Məhkəmə qərarları › İş №e-2-1(114)-4119/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-4119/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-4119/2024 26.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 175.530,50 manat borcuna görə 195.000 manat məbləğində siyahıya alınmış əmlakların ticarət şəbəkələrində satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Cavabdeh (bundan sonra mətndə cavabdeh və ya vergi ödəyicisi) xx.xx.1970-ci il tarixdə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş, məcburi köçkün statusuna malik olmaqla, hazırda Ağdam rayonu, Kəngərli ərazi dairəsi, Kəngərli kəndində qeydiyyatdadır. Cavabdeh xx.xx.2007-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə AZ1132, ünvan 1 ünvanı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektlər AZ1092, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Muxtar Fətəliyev pr, 57; AZ1138, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə ev.İnşaatçılar metro stansiyasının yanı, Ticarət cərgəsi; AZ1132, ünvan 2 ünvanında yerləşir. Vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2023cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 172.385,99 manat (vergilər üzrə 131.498,86 manat, maliyyə sanksiyaları üzrə 77,14 manat, faizlər üzrə 40.809,99 manat) məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli bildiriş ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən tam təmin edilmədiyindən vergi orqanının xx.xx.2023-cü il tarixli **********9 nömrəli qərarı əsasında xx.xx.2024-cü il tarixli **********9 nömrəli protokolla cavabdehə məxsus Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlak siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 175.530,50 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 195.000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsi ilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsə də, məhkəmə iclasında iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh gəlməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hesab edir ki, mübahisənin ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 561/2022 nömrəli qərarına əsasən, vergi ödəyicisinin dövlət büdcəsi qarşısında yaranmış öhdəliklərinin ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının satılması barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, məhkəmə qeyd edir ki, sözügedən mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, habelə tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələbi cavabdehin siyahıya alınmış əmlakın satılması ilə bağlıdır. Cavabdehə məxsus olan satılması nəzərdə tutulan əmlak daşınmaz əmlak olduğundan müvafiq iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələblərinə əsasən, yəni daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarına əlavə edilmiş cavabdeh qurumun tərtib etdiyi protokola əsasən satılması nəzərdə tutulan əmlakın yerləşdiyi yerin ünvanı Bakı şəhəri ərazisidir. Hazırkı mübahisə daşınmaz əmlakın satılması ilə bağlı olduğundan və daşınmaz əmlakın yerləşdiyi ünvan, yəni Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına bağlı olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir Beləliklə, hazırkı mübahisə daşınmaz əmlakın satılması ilə bağlı olduğundan və həmin əmlak Bakı şəhərində yerləşdiyindən, hazırkı iş ərazi aidiyyati üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məcəllənin 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 8 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 175.530,50 manat borcuna görə 195.000 manat məbləğində siyahıya alınmış əmlakların ticarət şəbəkələrində satılması” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar