Məhkəmə qərarları › İş №e-2-1(114)-4186/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-4186/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-4186/2024 21.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə hazırlıq icraatı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı oğlu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********325700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********325700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə onun barəsində 2023-cü ilin noyabr ayı üzrə 74574,82 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarın ləğvi ilə bağlı Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə müraciət olunmuş və baş idarə şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul etmişdir. İnzibati şikayətlərə baxılması baş idarəsinin qərarı əsasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********325700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Cavabdeh həmin qərarda qeyd olunan hesablamanın əsası kimi aşağıdakıları göstərmişdir: Uçot-baza məlumatlarının araşdırılması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəzarət kassa aparatının dövrü hesabatının ümumi göstəricilərin 6737 çek üzrə 1772332,47 manat, bir çek üzrə orta hesabla satış məbləğinin 263,1 manat olduğu müəyyən olunmuşdur. Bu hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsaslar yaradır. Yuxarıda qeyd olunanlar vergi ödəyicisi tərəfindən real gəlirlərinin gizlədilməsi, adına nəzarət kassa aparatı qeydiyyata salınmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi yolu ilə vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədi olmasını şərtləndirir. Cavabdeh tərəfindən kameral vergi yoxlamasının keçirilməsi əsası kimi operativ vergi nəzarəti tədbiri üzrə müəyyən edilən halların (uyğunsuluq məktubunda qeyd olunmuşdur) olması qeyd olunsa da, iddiaçıya operativ vergi nəzarəti tədbiri ilə bağlı heç bir qərar, reyestrdən çıxarış, akt təqdim olunmamışdır. Həmçinin cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli məktubda da iddiaçının fəaliyyət dövrü üzrə heç bir operativ nəzarət tədbirinin keçirilmədiyi bildirilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən, **********-23001 obyekt kodlu, ümumi sahəsi 36 m olan təsərrüfat subyektini xx.xx.2023-cü il tarixdə, SUNMİ V1S markalı, VS43233L30162 zavod nömrəli nəzarət kassa aparatını xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota aldıraraq kənd təsərrüfatı mallarının pərakəndə satışı ilə məşğul olmuşdur. İddiaçı kənd təsərrüfatı mallarını ölkə xaricindən idxal etməklə nəzarət kassa aparatı vasitəsi ilə satışını həyata keçirmişdir. İddiaçı qeyd edir ki, malların alışı və satışı sənədlər əsasında uçota alınıb və bəyannamədə göstərilməsinə baxmayaraq cavabdeh tərəfindən əsassız olaraq Vergi Məcəlləsinin 174.4-cü maddəsi tətbiq olunaraq ümumi dövriyyəyə ƏDV tətbiq edilmişdir. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsin xx.xx.2024-cü il tarixli qərarından da müəyyən olunur ki, iddiaçının malların alışının idxal gömrük bəyannaməsi ilə və malların satışının isə nəzarət kassa-aparatı vasitəsi ilə həyata keçirilməsi işin mübahisəsiz halıdır. İddiaçı qeyd edir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********325700 qərar ləğv olunmalıdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, iddia tələbi üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024cü il tarixli 3-21-2-18/2-21551/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə" Qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair dəqiqləşdirmə ərizəsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-1(114)-4186/2024 saylı qərardadı ilə icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********325700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 0,00 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfin hesabladığı vergi və ya sığorta haqqı məbləği 86271,48 manat olsa da, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 74574,82 manat təşkil etmişdir. Cavabdeh 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi elektron qaimə-fakturalar üzrə 202 963, 82 manat məbləğində kənd təsərrüfatı mal almış, 2023-cü ilin oktyabr ayı üçün ƏDV bəyannaməsinin 2 nömrəli Əlavəsində isə oktyabr ayının sonuna 257 838.98 manat mal qalığı bəyan edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş vergi nəzarəti zamanı iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə mal qalığı aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi nəzarət kassa aparatı üzrə dövriyyəsi 409848.76 manat olmuşdur. İddiaçının özünün təqdim etdiyi izahat əsasında ticarət əlavəsinin 1.5-2.5 faiz olması nəzərə alındıqda NKA üzrə dövriyyəsi 470018.7 (460802.63*1,02) manat, həmçinin 23-xx.xx.2023-cü il tarixlərdə NKA dövriyyəsinin 34675.88 manat olması da nəzərə alındıqda 2023-cü ilin noyabr ayı üzrə fərdi sahibkar İddiaçı ümumi vergi cəlb edilməli dövriyyəsi 504694.56 manat təşkil etmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisələndirilən dövr üzrə cari ƏDV bəyannaməsi təqdim edilmiş, alış qiyməti 471155,88 manat göstərdiyi malların dəyərinə 8130.12 manat ticarət əlavəsi tətbiq edərək vergi cəlb edilməli dövriyyəsini 479286 manat bəyan etmiş, nəticədə 1463.42 manat ƏDV hesablamışdır. İddiaçının xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim etdiyi bəyannamədə uyğunsuzluq yaranmış, bununla əlaqədar olaraq ona xx.xx.2024- cü il tarixdə 3-21-2-18/2_17458/2024 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş və İddiaçı uyğunsuzluq məktubu ilə bağlı hər hansı izah, təsdiqedici sənəd və ya məlumat, vergi bəyannaməsi təqdim etmədiyindən xx.xx.2024-cü il tarixdə kameral vergi yoxlaması aparılmışdır. Nəticədə tərəfimizdən xx.xx.2024-cü il tarixli nömrəli 3-21-2-18/21551/2024 qərar qəbul olunmuşdur. VM-nin 153.3 və 174.4-cü maddələrinin əlaqəli təhlilindən belə hüquqi nəticə formalaşır ki, vergi ödəyicisi topdan satış üzrə fəaliyyət göstərdiyi halda müvafiq olaraq təqdim etməni NKA vasitəsilə həyata keçirmişdisə ƏDV-nin ticarət əlavəsindən hesablanması istisna edilir. Yəni adı çəkilən müddəa əməliyyatların müvafiq olaraq düzgün qaydada rəsmiləşdirdiyi halda vergi ödəyicisinə güzəşt verilməsindən bəhs edir. Bildiririk ki, iddiaçı tərəfindən də bu qayda pozulmuşdur. Belə ki, topdan qaydada rəsmiləşdirilməli olan əməliyyata elektron-qaimə faktura təqdim edilməmişdir. "Vergi ödəyicisinin obyekti barədə məlumat"da xx.xx.2023-cü il tarixdə **********-23001 nömrəli kodla 36 kv.metr ölçüdə anbar təsərrüfat subyekti kimi uçota alınmışdır. Aydın məqamdır ki, anbar malların pərakəndə qaydada satışını əvəz edən təsərrüfat subyekti deyil. Bu halda iddiaçının anbara malik olması xüsusatı onun topdan ticarət fəaliyyəti məşğul olduğunu göstərən faktdır. 1 çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satılmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDV-nin ümumi dövriyyədən hesablanmasına əsas verir. VM-nin 32-ci maddəsinin tələblərinə əsasən cavabdeh İnzibati orqanın əməkdaşı iddiaçının anbarının olduğu ünvanda xx.xx.2023-cü il tarixdə müşahidəbaxış tədbiri aparmış, baxış zamanı anbarda hər hansı mal qalığı aşkar edilməmiş, təsərrüfat subyektinin şəkilləri araşdırma materialına əlavə edilmişdir. İddiaçının izahatında mal qalığının mövcud olmadığı qeyd olunmuşdur. Fotolar əsasında müəyyən olunur ki, obyektin pərakəndə satış nöqtəsindən daha çox topdan satış üçün nəzərdə tutulmuş anbara uyğundur, pərakəndə ticarət üçün nəzərdə tutulan piştaxta, tərəzinin və nəzarət kassa aparatının obyektdə mövcud deyil. Nəzarət kassa aparatının (NKA-nın) göstəricilərinin araşdırılması zamanı obyektdə NKA-nın olmadığı təqdirdə həmin gün üzrə (yəni xx.xx.2023- cü il tarixdə) 50369,47 manat dövriyyə olduğunu, uçot-baza məlumatlarının araşdırılması zamanı isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək nəzarət kassa aparatının ümumi göstəricilərin 6737 çek üzrə 1772332,47 manat, bir çek üzrə orta hesabla satış məbləğinin 263,1 manat olduğunu, bu da faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsas verdiyini, qeyd olunanlar vergi ödəyicisi tərəfindən real gəlirlərinin gizlədilməsi, adına nəzarət kassa aparatı qeydiyyata salınmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi yolu ilə vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədinin olduğunu, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən 2022-ci ilin yanvarın 1- dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının pərakəndə satışı elektron qaimə-faktura və nəzarət kassa- aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablandığını, vergi ödəyicisi tərəfindən satışın anbardan edilməsi və 1 çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satılmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDV-nin ümumi dövriyyədən hesablanmasına əsas verdiyini, vergi ödəyicisi tərəfindən 2023-cü ilin noyabr ayı üçün ƏDV bəyannaməsi Vergi Məcəlləsinin 174.4-cü maddəsinin tələbləri pozulmaqla təqdim edildiyi üçün həmin ay üzrə təqdim edilmiş malların ƏDV-siz dəyərinə ƏDV məbləği tətbiq edilməklə vergi hesablanmışdır. Eləcə də iddia ərizəsində iddiaçının nümayəndəsi göstərmişdir ki, "kameral vergi yoxlamasının keçirilməsi əsası kimi operativ vergi nəzarəti tədbiri üzrə müəyyən edilən halların olması qeyd olunsa da, iddiaçıya operativ vergi nəzarəti ilə bağlı heç bir qərar, reyestrdən çıxarış təqdim olunmamışdı." Bununla bağlı bildiririk ki, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi anbarda tərəfimizdən VM-nin 32-ci maddəsinin tələbləri gözlənilməklə baxış, məlumatların toplanması hərəkətləri həyata keçirilmiş və həmin hərəkətlərin də mövcud qanunvericiliyə əsasən vahid məlumat reyestrində qeydiyyatı tələb edilmir. Qeyd etməyi zəruri hesab edilmişdir ki, həyata keçirilmiş kameral vergi yoxlaması zamanı qanunla müəyyən edilmiş müddətə də əməl edilmişdir. Belə ki, iddiaçı 09 sentyabr 2024-cü il tarixdə cavabdeh inzibati orqana 2023-cü ilin noyabr ayı üzrə cari ƏDV bəyannaməsi təqdim etmişdir. 19 sentyabr 2024-cü il tarixdə isə müvafiq kənarlaşma ilə bağlı "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub iddiaçıya göndərilmiş və xx.xx.2024-cü il tarixdə mübahisələndirilən qərar qəbul edilmişdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq icraatı iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər əlavə sübutlarının olmadığını və şifahi məhkəmə baxış iclasına təyin edilib işə mahiyyəti üzrə baxılmasına etiraz etməmişlər, məhkəmə şifahi məhkəmə iclasına təyin edilib işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********325700 saylı, xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21551/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları; - İnzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********036900 nömrəli qərar; - xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-19885 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2- 18/2-17458/2024 saylı Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub; - 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etiraz; - iş materiallarına əlavə edilmiş Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya məktub ünvanlayaraq müvafiq dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi və geniş izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədlər 5 gün ərzində təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlar qəbul edərək 2023-cü ilin noyabr ayı üçün 74574,82 manat gəlir vergisi hesablamış, sonrakı qərarla əvvəlki qərar ləğv edilmişdir. İddiaçı yuxarı vergi orqanına şikayət vermiş, xx.xx.2024-cü il tarixdə yuxarı vergi orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin qismən təmin edilməsi haqqında **********036900 saylı qərar qəbul edilmiş, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********300400 nömrəli qərarı 11696,66 manat hissədə azaldılmış, 73111,4 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 3-21-2-18/2-21551/2024 saylı qərar qəbul etmiş və iddiaçıya 2023-cü ilin gəlir vergisi üzrə 73111,40 manat əlavə vergi hesablanmışdır. Cavabdehin etirazında qeyd edilmişdir ki,İddiaçı (VÖEN: **********) Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-18/21551/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsini xahiş etmişdir. Qeyd olunur ki, iddia ərizəsi lazımi qaydada əsaslandırılmamış və ərizədə göstərilmiş dəlillər xx.xx.2024-cü il tarixli 3-21-2-18/21551/2024 nömrəli qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Bununla bağlı qeyd olunur ki, səyyar vergi yoxlamasını keçirən yoxlayıcının hüququ vardır ki, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onların vəzifəli şəxslərindən izahatlar, arayışlar, şifahi və yazılı məlumatlar alsın. Belə ki, Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsi: Maddə 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Maddə 23.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3- cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası" 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir, 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır; 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi "Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası ilə sənədləşdirilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. -33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasını əhatə edir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində kameral vergi yoxlaması həyata keçirmiş və bu barədə xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21551/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə" Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 5.0-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 53.3-cü maddəsinin 4-cü hissəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir - gəlir vergisindən azaddır. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı 2023-cu il ərzində satılmış və dəyəri nəzarət kassa aparatına mədaxil edilmiş mallara görə elektron qaimə-faktura təqdim edilməməsini əsas götürərək iddiaçını məsuliyyətə cəlb etmişdir. Vergi Məcəlləsinin: 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; 16.1.11-6- cı maddəsinə əsasən, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi (16.1.11-6.1), dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi (16.1.11-6.2) və notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi (16.1.11-6.3) istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir; 16.1.11-7-ci maddəsinə əsasən, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaiməfaktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Sadalanan normalardan aydın olduğu kimi, mallar alıcıya son istehlak məqsədi ilə təqdim edildiyi halda, həmin fəaliyyət pərakəndə, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün təqdim edildiyi halda isə həmin fəaliyyət topdansatış fəaliyyəti hesab edilir. Vergi ödəyicisi malların (işlərin, xidmətlərin) alıcılarına alınan pulun müqabilində pərakəndə ticarət fəaliyyəti zamanı nəzarət-kassa aparatının çekini, topdansatış fəaliyyəti zamanı isə elektron qaimə-faktura təqdim etməyə borcludur. Pərakəndə ticarət fəaliyyəti zamanı elektron qaimə-fakturanın təqdim edilməsi yalnız malın (işin, xidmətin) alıcısı tələb etdiyi halda, məcburi xarakter daşıyır. İddiaçı malların pərakəndə satışı fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq, cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət-kassa aparatına mədaxil edilmiş malları elektron qaimə-faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarlıq fəaliyyəti üçün, başqa sözlə desək yenidən satış, emal və digər məqsədlər üçün aldığı zaman ona elektron qaimə-fakturanın təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir. Malın alıcısı həmin malları istehlak məqsədilə aldığını qeyd etdiyi halda, həmin şəxsə elektron qaiməfakturanın təqdim edilməsi qeyri-mümkün olur. Başqa sözlə, elektron qaimə-faktura alıcı tələb etdiyi halda təqdim edilir, əks halda isə alıcıya nəzarət kassa aparatının çeki təqdim edilir. Göründüyü kimi, iddiaçı qanunvericiliklə onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra etdiyi, yəni malların alıcılarına pərakəndə ticarət zamanı nəzarət kassa aparatının çekini təqdim etdiyi halda, vergi orqanı həmin malların sənədləşdirilmədən satıldığını iddia edərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-21551/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə" Qərarı qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-21- 2-18/2-21551/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə" Qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar