Məhkəmə qərarları › İş №e-2-1(114)-4238/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-4238/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-4238/2025 28.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1996-cı ildən hal-hazıradək "xxxx" MMCnin X5 Tərtər şöbəsində (köhnə adı: Tərtər TKQ) müxtəlif vəzifələrdə işləmişdir. Əsasən, QQ texniki – yəni Qida qurğuları üzrə texnik (ƏMR №124 §5, xx.xx.2001 – 6 ay 15 gün), Qida qurğuları üzrə texnik (ƏMR №31 §1, xx.xx.2007 – 12 il 9 ay 12 gün), Akkumulyatorçu (ştat cədvəlinə əsasən; ƏMR K/Ə 1411, xx.xx.2019, 1 il 10 ay 5 gün) və Elektrik və qida qurğuları üzrə mütəxəssis (ƏMR №74, xx.xx.2023 – 6 ay 3 gün) vəzifələrində ümumilikdə 15 il 8 ay 9 gün əmək fəaliyyəti olmuşdur. İş fəaliyyəti dövründə əsas əmək funksiyaları qurğuşun-turşu akkumulyatorlarının istismarı, İİ dərəcəli zərərli maddə hesab olunan sulfat turşusu (H₂SO₄) ilə işləmə, akkumulyator batareyalarının texniki baxışı və dəyişdirilməsi olmuşdur. Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən onun həmin Qanunun 7-ci maddəsinə nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərə əmək pensiyası hüququ var. Odur ki, güzətli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bəndində yer alan “akkumulyatorçular” peşəsinə tam uyğun olduğu halda cavabdeh “işlədiyi texnik və mütəxəssis vəzifələri Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan akkumulyatorçular vəzifəsinə uyğun deyil” bəhanəsi edərək ona pensiya təmin etməkdən imtina edilmişdir. Halbuki həm əmək kitabçasında, həm texniki əsaslandırılmış arayışında, həm də digər sənədlərdə onun işlədiyi müddət və vəzifə açıq-aşkar qeydlərlə göstərilmişdir. Qanunun qeyd etdiyi tələbinə, 60 yaşının tamam olmasına və zərərli ağır işlərdə tələb olunandan da artıq müddət işləməyinə və ümumi əmək stajının 38 ilə yaxın olmasına əsasən, iddiaçı hesa edirəm ki, cavabdeh ona pensiya təyin etməlidir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (hazırda qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi). işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) akkumulyatorçular vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-1 ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin iddiaçıya dair arayışında xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2007-xx.xx.2019-cu il və xx.xx.2023xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisənin X5 Tərtər şöbəsində qida qurğuları üzrə texnik və qida qurğuları üzrə mütəxəssis vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyini texnik və mütəxəssis vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan akkumulyatorçular vəzifəsinə aid deyil. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 10 ay 4 gün (xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təşkil edir. Odur ki, idda tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AZE******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. НЗ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985ci il tarixədək hərbi xidmətdə olmuşdur. АЗЕ ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1986-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. "xxxx" MMC-nin Mərkəzi X5 Tərtər şöbəsinin xx.xx.2025-ci il tarixli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) - Qida qurğuları üzrə texnik (ƏMR №124 §5, xx.xx.2001, 6 ay 15 gün), Qida qurğuları üzrə texnik (ƏMR №31 §1, xx.xx.2007, 12 il 9 ay 12 gün), Akkumulyatorçu (ştat cədvəlinə əsasən) (xx.xx.2019/xx.xx.2021, ƏMR K/Ə 1411, 1 il 10 ay 5 gün), Elektrik və qida qurğuları üzrə mütəxəssis (ƏMR №74, xx.xx.2023, 6 ay 3 gün) kimi işləmişdir. Kollektiv müqavilənin şərtlərinə uyğun olaraq zərərli iş rejimində işlədiyi dövlərdə (yuxarıda qeyd olunan vəzifələrdə çalışarkən) aylıq vəzifə maaşına hər ay əlavə 12% əməkhaqqı ödənilmişdir. Qeyd olunan vəzifələr üzrə sosial sığorta (əmək) stajı 15 il, 8 ay, 9 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. -İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri İİ dərəcəli zərərli maddə hesab olunan sulfat turşusu (H2SO4) ilə işləyən qurğuşun-turşu akkumulyatorlardan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 35. Ümumi peşələr bəndinə və akkumulyatorçular vəzifəsinə uyğundur. -Qeyd: “Qida qurğuları” termini bu kontekstdə elektrik enerjisinin təchizatı və saxlanmasını təmin edən akkumulyator qurğularını ifadə edir. Burada əsasən İİ dərəcəli zərərli maddə hesab olunan sulfat turşusu (H2SO4) ilə işləyən qurğuşun-turşu akkumulyatorları nəzərdə tutulur. Bu tip akkumulyatorlar ATS-də (Avtomatik telefon stansiyalarında) kimyəvi enerjini elektrik enerjisinə çevirərək cihazların fasiləsiz işləməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda vəzifə adı “akkkumulyatorçular” kimi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli ərizəyə əsasən, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. xx.xx.2025-ci il tarixli müraciət vərəqəsinə əsasən, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və müraciətin cavabının ***-***-**-** telefon nömrəsinə göndəriləcəyi bildirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, yuxarıda qeyd olunan iddiaya qarşı etirazda göstərilən əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. "xxxx" MMC-nin Mərkəzi X5 Tərtər şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı 1996-cı ildən bu günə qədər "xxxx" MMC-nin X5 Tərtər şöbəsində müxtəlif texniki vəzifələrdə fəaliyyət göstərmişdir. Rəsmi ştat cədvəlində “akkumulyatorçu” vəzifəsi qeyd olunmasa da, faktiki əmək funksiyası üzrə o, rəsmi olaraq 15 il, 8 ay, 9 gün ərzində stasionar qurğuşun-turşu akkumulyatorları ilə bağlı aşağıdakı işləri yerinə yetirmişdir: -Qurğuşun-turşu (Pb-H2SO4) əsaslı stasionar akkumulyator batareyalarının istismarı, texniki baxışı və profilaktik yoxlamaları; -Elektrolitin səviyyə və sıxlıq göstəricilərinin ölçülməsi, sulfat turşusu ilə işləmə və elektrolit yenilənməsi; -Akkumulyator batareyalarının şarj olunması, texniki göstəricilərinin tənzimlənməsi və enerji qidalandırıcı sistemlərə inteqrasiyası; -Zəif turşu buxarları və kimyəvi təsirlərlə dolu mühərrik otaqlarında işləmə, akkumulyator batareyalarının təhlükəsiz daşınması və saxlanılması; -UPS sistemləri, qida blokları, transformatorlar və enerji təminat qurğularının akkumulyator hissəsinə texniki xidmət; -Ümumilikdə 400-ə yaxın müxtəlif ölçülü və tipli akkumulyator batareyasına xidmət göstərmişdir. Bütün bu funksiyalar zamanı əməkdaş mütəmadi olaraq zərərli iş şəraitində (turşu buxarları, qurğuşunla təmas, qapalı sahələrdə işləmə və s.) fəaliyyət göstərmiş, bu səbəbdən əməkhaqqına aylıq 12% əlavənin tətbiqi kollektiv müqavilənin şərtinə əsasən ödənilmişdir. "xxxx" MMC-nin Mərkəzi X5 Tərtər şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı 1996-cı ildən bu günə qədər "xxxx" MMC-nin X5 Tərtər şöbəsində müxtəlif texniki vəzifələrdə çalışmışdır. O, uzun illər ərzində qurğuşun-turşu əsaslı stasionar akkumulyator qurğuları ilə əlaqəli texniki xidmət, istismar və təhlükəsizlik tədbirləri sahəsində fəaliyyət göstərmişdir. -Qida qurğuları üzrə texnik (ƏMR №124 §5, xx.xx.2001, 6 ay 15 gün), Qida qurğuları üzrə texnik (ƏMR №31 §1, xx.xx.2007, 12 il 9 ay 12 gün), Akkumulyatorçu (ştat cədvəlinə əsasən) (xx.xx.2019/xx.xx.2021, ƏMR K/Ə 1411, 1 il 10 ay 5 gün), Elektrik və qida qurğuları üzrə mütəxəssis (ƏMR №74, xx.xx.2023, 6 ay 3 gün) kimi çalışdığı vəzifələrdə zərərli iş şəraiti nəzərə alınaraq, kollektiv müqavilənin şərtlərinə əsasən, İddiaçı əməkhaqqının 12%-i miqdarında aylıq əlavə ödənilmişdir. -Bu əlavənin tətbiqi işçinin fəaliyyət göstərdiyi zərərli və təhlükəli şəraitə uyğun olaraq müvafiq komissiya tərəfindən ştat cədvəli və iş şəraiti əsas götürülməklə müəyyən edilmişdir. Əməkhaqqı əlavəsi fasiləsiz və ardıcıl olaraq işlədiyi zərərli dövrlər ərzində ödənilmişdir. "xxxx" MMC-nin X3 xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, İddiaçı "xxxx" MMC-nin X7 Filiali Tərtər şöbəsində uzun müddət ərzində müxtəlif texnik və mütəxəssis vəzifələrində çalışmış, bu müddət ərzində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmişdir. Sorğuya əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur. -QQ texniki - yəni Qida qurğuları üzrə texnik vəzifəsində: ƏMR №124 §5 ilə xx.xx.2001-ci il tarixindən etibarən işə qəbul olunmuş və bu vəzifədə 6 ay 15 gün müddətində çalışmışdır. -Qida qurğuları üzrə texnik vəzifəsində: ƏMR №31 §1 ilə xx.xx.2007-ci il tarixindən etibarən fəaliyyət göstərmiş və bu vəzifədə fasiləsiz olaraq 12 il 9 ay 12 gün müddətində işləmişdir. -Elektrik və qida qurğuları üzrə mütəxəssis vəzifəsində: ƏMR №74 ilə xx.xx.2023cü il tarixindən etibarən bu vəzifəyə təyin edilmiş və 6 ay 3 gün müddətində çalışmışdır Qeyd etmək lazımdır ki, 2001-2019-cu illər ərzində müəssisənin strukturunda “akkumulyatorçu” adlı ayrıca ştat vahidi mövcud olmamış, bu vəzifə yalnız 2019-cu ildən etibarən "xxxx" MMC-nin strukturuna əlavə edilmişdir. Bununla belə İddiaçı çalışdığı dövrdə tutduğu vəzifələrin və həmin dövrlərdə qüvvədə olan vəzifə təlimatlarının məzmunu təhlil olunduqda aydın olur ki, onun yerinə yetirdiyi əmək funksiyaları texniki və peşə baxımından “akkumulyatorçu” vəzifəsinin əmək funksiyalarına tam uyğun olmuşdur. Belə ki, 2011-ci ildə qüvvədə olan “QQ texniki” və “Elektrik və qida qurğuları üzrə mütəxəssis” vəzifə təlimatlarında aşağıdakı funksiyalar birbaşa həmin vəzifə sahiblərinə aid edilmişdir: -Əsas və ehtiyat elektrik qida qurğularının (EQQ) işinə nəzarət və sazlanması Dizelgeneratorlar və akkumulyatorların düzgün istismarının təmin edilməsi; -Akkumulyatorlara texniki baxışların keçirilməsi və nəticələrin xüsusi jurnalda qeyd olunması; -Akkumulyatorların iş prinsipləri, elektrolit turşusu və qələvilərlə işləmə qaydalarının bilinməsi və bu biliklərin əməli şəkildə tətbiq edilməsi. Bu müddəalar bir daha təsdiqləyir ki, həmin dövrlərdə “akkumulyatorçu” funksiyası ayrıca ştat vahidi kimi mövcud olmasa da, bu vəzifəyə aid işlər faktiki olaraq İddiaçı tərəfindən icra edilmişdir. Beləliklə, onun 2001-2023-cü illər ərzində yerinə yetirdiyi əmək funksiyaları texniki mahiyyətinə, peşə xarakterinə və icra olunan işlərin məzmununa görə “akkumulyatorçu” vəzifəsinin funksiyaları ilə tam şəkildə üst-üstə düşür. Qeyd: 15 iyul 2025-ci il tarixindən etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi X5 Tərtər şöbəsi X6, Tərtər şöbəsi adlandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası

5. Əmək pensiyalarının təyin edilməsi və hesablanması 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:

Qadınların yaş Dövr Kişilərin yaş həddi həddi 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə görə, 1 iyul 2024 - 30 iyun 2025-ci illər arasındakı dövr üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş 65 ildir. Qeyd olunan normaların tələbinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər 60 yaşına çatmalı, 25 il ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı olmalıdır. İddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla xx.xx.2025-ci il tarixdə 60 yaşı tamam olmuşdur. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçının xx.xx.2025-ci il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Hazırda cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir. Cavabdeh qeyd edir ki, iddiaçının təqdim etdiyi ИТ-1 ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin arayışında xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2007-xx.xx.2019-cu il və xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisənin X5 Tərtər şöbəsində qida qurğuları üzrə texnik və qida qurğuları üzrə mütəxəssis vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi texnik və mütəxəssis vəzifələri sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan akkumulyatorçular vəzifəsinə aid deyil. Buna görə də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 10 ay 4 gün (xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin Siyahısında 35-ci-Ümumi peşələr bəndinin 19-cu abzasında akkumulyatorçular peşəsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “qida qurğuları üzrə texnik”, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Elektrik və qida qurğuları üzrə mütəxəssis” işlədiyi dövr güzəştli iş stajı kimi qəbul edilməlidir. Belə ki, "xxxx" MMC-nin X3 xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, 2001- 2019-cu illər ərzində müəssisənin strukturunda “akkumulyatorçu” adlı ayrıca ştat vahidi mövcud olmamış, bu vəzifə yalnız 2019-cu ildən etibarən "xxxx" MMC-nin strukturuna əlavə edilmişdir. Bununla belə İddiaçı çalışdığı dövrdə tutduğu vəzifələrin və həmin dövrlərdə qüvvədə olan vəzifə təlimatlarının məzmunu təhlil olunduqda aydın olur ki, onun yerinə yetirdiyi əmək funksiyaları texniki və peşə baxımından “akkumulyatorçu” vəzifəsinin əmək funksiyalarına tam uyğun olmuşdur. Belə ki, 2011-ci ildə qüvvədə olan “QQ texniki” və “Elektrik və qida qurğuları üzrə mütəxəssis” vəzifə təlimatlarında aşağıdakı funksiyalar birbaşa həmin vəzifə sahiblərinə aid edilmişdir: -Əsas və ehtiyat elektrik qida qurğularının (EQQ) işinə nəzarət və sazlanması Dizel-generatorlar və akkumulyatorların düzgün istismarının təmin edilməsi; -Akkumulyatorlara texniki baxışların keçirilməsi və nəticələrin xüsusi jurnalda qeyd olunması; -Akkumulyatorların iş prinsipləri, elektrolit turşusu və qələvilərlə işləmə qaydalarının bilinməsi və bu biliklərin əməli şəkildə tətbiq edilməsi. Bu müddəalar bir daha təsdiqləyir ki, həmin dövrlərdə “akkumulyatorçu” funksiyası ayrıca ştat vahidi kimi mövcud olmasa da, bu vəzifəyə aid işlər faktiki olaraq İddiaçı tərəfindən icra edilmişdir. Beləliklə, onun 2001-2023-cü illər ərzində yerinə yetirdiyi əmək funksiyaları texniki mahiyyətinə, peşə xarakterinə və icra olunan işlərin məzmununa görə “akkumulyatorçu” vəzifəsinin funksiyaları ilə tam şəkildə üst-üstə düşür. Göründüyü kimi, işəgötürənin məlumatına əsasən, iddiaçının işlədiyi “qida qurğuları üzrə texnik” və “Elektrik və qida qurğuları üzrə mütəxəssis” peşələri ilə “akkumulyatorçular” peşəsinin əmək funksiyaları eynilik təşkil edir. Bu baxımdan məhkəmənin qənaətinə görə iddiaçının xx.xx.2025-ci il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar