Məhkəmə qərarları › İş №e-2-1(114)-3327/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3327/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3327/2025 30.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “silahlı qüvvələrdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2025-ci il tarixli raportuna əsasən, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsinə daxil olmuşdur. Təhsil müddətinin (6 ilin) 4 ilini mülki tələbə kimi oxumuşdur. 2012-ci il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2014-cü ildən leytenant rütbəsini almış, zabit kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. xx.xx.2024-cü il tarixdə onun zabit kimi xidmətinin 10 ili başa çatmışdır. Hazırda N nömrəli hərbi hissədə, Anesteziologiya və intensiv terapiya bölməsinin ordinatoru vəzifəsində xidmət edir. Bu vəzifəyə 2025-ci ilin yanvar ayından təyinat almışdır. O, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə hərbi hissə komandirinin tibb hissə üzrə müavini-tibb hissəsinin rəisininin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportunun yazılmasının üzərindən xeyli müddət keçməsinə baxmayaraq hərbi hissə komandiri tərəfindən cavab yazılmamışdır. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmamağının gecikdirilmisini qanunsuz və əsassız hesab edir. Belə ki, bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bütün hərbi hissələrindən, o cümlədən X5 hərbi hissələrindən zabitlərin ehtiyata buraxılması müntəzəm olaraq həyata keçirilir. İddiaçı hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı 2025 ci ilin yanvar ayından etibaran Kəlbəcərdə yerləşən hərbi hissədə yaşayır. Xidməti üzrə yaşayış yeri Kəlbəcər rayonu olduğundan hazırki iddianı Gəncə İnzibati Məhkəməsində qaldırmışdır. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı 26 yanvar 2025-ci il tarixdə ehtiyata buraxılması ilə əlaqədar yuxarı komandanlığa müraciət etmiş lakin müsbət cavab almadığından Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, onun iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. İddiaçı 01 iyun 2012-ci il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Herbi Tibb fakultəsində kursant kimi davam etdirmiş, 23 iyun 2014-cü il tarixdən Azərbaycan Ordusu sıralarında N nömrəli hərbi hissənin Tibb məntəqəsində məntəqə həkimi vəzifəsində leytenant hərbi rütbəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabıt kimi xidmətdə olmuşdur. Bundan sonra İddiaçı N oktyabr 2021-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 16 yanvar 2025-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən, N nömrəli hərbi hissənin Anesteziologiya və intensiv terapiya bölməsinin ordinatoru vəzifəsinə təyin edilərək xidmətini davam etdirmiş və hal-hazırki tarixədək xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində xx.xx.2014-cü il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və xx.xx.2024-cü il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərək 26 yanvar 2025-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirilir ki, "Hərbi qulluqçuların statusu haqqında", Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında 22 dekabr 2023-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki həmin Qanununun 2.4.2-ci yarımbəndinə "Qeyd" hissəsi əlavə edilmiş və orada "Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin "j" bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir." göstərilmişdir. Yəni İddiaçı N oktyabr 2021-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 16 yanvar 2025-ci il tarixdə təhsilini bitirmiş buda onu göstərir ki, iddiaçı 3 il 3 ay 18 gün müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamış, belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 6 il 10 ay təşkil edir və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır belə ki, onun 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı qərar qıbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış mülahizədən görünür ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında hərbi həkim-zabit kimi 11 (on) il 4 ay müddətində fasiləsiz və vicdanla hərbi xidmət keçmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun və "Hərbi qulluqçuların xidmət keçməsi haqqında Əsasnamə"nin müvafiq müddəalarına (maddə 15, maddə 156) əsasən, hərbi qulluq stajımın 10 il (5 il) tamam olması ilə əlaqədar mənim ehtiyata buraxılma hüququm qanunla təsbit olunmuşdur. "Hərbi qulluqçuların xidmət keçməsi haqqında Əsasnamə"nin 15-ci maddəsinə əsasən 5 il xidmətimlə əlaqədar onun ehtiyyata buraxılmağı üçün hüququ 2019-cu il tarixdə yaranmışdır. 2025-ci ilin yanvar tarixində ehtiyyata buraxılmağı ilə bağlı cavabdehə müraciət etmişdir. Həmin müraciəti olmuş, lakin həmin raport əsassız olaraq təmin edilməmişdir. Cavabdehin istinad etdiyi hərbi dövr ərzində rezidenturada təhsil aldığı dövrün hərbi staj müddətinə aid edilməməsi barədə arqumentlərə qarşı bildirilmişdir ki, o, xidmətə və rezidentura təhsilinə başladığı, hətta təhsilini bitirdiyi dövrdə qanunvericilkdə staja hansı dövrün aid edilibedilməməsi barədə düzəlişlər mövcud olmamışdır. Ona münasibətdə qanundakı dəyişikliklərin tətbiq edilməsi yolverilməzdir. Qeyd olunan hallar hərbi xidmətdən könüllü şəkildə ehtiyyata buraxılma hüququnun həyata keçirilməsinə, sosial təminat, qanunvericilikdə ağırlaşmaların geriyə şamil edilməməsi və bərabərlik prinsiplərinə ziddir. Beləliklə, onun xidmətə və rezidenturaya başladığı, rezidentura təhsilini bitirdiyi tarixdə qüvvədə olan Əsasnamənin 15-ci maddəsinə əsasən, 5 illik xidmət müddətini tamamlamış zabitlərə ehtiyata buraxılma imkanı verilirdi. Həmin müddəa onun xeyrinə tətbiq edilməli, sonradan qüvvəyə minmiş yeni qaydalar isə ona geriyə şamil edilməməlidir. Bundan başqa əvvəlki "Hərbi qulluqçuların xidmət keçməsi haqqında Əsasnamə"nin 156 maddəsinin j bəndinə əsasən iddiaçı 10 il xidmətdən sonra ehtiyyata buraxıla bilərdi. Həmin 10 il müddət yeni qanunvericiklə dəyişdirilməmişdir. Dəyişiklik təhsillə bağlı hissədir ki, həmin təhsil müddətini 2021-ci il tarixdə başa vurub xidmətimə davam etmişdir. İddiaçı hesab edir ki, hər bir halda qanunvericilikdə olan dəyişikliklərlə bağlı məhdudiyyət ona aid edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilmiş, özü iştirak etməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi-vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.2014-cü il tarixli, MN ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 0472 nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsinə, 3-cü Ordu korpusu komandirinin 19 avqust 2016-cı il tarixli N nömrəli əmri ilə hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə, Müdafiə nazirinin İ müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 28 oktyabr 2016-cı il tarixli 0491 nömrəli əmri ilə N nömrəli hərbi hissənin divizionunun həkim fizioloqu vəzifəsinə, Müdafiə nazirinin İ müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 07 mart 2020-ci il tarixli 0114 nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb xidməti rəisi vəzifəsinə, Azərbaycan Respublikası Müdafiə nazirinin N oktyabr 2021-ci il tarixli, 01601 nömrəli əmri ilə Hərbi Tibb Fakültəsinin rezidenti, Azərbaycan Respublikası Müdafiə nazirinin 16 yanvar 2025-ci il tarixli, 040 nömrəli əmri ilə N nömrəli hərbi hissənin Anesteziologiya və intensiv terapiya bölməsinin ordinatoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Milli X2ruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2024-cü il 9 yanvar tarixli 1-6/1-C- 195Ap/2024 nömrəli elektron müraciətə Azərbaycan Respublikasının Milli X3ruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu 2023-cü il dekabrın 22-də Milli Məclisdə qəbul edilmişdir. Eyni zamanda bildirilmişdir ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 85-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Yeni normalar bu Qanun qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq ediləcəkdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, tibb xidməti kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən, ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, İddiaçı raportuna əsasən vəsatət qaldırılmışdır. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli Tibb xidməti kapitanı İddiaçı xidmət illəri barədə məlumatından görünür ki, İddiaçı xx.xx.2012-xx.xx.2014-cü illərdə ATH-HTFda kursant, xx.xx.2014-xx.xx.2016-cı illərdə N nömrəli hərbi hissədə Tibb məntəqəsinin həkimi, xx.xx.2016-xx.xx.2016-cı illərdə N nömrəli hərbi hissədə Tibb məntəqəsinin rəisi, xx.xx.2016-xx.xx.2020-ci illərdə N nömrəli hərbi hissədə axtarış-xilasedici gəmilər divizionunun həkim-fizioloqu, xx.xx.2020-xx.xx.2021-ci illərdə N nömrəli hərbi hissədə Tibb xidməti rəisi, xx.xx.2021-xx.xx.2025-ci illərdə ATH-HTF-da Hərbi tibb fakültəsinin rezidenti olmuş, xx.xx.2025-ci il tarixdən hal hazıra kimi N nömrəli hərbi hissədə Anesteziologiya və intensiv terapiya bölməsinin ordinatoru vəzifəsində çalışır. Azərbaycan Tibb Universitetinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 2021-ci ildə Anesteziologiya və reanimatologiya ixtisası üzrə Azərbaycan Tibb Universitetinin (Hərbi Tibb Fakültəsi) rezidenturasına qəbul edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirinin 13 dekabr 2024-cü il tarixli 3-28/3-1-665/2024 №-li əmrinə əsasən ona Anesteziologiya və reanimatologiya ixtisası üzrə "həkimmütəxəssis" ali peşə-ixtisas dərəcəsi verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 149. Normativ hüquqi aktlar Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Avropa İnsan Hüquqları Konvensiyası Maddə 14 – Ayrı-seçkiliyin qadağan olunması Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Fabris Fransaya qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 fevral 2013-cü il tarixli Qərarı Konvensiyada təsbit olunan hüquq və azadlıqların istifadəsində maddə 14 müqayisə oluna bilən vəziyyətlərdəki şəxslərə obyektiv və ağlabatan əsaslar olmadan fərqli şəkildə davranmağı qadağan edir. Bu müddəa baxımından, bir davranış, “obyektiv və ağlabatan əsaslardan məhrumdursa”, yəni “legitim məqsəd” daşımırsa və ya “məqsəd və istifadə olunan vasitələr arasında ağlabatan proporsionallıq əlaqəsi” yoxdursa, ayrıseçkilikdir. Digər tərəfdən, razılığa gələn Dövlətlər əslində analoji olan vəziyyətlərdə fərqli davranışa ehtiyac olub olmadığı və nə dərəcədə fərq qoyulmalı olmasına qərar verməkdə mülahizə səlahiyyətinə malikdir. Bu mülahizə səlahiyyətinin dairəsi şəraitə görə dəyişir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu

2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ

1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Maddə 22. Təklif, ərizə və şikayət hüququ

2. Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir.

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir (22 dekabr 2023-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir).

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2014-xx.xx.2016-cı illərdə N nömrəli hərbi hissədə Tibb məntəqəsinin həkimi, xx.xx.2016-xx.xx.2016-cı illərdə N nömrəli hərbi hissədə Tibb məntəqəsinin rəisi, xx.xx.2016-xx.xx.2020-ci illərdə N nömrəli hərbi hissədə axtarış-xilasedici gəmilər divizionunun həkim-fizioloqu, xx.xx.2020xx.xx.2021-ci illərdə N nömrəli hərbi hissədə Tibb xidməti rəisi, xx.xx.2021-xx.xx.2025-ci illərdə ATH-HTF-da Hərbi tibb fakültəsinin rezidenti kimi hərbi xidmətdə olmuş, xx.xx.2025ci il tarixdən hal hazıra kimi N nömrəli hərbi hissədə Anesteziologiya və intensiv terapiya bölməsinin ordinatoru kimi xidmət edir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun 10 il zabit kimi hərbi xidmət etməsi nəzərə alınaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmasıdır. İddiaçının 26 yanvar 2025-ci il tarixli raportuna əsasən qulluq etdiyi N saylı hərbi hissə komandanlığı tərəfindən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə cavabdeh qarşısında vəsatət qaldırılmışdır. Cavabdeh iddiaçının ehtiyata buraxılmasından imtina etmiş, imtinanın əsası kimi qeyd etmişdir ki, İddiaçı N oktyabr 2021-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 16 yanvar 2025-ci il tarixdə təhsilini bitirmişdir. İddiaçı 3 il 3 ay 18 gün müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamışdır. Belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 6 il 10 ay təşkil edir və 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən, hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə görə, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən, öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin bəndin qeyd hissəsinə görə, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Göstərilən qeyd hissə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Milli X2ruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2023-cü il dekabrın 22-də Milli Məclisdə "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 85-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Yeni normalar bu Qanun qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq ediləcəkdir. Qanunvericiliyin tələbinə əsasən, 22 dekabr 2023-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə qeyd hissə əlavə edilənək hərbi qulluqçuların təhsil müddəti onların hərbi xidmət müddətinə daxil edilmişdir. 2024-cü il 1 yanvar tarixindən qüvvəyə minən əlavəyə görə, hərbi qulluqçunun bir ildən çox olan təhsil dövrünün hərbi xidmət müddətinə daxil edilməsi istisna edilir. İddiaçı xx.xx.2021-xx.xx.2025-ci illərdə Hərbi tibb fakültəsində rezidentura təhsili almışdır. Məhkəmə hesab edir ki, iddiaçının N oktyabr 2021-ci il tarixdən 01 yanvar 2024cü il tarixdək təhsil aldığı müddət onun hərbi xidmət illərinə daxil edilməlidir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əlavə edilən norma onun qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, 2024-cü il 1 yanvarından sonrakı təhsil müddətlərinə münasibətdə tətbiq edilməlidir. Həmçinin qeyd olunur ki, həmin təhsil müddəti 1 ildən çox olduğu halda hərbi xidmət müddətinə daxil edilə bilməz. İddiaçının 2024-cü il yanvarın 1 dən sonraya münasibətdə təhsili 16 yanvar 2025-ci il tarixədək, yəni 1 ildən çox davam etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan müddət hərbi xidmət illərinə daxil edilməməlidir. İddiaçı təhsilini bitirdikdən sonra xx.xx.2025-ci il tarixdən N nömrəli hərbi hissədə Anesteziologiya və intensiv terapiya bölməsinin ordinatoru vəzifəsində hərbi xidmətini davam etdirir. Qeyd olunan dövr də hərbi xidmət illərinə daxil edildikdə müəyyən olunur ki, İddiaçı 10 ildən artıqdır ki, zabit kimi həqiqi hərbi xidmətdədir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi tərəfindən başqa analoji iş üzrə də məhkəməyə iddia verdiklərini, lakin hüquqlarını müdafiə etdiyi digər hərbi qulluqçunun rezidentura təhsilinin cavabdeh orqan tərəfindən onun hərbi xidmət illərinə daxil etməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı, bununla bağlı iddia ərizəsini geri götürdüklərini bildirilmiş, bunu təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Həmin sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, hərbi qulluqçu X1 xidmət kartına əsasən, xx.xx.2013-xx.xx.2014-cü illlərdə N nömrəli hərbi hissənin N motoatıcı taborun qərargah bölüyünün tibb məntəqəsinin rəisi, xx.xx.2014-xx.xx.2014-cü illərdə N nömrəli hərbi hissənin N motoatıcı taborun tibb məntəqəsinin rəisi, xx.xx.2014-xx.xx.2016cı illərdə N nömrəli hərbi hissənin N motoatıcı taborun tibb məntəqəsinin rəisi, xx.xx.2016xx.xx.2018-ci illərdə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, xx.xx.2018xx.xx.2018-ci illərdə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, xx.xx.2018xx.xx.2021-ci illərdə N nömrəli hərbi hissənin 7011-ci motoatıcı taborun tibb məntəqəsinin rəisi, xx.xx.2021-xx.xx.2021-ci illərdə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, xx.xx.2021-xx.xx.2021-ci illərdə N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, xx.xx.2021-xx.xx.2024-cü illərdə N nömrəli hərbi hissə komandirinin sərəncamında olmuş, xx.xx.2024-cü il tarixdən N nömrəli hərbi hissənin tibb bölüyünün tibb taqımının baş ordinatoru-cərrah kimi hərbi xidmət edir. N nömrəli hərbi hissənin N oktyabr 2025-ci il tarixli 324 nömrəli əmrinə əsasən, X4 Azərbaycan Respublikası müdafiə nazirinin 17 oktyabr 2025-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndində əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış, hərbi qeydiyyata durmaq üçün müvafiq idarəyə göndərilmişdir. Qeyd olunanlardan görünür ki, X4 xx.xx.2021-xx.xx.2024-cü illərdə təhsil almaqla hərbi hissənin sərəncamında olmuşdur. Onun xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hərbi xidmət illərindən təhsil müddəti çıxıldıqda 10 il hərbi xidməti tamamlanmır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən qeyd olunan hərbi qulluqçunun təhsil müddəti onun hərbi xidmət illərinə daxil edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konvensiyada təsbit olunan hüquq və azadlıqların istifadəsində maddə 14 müqayisə oluna bilən vəziyyətlərdəki şəxslərə obyektiv və ağlabatan əsaslar olmadan fərqli şəkildə davranmağı qadağan edir. Bir davranış legitim məqsəd daşımırsa və ya məqsəd və istifadə olunan vasitələr arasında ağlabatan proporsionallıq əlaqəsi yoxdursa, bu ayrı-seçkilikdir. Məhkəmə hesab edir ki, başqa hərbi qulluqçulara münasibətdə təhsil müddətinin hərbi xidmət müddətində daxil edilməklə qanunvericilikdə tələb olunan müddətin tamam olması əsası ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, iddiaçının isə təhsil müddətinin onun hərbi xidmət illərinə daxil edilməyərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından imtina edilməsi ayrı-seçkilik hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndində əsasən, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar