Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-4401/2025 13.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi olan vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndində əsasən, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: xx.xx.2015-ci il tarixli, MN ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-cü il tarixli 0287 nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb bölüyünün terapiya tağımının ordinatoru, 212№li hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli, N №li əmri ilə 214№li hərbi hissənin ordinatoru, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0691 nömrəli əmri ilə Hərbi tib fakultəsinin rezidenti, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 01738 nömrəli əmri ilə 230№li hərbi hissənin baş ordinatoru, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 03 noyabr 2022-cı il tarixli 0301 nömrəli əmri ilə N nömrəli hərbi hissənin baş ordinatoru-kordioloq vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Milli X1ruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2024-cü il 9 yanvar tarixli 1-6/1-C- 195Ap/2024 nömrəli elektron müraciətə Azərbaycan Respublikasının Milli X2ruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu 2023-cü il dekabrın 22-də Milli Məclisdə qəbul edilmişdir. Eyni zamanda bildirilmişdir ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 85-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Yeni normalar bu Qanun qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq ediləcəkdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, tibb xidməti kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən, ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, İddiaçı raportuna əsasən vəsatət qaldırılmışdır. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli Tibb xidməti kapitanı İddiaçı söhbət aparılan tarixə xidmət illəri barədə məlumatından görünür ki, təqvimlə 11 il, 11 ay, 17 gün, güzəştlə 1 il, 4 ay, 7 gün, ümumi 13 il, 3 ay, 24 gün təşkil edir. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli arayışına əsasən tibb xidməti kapitanı İddiaçı xx.xx.2013-cü il tarixdən Azərbaycan Ordusunda, xx.xx.2015-ci il tarixdən Azərbaycan Ordusunda zabit qismində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə nazirinin 096t №li 26 iyun 2024-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallar ilə təltif olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2009-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə daxil olmuş, təhsil müddətinin (6 ilin) 4 ilini mülki tələbə kimi oxumuş, 2013-cü il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2015-ci ildən leytenant rütbəsini alıb, zabit kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. Hazırda N nömrəli hərbi hissədə kardiologiya baş ordinatoru vəzifəsində xidmət edir. O, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini-tibb hissəsinin rəisininin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportunun yazılmasının üzərindən xeyli müddət keçməsinə baxmayaraq hərbi hissə komandiri tərəfindən cavab yazılmamışdır. O, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmamasının gecikdirilmisini qanunsuz və əsassız hesab edir. Qanunvericiliyə əsasən o, xx.xx.2025-ci il tarixdə zabit kimi xidmətinin 10 ili başa çatan gün ehtiyyata buraxılmalıdır. Bununla əlaqədar bizə 2 ay öncədən müraciət etmək hüququ verilmişdir ki, həmin 2 ay ərzində ehtiyyata buraxılma ilə bağlı bütün sənədləşmə işləri yekunlaşdırılsın. Belə ki, bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bütün hərbi hissələrindən, o cümlədən X3 hərbi hissələrindən zabitlərin ehtiyata buraxılması müntəzəm olaraq həyata keçirilir. Hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququm kobud şəkildə pozulmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 01 iyun 2013-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində dinləyici kimi davam etdirmiş, 05 iyun 2015-ci il tarixdən leytenant hərbi rütbəsi alaraq N nömrəli hərbi hissənin Tibb bölüyünün terapiya taqımının ordinatoru vəzifəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra İddiaçı 21 sentyabr 2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş 06 dekabr 2021-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissəyə müvafiq vəzifəsinə təyin edilmiş və hal-hazırki tarixədək N nömrəli hərbi hissədə xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində 2015-ci il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və 2025-ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərək 17 aprel 2025-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirilir ki, “Hərbi qulluqçuların statusu haqqında”, Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında 22 dekabr 2023-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki həmin Qanununun 2.4.2-ci yarımbəndinə “Qeyd” hissəsi əlavə edilmiş və orada “Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir." göstərilmişdir. Yəni İddiaçı 21 sentyabr 2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 11 yanvar 2021 -ci il tarixdə təhsilini bitirmiş buda onu göstərir ki, iddiaçı 4 il 2 ay 15 gün müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamış, belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 5 il 6 ay təşkil edir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır belə ki, onun 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. İddiaçı tərəfindən cavabdehin etirazına yazılı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdehin həmin ərizəsinin başlanğıcında onun xidmətilə bağlı melumatları qeyd edilmişdir. Həmin məlumatların doğru olub-olmamasını mübahisələndirmir. Ola bilər ki, hardasa texniki səhvə yol verilmiş olsun. Amma sonradan cavabdeh tərəfindən qanunvericiliyə edilmiş dəyişikliklər və bu deyişiklikliklərin onun vəziyyətində olan zabitlərə şamil edilməsi barədə yalnış məlumat verir. Etirazda olan əsasların əsassızlığını müəyyən etmək üçün çox da dərin hüquqi dəyərləndirilməyə ehtiyac yoxdur. Belə ki, cavabdehin özü də etirazda onun xidmətinin 10 il tamam olmasını etiraf edir. Lakin sonra qanunvericilikdəki dəyişikliyə əsasən həmin müddətin ona münasibətdə 15 il hesablandığını qeyd edir. Guya onun hələ təqribən 5 il xidmət ili qalmışdır. Bu əsas da aşağıda qeyd edəcəklərinə əsasən absurd hesab edilməlidir. Qanunvericilikdə olan dəyişiklik 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmişdir. Həmin qanunvericilik onun 2021 ci il tarixdə rezidentura təhsilinə qəbul edildiyi müddətdən 3 il sonra qəbul edilmişdir. Qanunvericilikdə olan ağırlaşdırıcı hallarla bağlı dəyişikliyin əvvəlki müddətə şamil edilməsinin yolverilməzliyi barədə birbaşa Konstitusiyamızda xüsusi maddə və qeyd var. Həmin qanunvericilikdəki dəyişiklik, qanun qüvvəyə mindikdən sonra rezidentura təhsilinə başlayan şəxslərə şamil edilir. Bu barədə qanunvericilikdəki dəyişiklikdə qeyd edilib. Həmin dəyişiklikdə qanundakı dəyişikliyin əvvəlki dövrə şamil edilməsi barədə birbaşa qeyd olmadığından (olsaydı belə mübahisə və ziddiyyət yaratmış olardı) bu halın onun kimi xidmətdə olan (əvvəlcədən rezidenturaya qəbul edilmiş) şəxslərə şamil edilmir. Başqa bir əsaslandırma.... Hesab edir ki, cavabdehin etirazı əsassızdır. Belə ki, o, xidmətə daxil olduğu zaman, eləcə də rezidentura təhsilinə başladığı zaman qanunvericilikdə hazırki dəyişiklik edilməmiş və onun 10 il xidmət etmək vəzifəsi-öhdəliyi olmuşdur. Həmin 10 il müddətində o, 44 günlük Müharibədə də fəal iştirak etdiyini xüsusi qeyd etmək istəyir. Yeni Dövlətimizə vicdanla, qürurla 10 il xidmət etmiş, indi isə 10 illik müddətin başa çatması ilə əlaqədar ehtiyyata buraxılmağını tələb edir. Bu onun hüququdur. Bu hüquq ona xidmətə başladığı dövrdə (həmçinin rezidenturaya başladığım dövrdə) qüvvədə olan qanunvericiliyə əsasən verilib. O, qanundakı dəyişikliyin olacağını qabaqcadan bilsəydi heyatında tamam başqa addımlar atmış olardı. Heç bəlkə hərbi zabit olmaqdan belə vaz keçərdim. Heyatını uyğun şəkildə dəyərləndirib planlaşdırardı. O, rezidentura təhsili aldığım müddət ərzində faktiki olaraq hərbi xidmətdə qalmağa davam etmişdir. Həmin dövrdə:Hərbi Tibb Fakültəsində, fakültə üzrə növbətçi kimi fəaliyyət göstərmiş, Üzərinə düşən tədrisdən kənar bütün xidməti öhdəliklərini və vəzifələrini yerinə yetirmişdir. Bundan əlavə, 2020-ci il Vətən Müharibəsi dövründə rezidentura təhsilim dondurularaq aktiv döyüş əməliyyatlarına cəlb edilmiş və 10 noyabr 2023-cü il tahxində ona müharibə veteranı vəsiqəsi verilmişdir. Eyni zamanda 26 iyun 2024-cü ildə N nömrəli hərbi hissədə xidməti zamanı müvafiq əmrlə 10 il zabit kimi Qüsursuz Xidmətə görə 3-cü dərəcəli medalı ilə təltif olunmağım da 10 il zabit kimi xidmətimi bir daha təsdiq edir. Bütün bu faktlar sübut edir ki, o, sözügedən illərdə (2017 - 2021) faktiki və hüquqi şəkildə hərbi xidmətini zabit statusunda davam etdirmişdir. Müdafiə Nazirliyinin istinad etdiyi qanunvericilik dəyişikliyi (2024-cü ildə qüvvəyə minmiş) hüququn retrospektiv tətbiqi prinsipinə zidd olaraq onun 2015-2025-ci illər arasında keçdiyi xidmətə şamil edilə bilməz. Təhsil aldığı müddətdə ona növbəti hərbi rütbənin verilməsi də göstərir ki, bu dövr fəal hərbi xidmətlə paralel aparılıb və hüquqi baxımdan da xidmət stajının davamı olub. Yəni bu təhsil müddəti yalnız ad baxımından “təhsil dövrü" olub, faktiki olaraq isə hərbi xidmətinin ayrılmaz hissəsi kimi həyata keçib. Bu hallar da bir daha sübut edir ki, həmin təhsil dövrü, xidmətin mahiyyət və məzmununa görə faktiki hərbi xidmətlə eyniləşdirilmişdir. Həmçinin, o, COVİD-19 pandemiyası dövründə, Azərbaycan Ordusunun səhiyyə heyətinə olan ehtiyacı nəzərə alınaraq, hərbi həkim kimi xidmətini şərəflə davam etdirmişdir. Bu faktlar onu göstərir ki, onun rezidentura dövrüm, forma və hüquqi mahiyyətinə görə, xidmət stajına tam bərabər tutulmalı olan dövrdür. Həmin vaxt qüvvədə olan qanunvericilik də bu yanaşmanı dəstəkləyir və 2024-cü ildən sonra qəbul edilmiş dəyişikliklərə əsaslanaraq bu dövrün stajdan çıxılması hüquqa ziddir. Qanundakı dəyişikliklər ona şamil edilə bilməz. Ona aid olması da dəyişikliklərdə qeyd edilməyib. Konstitusiya- ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində bu hal ilə bağlı göstərişlər mövcuddu. Buna görə, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Qazanılmış hüquqlara münasibətdə müəyyən edilmiş hal odur ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin “qanuni gözlənti’’ və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlannı əvəzsiz ləğv edə bilməz. İddiaçı və onun nümayəndəsi olan vəkili Nümayəndə məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi olan vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 149. Normativ hüquqi aktlar Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Avropa İnsan Hüquqları Konvensiyası Maddə 14 – Ayrı-seçkiliyin qadağan olunması Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Fabris Fransaya qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 fevral 2013-cü il tarixli Qərarı Konvensiyada təsbit olunan hüquq və azadlıqların istifadəsində maddə 14 müqayisə oluna bilən vəziyyətlərdəki şəxslərə obyektiv və ağlabatan əsaslar olmadan fərqli şəkildə davranmağı qadağan edir. Bu müddəa baxımından, bir davranış, “obyektiv və ağlabatan əsaslardan məhrumdursa”, yəni “legitim məqsəd” daşımırsa və ya “məqsəd və istifadə olunan vasitələr arasında ağlabatan proporsionallıq əlaqəsi” yoxdursa, ayrıseçkilikdir. Digər tərəfdən, razılığa gələn Dövlətlər əslində analoji olan vəziyyətlərdə fərqli davranışa ehtiyac olub olmadığı və nə dərəcədə fərq qoyulmalı olmasına qərar verməkdə mülahizə səlahiyyətinə malikdir. Bu mülahizə səlahiyyətinin dairəsi şəraitə görə dəyişir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu
2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ
1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. Maddə 22. Təklif, ərizə və şikayət hüququ
2. Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir (22 dekabr 2023-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir). Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-cü il tarixli 0287 nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb bölüyünün terapiya tağımının ordinatoru, 212№li hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli, N №li əmri ilə 214№li hərbi hissənin ordinatoru, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0691 nömrəli əmri ilə Hərbi tib fakultəsinin rezidenti, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 01738 nömrəli əmri ilə 230№li hərbi hissənin baş ordinatoru təyin edilmiş, 03 noyabr 2022-cı il tarixdən hal hazıra kimi N nömrəli hərbi hissənin baş ordinatoru-kordioloq kimi xidmət edir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun 10 il zabit kimi hərbi xidmət etməsi nəzərə alınaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmasıdır. İddiaçının 17 aprel 2025-ci il tarixli raportuna əsasən qulluq etdiyi N saylı hərbi hissə komandanlığı tərəfindən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə cavabdeh qarşısında vəsatət qaldırılmışdır. Cavabdeh iddiaçının ehtiyata buraxılmasından imtina etmiş, imtinanın əsası kimi qeyd etmişdir ki, İddiaçı 21 sentyabr 2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 11 yanvar 2021 -ci il tarixdə təhsilini bitirmişdir. İddiaçı 4 il 2 ay 15 gün müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamışdır. Belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 6 il 10 ay təşkil edir və 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Məhkəmə qeyd edir ki, N nömrəli hərbi hissənin söhbətləşmə vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixli Tibb xidməti kapitanı İddiaçı söhbət aparılan tarixə xidmət illəri barədə məlumatından görünür ki, təqvimlə 11 il, 11 ay, 17 gün, güzəştlə 1 il, 4 ay, 7 gün, ümumi 13 il, 3 ay, 24 gün təşkil edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən, hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə görə, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən, öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin bəndin qeyd hissəsinə görə, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Göstərilən qeyd hissə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Milli X1ruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2023-cü il dekabrın 22-də Milli Məclisdə "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 85-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Yeni normalar bu Qanun qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq ediləcəkdir. Qanunvericiliyin tələbinə əsasən, 22 dekabr 2023-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə qeyd hissə əlavə edilənək hərbi qulluqçuların təhsil müddəti onların hərbi xidmət müddətinə daxil edilmişdir. 2024-cü il 1 yanvar tarixindən qüvvəyə minən əlavəyə görə, hərbi qulluqçunun bir ildən çox olan təhsil dövrünün hərbi xidmət müddətinə daxil edilməsi istisna edilir. İddiaçı xx.xx.2017-xx.xx.2021-ci illərdə Hərbi tibb fakültəsində rezidentura təhsili almışdır. Məhkəmə hesab edir ki, iddiaçının 21 sentyabr 2017-ci il tarixdən xx.xx.2021-ci il tarixdək təhsil aldığı müddət onun hərbi xidmət illərinə daxil edilməlidir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əlavə edilən norma onun qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, 2024-cü il 1 yanvarından sonrakı təhsil müddətlərinə münasibətdə tətbiq edilməlidir. İddiaçı təhsilini bitirdikdən sonra N nömrəli hərbi hissədə xx.xx.2021-ci il tarixdən baş ordinatoru vəzifəsində, 03 noyabr 2022-ci il tarixdən isə baş ordinatoru-kordioloq vəzifəsində N nömrəli hərbi hissədə hərbi xidmətini davam etdirir. Qeyd olunan dövr də hərbi xidmət illərinə daxil edildikdə müəyyən olunur ki, İddiaçı 10 ildən artıqdır ki, zabit kimi həqiqi hərbi xidmətdədir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi tərəfindən başqa analoji iş üzrə də məhkəməyə iddia verdiklərini, lakin hüquqlarını müdafiə etdiyi digər hərbi qulluqçunun rezidentura təhsilinin cavabdeh orqan tərəfindən onun hərbi xidmət illərinə daxil etməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı, bununla bağlı iddia ərizəsini geri götürdüklərini bildirilmiş, bunu təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konvensiyada təsbit olunan hüquq və azadlıqların istifadəsində maddə 14 müqayisə oluna bilən vəziyyətlərdəki şəxslərə obyektiv və ağlabatan əsaslar olmadan fərqli şəkildə davranmağı qadağan edir. Bir davranış legitim məqsəd daşımırsa və ya məqsəd və istifadə olunan vasitələr arasında ağlabatan proporsionallıq əlaqəsi yoxdursa, bu ayrı-seçkilikdir. Məhkəmə hesab edir ki, başqa hərbi qulluqçulara münasibətdə təhsil müddətinin hərbi xidmət müddətində daxil edilməklə qanunvericilikdə tələb olunan müddətin tamam olması əsası ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, iddiaçının isə təhsil müddətinin onun hərbi xidmət illərinə daxil edilməyərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından imtina edilməsi ayrı-seçkilik hesab edilir. Göründüyü kimi, Əsasnaməyə edilmiş həmin dəyişiklik 22 dekabr 2023-cü il tarixdə qəbul edilmiş və 01 yanvar 2024-cü il tarixindən qüvvəyə minmişdir.Halbuki iddiaçı Əsasnaməyə müvafiq məzmunda Qeyd hissəsi əlavə edilənədək rezidentura təhsilini başa vurmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva