Məhkəmə qərarları › İş №e-2-1(114)-4120/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-4120/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-4120/2024 20.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkil olan nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********41487 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********41487 nömrəli qərarından görünür ki, İddiaçı (Doğulduğu yer və tarix: Azərbaycan, Samux, Qarabağlı kəndi, xx.xx.2001, Yaşayış yeri: AZ2000, Gəncə şəhəri, Z.Hacıyev, ev 10/17, mənzil 3, FİN: xxxxxxx, VÖEN: **********) Azərabycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 14000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1346/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********41487 nömrəli qərarın ləğv edilməsinə dair iddiası geri götürülmüş sayılmış və inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilmişdir.

3. 2-1(114)-1346/2022 nömrəli inzibati iş materiallarında çıxarış edilərək, hazırkı işə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, sözügedən qərardad xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********41487 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Əhməd Cəmilli küçəsində yerləşən “Lefarn” restoranında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2022ci il tarixli 006607 saylı akt tərtib edilmişdir. Həmin akta görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun tərəfindən işlərin yerinə yetirilməsinə 7 nəfər fiziki şəxs cəlb edilmişdir. Həmin akt tərtib edilərkən onun bundan xəbəri olmamış, aktın harada tərtib edilməsindən məlumatı olmamışdır. Sonra cavabdeh onu dəvət etmədən və ona məlumat vermədən barəsində qərar qəbul etmişdir. xx.xx.2022-ci il tarixli **********41487 nömrəli qərara görə o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etidiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Hesab edir ki, xx.xx.2022-ci il tarixli **********41487 nömrəli qərar əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, qərarın qəbul olunmasına əsas olmuş xx.xx.2022-ci il tarixli 006607 nömrəli akta əlavədə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxslərin siyahısı vardır. Qeyd etmək istəyir ki, həmin şəxslər heç biri o vaxt restoranda işləməyib. Ümumiyyətlə, restoran artıq işlək vəziyyətdə olmayıb. Bunu restoranın dövriyyəsindən də müəyyən etmək olar. Fevral ayından isə restoranın fəaliyyəti dayanmışdır. Cavabeh orqan isə heç bir araşdırma aparmadan qərar qəbul etmişdir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

7. Məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

8. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

9. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

10. Etiraz onunla əsaslandırılmışdır ki, müddətin bərpası haqqında vəkil tərəfindən tərtib edilmiş ərizədə "xx.xx.2022-ci il tarixl **********41487 nömrəli qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyi müraciət edildiyi, İddiaçı ali məktəbdə təhsil aldığı üçün Azərbaycan Respublikasından getdiyi, sonradan icraata xitam verilməsi haqqında Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1346/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının qəbul edildiyi" göstərilmişdir. Ərizədə həmçinin o da qeyd olunmuşdur ki, "iddiaçı qərardadı almadığı müddətdə işə onun iştirak olmadan baxılacağını zənn etmiş və sonradan məhkəməyə müraciət edərək sənədləri almış, sənədlər poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə ona təqdim edilmişdir." Hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Vurğulanmalıdır ki, ərizədə əks olunmuş xüsusatlar **********41487 nömrəli qərarın ləğv ilə bağlı iddia tələbinin məhkəmə icraatı çərçivəsində mümkünlüyünü istisna edir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən inzibati aktın ləğv edilməsi ilə əlaqədar (mübahisələndirmə haqqında iddia) iddia ərizəsi ilə iddiaçı inzibati aktın onun maraqlarına toxunduğunu bildiyi andan 30 gün müddətində məhkəməyə müraciət edə bilər. Hazırkı işdə birinci dəfə İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən qərarın qəbul edilmə tarixi də xx.xx.2022-ci ildir. İddiaçı xx.xx.2022-ci il tarixdən artıq **********41487 nömrəli qərarın mövcudluğundan xəbəri olmuşdur. 2-1(114)-1346/2022 saylı xx.xx.2022-ci il tarixli qərardaddan görsənir ki, iddiaçı 30 gün müddətində məhkəmə icraatından yayınmış, İPMnin 55.3-cü maddəsinə əsasən iddia tələbi geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilmişdir. Tərəflərindən xx.xx.2022-ci il tarixdə 2-1(114) 1346/2022 saylı qərardadın qanuni qüvvəyə minməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə sorğuyaa cavab verilmişdir. xx.xx.2023-cü il tarixli məktubda Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1346/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi və sözügedən qərardadın xx.xx.2022-ci il tarixdən qanuni qüvvəyə mindiyi göstərilmişdir. Hazırkı iddia tələbi İPM-nin 24.4-cü maddəsinə əsasən də mümkünsüz sayılmalıdır. Həmin normaya əsasən təbii fəlakət və ya digər qarşısı alınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qanunvericilikdə ötürülmüş müddətin bərpasına dair ərizənin verilməsi müəyyən zamanla məhdudlaşdırılmışdır. Həmin müddət 1 ildir. 1 illik müddət axımını dayandıran hallar isə təbi fəlakət və ya digər bu kimi qarşısıalınmaz vəziyyətlər, eləcə də inzibati aktın özündə hüquq müdafiə vasitələrindən istifadəyə yol verilməməsidir. Mübahisələndirilən qərarda iddiaçının hansı hüquqi müdafiə vasitələrinə malik olması açıq-aşkar qeyd edilmiş, həmçinin ərizədə müddətin ötürülməsi hər hansı təbii fəlakət və ya digər bu kimi qarşısıalınmaz vəziyyətlərin baş verməsi səbəbindən yarandığı göstərilməmişdir. 2-1(114)-1346/2022 saylı xx.xx.2022-ci il tarixl qərardadın xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyini nəzərə alsaq **********41487 nömrəli qərarın məhkəmədə baxılması üçün xx.xx.2023-cü il tarixə kimi iddia müddətinin bərpasına dair ərizə verilməli idi. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi qərarların ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, 2-1(114)-1346/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadın qüvvəyə mindiyi vaxtdan (xx.xx.2022-ci il tarixdən) 21 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********41487 nömrəli "Vergi ödəyicisinii vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı müddətin bərpasına dair ərizəsində (iddia ərizəsinin sonluğunda vəsatət şəklində) bildirmişdir ki, onlar məhkəməyə müraciət edərək 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulumasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 01 mart 2022-ci il tarixli **********41487 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Onlar əvvəllər qərar qəbul edilən gün, yəni 01 mart 2022-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdilər. İddiaçı ali məktəbdə təhsil aldığı üçün iddia verdikdən sonra Azərbaycandan çıxıb getmişdir, sonradan bu günlərdə ona məlum olmuşdur ki, məhkəmənin 2-1(114)-1346/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası geri götürülmüş sayılmış və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, iddiacı məhkəmə prosesində iştirak etməmişdir. Qərardadı almayan bir müddətdə iddiaçı elə bilmişdir ki, iş inzibati mübahisə oluğundan onun iştirakı olmadan baxılacaq. Bundan sonra onlar məhkəməyə müraciət edərək iddia ərizəsinə əlavə olunan sənədlərin onlara verilməsini xahiş etmişlər və məhkəmə poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə sənədləri onlara göndərmişdir. Yuxarıda qeyd etdiyi kimi, iddiaçı qərar qəbul edilən gün məhkəməyə müraciət etmişdir ki, bu da onun qərarla razılaşmadığının göstəricisidir. Ona görə də, buraxılmış prosessual müddətin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı vəkil olan nümayəndəsi Nümayəndə müddətin bərpası barədə ərizəni müdafiə edərək, onun təmin edilməsini və ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.

13. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki. müddətin ötürülməsinin səbəbi iddiaçının Azərbaycan Respublikasının hüdudlarından kənarda olması olmuşdur, lakin bununla bağlı təqdim edəcəyi hər hansı sübutu yoxdur.

14. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında hazırkı iş üzrə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürüldüyü üçün iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

15. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarında olan və təqdim edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır.

16. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

19. İşin müəyyən edilmiş hallarına görə, 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********41487 nömrəli qərarından görünür ki, İddiaçı (Doğulduğu yer və tarix: Azərbaycan, Samux, Qarabağlı kəndi, xx.xx.2001, Yaşayış yeri: AZ2000, Gəncə şəhəri, Z.Hacıyev, ev 10/17, mənzil 3, FİN: xxxxxxx, VÖEN: **********) Azərabycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 14000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

20. İddiaçı həmin qərarları mübahisələndirərək, bu barədə əvvəlcə xx.xx.2022-ci il tarixdə iddia qaldırmış, həmin iddia Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(114)-1346/2022 nömrəli qərardadı ilə geri götürülmüş sayılmış və inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilmişdir.

21. 2-1(114)-1346/2022 nömrəli inzibati iş materiallarında çıxarış edilərək, hazırkı işə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, sözügedən qərardad xx.xx.2022-ci il tarixdə poçt rabitəsi orqanı vasitəsilə iddiaçının ünvanına göndərilmiş və “Kazımov” soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Məhkəmənin iddiaçı orqanın sorğusuna yazdığı xx.xx.2023-cü il tarixli məktubda həmin qərardadın xx.xx.2022ci il tarixdə qanuni qüvvəsini aldığı bildirilmişdir.

22. Bundan sonra iddiaçının vəkil olan nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə ərizə ünvanlayaraq, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1346/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********41487 nömrəli qərarın ləğv edilməsinə dair iddiasının geri götürülmüş sayıldığı və iş üzrə icraata xitam verildiyi, hazırda yenidən iddia qaldırmaq niyyətində olduqları bildirilməklə, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

23. İddiaçı daha sonra hazırkı iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.

25. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

26. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır.

27. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün ona və "İnzibati icraat haqqında" Qanunun 73.2-ci maddəsindəki 6 aylıq xüsusi müddət deyil, İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.

28. Göründüyü kimi, iddiaçının sözügedən qərardan ən geci əvvəlki iddianı (1346/2022) qaldırdığı vaxtdan məlumatlı olması işin mübahisə olunmayan halıdır.

29. İddiaçının həmin iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(114)-1346/2022 nömrəli qərardadı ilə mümkünsüz sayıldıqdan 1 il 10 ay sonra hazırkı iddianı qaldırmış və bununla da qərarı mübahisələndirmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür.

30. İddiaçı özü də müddəti ötürdüyünü qəbul edərək, bunu Azərbaycan Respublikasından kənarda ali təhsil alması ilə əsaslandırsa da, istinad etdiyi hala, habelə müddətin ötürülməsini üzürlü hesab edəcək digər hallara dair sübutları təqdim etməmişdir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

32. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

33. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

34. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

35. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

37. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

38. Göründüyü kimi, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.

39. Buna görə də, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddiası mümkün sayılmamalıdır

Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar