Məhkəmə qərarları › İş №e-2-1(114)-3801/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-3801/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-3801/2025 10.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş reyestrdən çıxarışa əsasən, Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən **********17 reyestr nömrəli torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin tikinti layihəsi memar X3 tərəfindən tərtib edilməklə texniki şərtləri aşağıdakı kimidir: - Tikinti ərazisi (ha) > 0.075; - Tikinti sahəsi (m2) > 243.44; - Ümumi sahəsi (m2) > 486.88; - Yaşayış sahəsi (m2) > 387.40; - Mərtəbə saylı > 2; - Hündürlüyü > 6.60; - Yaşayış otaqlarının saylı > 7; - Tikinti həcmi (m2) > 1591.81. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək, Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evi üzərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-167/2025 nömrəli məktubda bildirilmişdir ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən fərdi yaşayış evinin çoxmənzilli yaşayış binası kimi inşa edildiyi aşkar olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestrin haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnun təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0.09 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli. ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən. Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0,09 ha torpaq sahəsi onun mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan sənədləri müvafiq dövlət orqanına müraciət edərək tikinti üçün icazə almışdır. O, bundan sonra evi inşa edib başa çatdırmış, inşa etdiyi fərdi yaşayış evi üçün daşınmaz emlakın dövlət reyestrindən çıxarışın alınması məqsədi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il tarixli, 3-21-3- 46/2-1677/2025 nömrəli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərək iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin onun inşa etdiyi fərdi yaşayış evi üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı verməkdən imtinası tamamilə əsassız və qeyri-qanuni olduğu üçün hüquqlarunu pozur. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə “AZEMİS” tərəfindən elektron qaydada göndərilmiş Tərtər Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qimsində cəlb olunması barədə vəsatət Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-3801/2025 nömrəli qərardadı ilə təmin edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddiaya etiraz etmiş və bildirmişdir ki, təmsil etdiyi inzibati orqanın imtinası əsaslı olmuş və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən “AZEMİS” vasitəsi ilə məhkəməyə ərizə ünvanlamış, xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, bütün sübutların tərəflərindən təqdim edildiyini, əlavə və vəsatətlərinin olmadığını, iddia tələblərini müdafiə edirək məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-35/2-3018/2025 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-1-ci yarımbəndinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı və bölmələrini Reysetrə təqdim edir. Məktuba “qoşma” şəklində əlavə edilmiş sənədlərlə müəyyən olunur ki: - Tikinti dövlət reyestrinin internet səhifəsindən çıxarışa əsasən: Ümumi məlumatlar Tikinti obyektinin adı və təyinatı 2 mərtəbəli fərdi yaşayış evi Statusu Başa çatmış Sifarişçi İddiaçı Ünvan Bərdə rayonu, Qaraməmmədli kəndi Məlumatlandırılan qurum Bərdə Rayon İcra Hakimiyyəti Layihəçi X4 Tikinti ərazisi (ha) 0.09 Tikinti niyyəti barədə məlumatların Reyestrdə qeydiyyata xx.xx.2024 alınma tarixi Torpaq sahəsinin kateqoriyası (təyinatı) Yaşayış məntəqələrinin torpaqları Torpaq sahəsinin mülkiyyət növü Xüsusi Tikinti obyekti barədə məlumatlar Tikinti obyektinin təyinatı 2 mərtəbəli fərdi yaşayış evi Tikinti sahəsi (m2) 243.44 Ümumi sahəsi (m2) 387.4 Mərtəbələrin sayı 2 Otaqların sayı 7 Başa çatma barədə məlumatlar Tikintinin başa çatması barədə məlumatların reyestrə daxil xx.xx.2025 olma tarixi - 18.04.2017-ci il tarixli, İN/L-357/2017 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin lisenziyasına əsasən, lisenziya hüququ ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Badamdar şossesi, ev 99, mənzil 19 olan X1 verilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş reyestrdən çıxarışa əsasən, Tərtər şəhəri, X7 küçəsi, ev 96A ünvanında yerləşən **********94-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Tərtər şəhəri, X7 küçəsi, ev 96A ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin tikinti layihəsi memar X3 tərəfindən tərtib edilməklə texniki şərtləri aşağıdakı kimidir: - Tikinti ərazisi (ha) > 0.1; - Tikinti sahəsi (m2) > 243.44; - Ümumi sahəsi (m2) > 486.88; - Yaşayış sahəsi (m2) >387.40; - Mərtəbə saylı > 2; - Hündürlüyü > 7.65; - Yaşayış otaqlarının saylı > 7; - Tikinti həcmi (m2) > 1862.81. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2- 2854/2025 nömrəli “müraciət və müraciətin nəticələri barədə məlumatın verilməsi ilə bağlı” məktuba əsasən, İddiaçı Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət əsasında ünvana texniki baxış keçirilərkən göstərilən fərdi yaşayış evinin çoxmənzilli yaşayış binası kimi inşa edildiyi aşkar olunduğu qeyd edilmişdir. Məktuba “qoşma” şəklində əlavə edilmiş sənədlə müəyyən olunur ki: - 15.09.2024-cü il tarixli, 055221 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0.09 ha torpaq sahəsinin hüquqi sahibi İddiaçıdur. Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-38/2-375/2025 nömrəli məktuba əsasən, hazırda Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların fərdi yaşayış evlərinin istismarına dair icazə sənədi verilmir. Lakin nəzərə çatdırılır ki, sözügedən tikinti “Tikintilərin Dövlət Reysetri”ndə fərdi yaşayış evi kimi qeydiyyata alınmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-167/2025 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-35/2-3018/2025 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-2854/2025 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; - Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-38/2-375/2025 nömrəli məktubu. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Maddə 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən, tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda həmin müddətin bitdiyi andan dərhal bu barədə məlumatın Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Məhkəmə iş üzrə icraat materiallarını araşdırıb hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İlkin olaraq, cavabdeh orqanın imtinasına səbəb iddiaçı tərəfindən Bərdə rayonu, Qaraməmmədli kəndində inşa edilən fərdi yaşayış evinin çoxmənzilli yaşayış binası kimi inşa edilməsi ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə tərəfindən Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evinə dair keçirilmiş yerli baxışla müəyyən olunmuşdur ki, tikili iki mərtəbəli fərdi yaşayış evi olmaqla, inşası başa çatdırılmış, içərisinin suvağı vurulmamış və təmirsiz vəziyyətdədir. Ev 7 otaqdan ibarət olmaqla, bir giriş qapısı vardır. İddiaçı 1-ci mərtəbədə 1, 2-ci mərtəbədə 3 olmaqla, cəmi 4 sanitar qovşağının nəzərdə tutulduğunu bildirmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı bundan öncə eyni layihəli olan başqa bir fərdi yaşayış evini ünvan 4 ünvanında tikdirərək, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə edə bilmişdir. Qeyd etmək lazımdır ki, hər iki fərdi yaşayış evinin layihəsi demək olar ki, eynidir. Bu zaman məhkəmədə yuxarıda qeyd olunan və Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapan bərabərlik hüququ anlayışı ilə bağlı belə bir qənaət formalaşır ki, cavabdeh orqan nəzərdə tutulan konstitusion norma tələbini gözləməmiş və ayrı-seçkiliyə yol vermişdir. Buna görə də məhkəmə hesab edir ki, eyni layihə əsasında tikilmiş başqa bir fərdi yaşayış evinin İddiaçı adına mübahisəsiz qeydə alınmasına baxmayaraq, sonuncunun Bərdə rayonu, Qaraməmmədli kəndində tikdirdiyi fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina, eyni vəziyyətdə olan inzibati münasibətə dair fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitision norma və prinsipin mahiyyətinə zidd olması mənasına gəlir. Bu baxımından məhkəmə qeyd olunan çərçivədə də işin hallarına hüquqi qiymət verərək hesab edir ki, eyni layihə əsasında inşa edilmiş fərdi yaşayış evlərindən birinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçının digər daşınmaz əmlakına münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evi çoxmənzilli bina olacağı təqdirdi, tikintiyə icazə icraatı başlanmalı və həmin icraata uyğun proseduralar tətbiq edilməli idi. Hansı ki, həmin məsələ səlahiyyətində olan müvafiq icra hakimiyyəti orqanı iddiaçının məlumatlandırma icraatı qaydasında təqdim etdiyi tikinti layihəsinə heç bir irad bildirməmiş və bu zaman iddiaçının tikinti hüququ yaranmışdır. Cavabdeh orqan isə qeydiyyat orqanı olmaqla, öz səlahiyyətindən irəli gələn məsələni həll etməlidir. Qeyd olunanlarla əlaqədar məhkəmə yekun qərara gələrək belə hesab edir ki, iddia təmin edilməli və Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən iddiaçıya məxsus 0.09 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Bərdə rayonu, Qaraməmmədli kəndində yerləşən 0.09 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar