Məhkəmə qərarları › İş №e-2-1(114)-3462/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3462/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3462/2025 21.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsində İddiaçı tərəfindən inşa ediləcək fərdi yaşayış evinin layihəsi tərtib edilərək, məlumatlandırma icraatı qaydasında təqdim edilmiş və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin layihəyə heç bir irad bildirilməmiş və qeyd olunan tikintinin layihəsinin memarlıq-planlaşdırma bölməsi rayon icra hakimiyyəti tərəfindən məlumatlandırma icraatı qaydasında qəbul edilmiş və İddiaçı tərəfindən həmin ünvanda inşa edilmiş fərdi yaşayış evinin tikintisi başa çatmışdır.

3. İddiaçı Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 927/2025 nömrəli məktubu ilə imtina cavabı verilərək imtina onunla əsaslandırılmışdır ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən fərdi yaşayış evinin çoxmənzilli yaşayış binası kimi inşa edildiyi aşkar olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Odur ki, müraciətinə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərin ekspertizas zamanı məlum olmuşdur ki, tərəfindən təqdim olunan sənədlər çoxmənzilli yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslı deyildir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.

4. Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikiliyə yerində baxış zamanı müəyyən edilmişdir ki, tikili iki mərtəbəli fərdi yaşayış evi olmaqla, inşası başa çatdırılmışdır, lakin təmirsiz vəziyyətdədir. Ev 7 otaqdan ibarət olmaqla, bir giriş qapısı vardır. İddiaçı baxış zamanı hər mərtəbədə 2 olmaqla, cəmi 4 sanitar qovşağın nəzərdə tutulduğunu bildirmişdir.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsitərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan sənədləri müvafiq dövlət orqanına müraciət edərək tikinti üçün icazə almışdır. Bundan sonra evi inşa edib başa çatdırmışdır. İnşa etdiyi fərdi yaşayış evi üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il tarixli 3-21-3- 46/2-927/2025 nömrəli məktubla ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin inşa etdiyi fərdi yaşayış evi üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtinası tamamilə əsassız və qeyri-qanuni olduğu üçün onun hüquqlarını pozur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İPM-in: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə Bərdə rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməmişdir.

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçının vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

19. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdehin orqanın məhkəməyə yazılı etirazı daxil olmamışdır.

21. Cavabdehin nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, binanın fərdi yaşayış evi kimi təqdim edilməsinə baxmayaraq, çoxmənzillidir. Qeyri-yaşayış binası kimi inşa edilmişdir. X2 çıxarışın necə verilməsi barədə məlumatlı deyil.

22. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iki qardaş eyni lahiyə üzrə iki fərdi yaşayış evi tikdiriblər, cavabdeh orqan X1 tikdirdiyi fərdi yaşayış evinə könüllü şəkildə çıxarış verib, İddiaçı tikdirdiyi fərdi yaşayış evinə isə çıxarış verməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - 18.04.2017-ci il tarixli lisenziya; - Fərdi yaşayış evinin layihəsi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-927/2025 nömrəli məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsitərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsində İddiaçı tərəfindən inşa ediləcək fərdi yaşayış evinin layihəsi tərtib edilərək, məlumatlandırma icraatı qaydasında təqdim edilmiş və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin layihəyə heç bir irad bildirilməmiş və qeyd olunan tikintinin layihəsinin memarlıq-planlaşdırma bölməsi rayon icra hakimiyyəti tərəfindən məlumatlandırma icraatı qaydasında qəbul edilmiş və İddiaçı tərəfindən həmin ünvanda inşa edilmiş fərdi yaşayış evinin tikintisi başa çatmışdır.

26. İddiaçı Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 927/2025 nömrəli məktubu ilə imtina cavabı verilərək imtina onunla əsaslandırılmışdır ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən fərdi yaşayış evinin çoxmənzilli yaşayış binası kimi inşa edildiyi aşkar olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Odur ki, müraciətinə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərin ekspertizas zamanı məlum olmuşdur ki, tərəfindən təqdim olunan sənədlər çoxmənzilli yaşayış binası üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslı deyildir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.

27. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh orqanın imtinasını əsassız sayır.

28. Belə ki, cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən inşa edilmiş tikili fərdi yaşayış kimi təqdim olunmasına baxmayaraq, ərazi idarəsinin mütəxəssisi tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən fərdi yaşayış evinin çoxmənzilli yaşayış binası kimi inşa edildiyi aşkar olunmuşdur.

29. Məhkəmə bununla bağlı qeyd edir ki, Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikiliyə yerində baxış zamanı müəyyən edilmişdir ki, tikili iki mərtəbəli fərdi yaşayış evi olmaqla, inşası başa çatdırılmışdır, lakin təmirsiz vəziyyətdədir. Ev 7 otaqdan ibarət olmaqla, bir giriş qapısı vardır. İddiaçı hər mərtəbədə 2 olmaqla, cəmi 4 sanitar qovşağın nəzərdə tutulduğunu bildirmişdir.

30. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə qardaşı X4 eyni lahiyə üzrə iki fərdi yaşayış evi tikdirmişlər, cavabdeh orqan X1 tikdirdiyi fərdi yaşayış evinə könüllü şəkildə çıxarış vermiş, lakin İddiaçı tikdirdiyi fərdi yaşayış evinə çıxarışın verilməsindən imtina etmişdir.

31. Hər iki evə dair layihələr tamamilə eynidir.

32. Bu zaman məhkəmədə belə bir qənaət formalaşır ki, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh orqan tərəfindən riayət edilməmiş və ayrı-seçkiliyə yol verilmişdir.

33. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25.İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

37. Qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə iddiaçının qonşuluğundan yerləşən torpaq sahibinə çıxarış verilərkən yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edildiyi və bu əsasla həmin şəxsə hüquqların qeydiyyatından imtina edilmədən, çıxarış verildiyi müəyyən olunmuşdur.

38. Buna görə də məhkəmə hesab edir ki, eyni layihə əsasında tikilmiş fərdi yaşayış evinin X1 adına mübahisəsiz qeydə alınmasına baxmayaraq, iddiaçının tikdirdiyi fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitision norma və prinsipin mahiyyətinə ziddir.

39. Başqa sözlə, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

40. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

41. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86).

42. Bu baxımından məhkəmə qeyd olunan çərçivədə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni layihə əsasında inşa edilmiş fərdi yaşayış evlərindən birinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur.

34. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evi çoxmənzilli bina olacağı təqdirdi, tikintiyə icazə icraatı başlanmalı və həmin icraata uyğun proseduralar tətbiq edilməli idi. Hansı ki, həmin məsələ səlahiyyətində olan müvafiq icra hakimiyyəti orqanı iddiaçının məlumatlandırma icraatı qaydasında təqdim etdiyi tikinti layihəsinə heç bir irad bildirməmiş və iddiaçının tikinti hüququ yaranmışdır. Cavabdeh orqan isə qeydiyyat orqanı olmaqla, öz səlahiyyətindən irəli gələn məsələni həll etməlidir.

35. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə görə: Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Maddə 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda həmin müddətin bitdiyi andan dərhal bu barədə məlumatın Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.

36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar