Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3430/2023 05.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı X3, X4 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanı üzrə Kirovabad şəhər X12 İcrayə Komitəsi tərəfindən iddiaçının adına xx.xx.1980-ci il tarixli, 127 nömrəli order verilmişdir. Evdə yaşamaq hüququ olanların siyahısında iddiaçının, onun əri Allahverdiyev Nadir, qızı Allahverdiyeva Mətanət, oğlu Allahverdiyev Heydər, qızı Allahverdiyeva Gülşən olmuşdur. Qeyd edilən order, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil- İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 119 nömrəli Arayış (Forma-2), Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilən razılıq ərizələri əsasında qeyd edilən mənzilə dair iddiaçının adına xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********96-05101-093014 reyestr nömrəli Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-414/2022 nömrəli qətnaməsi ilə X3 ilə X7 arasında xx.xx.2002-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 462 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X8 iddiaçı X2 yanında saxlanması qət edilmişdir. Nikahın pozulması xx.xx.2023-cü il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək ona məxsus olan mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-57/2-H-18709/11/23 nömrəli məktubda bildirmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3, X4 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə üçüncü şəxs X3 iddiaçının keçmiş gəlini olmuşdur. O, iddiaçının oğlu X7 ilə 2002-ci ildə ailə qurmuşdur. Birgə nikahlarından 16 oktyabr 2003-cü il tarixində X9, 10 mart 2006-cı il tarixində isə X8 dünyaya gəlmişlər. Lakin sonradan onların şəxsi münasibətlərinin pozulması səbəbindən nikahları məhkəmə qaydasında pozulmuşdur. Hələ məhkəməyə müraciət etməzdən təxminən 2 il öncə X1 oğlu X5 da özü ilə götürüb iddiaçıya məxsus olan evi tərk etmişdi. Lakin artıq xeyli vaxtdır ki, onlar iddiaçıya məxsus olan mənzildə yaşamamalarına baxmayaraq, bu günə kimi pasport qeydiyyatından çıxmamışlar. Bu isə əlavə kommunal xərclər yaradır. Həmçinin, onların iddiaçıya məxsus olan mənzildə qeydiyyatda qalmaları mülkiyyət üzərində sərəncam hüquqlarımı məhdudlaşdırır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) iddianı tələbini müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, üçüncü şəxslə iddiaçının oğlu 2002-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Hansı tarixlərdə həmin evdə yaşamasını, nə vaxt köçməsi barədə məlumatı yoxdur, ancaq ev iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra, yəni 2010-cu ildən sonra üçüncü şəxs həmin ünvana qeydiyyata düşmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-13-57/2-26972/2023 nömrəli məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, iddiaya dair münasibət bildirməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini ********** qeydiyyat nömrəli, **********96-05101- 093014 reyestr nömrəli Dövlət reyestrindən çıxarışın surəti, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-57/2-H-18709/11/23 nömrəli imtinası, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-33/2-6706/2023 nömrəli məktubu, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-414/2022 nömrəli qətnaməsinin təsdiqlənmiş surəti, elektron sorğu sistemindən çıxarışlar təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. İşin faktiki hallarından aydın olur ki, Kirovabad şəhər X12 İcrayə Komitəsi tərəfindən xx.xx.1980-ci il tarixli, 127 nömrəli order əsasında Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17 ünvanda yerləşən 48 nömrəli mənzil sahibləri və istifadəçiləri (Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarının mövqeyinə əsasən gözlənilən mülkiyyət hüququ olan şəxslər) iddiaçı və onun 4 nəfər ailə üzvü olmuşdur. Həmin şəxslərdən biri olan X7 ilə X3 arasında nikah xx.xx.2002-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 462 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X8 doğulmuşdur. 2010-cu ildə Kirovabad şəhər X12 İcrayə Komitəsi tərəfindən xx.xx.1980-ci il tarixli, 127 nömrəli orderdə adları qeyd olunmuş şəxslərin (gözlənilən mülkiyyət hüququ olan şəxslərin) razılığına əsasən mənzil iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X3 2011-ci ildən mübahisəli mənzildə pasport qeydiyyatına alınmışdır. Üçüncü şəxs X2 X7 ilə nikahı 2022-ci ildə pozulmuşdur. Gəncə şəhər MKTİB-nin 6 nömrəli XS-nin rəisi K.M.Musayev tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş və qonşuları tərəfindən imzalanmış Akta əsasən üçüncü şəxslər 2020-ci ilin dekabr ayından mübahisəli ünvanda yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Hazırkı iş üzrə iddia tələbinin təmin olunması üçüncü şəxslərin əmlaka münasibətdə əşya hüquqlarının mövcudluğunun müəyyən edilməsindən asılıdır. Belə olan halda üçüncü şəxslərin sözügedən əmlaka dair istifadə hüquqlarının yaranıb-yaranmadığı, hazırda mövcud olmaqda davam etdiyi, xitam verildiyi və s. ilə bağlı xüsusatlar yoxlanılmalı və qiymətləndirilməlidir. Belə yoxlama və qiymətləndirmə isə mülki hüquqa aid olan məsələnin həlli olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı 3-cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun keçmiş ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olubolmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub-olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Odur ki, məhkəmə bildirir ki, iddiaçı mülki qaydada məhkəməyə müraciət etməklə, üçüncü şəxslərin sözügedən əmlaka dair hüquqlarını mübahisələndirməli, daha sonra inzibati orqana, zərurət olarsa isə inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı X3, X4 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №e-2-1(114)-3430/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3430/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver