Məhkəmə qərarları › İş №e-2-1(114)-3716/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-3716/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-3716/2025 09.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “X5 və X6 verilmiş Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: Tərəflər: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1970-cı il tarixdə Ağdam rayonun Kəlbahüseynli kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 və X10 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının atası X9 xx.xx.1937-ci il tarixdə Ağdam rayonun Kəlbahüseynli kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İddiaçının qardaşı X10 xx.xx.1976-cı il tarixdə Ağdam rayonun Kəlbahüseynli kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Mübahisənin qısa xülasəsi: Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 23 saylı qərarı ilə X13 və İddiaçı 0,33 hektar həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN-021A nömrəli (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamə 1143 nömrə ilə kitabda qeydə alınmışdır. Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 ha torpaq sahəsi - **********04 reyestr nömrəli daşınmaz əmlak üzərində X7 və İddiaçı ümumi birgə mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)-2454/2018 nömrəli qətnaməsi ilə İddiaçı və Bəsurə Səfərovaya məxsus Ağdam rayon Kəlbəhüseynli kəndində yerləşən 0,33 ha torpaq sahəsinin ½ hissəsinin İddiaçı mülkiyyət hüquqları ilə məxsus olması nəzərə alınmaqla, torpaq sahəsinin mərhum Bəsurə Səfərovaya aid ½ hissəsi 1/3 paydan olmaqla İddiaçı, X3 və X4 payı hesab edilmişdir. Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 ha torpaq sahəsi - **********04 reyestr nömrəli daşınmaz əmlak üzərində İddiaçı 4/6 hissə, X1 1/6 hissə, X2 1/6 hissə paylarına uyğun olaraq xüsusi mülkiyyəti xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-95/2021 nömrəli qətnaməsi ilə Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 hektar torpaq sahəsi vərəsələrin İddiaçı 4/6 hissə, X1 1/6 hissə, X2 1/6 hissə paylarına uyğun olaraq naturada bölünməsi qət edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyindən göründüyü kimi, Ağdam rayonu, Kəlbahüseynli kəndində yerləşən 0,33 hektar torpaq sahəsinin vərəsələrin paylarına uyğun olaraq naturada bölgüsünün aparılması texniki cəhətdən mümkündür. İş üzrə 10/1414 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinin təsviri hissəsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş bölgü sxemi üzrə torpaq sahəsinin paylara uyğun olaraq bölgüsü naturada mümkündür. Həmin mülki iş üzrə xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş bölgü sxeminə əsasən **********04 reyestr nömrəli daşınmaz əmlakın “B” və “C” tikililər olan 0,22 ha torpaq sahəsi İddiaçı, “A” tikili-fərdi yaşayı evi olan 0,11 ha torpaq sahəsi X5, X6 aid hissədə bölünmüşdür. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1935/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-95/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5684/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1935/2021 nömrəli xx.xx.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. xx.xx.2022-ci il tarixdə Ağdam rayon icra və probasiya şöbəsinin icra məmuru X14, şöbənin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu, Ağdam RPŞ-nin TB-nin sahə rəisi polis leytenantı X11, DƏDKR 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi X19, tərəflər İddiaçı, X9, X10, Ağdam rayon İHB-nın Xındırıstan kənd İƏD üzrə nümayəndəsi X12 iştirakı Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-95/2021 nömrəli qətnaməsinin icrası ilə bağlı müvafiq bölgü planına uyğun olaraq mərzlər bastırılaraq həyətyanı torpaq sahəsinin naturada bölgüsü aparıldı. Bölünmü həyətyanı torpaq sahəsi setka sərhədi çəkilərək tərəflərə tanıdıldı. Bu barədə akt tərtib edilərək yuxarıda adları çəkilən şəxslər tərəfindən imzalanmışdır (6-cı sırada iddiaçının adı və imzası var) ünvan 1 ünvanda yerləşən 0,11 ha torpaq sahəsi üzərində yerləşən **********10- 10301 reyestr nömrəli daşınmaz əmlak üzərində 0,055 ha pay hissəsində X2, 0,55 ha pay hissəsində və fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ağdam rayon dövlət notariat ofisində 4Ə-24 reyestr nömrəsi qeydə alınmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X9 tərəfindən Ağdam rayonu, Kəlbəhüseynli kəndində yerləşən ümumi sahəsi 0,11 ha torpaq sahəsində yerləşən 190.8 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəni X6 bağışlamışdır. ünvan 1 ünvanda yerləşən 0,11 hektar torpaq sahəsi və üzərindəki 190,8 kvadmetr fərdi yaşayış evi üzərində X2 xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 və X6 verilmiş Dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş dövlət reyestrindən çıxarışa əsasən Ağdam rayonu Kəlbəhüseynli kəndində anam X8 və iddiaçıya məxsus 0.33 ha torpaq sahəsi və ev mövcuddur. Daha sonra iddiaçıya məlum olmuşdur ki, atası X9 qeyd edilən torpaq sahəsində yerləşən 190.8 kv.metr fərdi yaşayış evini 23 fevral 2023-cü il tarixdə bağışlama müqaviləsinə əsasən qardaşı X6 bağışlamışdır. Qeyd edir ki, yaşamaq üçün evi yoxdur ailəsi ilə birgə çöldə qalmışdır. X2 bu günlərdə ev mənimdir, evdən çıxın sözlərindən sonra sorğu əsasında bağışlama müqaviləsindən xəbərim olmuşdur. Qeyd edilən fərdi yaşayış evi çıxarışa əsasən anası X8 məxsus olmuş, anası vəfat etdikdən sonra mirası faktik olaraq iddiaçı qəbul etmiş və orada yaşamışdır. Göstərilən torpaq sahəsi və fərdi yaşayış evi əldə olunarkən ümumiyyətlə atası X9 iddiaçı ilə yaşamamışdır, bağışlama müqaviləsindən xəbəri olmamışdır, iddiaçıdan razılıq alınmamışdır. Daha sonra məlum olmuşdur ki, iddiaçı və anasına məxsus olan torpaq sahəsinin üzərində tikdirdiyi fərdi yaşayış evinə atası X9 və qardaşı tərəfindən çıxarış alınmışdır, beləliklə hüquqları pozulmuşdur. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-4346/2025 nömrəli etirazında bildirmişdir ki, “X5 və X6 verilmiş Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” ilə bağlı vətəndaş İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etməsi barədə məlumat aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 7 saylı Bərdə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı öncədən iddia tələbində nəzərdə tutan ərizə ilə inzibati orqana müraciət etməli və nəticə əldə olunmadığı təqdirdə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Hazırki iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində göstərilən şərtlərə riayət etməmişdir. Belə olan halda hesab edir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gedişi zamanı iddiaçı hazırkı tələblə xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-S-00xxxx/2025 nömrəli imtinasında bildirmişdir ki, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil yazılı etirazında bildirmişdir ki, iddiaçının tələbi tam əsassız və qanunsuz olduğuna görə, təmin edilməməlidir. Belə ki, Ağdam rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli Qətnaməsi ilə ******* saylı RX seriyalı Reyestr Çıxarışı əsasında iddiaçıya və onun anası Bəsurə Səfərovaya məxsus 0.33 ha torpaq sahəsində iddiaçının payı 6/4 hissədə, üçünçü şəxslərin payı isə 6/2 hissədə müəyyən edilmişdir. Bundan sonra Ağdam rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə ümumi mülkiyyətdə olan həmin 0.33 ha torpaq sahəsini payçıların arasında mütəxəssislərin tərtib edilmiş sxem əsasında naturada bölünmüşdür. Məhkəmənin həmin Qətnaməsindən İddiaçı Apellyasiya və Kassasiya şikayəti vermiş, şikayətləri təmin olunmamışdır. Bundan sonra qanuni qüvvəyə minmiş həmin Qətnamə əsasında üçünçü şəxslərin adlarına Çıxarışlar verilmişdir. Daha sonra Soltan Səfərov öz payını oğlu Səfərov Eldənizə Notariat qaydasında rəsmi bağışlamışdır. İddiaçı Ağdam rayon Məhkəməsində həmin bağışlama müqaviləsini mübahisələndirmiş, Ağdam rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə onun iddiası təmin olunmamışdır. İddiaçı həmin Qətnamədən Apellyasiya şikayəti vermiş, iş hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı mübahisələndirdiyi Çıxarışlar rəsmi məhkəmə qətnaməsi əsasında verildiyinə görə, həmin Çıxarışların ləğv edilməsi tələbi tam əsassızdır. Ona görə də, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X10 məhkəmə iclasında iştirak etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin və üçüncü şəxs X2 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı və anasına aqrar islahat zamanı 0,33 hektar həyətyanı torpaq sahəsi verilmiş, daha sonra iddiaçının anası rəhmətə getdikdən sonra həmin 0,33 hektar torpaq sahəsi üzərində iddiaçının 4/6 hissədə, üçüncü şəxslərin isə 1/6 hissədə payları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tanınmışdır. Daha sonra üçüncü şəxslər müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edərək torpaq sahəsinin paylarına uyğun olaraq naturada bölünməsi xahiş etmiş və tələbləri təmin edilmişdir. Həmin məhkəmə qətnaməsi hazırda qüvvədədir. Hazırda iddiaçı o halı mübahisələndirir ki, 0,33 hektar torpaq sahəsi üzərində yerləşmiş fərdi yaşayış evi hazırda üçüncü şəxslərin adına qeydə alınmış torpaq sahəsi üzərində yerləşməklə, həmin fərdi yaşayış evi üzərində üçüncü şəxs X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də iddiaçının əsas niyyəti həmin qeydin ləğvidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin (şəxslərin) adına aparılmış qeydiyyat qanuni qüvvəyə minmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-95/2021 nömrəli qətnaməsi əsasında aparılmış, iddiaçı həmin qətnamədən kassasiya icraatı da daxil olmaqla şikayət vermiş və qətnamə qüvvədə qalmışdır. Həmin qətnamənin xx.xx.2022-ci il tarixdə icrası zamanı iddiaçı da iştirak etmişdir. Göründüyü kimi, iddia ərizəsi mahiyyət etibarilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-95/2021 nömrəli qətnaməsinin icrası ilə bağlıdır və mahiyyət etibarilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-95/2021 nömrəli qətnaməsi ilə həll edilən məsələ ilə eynilik təşkil edir. Məhkəmə qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)- 95/2021 nömrəli qətnaməsinin icrası ilə bağlı məsələlər qətnaməni qəbul edən məhkəmə tərəfindən həll edilə bilər. Bu səbəbdən hazırkı iddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə hüququn qeydə alınması qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirildiyindən fərqli torpaq sahəsinə hüququn qeydə alınması iddia olunursa, bu məsəslə həmin qərarın icrası qaydasında həll etməlidir. Əks hal, eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Həmin Qərarın 6.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 8.4-cü bəndinə əsasən mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Həmin Qərarın 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “X5 və X6 verilmiş Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar