pay torpaqları şəklində verilir. Eyni zamanda müəyyən olunmuşdur ki, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ərazisindən İddiaçı ASC-yə ayrılmış 98.00 ha torpaq sahəsinin 8.12 ha hissəsindən hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi istifadə edir və həmin hissədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid tikililər mövcuddur. İddianın təmin edilməməsi xahiş edilmişdir.
4. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-3252/2025 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyi təyin olunmuşdur.
5. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, qeyd olunan mübahisəli torpaq sahəsinin Azərbaycan SSR vaxtından bu günə qədər müəssisənin istifadəsində olduğunu, həmin torpaq sahəsini Dövlət aktına əsasən istifadə hüququnun tanınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmsil etdiyi inzibati orqanın imtinasının tam əsaslı olduğunu bildirdi və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında dindirilmiş, iş üzrə mütəxəssis rəyi vermiş X2 göstərdi ki, mübahisə predmeti olan torpaq sahəsi 2002-ci ildə torpaq islahat kompleks yerquruluşu layihəsinə əsasən dövlət torpağ meşəliyi, 2016-ci ildə Prezidentinin fərmanına əsasən elektron uçot işlənən zaman həmin torpaqların tərəfləri dəyişib sənayə, nəqliyyat, rabitə torpağı kimi qeyd olmuşdur. Həmin ərazidə hərbi hissənin tikilləri olduğunu, icazə alib tikillərin ölçüsünü götürdüyünü bildirmişdir. Hərbi hissəsinin anbarları, yataqxanası və atış hissələri var. Ancaq anbarlarının yerində ölçü işləri aparmışdır. Atış yerlərində tikili olmayıb. 5-6 hektar ərazini əhatə edir. Qaraçay çayının sol sahilində 1 hektarı ərazi mühafizə zolağına düşür.
- Məhkəmə araşdırmasının predmetini təşkil edən icraat materialları:
8. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən xx.xx.2002-ci il tarixli, 28 nömrəli, JN:849, KOD 50900001 “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktına əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 399 nömrəli qərarı ilə Goranboy rayonu ərazisindən 98.00 ha torpaq sahəsi gips istehsalı etmək üçün İddiaçı ATSC-yə verilmişdir.
9. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən xx.xx.2023-cü il tarixli, 0195N reyestr nömrəli X6 X1 0195 nömrəli “dağ-mədən ayırması” aktına əsasən, X8 yatağı gips hasilatı məqsədi ilə İddiaçı ASC-yə verilmiş, dağ-mədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında 8.1 ha təşkil edir.
10. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən xx.xx.2004-cü il tarixli “vergi ödəyicisinin uçota alınmas haqqında” Şəhadətnamə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** VÖEN nömrəsi ilə İddiaçı ASC-yə verilmişdir.
11. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2-35830/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, İddiaçı ASC xx.xx.2003-cü il tarixdı 0303-Q1-555 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN ilə vergi uçotuna alınmış. ASC Ədliyyə Nazirliyi Tərəfindən xx.xx.2000-ci il tarixdə D-3133 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış İddiaçı ASC-nin mülkiyyət formasının dəyişməsi ilə əlaqədar onun bazasında hüquqi varislik prinsipi əsasında yaradılmışdır. İddiaçı ASC ilə ləğv edilmiş “Azərtikintimaterialsənaye” Dövlət Konserinin tabeliyində olmuş X8 kombinatının bazasında yaradılmışdır və onun hüquqi varisidir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən, hazırda ASC-nin tam adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. ASC-nin hüquqi ünvanı Goranboy rayonu, Yuxarı Ağcakənd ŞTQ-dir.
12. Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-1359/2025 nömrəli “iş üzrə məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, JN-0849 nömrəli (kod ********) “torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” barədə elektron bazada məlumat mövcuddur. Elektron bazada olan 1999-cu ilə aid “Azərbaycan Respublikası Goranboy rayonu Şikar Şikarov adına təsərrüfat ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq dövlət mülkiyyətində saxlanılan bələdiyyə və xüsusi mülkiyyətinə verilən torpaqların yerquruluşu Layihəsi”nə əsasən JN-0849 nömrəli (kod ********) “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda qeyd olunan torpaq sahəsinin 59.0 ha hissəsi dövlət mülkiyyətində olan meşə fondu torpağı, 39.0 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Arxivdə saxlanılan 2002-ci ilə aid ““Azərbaycan Respublikası Goranboy rayonu Şikar Şikarov adına təsərrüfat ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq dövlət mülkiyyətində saxlanılan bələdiyyə və xüsusi mülkiyyətinə verilən torpaqların yerquruluşu Layihəsi”nə əsasən isə JN-0849 (kod ********) “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nda qeyd olunan torpaq sahəsinin 84.0 ha hissəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş, 14.0 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.
13. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-48-DA/2- 341/2025 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 399 nömrəli qərarına əsəsən, Şaumyan (kənd) rayonunda (indiki Goranboy rayonu) sənaye sahəsi olan Verxne-Ağcakənd gips mədəninin karxanasının təşkili üçün Tikinti Materilları Sənayesi Nazirliyinə, Kirov sovxozunun adına 98 ha torpaq sahəsi verilmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş sənədə əsasən: - X9 X5 İcraiyyə Komitəsinin 1984-cü il oktyabr tarixli, 274 nömrəli “Ağcakənd Gips MƏdəni Karxanasının tikinti üçün torpaq sahəsinin ayrılması haqqında” həllinə əsasən, Ağcakənd gips mədəninin tikintisi üçün daimi istifadə üçün 98 hektar torpaq sahəsi ayrılmışdır.
14. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 46/2-3401/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ərazisindən İddiaçı ASC-yə ayrılmış 98.00 ha torpaq sahəsinin 8.12 ha hissəsindən hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi istifadə edir və həmin hissədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid tikililər mövcuddur.
15. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-25-114/2-1252/2025 nömrəli məktuba əsasən, Goranboy rayonu, Yuxarı Ağcakənd ərazisində yerləşən İddiaçı ASC-nin istifadəsində olan gips mədəni ərazisində yerləşən hərbi şəhərciyin torpaq sahəsi Müdafiə Nazirliyinin balansında deyil. Ərazidə olan 1 nömrəli əsgər yataqxanası, 6 nömrəli əsgər yataqxanası, 8 nömrəli qərargah və 10 nömrəli nəzarət buraxılış məntəqəsi binaları istisna olmaqla, digər hərbi təyinatlı tikililər Müdafiə Nazirliyi tərəfindən inşa edilmişdir. - Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası Madə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152 Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
3. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Maddə 103. Torpaq mübahisələrini həll edən orqanlar
1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir.
2. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır.
3. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir.
4. Rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır.
19. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
Əsaslandırma hissəsi:
21. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
22. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
23. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən, iddianı əsaslı hesab edir.
24. İddiaçı ASC cavabdeh orqana müraciət edərək, Goranboy rayonu, Yuxarı Ağcakənd kəndində yerləşən torpaq sahəsi üzərində istifadə hüququnun tanınması barədə müraciət etmiş, lakin cavabdeh orqan imtina etmiş və imtinaya əsas olaraq onu göstərmişdir ki, qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədi ilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, kimlərə verilməsi qeyd olunmuşdur. Təqdim olunmuş JN-849 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”na əsasən ayrılmış torpaq sahəsi həmin maddəyə əsasən Açıq Səhmdar Cəmiyyətlər üçün nəzərdə tutulmuşdur.
25. Məhkəmə iş üzrə icraat materiallarını araşdırıb hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
26. İlkin olaraq, onu qeyd etmək lazımdır ki, hal-hazırda tərəflər arasında mübahisəli olan 98.00 ha torpaq sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 399 nömrəli qərarı ilə, Şaumyan (kənd) rayonunda (indiki Goranboy rayonu) sənaye sahəsi olan Verxne-Ağcakənd gips mədəninin karxanasının təşkili üçün Tikinti Materilları Sənayesi Nazirliyinə 98 ha torpaq sahəsinin ayrılmışd, həmin torpaq sahəsində yerləşən Ağcakənd gips mədən karxanası sonradan özəlləşdirilərək İddiaçı ATSC təşkil edilmiş, həmin təşkilatın adına Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli 399 nömrəli qərarı əsasında xx.xx.2002-ci il tarixli, 28 nömrəli, JN-849 (KOD ********) “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı qeydə alınmışdır.
27. Həmin dövlət aktı iddiaçı tərəfindən məhkəmədə iddia tələbi qaldırılana qədər cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddiaçı isə öz növbəsində qərara münasibətdə “etimad hüququnun qorunması prinsipi” səbəbi ilə öz fəaliyyətini davam etdirmişdir. Bu isə fiziki və ya hüquqi şəxslərə münasibətdə “əlverişli inzibat akt” terminini ortaya çıxarır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda bu münasibətlər tənzimlənir. Belə ki, norma tələblərinə əsasən, əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Bu aktlar ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minirlər. Lakin, əgər inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməzsə, o, həmin ana qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
28. Beləliklə, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli 399 nömrəli qərarına, həmçinin İddiaçı ATSC-nin adına xx.xx.2002-ci il tarixli, 28 nömrəli, JN-849 (KOD ********) “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktına münasibətdə hər hansısa ləğvetmə, dəyişdirilmə və ya geriçağırılma ilə bağlı hüquqi nəticələr doğuracaq hərəkətlər edilməmiş, yuxarıda qeyd edilən qərarda torpaq sahəsinin daimi əsaslarla istifadəyə verildiyi qeyd edilmiş, dövlət aktında isə onun qüvvədə olma müddəti ümumiyyətlə göstərilməmişdir. Bu isə onu deməyə əsas verir ki, dövlət aktı hələ də qüvvədədir və o, əlverişli inzibati akt statusu ünvanını saxlayaraq iddiaçıya torpaq sahəsi üzərində qanunvericiliyin tələblərinə uyğun istifadə etmək hüququnu verir.
29. Digər bir tərəfdən, qanunvericilik tərəfindən istər bundan öncəki dövlər üzrə, istərsə də cari illərə münasibətdə hüquq mübahisələrindən doğan münasibətlər vahid məhkəmə və inzibati orqanların fəaliyyət təcrübəsinə əsaslanaraq tənzimlənmiş, mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına əsas verən sənədlərin dəqiqləşmiş siyahısı hazırlanmışdır. Belə ki, İddiaçı ASC-yə torpaq sahəsinin verilməsinə əsas olmuş Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 399 nömrəli qərarı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsində qeyd olunan “qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar”a və İddiaçı ASC-yə məxsus xx.xx.2002-ci il tarixli, 28 nömrəli, JN-849 (KOD ********) “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı isə 8.0.5-ci maddəsində qeyd edilən “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri” müddəasına uyğun gəlir.
30. Qeyd olunan məsələ oxşar olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsi (139-1.1.1) ilə tənzimlənmiş və qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
31. Yuxarıda da qeyd edildiyi kimi, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə almaq mütləqdir ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə əsasən, torpaqların daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
32. Əlavə olaraq, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün əsas və yetərli sayılmalıdır.
33. Bu onu deməyə əsas verir ki, cavabdeh orqan torpaq sahəsi və ya digər növ daşınmaz əmlak üzərində hüququn dövlət reyestrdinə qeydiyyata alınması məsələsi ilə bağlı mübahisəli məsələni həll edərkən, yuxarıda adları çəkilən və qanunvericilikdə öz yerini tutan normaları bütöv olaraq, yəni bir-birindən ayrı şəkildə deyil, əlaqəli və kompleks şəkildə təsfir edərək onu düzgün qaydada tətbiq etməlidir. Həmçinin, dövlət qeydiyyatının aparılması zamanı həmin qanunvericilik normalarının tələb və məzmunları nəzərə alınmaqla “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyənləşdirilməli və dəqiq yekun qərara gəlinməlidir.
34. İş üzrə məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə dair qərardad qəbul edilmiş, cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-2789/2025 nömrəli “mütəxəssis rəyinin göndərilməsi ilə bağlı” məktuba qoşma şəklində əlavə edilmiş rəyə əsasən, iddiaçıya ayrılan və hal-hazırda faktiki istifadəsində olan torpaq sahəsi torpaq islahatına dair komplek yerquruluşu layihəsinə əsasən 42.84 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlara, dövlət mülkiyyətinə aid örüş sahəsinə, 55.16 ha hissəsi isə X10 Torpaqlarına düşərək, kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqdır və islahat uqodiyası təmiz örüş və meşə ilə örtülüdür. Həmçinin, iddiaçı tərəfindən naturada istifadə edilən torpaq sahəsi xx.xx.2002-ci il tarixli, 28 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktındakı cizgilər daxilində olmaqla, hüdudları daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid yaşayış, qeyri-yaşayış binaları və iddiaçının özünə məxsus bir ədəd mişar daşından tikilmiş qeyri-yaşayış tikilisi mövcuddur. Əlavə olaraq, hal-hazırda iddiaçı tərəfindən faktiki istifadə edilən və ya “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktında qeyd edilən torpaq sahəsinin kiçik bir hissəsi (təqribi 1.00 hektara qədər) Qaraçay çayının mühafizə zonasına düşür, üzərindən 10 KLV-luq elektrik xətti keçir və dövlət aktında qeyd edilən torpaq sahəsinin hər hansı digər şəxslərin adına qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşmə halı müşahidə edilməmişdir. Məhkəməyə sübut olaraq təqdim edilən rəy “TEKUİS” informasiya sisteminə və Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair komplek yerquruluşu layihəsinə əsasan hazırlanmışdır.
35. Məhkəmə iclası zamanı dindirilmiş mütəxəssis X2 2016-ci ildə Prezidentinin fərmanına əsasən elektron uçot işlənən zaman həmin torpaqların təyinatı dəyişdirilərək sənayə, nəqliyyat, rabitə torpağı kimi qeyd oldunduğunu qeyd etmişdir. Bu səbəbdən də məhkəmə qeyd edilən torpaq sahəsini sənayə, nəqliyyat, rabitə torpağı kimi qəbul edir.
36. Torpaq sahəsində yerləşən və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid olan qeyri-yaşayış obyektləri ilə bağlı məhkəmə onu qeyd edir ki, məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq Goranboy rayonu, Yuxarı Ağcakənd ərazisində yerləşən İddiaçı ASC-nin istifadəsində olan gips mədəni ərazisində yerləşən hərbi şəhərciyin torpaq sahəsi Müdafiə Nazirliyinin balansında olmadığını, ərazidə olan 1 nömrəli əsgər yataqxanası, 6 nömrəli əsgər yataqxanası, 8 nömrəli qərargah və 10 nömrəli nəzarət buraxılış məntəqəsi binaları istisna olmaqla, digər hərbi təyinatlı tikililər Müdafiə Nazirliyi tərəfindən inşa edildiyi qeyd edilmişdir.
37. Lakin daha sonra iddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə “AZEMİS” vasitəsi ilə elektron kabinetlə məhkəməyə ünvanlanmış ərizə ilə mütəxəssis rəyində qeyd olunan və mübahisə doğura biləcək Qaraçay çayının mühafizə zonası və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan binalarının üzərində yerləşdiyi torpaq sahələrinin ümumi ölçülərini çıxaraq tələbi dəqiqləşdirilmiş, iddia həcmi azalmışdır.
38. Beləliklə, iddiaçı tərəfindən üzərində istifadə hüququ olan və mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinə münasibətdə hər hansı bir mübahisə qalmır və iddiaçı yalnız onun faktiki və naturada istifadə elədiyi torpaq sahəsinə münasibətdə hüququnun dövlət reyestrində qeydiyyata aldırmaq istəyir.
39. Məhkəmənin müvafiq sorğusuna əsasən, Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, İddiaçı ASC xx.xx.2003-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq, xx.xx.2004-cü il tarixdə VÖEN ilə vergi uçotuna alınmışdır. ASC-nin özü Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı ATSC-nin mülkiyyət formasının dəyişməsi səbəbi ilə bazasında hüququ varislik prinsipi əsasında yaradılmış, sonuncu isə öz növbəsində ləğv edilmiş “Azərtikintimaterialsənaye” Dövlət Konserinin tabeliyində olmuş X8 Kombinatının bazasında yaradılmış və onun hüquqi varisi olmuşdur.
40. Göründüyü kimi, hüquqi varislik yolu ilə torpaq sahəsi üzərində istifadə etmək hüququ hazırkı iş üzrə iddiaçı qismində iştirak edən İddiaçı ASC-yə məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasında “hüquqi varislik” məsələsinə toxulmuş və 29-cu maddədə qeyd edilmişdir ki, dövlət vərəsəlik hüququnun təminatçısıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.4-cü maddəsində qeyd edilir ki, hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir.
41. Son olaraq, qeyd olunan məsələ ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeləri mövcuddur.
42. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(102)-1630/2021 nömrəli qərarı ilə məsələyə hüquqi qiymət verilmiş, Azərbaycan Respublikası Torpaq Məcəlləsi qüvvəyə minməmişdən qabaq müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərəflərə ayrılan torpaq sahəsinə münasibətdə olan hüquqi mövqeli aktlar qanunvericiliyin tələblərinə uyğun olması və istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas sayıldığı qeyd edilmişdir.
43. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” plenum qərarına əsasən, Torpaq Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş və onun geriyə qüvvəsi yoxdur. Ondan öncə qüvvədə olan qanunvericiliyə əsasən isə torpaqların daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi. Belə münasibətlər isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından deyil, Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi aktın mübahisələndirilməməsi məsələsi ilə bağlı onu qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
44. Yekun olaraq məhkəmənin mövqeyi ondan ibarətdir ki, cavabdeh orqanın iddiaçının tələbinə münasibətdə imtinası əsassız olmuş və qanunvericiliyin tələbləri gözlənilmədən və tətbiq edilmədən onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və J№ 0849, KOD 50900001 nömrəli “Torpaqların daimi istifadə hüququna dair” dövlət aktında əks olunan torpaq sahəsindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilən Qaraçay çayının mühafizə zonasını əhatə edən 1 ha, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli planda əks olunan tikililərin yerləşdiyi torpaq sahəsi istisna olmunmaqla, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində yerləşən 79,88 ha torpaq sahəsi üzərində cəmiyyətin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.
46. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. J№ 0849, KOD 50900001 nömrəli “torpaqların daimi istifadə hüququna dair” dövlət aktında əks olunan torpaq sahəsindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilən Qaraçay çayının mühafizə zonasını əhatə edən 1 ha, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli planda əks olunan tikililərin yerləşdiyi torpaq sahəsi istisna olmunmaqla, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində yerləşən 79,88 ha torpaq sahəsi üzərində cəmiyyətin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov