Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-1(114)-4178/2025 01.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 902,76 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmiş, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzürlü olması və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh inzibati işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı inzibati iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Fiziki şəxs haqqında məlumat qrafikindən görünür ki, Cavabdeh VÖEN üzrə Bakı şəhəri, Səbail rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 8.1.4-cü maddəsinə görə, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.5-ci maddəsinə görə, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən məhkəmələrə ünvanlanmış 27 noyabr 2024-cü il tarixli 1-8-10/2-2194/2024 saylı icmal məktubunda qeyd edilmişdir ki, İPM-in 8.1.4-cü maddəsi ilə 8.1.1 və 8.1.2-ci maddələrin təsir dairəsinə düşməyən iddiaların ərazi aidiyyəti tənzimlənir. Vergi mübahisələrinə münasibətdə bu qəbildən olan iddialar üzrə işlərə cavabdeh inzibati orqan olduqda inzibati orqanın yerləşdiyi yerin (inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edib-etməməsindən asılı olmayaraq), cavabdeh vergi ödəyicisi (hüquqi şəxs və ya fərdi sahibkar olmasından asılı olmayaraq) olduqda isə onun uçotda olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinə əsasən, inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə- Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarının 15.10-cu bəndində görə, Bakı şəhəri, Səbail rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1 və 8.1.2-ci maddələrinin təsir dairəsinə düşmür. Ona görə də hazırkı iddia üzrə ərazi aidiyyəti İPM-in 8.1.4-cü maddəsi ilə tənzimlənir. İPM-in 8.1.4-cü maddəsinin tələbinə görə, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının yuxarıda qeyd olunan icmal məktubuna əsasən, hazırkı işə cavabdeh vergi ödəyicisinin uçotda olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh fərdi sahibkar kimi qeydiyyatda olduğu yer Bakı şəhəri, Səbail rayonudur. Bakı şəhəri, Səbail rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan inzibati ərazi vahididir. Odur ki, hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş ərazi aiddiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8.1.4, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №e-2-1(114)-4178/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(114)-4178/2025
01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver