Məhkəmə qərarları › İş №e-2-1(114)-4295/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-4295/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-4295/2023 30.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qazax rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Qazax rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qazax rayon qeydiyyat şöbəsinin 1935-1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 15 saylı doğum akt qeydində "X23” oğlundan "X19" oğluna, ana qrafasında isə "X15"nın “X6"na düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının nənəsi X6 1900-cu ildə anadan olmuş və xx.xx.1993-cü il tarixində vəfat etmiş və bu barədə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1993-cü il tarixli 545 nömrəli akt qeydi mövcuddur ( İİ-ЖГ 428125 nömrəli Ölüm haqqında şəhadətnamə). Nənəsi vəfat etdikdən sonra ona məxsus Qazax rayonu Quşçu Ayrım kəndində olan 0.25 ha torpaq sahəsinə dair Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 5-58-15-11/2-285/2023 nömrəli Arxiv arayışından da göründüyü kimi Qazax Rayon İcra Hakimiyyəti başçısının Quşçu Ayrım kənd Ərazi Dairəsi üzrə 1991-1995-ci illərə aid 02 saylı təsərrüfat başı kitabının 52-ci səhfəsində X2 təsərrüfatı cəmi 0.25 ha torpaq sahəsi mövcud olmuşdur. X1 adına olan torpaq sahəsinin vərəsəlik üzrə qəbul olunması üçün Qazax rayon Notariat orqanına müraciət etmiş, lakin Qazax rayon Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 431 nömrəli məktubla mirasın qəbul olunması üçün ilk növbədə sənədlərdə olan uyğunsuzluqların aradan qaldırıldıqdan sonra müraciət edilməsi bildirilmişdir. Qeyd olunan torpaq sahəsinə dair mirasın qəbul edilməsi məqsədilə sənədlərdə yaranmış uyğunsuzluqlar mirasın qəbul edilməsinə mane yaradır. Belə ki, iddiaçının X1 4 övladı X10 xx.xx.1977-ci ildə vəfat edib, X3 xx.xx.1969-cu ildə vəfat edib, X5 xx.xx.1988-ci ildə vəfat edib, X19 oglu xx.xx.1994-cü ildə vəfat edib. Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 5-58-15-11 /2-302/2023 nömrəli Arxiv arayışında isə Qazax rayon qeydiyyat şöbəsinin 1935-1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 15 saylı doğum akt qeydinə əsasən atası X17 doğum tarixi xx.xx.1935-ci il Quşçu Ayrım kəndi, ata qrafasında- X24, ana qrafasında X15 qeyd olunmuşdur. İddiaçının atasının bütün sənədlərində onun adı “X11” kimi qeyd olunmuşdur. Lakin Qazax rayon qeydiyyat şöbəsinin arxiv arayışında isə atasının “X17” kimi qeyd olunduğu barədə arayış verilimişdir. “X18” xx.xx.1935 -ci ildə Qazax rayonunu Quşçu Ayrım kəndində anadan olmuş və 02 mart 1994-cü il tarixibdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.1994-cü il tarixli 324 nömrəli akt qeydi mövcuddur. Həmin akt qeydində də atası “X4” qeyd edilmişdir.( İV-ЖГ 362707 nömrəli Ölüm haqqında şəhadətnamə) Əsas isə atasının pasportu olmuşdur. Məhkəməyə müraciət etməkdə məqsədi atasına qalan mirasın onun övladları tərəfindən miras qimində rəsmiləşdirilməsində sənədlərdə olan bu uyğunsuzluq çətinliklər yaradır. Odur ki, qeyd olunan sənədlərdə olan şəxsin eyni şəxs olması faktı müəyyən olunmalıdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 5-58-15-11/2-302/2023 nömrəli Arxiv arayışından görünür ki, rayon Dövlət Arxivində 159-cu fondda mühafizə olunan Qazax qeydiyyat şöbəsinin 1935- 1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 15 saylı doğum akt qeydində aşağıdakı qaydada qeyd aparılmışdır: X17 ,doğum tarixi xx.xx.1935 (Quşçu Ayrım kəndi); atası: X24; anası: X22. -surəti işə əlavə edilmiş Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 5-58-15-11/2-285/2023 nömrəli Arxiv arayışından görünür ki, Qazax Rayon İcra Hakimiyyəti Başçısının Quşçu Ayrım kənd Ərazi Dairəsi üzrə 1991- 1995- ci illərə aid 02 saylı təsərrüfat başı kitabının 52-ci səhifəsində X2 təsərrüfatı aşağıdakı qaydada olmuşdur: 1. X6 (1900-ci ildə anadan olub) ( üzərindən xətt çəkilib vəfat edib). -surəti işə əlavə edilmiş xx.xx.1967-ci il tarixli, AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuş, ata qrafasında “X11”, ana qrafasında “X7” qeyd edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1994-cü il tarixli, 362707 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1994-cü il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş xx.xx.1993-cü il tarixli, 428125 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş Qazax rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3- 16-5/8-M-1468/2023 nömrəli məktubundan görünür ki, doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləoğlunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının atasına aid doğum haqqında akt qeydində onun soyad, ata və ana adı ilə ona məxsus digər sənədlərdə onun soyad, ata və ana adı arasında uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçının atasına aid doğum haqqında akt qeydində onun ad, soyad və ata adı “X17”, ana qrafasında isə ana adı “X12” kimi qeyd edilmişdir. İddiaçı doğum akt qeydində müvafiq düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. 12-ci bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Qeyd edilməlidir ki, iddiaçının atasının doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə onun ad, soyad və ata adı “X17”, ana qrafasında isə ana adı “X12” kimi qeyd edilmişdir. Odur ki, həmin şəxsin sonradan doğum haqqında akt qeydində olan məlumatlardan fərqli məlumatlar qeyd edilmiş sənədlər əldə etməsi onun doğum akt qeydində düzəliş edilməsinə əsas vermir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qazax rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar