Məhkəmə qərarları › İş №e-2-1(114)-3622/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3622/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3622/2025 29.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X1 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin dövlət büdcəsinə ödənilməmiş 64689,94 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 64689,94 manat dəyərində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 64689,94 borcu yaranmışdır. Yaranmış borc məbləğinin beş gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə ona bildiriş göndərilmişdir. Lakin cavabdeh yenə də borc məbləğini ödəməmişdir. Ona görə də vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Tədbirlər nəticəsiz qaldığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh iddia tələbinə dair məhkəməyə etiraz ünvanlamamışdır. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehə ünvanlanmış bildiriş, əmlakın siyahıya alınması haqqında qərar və protokol, vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt, vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq məktubu, cavabdehin şəxsi hesab vərəqəsi və vergi ödəyicisi haqqında elektron məlumat təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, Vergi Məcəlləsinə müddəalarına müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının vəzifələrinə aid edildiyindən və cavabdeh vergi ödəyicisi kimi Gədəbəy rayonunda qeydiyyatda olduğundan iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və məhkəmə aidiyyəti düzgün müəyyən edilmişdir. Cavabdeh vergi ödəyicisi olaraq qeydiyyatda olduğu Gədəbəy rayonu «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi olan cavabdeh müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə 654398,26 manat borcu yaranmış və həmin borcun 5 gün müddətində ödənilməsi tələbi ilə cavabdehə bildiriş göndərilmişdir. Yaranmış borcun tam şəkildə və vaxtında ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən öhdəliklərin təmini üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və həmin qərar əsasında cavabdehə məxsus ümumi dəyəri 37000 manat olan vahidinin qiyməti 150 manat olan 200 ədəd Çin istehsalı böyük elektrik çilçırağı, vahidinin qiyməti 70 manat olan 100 ədəd Çin istehsalı kiçik elektrik çilçırağı siyahıya alınmışdır. Əmlakın siyahıya alınması həyata keçirilən zaman cavabdeh iltizam verərək, siyahıya alınmış əmlakların həqiqətən ona məxsus olduğunu, əmlakın siyahıya alınması üçün təqdim etdiyini və həmin əmlakların heç bir yüklülüyünün olmadığını öz imzası ilə təsdiq etmişdir. Siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehə təhvil verilmiş və o, protokolu, müvafiq aktı imzalamışdır. Cavabdehin hazırda dövlət büdcəsinə ödənilməmiş 18192,35 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. Maddə 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 1.40-1-ci bəndinə əsasən, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində «orqan (qurum)» dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Sadalanan maddi hüquq normaları ilə iş materiallarını müqayisəli təhlil edən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Çünki, cavabdehin dövlət büdcəsinə yaranmış borcundan ödənilməmiş 64689,94 manat borcu qalmış və görülmüş tədbirlərə baxmayaraq həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Odur ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 64689,94 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 64689,94 manat məbləğində siyahıya alınmış əmlakı (vahidinin qiyməti 12 manat olan 2320 ədəd Çin istehsalı ədyal, vahidinin qiyməti 1,85 manat olan 3096 ədəd Çin istehsalı gecə işığı, vahidinin qiyməti 9,5 manat olan 544 ədəd Çin istehsalı su krantı, vahidinin qiyməti 2,75 manat olan 820 ədəd Çin istehsalı paltar sərmək üçün kəndir, vahidinin qiyməti 0,35 manat olan 18770 ədəd Çin istehsalı plastikdən təsərrüfat malları, vahidinin qiyməti 5,95 manat olan 1152 ədəd Çin istehsalı idman ayaqqabıları, vahidinin qiyməti 1020,49 manat olan 1 ədəd Çin istehsalı haqla kəsimi üçün avadanlıq, vahidinin qiyməti 1,20 manat olan 7711 ədəd Çin istehsalı bijuteriya) hərrac vasitəsi ilə satılsın. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılsın. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar